Bakının işğaldan
azad edilməsindən 92 il
keçir
Musa Qasımlı: "Bu hadisə Azərbaycan
istiqlalının elan edilməsi qədər əhəmiyyətlidir"
Bu gün Bakının işğaldan azad edilməsindən
92 il keçir. Bu zəfər Azərbaycan tarixinin ən
mühüm hadisələrindən biridir. Tarixçi-alim Musa
Qasımlı "Həftə içi"nə müsahibəsində
o dövrdə baş verən hərbi-siyasi reallıqlara
toxundu.
- 1918-ci il sentyabrın
15-də Qafqaz İslam Ordusu tərəfindən Bakının
yadelli qüvvələrdən azad edilməsi Azərbaycan
tarixinin, Azərbaycan - Türkiyə qardaşlığının
ən mühüm hadisələrindən biridir. Bakının
işğaldan azad olunması bu gün Azərbaycan
istiqlalının elan edilməsi qədər əhəmiyyətlidir.
Həmin günün mahiyyətini başa düşmək
üçün mütləq 1917-ci ilin oktyabrında Rusiyada
bolşeviklər hakimiyyətə gəldikdən sonra
yaranmış vəziyyətə diqqət yetirmək
lazımdır. Noyabrın əvvəllərində Bakıda
Şaumyan başda olmaqla bolşeviklər hakimiyyət qursalar
da, bu, real gücə malik deyildi. Bolşeviklər antiazərbaycan
siyasəti yeridirdi. Hakimiyyətlərini möhkəmləndirməkdən
ötrü türk-müsəlman əhalisinə qarşı
soyqırımlara başladılar. Qafqazdan seçilmiş
deputatlar Amerika, Fransa və İngiltərənin dəstəyi
ilə Tiflisdə Transqafqaz Komissarlığını
yaratdılar. Bura Cənubi Qafqazın millətçiləri və
digər partiyaların nümayəndləri daxil oldular.
Bakı Sovetinin əsas məqsədlərindən biri Bakı
neftini əldə saxlamaq, Tiflisdə qurulan qurumu məhv etməkdən
ibarət idi. Ona görə də Azərbaycan ərazilərində
kütləvi qırğınlar törətdilər. Bu
qırğınların ən yüksək nöqtəsi
1918-ci ilin martında baş verdi.
Transqafqaz
Komissarlığında yaradılan seym bu
qırğınların qarşısını almağa
borclu olsa da, bunu bacara bilmədi. Belə bir şəraitdə
Qafqaz cəbhəsində vəziyyət dəyişdi. Rusiya
Almaniya bloku ölkələri ilə saziş, sonra isə
sülh müqaviləsi bağladı. Rus - Qafqaz cəbhəsi
dağıldı. Rus əsgərləri geri çəkildilər.
Erməni silahlı dəstələri də onlarla geri çəkilərək
qırğınları törətməyə
başladılar. Transqafqaz Seymi bu qırğınların
qarşısını ala bilmədi. Belə olduqda Osmanlı
dövləti hərəkətə keçdi.
- Qafqaz İslam Ordusu hansı şərtlərlə
Bakını işğaldan azad etdi?
- Osmanlının Azərbaycana
doğru hərəkət etməsinin hərbi-siyasi, strateji,
iqtisadi, milli-mənəvi və siyasi-hüquqi əsasları
var idi. Osmanlı dünya türklüyü və islamın mərkəzi
idi. Bu səbəbdən də dünya türkləri Osmanlıya
nicat gözü kimi baxırdılar. Osmanlı da onları
qırğınlardan qurtarmağa borclu idi. Belə şəraitdə
Transqafqaz Seymi ziddiyyətlər ucbatından
dağıldı. Respublikalar - Gürcüstan, Azərbaycan və
Ermənistan müstəqlliklərini elan etdilər. İyunun
4-də Batumda Osmanlı ilə Azərbaycan arasında dostluq, əməkdaşlıq,
qarşılıqlı yardım haqqında müqavilə
imzalandı. Bu müqaviləyə görə Azərbaycan
yardım üçün müraciət
edərdisə, Osmanlı hökuməti yardım etməyə
borclu idi. Beləliklə
də Azərbaycan yardım üçün
müraciət etdi. Amma
bundan əvvəl, hələ apreldə türk əsgər və zabitlərinin bir qrupu Azərbaycana gəlmişdi.
