Bəstəkar ürəkli
tarzən
Zamiq Əliyev:
"Tar sinəmin üstündə
sanki dil açır"
Son dövrlər sənətə gələnlərin
sayı artıb. Amma nə yaxşı
ki o yüzlərin
içində təkləri
qalır və bu təklər də xalqın qəlbində sonradan əsrlər boyu əbədi iz salır. Belələrindən
biri də məşhur tarzən, xalq artisti Zamiq
Əliyevdir.
Zamiq müəllim
həqiqətən də
tar ifaçılıq sənətində
özünü təsdiq
etmiş, imzasını
qoymuş və bənzərsiz yolu olan ifaçılarımızdandır.
Xalqın dili ilə desək, bu sənəti yaşadanlardandır. Çünki
sevimli sənətkarımız
sənətə zəhmətlə,
min bir çətinliyə,
əzab-əziyyətə qatlaşa-qatlaşa
gəlib. Onun ifaçılıq bacarığının bu
qədər böyük
və zəngin olması deyərdik ki, bəlkə də sənətkar ürəyinin böyüklüyünün
nəticəsidir. Çünki
Zamiq müəllim tarı köksünə sıxıb dilləndirəndə
qulaq asan adam özünü qeyri-adi bir aləmdə hiss edir. Bir anlıq
özündə olmursan.
Tarın o sehrli, ecazkar səsi səni sanki sirli bir
aləmə, Tanrı
dünyasına aparır.
Bu sehrlik, bu incəlik sənətkarın pərdələr
üstə gəzişən
zərif barmaqlarından,
iç dünyasından
irəli gəlir. O tarı çalmır, sanki qəlbinin səsinə qulaq asır. Əgər belə olmasaydı, ümummilli lider Heydər Əliyev konsertlərin birində gözəl ifaya görə Zamiq müəllimin əlini sıxaraq ona təşəkkürünü bildirməzdi. "Tar mənim ən yaxın sirdaşımdır.
O mənim sinəmin
üstündə sanki
dil açır",
- deyə tarzən 40 illik sənət yolunu belə xatırlayır: "İncəsənət
İnstitutunda təhsil
alan zamanlarda xoş təsadüf məni Azərbaycan Dövlət Filarmoniyasına
gətirib-çıxardı. Gənc yaşlarımda korifey sənətçilərimizin
əhatəsində sənətə
gəldim. 3 böyük
sənətkarın - Zeynəb
Xanlarova, Ağası Məşədibəyov və
Gülarə Əliyavanın
mənə qayğısını,
dəstəyini və
xidmətlərini xüsusi
qeyd etmək istəyirəm. Hələ çox erkən
yaşlarımdan Sara Qədimova, Rübabə Muradova, Şövkət Ələkbərova, Tükəzban
İsmayılova, Əbülfət
Əliyev, Yaqub Məmmədov, Arif Babayev, Əlibaba Məmmədov və bu kimi korifey
sənətçilərimizi tarda müşayiət etmişəm".
- Zamiq müəllim,
əməkdar incəsənət
xadimi Gülarə Əliyevanın rəhbərlik
etdiyi "Dan ulduzu"
instrumental ansamblında çalışmısınız.
O illər sizin yaddaşınızda necə
qalıb?
- Mənim
sənətimə ilk qiymət
verənlərdən biri
də ölməz sənətçimiz Gülarə
Əliyeva olub. Onun təklifi ilə bu ansambla gəlmişəm.
O zamanlar "Dan ulduzu"
ansamblı həftədə
bir neçə dəfə televizorda konsert proqramları ilə
çıxış edirdi.
Bundan başqa, xarici ölkələrə
qastrollarımız da
çox idi. Mən bu ansamblla
dünyanın bir sıra ölkəsində
oldum, daha da püxtələşdim.
- Zəhmət olmasa,
Zeynəb Xanlarovanın
ansamblı ilə getdiyiniz səfərlərdən
də danışasınız...
- Zeynəb
xanımın ansambl yaratmasının təşəbbüskarlarından
biri mən olmuşam. O həmişə
mənə qayğı
ilə yanaşıb,
sənətimi qiymətləndirib,
məni ansamblının
aparıcısı sayıb.
Biz dünyanın
50-dən çox ölkəsində
böyük səhnələrdə
uğur qazanmışıq.
