Məhkumlara hüquqi yardım göstərilməsinə diqqətlə yanaşılır

 

Əliməmməd Nuriyev: "Qanunvericilikdə əhəmiyyətli dəyişikliklər baş verməlidir"

 

Bu gün cəzaçəkmə müəssisələrində məhkumların saxlanma şəraiti, onların hüquqlarının qorunması və digər problemlərin həlli diqqət mərkəzindədir. Dövlətlə yanaşı, beynəlxalq təşkilatlar da məsələyə diqqətlə yanaşır. Bu və digər məsələlərlə bağlı "Həftə içi"nin suallarını Ədliyyə Nazirliyi yanında İctimai Komitənin koordinatoru Əliməmməd Nuriyev cavablandırdı.

- Ədliyyə Nazirliyi yanında İctimai Komitə artıq 4 ildir fəaliyyət göstərir. Hər il qurumun tərkibi yeni QHT-lərlə yenilənir. Bəzi təşkilatlar isə əvvəldən fəaliyyət göstərənlərdir. Bunlar hamısı seçki yolu ilə həyata keçirilir. Millət vəkilləri, Ədliyyə Nazirliyinin nümayəndələri, müxtəlif ictimai təşkilatların təmsilçiləri, din xadimləri həmin komitənin üzvləridir. 4 il ərzində İctimai Komitə tərəfindən penitensiar sistemin fəaliyyətinə nəzarətlə bağlı əhəmiyyətli işlər həyata keçirilib. Ədliyyə Nazirliyi bu prosesdə ictimaiyyətin iştirakında maraqlı olan tərəf kimi çıxış edir. Hətta bu iştirakı imperativləşdirən qaydalar da qəbul etdi. Bu gün İctimai Komitə Azərbaycanda preventiv mexanizmlərdən biri kimi özünü tanıtdıra bilib. İstər Azərbaycan cəmiyyətində, istərsə də beynəlxalq aləmdə İctimai Komitənin mühüm bir model olduğu qəbul edilir. İctimai Komitənin fəaliyyət sferası, səlahiyyətləri imkan verir ki, həm də MDB ölkələrində model struktur kimi özünü göstərə bilsin. İctimai Komitə cəzaçəkmə müəssisəsinə müəssisə rəhbərliyinin məlumatı olmadan gedirdi. Amma son illərdə tamamilə yeni format öz təsdiqini tapıb. İctimai Komitə hər hansı məlumat vermədən istənilən cəzaçəkmə müəssisəsinə qəflətən baxışlar həyata keçirə bilər. 2010-cu il ərzində biz fəaliyyət planı qəbul etdik və fəaliyyətimizi buna uyğun qurduq. Əsas fəaliyyət istiqamətlərindən biri cəzaçəkmə müəssisələrinə başçəkmələr, monitorinqlərin keçirilməsi idi.

- Monitorinqlər hansı prinsiplər üzrə həyata keçirilir?

- 2010-cu ilin 8 ayı ərzində 17 cəzaçəkmə müəssisəsində İctimai Komitənin üzvləri baxış-monitorinq proseslərini həyata keçiriblər. Bu prosesdə qurumun üzvləri 52 dəfə iştirak ediblər. Monitorinqlərin predmeti məhkumların saxlanma vəziyyəti ilə tanış olmaq, onların qida ilə təmin edilməsi, eyni zamanda məhkumlarla personal arasında münasibətlər, məhkumların məşğulluq səviyyəsi, onlarla rəftar, hüquq və azadlıqlarının təmin edilməsi, eyni zamanda informasiyaya çıxış imkanları, qohumlarla görüşlərin səviyyəsi, cərimə kameralarının vəziyyəti, səhiyyə xidmətlərinə baxış imkanları və digər məsələlərdən ibarətdir. Yeri gəlmişkən, son illər cəzaçəkmə müəssisələrində sıxlığın azalması yönündə ciddi dinamika var. Amma bəzi cəzaçəkmə müəssisələrində sıxlıq mövcuddur. Bu, həmin cəzaçəkmə müəssisələrinin konstruksiyası ilə bağlıdır. Vaxtilə həmin yerlərdə başqa profildə olan binalar cəzaçəkmə müəssisələrinə çevrilib. Baxmayaraq ki real sıxlıq yoxdur. Amma limitə görə sıxlıq var. Tutaq ki, bəzi cəzaçəkmə müəssisələrində 1000 yer mövcuddur. Həmin müəssisədə cəmi 537 məhkum cəza çəkirsə, burada faktik sıxlıq yoxdur, amma limitə görə sıxlıq var. Bu istiqamətdə də əhəmiyyətli modernləşdirmə işləri gedir. Yeni cəzaçəkmə müəssisələri tikilir və bu konstruksiyaya əsaslanan sıxlıq da tamamilə aradan qalxacaq. Biz cəzaçəkmə müəssisələrində ərzaqla, qida məsələləri ilə də ciddi maraqlanırıq. Son illər məhkumların keyfiyyətli qida və qab-qacaqla təminatında çox əhəmiyyətli dəyişikliklər edilib. Təmizliyə ciddi fikir verilir. Bu da mühüm irəliləyişlərdən biridir. Biz hər zaman öz müvafiq rəyimizi Ədliyyə Nazirliyinin müvafiq strukturlarına təqdim edirik. Həmin rəylər əsasında da müəyyən çatışmazlıqlar aradan qaldırılır. Bir çox cəzaçəkmə müəssisəsində bizim təkliflərimiz əsasında xeyli iş görülüb. Məhkumlara həvəsləndirici və tənbeh tədbirlərinin vəziyyəti öyrənilib. Fəaliyyətimizi təkcə baxış-monitorinqlə məhdudlaşdırmamışıq. Personalın da əmək şəraiti və peşəkarlığı diqqət mərkəzində olub.