Mayın ortalarında Gəncəyə gələn türk əsgərləri orada
vəziyyəti sabitləşdirdilər. Gəncə Azərbaycanın
müvəqqəti paytaxtı idi. Orada silahlar
yığıldı və beləliklə də Azərbaycan
hökuməti Tiflisdən müvəqqəti paytaxtı olan Gəncəyə köçdü.
Hökumətin əsas məqsədlərindən biri Azərbaycanın təbii paytaxtı olan Bakını azad etmək
idi. Bakı da başqa qüvvələrin əlində idi. Azərbaycan ordusunun
nüvəsini "Dikaya diviziya"
təşkil edirdi. Bu
da təqribən 600 nəfərdən
ibarət idi. Bu zaman Nuru Paşa
komandanlığında Qafqaz İslam Ordusu
yaradıldı. Bu ordunun
adının belə qoyulması diplomatik
mülahizələrlə bağlı idi.
- Ən ağır döyüşlər
harada baş verib?
- Gəncədə
2 hərbi məktəb
açıldı. Azərbaycanlılar
orduya cəlb olunmağa başladılar.
Beləliklə də
Bakı uğrunda döyüşlərə start verildi. Ən ağır döyüşlər
Göyçay - Qaraməryəmdə,
Bakıya doğru ərazilərdə oldu.
İyulun axırında
Bakı Xalq Komissarları Soveti türk hücumlarının
qarşısında tab gətirə
bilmədi və böhrana düçar oldu. Səsvermədə daşnaklar ingilislərin
dəvət edilməsinə
səs verdilər.
Bolşeviklər hakimiyyətdən getdi. Bakıda Sentrakaspi diktaturası
quruldu. Sentrakaspi ditktaturası da
antiazərbaycan siyasəti
yeridirdi. Onlar Ənzəlidən
ingilisləri dəvət
etdilər. İngilislər Bakıya gələndə
Qafqaz İslam Ordusunun hücumlarının
qarşısını kəsməkdə
daha çox ermənilərə arxalanırdılar.
Onlar da əsasən 1828-ci ildə Azərbaycan bölüşdürüldükdən sonra Bakıya yeridilən şəxslər
idi. Demoqrafik vəziyyət məhz
ondan sonra dəyişmişdi. Türk
hücumları qarşısında
Sentrakaspi diktaturası
da tab gətirə bilmədi. İngilislər də qaçmağa
məcbur oldular və Bakı şəhəri mühasirəyə
alındı. Şəhərin coğrafiyası elə idi ki, ərzaq
və digər təminat şəhər
ətrafı ilə təmin olunurdu. Şəhərin ətrafı və
şəhərdəki yerli
əhali Sentrakaspi diktaturasına nifrət edirdi və Qafqaz İslam Ordusunun gəlişini istəyirdi. Nəticədə sentyabrın 15-də yadelli
qüvvələr şəhərdən
qaçdılar və
Bakının açarlarını
təslim etdilər.
Beləliklə də Bakı
işğaldan azad edildi. Şəhər azad ediləndən
sonra irqindən, dinindən, dilindən, millətindən asılı
olmayaraq bütün insanlara bərabər münasibət bəslənildi.
Silahlar yığıldı, şəhərdə
qayda-qanun bərpa edildi, dükan-bazar işləməyə başladı.
Azərbaycan öz təbii
paytaxtına qovuşdu.
Bakı Azərbaycanın təbii,
tarixi, siyasi, mədəni düşüncə
mərkəzi idi.
Bakının azad edilməsi
bütün ölkə
ərazisində bayram
edildi. Hökumət Gəncədən Bakıya köçdü,
dövlət müəssisələri
işləməyə başladı.
Bu, Azərbaycan tarixinin ən mühüm hadisələrindən
biri oldu.
Əli Zülfüqaroğlu
Həftə içi.- 2010.- 15 sentyabr.- S. 1, 5.