Ölkəmizdə insan hüquq və azadlıqları təmin olunur

 

Aydın Abbasov: "Azərbaycanda prezidentimizin yürütdüyü siyasət nəticəsində sabitliyin, əmin-amanlığın hökm sürməsi bəzi bədxahların arzularını gözündə qoyur"

 

B u gün Azərbaycan Cənubi Qafqazın lider dövləti sayılır. Ölkəmiz iqtisadi inkişafına görə son illər dünyada 1-ci yeri tutur. Bu amil vətəndaşların sosial həyat şəraitinin yaxşılaşmasına da təsirini göstərir. Beynəlxalq aləmlə daha sıx münasibətlər qurulduqca isə ölkədə insan hüquq və azadlıqlarının təmini məsələsi daha çox gündəmə gətirilməkdədir. Mətbuat bu sahəyə daha çox diqqət ayırmağa başlayır. Azərbaycanda insan hüquq və azadlıqlarının təmini ilə bağlı suallarımızı bu dəfə Milli Məclisin deputatı Aydın Abbasov cavablandırır:

- 5 ilə yaxındır Milli Məclisin deputatısınız. Ölkənin siyasi və ictimai həyatının birbaşa iştirakçısısınız. Ölkədə son illərdə insan hüquq və azadlıqlarının təmini, müdafiəsi sahəsindəki vəziyyəti necə qiymətləndirirsiniz?

- Azərbaycan son illər iqtisadi cəhətdən çox sürətli inkişaf yolu keçib. Bu amil dövlətimizin beynəlxalq aləmdə də nüfuzunu və imicini xeyli möhkəmləndirib. Bütün bu işlərin hamısı prezident İlham Əliyevin düşünülmüş və ağıllı siyasətinin nəticəsidir. İnsan haqları demokratik cəmiyyətin ən ali prinsiplərindən sayılır. Azərbaycan da demokratikləşmə yolu ilə inamla irəliləyir. Dövlətimiz hər bir sahədə olduğu kimi, bu istiqamətdə də mühüm nailiyyətlər əldə edib. Son illər insan haqlarının müdafiəsi sahəsində bir sıra mühüm addım atılıb. Təkcə onu qeyd etmək kifayətdir ki, son konstitusiya dəyişikliklərində insan haqları ilə bağlı maddələr daha da artırıldı. Bu gün ölkəmiz MDB məkanında demokratikləşmə və insan haqlarının müdafiəsi sahəsində islahatların aparılmasına görə öncül yerlərdən birini tutur. Ölkə rəhbərliyinin iradəsi ilə Azərbaycanın əsas qanunu sayılan konstitusiyamızda vətəndaşlarımıza verilən hüquqların təmin edilməsi ilə bağlı bir sıra tədbir həyata keçirilib. Prezident İlham Əliyev 2006-cı ildə insan hüquqları ilə bağlı xüsusi fəaliyyət proqramını təsdiqlədi. Bu proqramda bütün icra strukturlarına müvafiq göstərişlər verildi. İnsanlarımızın hüquqlarının müdafiəsinin gücləndirilməsi, bu istiqamətdəki çatışmazlıqların qısa vaxt ərzində aradan qaldırılması tapşırıldı. Uzun bir dövrü əhatə edən bu proqram beynəlxalq təşkilatlar və qurumlar tərəfindən də müsbət qarşılanır. Yeri gəlmişkən, Azərbaycan MDB məkanında ilk Ombudsman Aparatı yaradan bir dövlətdir. Belə bir qurumun yaradılması da hüquqları pozulan vətəndaşların haqlarının bərpası istiqamətində önəmli rol oynadı. Son illər ölkədə məhkəmə islahatları da həyata keçirildi. Vətəndaşlarımızın öz hüquqlarını və haqlarını qoruması üçün artıq Bakıya üz tutmağa ehtiyacları yoxdur. Hər bir bölgədə Apellyasiya və İqtisad məhkəmələri fəaliyyət göstərir. Hakimlərin və vəkillərin də sayı getdikcə artırılır. Bu göstəriciyə görə Azərbaycan dünya standartlarına çatmağı qarşısına məqsəd qoyub. İnanıram ki, bütün bu addımlar Azərbaycanda insan hüquq və azadlıqlarının daha təkmil formada müdafiəsinə geniş imkanlar açacaq.

