Ürəyinizi qoruyun!
Dünya Ürək günü ilə bağlı
mətbuat konfransında bunun da yolları göstərilib
Dünən Dünya Ürək günü ilə bağlı mətbuat konfransı keçirilib. Azərbaycan
Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri
Kamran Musayev bildirib ki, cəmiyyətin
təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq Dünya Ürək günü geniş səviyyədə
qeyd ediləcək.
Əlamətdar günlə
əlaqədar silsilə
tədbirlər də
nəzərdə tutulur.
Belə ki, Dünya Ürək günü çərçivəsində
Körpələr evində
uşaqlar kardioloji müayinədən keçiriləcək,
Tibb Universitetində tələbələrin iştirakı
ilə seminarlar təşkil olunacaq. Eyni zamanda, ticarət
mərkəzlərində aksiyalar
da təşkil ediləcək. Aksiyalar zamanı insanlara ürək-damar xəstəlikləri
haqqında bukletlər
paylanacaq, müayinələr
aparılacaq. Mərkəzi
Klinik Xəstəxanada
aztəminatlı vətəndaşlar
üçün kampaniya
təşkil olunacaq. Sentyabrın 25-də isə
"Mən ürəklə
işləyirəm" adlı
beynəlxalq elmi konfrans planlaşdırılır.
Natiq qeyd edib ki, artıq
10 ildir ki, Dünya Ürək Federasiyası
tərəfindən Dünya Ürək günü
dünyanın 200-dən artıq ölkəsində qeyd
edilir. "Azərbaycanda dövlət tərəfindən
səhiyyə sahəsinə
göstərilən diqqət
və qayğının
nəticəsidir ki, ölkəmizdə tibbin hər sahəsində, o cümlədən kardiologiyada yüksək nailiyyətlər əldə
olunub. Biz çox sevinirik ki, bu əlamətdar
günü ciddi bir bazaya əsaslanıb
qeyd edə bilirik". Kardioloq onu da bildirib
ki, tədbirin məqsədi ictimaiyyətin
diqqətini ürək-damar
xəstəliklərinin profilaktikasına
yönəltməkdir. Kardioloq
Üzeyir Rəhimov isə vurğulayıb ki, ürək-damar xəstəlikləri hazırda
dünyada çox geniş yayılıb. Azərbaycanda risk faktorlarının daha çox mövcud olduğundan bu xəstəlik ölüm
və əlilliklə
nəticələnir.
Ürək və Damar
Cərrahiyyəsi Cəmiyyətinin üzvü Firdovsi
İbrahimov da qeyd edib ki, dünyada ölüm
hallarının 50 faizi ürək-damar xəstəlikləri
ilə bağlıdır. Bu xəstəliklərin yaranmasına
təsir edən faktorların qarşısını
almaqla, insanları maarifləndirməklə bu
xəstəlikdən asanlıqla
qorunmaq mümkündür.
Tədbirdə vurğulanıb
ki, Azərbaycanda əsasən ürəyin
işemiyası, ürək
çatışmazlıqları, anadangəlmə qüsurlar,
aritmiya daha geniş yayılıb.
Mətbuat konfransında
Dünya Ürək Federasiyasının
hazırladığı 10 tövsiyə haqqında da
məlumat verilib. Belə ki, insanlara meyvə
və tərəvəzdən
istifadə, fəal həyat tərzi və sağlam qida seçimi etmək, çəkini nəzarətdə saxlamaq,
spirtli içkilərdən
və siqaretdən imtina etmək, stressdən uzaq olmaq tövsiyə olunur.
Pərvin
Həftə içi.- 2010.- 24 sentyabr.- S. 6.