"Azərbaycan tərəfi beynəlxalq
qanunvericiliyə istinad edir"
Hayko Lanqner: "Ermənistan isə işğal etdiyi ərazilərdən
geri çəkilmir"
Berlində
Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin
ofisində Bundestaqın elmi işçisi, siyasi elmlər
üzrə mütəxəssis Hayko Lanqner "Geopolitik təsir
və gərginləşən təhlükəsizlik
mühitində Dağlıq Qarabağ münaqişəsi"
adlı mühazirə təqdim edib. Diasporla İş üzrə
Dövlət Komitəsindən "Həftə içi"nə
verilən məlumata görə, H.Lanqner öz məruzəsində
Qarabağ müharibəsi ilə bağlı mühüm məqamlara
yer ayırıb. Siyasətçi qeyd edib ki, 1994-cü ildə
münaqişə tərəfləri arasında atəşkəs
haqqında anlaşma əldə olunduğu zamandan bəri ATƏT-in
Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin
sülh yolu ilə tənzimlənməsində vasitəçilik
etməyə çalışır. Münaqişə tərəfləri
isə öz başlanğıc mövqeyindən dönməyib:
"Azərbaycan tərəfi dövlətin suverenliyini, ərazi
bütövlüyünü tənzimləyən beynəlxalq
qanunvericiliyə istinad edir, işğala məruz qalmış
torpaqlarının qeyd-şərtsiz geri
qaytarılmasını tələb edir, Ermənistan isə zəbt
etdiyi ərazilərdən geri çəkilmir, Dağlıq
Qarabağda qondarma dövlət yaradıb, üstəlik,
münaqişənin həllində Dağlıq
Qarabağın erməni icmasının tərəf kimi qəbul
olunmasını istəyir". "ATƏT-in Minsk Qrupunun
göstərdiyi səylərə baxmayaraq münaqişənin
qısa zamanda həll ediləcəyi ehtimalı azdır"
deyən H.Lanqner əlavə edib ki, əksinə, son vaxtlarda
Qarabağ cəbhəsində atəşkəsin pozulması
halları intensiv xarakter alıb və bunun yeni silahlı
münaqişəyə çevrilməsi qorxusunu getdikcə
artırır. Məruzəçi həmçinin regionda
geosiyasi maraqları olan ATƏT-in Minsk Qrupundakı dövlətlərin
münaqişənin həlli üçün vacib olan
addımları atmamasına səbəb olan amillər, niyə
məhz bu dövlətlərin münaqişənin həllinə
təsir göstərə bilməsi imkanları, habelə hələ
də həllini tapmamış və dondurulmuş vəziyyətin
zəbt edilmiş torpaqların humanitar və iqtisadi duruma təsiri,
eləcə də digər məsələlərdən
danışıb. Tədbirin davamında H.Lanqner işğal
edilmiş Azərbaycan ərazilərindən alman jurnalistlərinin
2010-cu ildə çəkdiyi və Şuşa, Laçın,
Xankəndi, Ağdam, Əsgəran bölgələrindəki
erməni vəhşiliklərini əks etdirən fotoları
nümayiş etdirib. Tədbirdə 1990-cı illərdə
Almaniyanın ATƏT-in Minsk Qrupunda nümayəndəsi
olmuş Frank Lambax, Bundestaqın elmi işçisi xanım
İvon Bexlayn, Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları,
dramaturq, jurnalist Lutz Layxtfus, doktorant və tələbələr,
Azərbaycan və türk diaspor təşkilatlarının təmsilçiləri
iştirak ediblər. Məruzədən sonra mövzu ətrafında
fikir mübadiləsi aparılıb. Məhz bu mövzuda tədbirin
keçirilməsi Berlindəki erməni diasporunun nümayəndələrinin
narahatlığına səbəb olub. Qeyd edək ki, H.Lanqner
şimal-şərqi Avropa, Rusiya, Türkiyə, Qafqaz regionu
üzrə mütəxəssisdir, bu bölgələrdəki
proseslərə dair çoxlu məqalənin müəllifidir.
2009-cu ildə "Şərqi Qafqaz, Dağlıq Qarabağ,
Abxaziya, Şərqi Osetiya-identitet, xalq hüquqları,
geostrateji maraqlar mühitində" adlı kitabı nəşr
olunub.
Əli Zülfüqaroğlu
Həftə içi.- 2010.- 24 sentyabr.- S. 5.