- Bu gün bir sıra beynəlxalq qeyri-hökumət təşkilatı Azərbaycanda insan hüquq və azadlıqlarının pozulduğunu iddia edir...

- Dövlət başçısının da söylədiyi kimi, Azərbaycan hakimiyyəti hər bir zaman əsaslı tənqidlərə dözüm nümayiş etdirir: onları dinləyir və mövcud çatışmazlıqların aradan qaldırılmasına çalışır. Lakin dövlətimizin yerləşdiyi bölgənin geosiyasi əhəmiyyəti, Azərbaycanın neft və qazla zəngin olması, Avropanın enerji təhlükəsizliyi kimi vacib bir məsələdə çox önəmli rol oynaması xaricdəki müəyyən qüvvələrin öz maraqlarını reallaşdırmasına güclü əngəl törədir. Azərbaycanın son illərdə iqtisadi inkişafına görə lider mövqedə olması, daxildə prezidentimizin yürütdüyü siyasət nəticəsində sabitliyin, əmin-amanlığın hökm sürməsi bəzi bədxahların arzularını gözündə qoyur. Bu səbəbdən onlar xaricdə müəyyən qrupların maraqlarına xidmət edən adları beynəlxalq olan qeyri-hökumət təşkilatları vasitəsilə ölkəmizin dünyadakı imicinə bu yolla zərbə endirməyə çalışırlar. Bir amil də nəzərə alınmalıdır ki, Azərbaycanı insan haqları sahəsində qərəzli olaraq tənqid edən həmin təşkilatların yuxarı dairələrində ermənilərin çalışdığı faktları da dəfələrlə sadalanıb. Ümumiyyətlə isə hər bir ölkədə istənilən sahədəki vəziyyətə əsl qiyməti xalq verir. Bu gün isə Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin yürütdüyü siyasəti uğurla davam etdirən prezident İlham Əliyevi dəstəkləyir. Son rəy sorğuları da dövlət başçısının xalqın 70 faizdən çox hissəsinin dəstəyini aldığını göstərir. Bu gün Azərbaycan vətəndaşları Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək hüququ da əldə ediblər.

- Milli Məclisin bu istiqamətdəki fəaliyyətini necə dəyərləndirirsiniz?

- Üçüncü çağırış Milli Məclisdə insan hüquqlarının müdafiəsinin daha da təkmilləşdirilməsi məqsədi ilə bir çox önəmli qanun qəbul edilib. Qanunvericiliyin demokratik inkişafın sürətlənməsinə imkan yaratması üçün bu istiqamətdə qanunların müasirləşdirilməsi, dünya standartlarına uyğunlaşdırılması prosesi davamlı olaraq həyata keçirilir. Bu 5 il ərzində seçicilərin hüquqlarının qorunması, Azərbaycanda təşkil olunan seçki prosesinin daha da şəffaflaşması ilə bağlı Seçki Məcəlləsinə müvafiq dəyişikliklər qəbul edildi. Artıq çoxdan qəbul edilmiş və Azərbaycanın son illərdəki inkişafı ilə uzlaşmayan "Dini etiqad azadlığı haqqında" qanun yenidən işlənildi. "Sərbəst toplaşmaq haqqında" qanun da yenidən qəbul edildi. Dövlət başçısının xüsusi qayğısı nəticəsində deputatların da seçiciləri ilə daha yaxşı işləməsinə şəraitin yaradılması, millət vəkillərinin seçicilərinin hüquqlarının qorunması işinin təşkilində yaxından iştirak etməsi üçün müvafiq addımlar atıldı. Milli Məclisin 2-ci korpusu tikilərək istifadəyə verildi və deputatlara köməkçilər təyin olundu. Artıq hüquqlarının pozulması ilə bağlı Milli Məclisə müraciət edən vətəndaşlarımızın sayı da getdikcə azalır.

- Millət vəkili kimi Azərbaycanın insan haqlarının müdafiəsi sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığının mövcud durumunu necə qiymətləndirirsiniz?

