Hər şey irəlidədir, Vasif!
Vasif Babayev deyəndə
gözümün önünə
gənc, qıvraq, çılğın bir oğlan gəlir və heç cür inana bilmirəm ki, onun 70 yaşı var; çünki onu həmişə belə görmüşəm:
işgüzar, ən çətin vəziyyətlərdən
baş çıxaran,
ən yaxşı veriliş və proqramlara imza atan. Vasif Babayevi
fərqləndirən ən
böyük məziyyət
onun milli mənəviyyat və ənənələrə sədaqətidir.
Heç yadımdan çıxmaz, o zaman "Drujba" redaksiyasının xətti
ilə Ümumittifaq Televiziyasına və digər respublikalara göndərilən proqramları
ona tapşırardılar.
Vasif bu proqramlarda
beynəlmiləlçilikdən daha çox, milli
dəyərlərə üstünlük verilməsinə
çalışırdı. 80-ci illərin
sonlarında belə proqramlardan birinə "Namus" adı verilmişdi. Moskva qətiyyətlə bu adın əleyhinə idi. Sən demə, orada
mübadilə redaksiyasında
oturan redaktor erməni imiş. Doğrudur, proqramın adı dəyişdirildi, amma Vasif Babayev
və onun həmkarları ideyanın
dəyişdirilməsinə imkan vermədilər. Əsas qayə dəyişilməz qaldı.
Azərbaycan xalqının
namusu, ləyaqət uğrunda çoxəsrlik
mübarizəsi.
Vasif Babayevin bir rejissor
kimi zövqünə və
təşkilatçılığına hər kəs
qibtə edə bilər. Hələ
70-ci illərdə onun
təşkilatçılığı ilə hazırlanan "Mavi işıqlar" indi də xatirimdədir.
Tərtibatdan tutmuş
mətnə kimi hər yerdə onun dəst-xətti hiss olunurdu. Səlislik, düzgünlük,
bütövlük onun
xarakterindən efir və ekrana yol açırdı.
"Telefim" Yaradıcılıq
Birliyində çəkdiyi
sənədli filmlər,
xüsusilə "Sovet
Azərbaycanı" silsiləsi
həm də bədii məziyyətləri
ilə seçilirdi.
1990-cı ilin qanlı
yanvar günlərində televiziya enerji blokunun
partladılması, efirin susdurulması məhz Vasif Babayevin
təşəbbüsü ilə gizlicə, icazəsiz
lentə alındı və bu gün tarixi fakt kimi
təcavüzün və təcavüzkarın kimliyindən
xəbər verir. Vasif Babayev həmişə ötkəmliyi, həqiqətin
gözünün içinə
dik baxması ilə seçilib. Kollegiya iclaslarında dəfələrlə
onun həqiqəti necə ardıcıl, dönmədən müdafiə
elədiyini görmüşəm
və qeyri-ixtiyari görkəmli kino rejissorumuz Arif Babayevi xatırlamışam
və düşünmüşəm
ki, bu ötkəmlik
və dönməzlik
Babayevlərin qanında,
fitrətindədir.
80-ci illərin "Dalğa"
proqramı "AzTV"
tamaşaçılarının yaxşı yadındadır.
Dövrün ən mühüm ictimai-siyasi problemlərinə toxunan bu proqram o
zaman Kommunist Partiyasının diktəsi
ilə işləyən
bu televiziya üçün əsl hadisə idi. Təsadüfi deyil ki, bu proqramların
rejissorluğu Vasif Babayevə tapşırılmışdı.
Onun tanınmış
jurnalist Nadejda İsmayılova ilə birlikdə çəkdiyi
süjetlər isə
əsl cəsarət nümunəsi idi. Həmin illərdə ilk dəfə olaraq DTK-nın arxivləri məhz bu cütlüyün
üzünə açılmış,
M.Müşfiq, A.M.Şərifzadə,
Salman Mümtaz, Ülvi Rəcəb və d. repressiya
qurbanları ömrünün
ən faciəli günləri ekrana yol tapmışdı. Bu gün həmin
tarixə nəzər saldıqda arxayınlıqla demək
olar ki, V.Babayev xalq artisti adına və digər təltiflərə məhz
öz işi, zəhməti bahasına nail olub. Azərbaycan
televiziyasının bədii
rəhbəri postu da onun halalıdır.