Harada olmuşuqsa, orada tamaşaçının
ürəyini riqqətə
gətirmişik. Sözsüz
ki, Zeynəb xanımsız, eləcə
də bizsiz uğurları qazana bilməzdik. Sonralar mən dərk etdim ki, biz
nə qədər tamaşaçılar arasında
rəğbət qazansaq
da, hər şey Zeynəb xanımın adı ilə bağlıdır.
- Səhv etmirəmsə,
əməkdar artist Simarə
İsmayılova sizin yetirmənizdir?
- Elədir. Rəhmətlik kamança ifaçısı Ədalət Vəzirovla birgə üçlük yaratdıq. Fikrimiz bu oldu ki, oxuyacaq adam yeni səs sahibi olmalıdır. Bir gün Simarə ilə təsadüfən görüşdük və onun səsini dinlədim. Avaz mənim çox xoşuma gəldi və beləcə, üçlüyümüz fəaliyyətə başladı.
Tez bir zamanda
üçlüyümüz dünyanı heyran qoydu. Özbəkistanda keçirilən Dünya Muğam Festivalında uğurla çıxış
edərək "Qran-pri"
mükafatına layiq görüldük. Mən
həmçinin ölkəmizdə
tanınmış əksər
sənətçi ilə
- Ağaxan Abdullayev, Səkinə İsmayılova,
Mələkxanım Əyyubova
və digər tanınmışlarla qastrollarda
olmuşam, onları tarda müşayiət etmişəm.
- Zamiq müəllim,
sizi həm də gözəl bəstələrin müəllifi
kimi tanıyırıq.
Bu, bəzilərini təəccübləndirir...
- Hər
şey istedaddan, bacarıqdan asılıdır.
Mən tar çalmaqla
yanaşı, həm də musiqi bəstələyirəm. 50-yə
yaxın mahnının
müəllifiyəm. Mənim mahnılarım demək olar, hər gün efirdə səslənir.
- Siz həm də teleaparıcısınız.
Bu ideya haradan
qaynaqlanıb?
- Hər
bir insanın öz əbədi dünyası var. İnsan
əbədi dünyasına
əliboş getməməlidir.
Onun bu dünyada yaratdıqlarını digər
insanlar əbədiləşdirir. Mən
"Qızıl səs"
adlı televiziya verilişinin aparıcısıyam.
Bu veriliş "Lider TV"də uzun müddət efirə çıxıb.
Mən peşəkar musiqiçiyəm. Musiqi dünyamızın korifey
sənətkarlarını bir daha efirə
gətirib onları bir örnək kimi təbliğ edirəm. Son zamanlar özlərini müğənni sayanlar televiziya verilişlərində
mətbəx məharətlərini
göstərməyə can
atırlar. Bu, gülünc bir işdir. Zənnimcə, tamaşaçılar şit
mətbəx verilişlərindən
artıq cana doyub. İndi əsas məqsəd millətimizə xas xüsusiyyətləri, onun
dünyaya çıxa
biləcək sənətkarlarını
təbliğ etməkdir.
Mən həm də "Səhnəarxası
görüşlər" kitabının müəllifiyəm.
Bu kitab ulu öndərimiz Heydər Əliyevin adını daşıyan
sarayda zaman-zaman keçirilən tədbirlərdən
sonra onun musiqiçilərlə görüşlərinə
həsr olunub.
- Zamiq müəllim,
siz həm də Mədəniyyət
və İncəsənət
Universitetinin dosentisiniz.
Elmi-pedaqoji fəaliyyətlə
də məşğulsunuz.
Bu yaxınlarda dövlət tərəfindən
sizin 60 illik yubileyiniz və 40 illik sənət fəaliyyətiniz təntənəli
şəkildə qeyd
olundu. Bu haqda bir-iki kəlmə deməyinizi xahiş edirik...
- Universitetin
instrumental ifaçılıq kafedrasının dosentiyəm.
Bu gün bilik və bacarığımı tələbələrimə öyrətmək üçün əlimdən gələni edirəm. Çalğı
alətlərini, xüsusilə də
tarın sirlərini onlara aşılayıram.
Öz təcrübəmdən,
dünya səyahətləri
zamanı görüb-götürdüklərimdən
gənc nəslə daha böyük bilik verməyə çalışıram. Şükürlər
olsun ki, dövlətimiz tariximizə,
mədəniyyətimizə və musiqiçimizə böyük diqqət yetirir. Bu sahədə ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın xidmətləri daha böyükdür.
Qələndər Xaçınçaylı
Həftə içi.- 2010.-
23 sentyabr.- S. 7.