- Yuxarıda qeyd etdiyim kimi, Azərbaycan son illərdə dünyanın bir çox ölkəsi və beynəlxalq təşkilatları ilə geniş əməkdaşlıq qurub. Bu təşkilatlar sırasında Avropa Şurası, ATƏT, BMT və sair var. Milli Məclisdə təşkil olunmuş nümayəndə heyətləri və daimi təmsilçilərimiz həmin qurumlarda çox fəal iş aparırlar. Azərbaycan bu qurumların insan hüquqları, demokratikləşmə istiqamətində təklif etdiyi islahatlar paketindən dövlətimizin milli maraqlarına cavab verənlərini həmişə məqbul sayıb. Bu təkliflərdən daim qanunvericiliyimizin təkmilləşdirilməsində istifadə edilib. Milli Məclisin özü hansısa qanun layihələrini hazırlayanda Avropa Şurasının ekspertləri ilə birgə fəaliyyət göstərib. Təsadüfi deyil ki, ölkəmiz BMT-nin insan haqları komissiyasının üzvü də seçilmişdi. Bütün bu faktlar beynəlxalq təşkilatların Azərbaycanda aparılan demokratikləşmə, insan hüquqlarının müdafiəsi shəsində aparılan işləri təqdir etdiyini göstərir.

- Bu gün gənclərimizin hüquqlarının müdafiəsi sahəsində görülən işlər sizi qane edirmi?

- Azərbaycan Şərqi Avropanın ən gənc əhalisi olan dövlətlərindən sayılır. Bu baxımdan gənc vətəndaşlarımız ölkənin bütün sahələrində daha fəal rol oynamalıdırlar. Son illər bu istiqamətdə də mühüm addımlar atılıb. Gənclərin məşğulluğu ilə bağlı bir sıra dövlət proqramı həyata keçirilib. Bu işlər davamlı olaraq aparılır. Əgər Azərbaycanın siyasi səhnəsinə nəzər salsaq, görərik ki, bir çox gəncdən ibarət qeyri-hökumət təşkilatları yaradılıb. Onların özləri də insan hüquqlarının qorunması, bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasında fəal rol oynamağa çalışırlar. Dövlət isə bu istiqamətdə onlara hər cür şəraitin yaradılması üçün üzərinə düşən öhdəlikləri tamamilə yerinə yetirir.

- Ölkəmizdə ən çox hüququ pozulan vətəndaşlarımız məhz Dağlıq Qarabağ münaqişəsi nəticəsində evlərindən, doğma yurdlarından didərgin düşmüş 1 milyondan artıq qaçqın və məcburi köçkünlərimizdir...

- Bütün dünya da bilir ki, bu işdə əsl günahkar Azərbaycan torpaqlarının 20 faizini işğal edərək dövlətimizin ərazi bütövlüyü və suverenliyinə qəsd etmiş Ermənistandır. Lakin dünyada bəzən ikili standartlara da rast gəlinir. Azərbaycanı əsassız şəkildə tənqid edən beynəlxalq qeyri-hökumət təşkilatları 1 milyondan artıq soydaşımızın ən adi hüquqlarının pozulmasından söz düşdükdə nədənsə susurlar. Bu onların ölkəmizə qərəzli yanaşdığını, kiminsə sifarişi əsasında belə təxribat xarakterli hesabatlar hazırlamasını bir daha sübut edir. Prezidentimizin də dediyi kimi, Azərbaycandakı qaçqın və məcburi köçkünlərimizin problemləri hər bir vətəndaşımızın ümumi problemidir. Dövlətimiz onların bu hüquqlarının bərpası üçün əlindən gələni edir. Bütün beynəlxalq təşkilatlar səviyyəsində, dövlət başçısının keçirdiyi ikitərəfli görüşlərdə həmişə Dağlıq Qarabağ məsələsi birinci olaraq qaldırılır. Qaçqın və məcburi köçkünlərimizin pozulmuş hüquqlarının bərpası dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Artıq Beynəlxalq Məhkəmə də soydaşlarımızın Ermənistana qarşı qaldırdıqları iddiaları araşdırır.

 

 

Nahid Canbaxışlı

 

Həftə içi.- 2010.- 17 sentyabr.- S. 5.