V.Babayev - prezident təqaüdçüsüdür. O bu yüksək
şərəfə də
öz zəhməti, mədəniyyəti, mənəvi
bütövlüyü sayəsində
nail olub. 70-ci illərdən bəri ulu öndərimizin həyat və yaradıcılıq tele-salnaməsi
bu istedadlı rejissorun zəhmətiylə
yaradılıb. Bu
gün bir çox tarixi filmdə bol-bol istifadə olunan sənədli kadrlar V.Babayevin də əməyinin məhsuludur.
Kosmik uçuşlar üzrə Dövlət Komissiyası sədrinin azərbaycanlı olduğunu
biz onun çəkdiyi "Kərim
Kərimov" filmindən
öyrənmişik. O, 1988-ci ildə Azərbaycanda taleyüklü problemlərin
həlli dövründə
ekranlara çıxdı
və bu vaxta kimi neçə-neçə
əsəri ilə tanınmış rejissor Vasif Babayevə də böyük şöhrət gətirdi.
Sovet dönəmində
xarici ölkələrə, xüsusilə kapitalist
ölkələrinə getmək, hətta orada
çəkilişlər aparmaq böyük
çətinliklər bahasına başa gəlirdi. 40-a yaxın sənədli
filmin müəllifi olan rejissor Vasif
Babayev 1967 - 1986-cı illərdə
İtaliya, Avstriya, Yunanıstan, İran, Türkiyə, İspaniya,
Fransa və bir sıra başqa
ölkələrdə çəkilişlər
aparıb, verilişlər
və filmlər yaradıb. 1994 - 1996-cı illərdə
tale onu
"MİR" Dövlətlərarası
Teleradio Şirkətinə
gətirdi. Buradakı
direktorluq fəaliyyəti
bir daha onun yaradıclığının
yüksək səviyyəsindən,
eyni zamanda təşkilatçılığından xəbər verdi.
2004 - 2006-cı
illərdə Moskvada Rusiyanın "İnter-Az"
Müstəqil Teleradio Şirkətinin vitse-prezidenti olan
görkəmli rejissorun fəaliyyəti neçə
mükafata layiq görülüb. Bu
zəngin ömrün
hər səhifəsi
zirvəyə gedən
yolun çətin, lakin şərəfli anlarından xəbər verir. Bir sözlə, Azərbaycanın
xalq artisti, Beynəlxalq Televiziya və Radio Akademiyasının
akademiki, Azərbaycan prezidentinin fərdi təqaüdçüsü, rejissor
Vasif Babayev xalqına, vətəninə
ömrü boyu vicdanla xidmət edib, buna görə
də Azərbaycan tamaşaçısının sevgisini qazanıb.
Bu yaxınlarda Türkiyədəydim. "Zərif
çərşənbə"nin çəkilişlərini
aparmaq üçün
İstanbula getmişdim.
Taksi sürücüsü
Azərbaycandan gəldiyimizi
biləndə, xüsusi
qonaqpərvərlik göstərdi
və soruşdu:
- Abla, sirr deyilsə,
neçə yaşınız var?
- Yetmiş olacaq, - dedim.
Oğlan
gülümsədi:
- Maşallah,
bizlərdə deyərlər ki, yetmiş - hər şey
bitmiş-getmiş. Amma sizdə daha getmədi.
Eyni sözləri Vasifə demək istəyirəm. Heç nə bitməyib, Vasif, hər şey irəlidədir: sən təbiətli adamlar qocalmır.
Mailə Muradxanlı
Həftə içi.- 2010.- 14 sentyabr.- S. 7.