- Monitorinqlər zamanı hansı problemlər diqqəti daha çox cəlb edir?

- Monitorinqlər zamanı bir sıra problem də aşkarlanır. Bəzi cəzaçəkmə müəssisələri ötən əsrin əvvəllərində tikilib. Bundan başqa, cəzaçəkmə müəssisəsinin profilinə uyğun olmayaraq tikililər olub ki, sonradan cəzaçəkmə müəssisələrinə çevriliblər. Bu da müəyyən qədər problemlər yaradır. Bu yöndə də penitensiar sistemdə islahatlar gedir. Müasir standartların tətbiqi, müasir kamera tipli otaqların təşkilinə ehtiyac var. Artıq bəzi bölgələrdə bu tipli tikintilər başa çatdırılıb.

- Məhkumların yaşadıqları yerə daha yaxın cəzaçəkmə müəssisələrinə köçürülməsi ilə bağlı hansı addımlar atılır?

- Əsas məsələlərdən biri də Avropa standartlarına keçmə ilə bağldır. Məhkumların yaşadıqları ünvana yaxın yerdə cəzalarını çəkməsi daha məqsədəuyğundur. Azərbaycanda aparılan penitensiar islahatların əsas istiqamətlərindən biri də budur ki, müxtəlif bölgələrdə cəzaçəkmə müəssisələrinin köçürülməsi prosesinə başlanılsın. Müasir standartlara uyğun yeni cəzaçəkmə müəssisələri tikilsin və məhkumlar öz ailəsinə daha yaxın yerdə cəzalarını çəksinlər. Bu da onların islah edilməsində əlavə imkanlar yaradır.

- Məhkumlara tibbi xidmət göstərilməsində irəliyə doğru dəyişikliklər varmı?

- Bu gün məhkumların tibbi xidmətə çıxış imkanları xeyli yaxşılaşdırılıb. Bu səbəbdən də məhkumlar arasında ölümün səviyyəsi azalıb. 1997-ci ildən 2008-ci ilə qədər ölümün səviyyəsi 18 dəfə azalıb. Digər tərəfdən məhkumların vərəmdən müalicəsi ilə bağlı irəliyə doğru addım var. Vərəmə qarşı müalicənin ən müasir üsulları tətbiq olunur. Bu gün müalicə üsulları və tibbi avadanlıqlar MDB və Şərqi Avropa ölkələrinə nümunə göstərilə bilər. Məhkumlar təkcə Penitensiar Xidmətin Tibb Baş İdarəsinin xidmətindən istifadə etmirlər. Bir sıra xəstəlik var ki, onun müalicəsi və diaqnostikası Ədliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən müalicə müəssisələrində mümkün deyil. Bu baxımdan da həmin məhkumlar digər müalicə müəssisələrinə köçürülür. Bəzi hallarda bir sıra cərrahiyyə əməliyyatı penitensiar sistemdən kənarda baş verir. Bu da məhkumlara olan münasibətlə əlaqədardır. Eyni zamanda dərman preparatlarının təmin edilməsində də xeyli irəliləyiş var. Amma dərman çeşidləri daha da genişləndirilməlidir. Bəzi cəzaçəkmə müəssisələrində tibbi sahənin əsaslı təmirinə ehtiyac duyulur.

- Bəs cəzaçəkmə müəssisələrində məhkumların müalicəsi necə təşkil olunur?

- Bu sahədə də çox əhəmiyyətli dəyişikliklər baş verib. Diaqnostika metodları ilə müayinəni qeyd etmək olar. Bu gün vərəmli xəstələrin müalicəsi ən yüksək səviyyədə həyata keçirilir. Azərbaycan digər ölkələr üçün nümunə olacaq presedent yaradıb. Son 10 ildə cəzaçəkmə müəssisələrində vərəmli xəstələrin sayı 20 dəfə, ölüm hallarının sayı isə 18 dəfə azaldılıb. Cəzaçəkmə müəssisələrində məhkum müəyyən xəstəliyə tutulursa, onun müalicəsi cəzaçəkmə müəssisəsinin müalicə müəssisəsində mümkün deyilsə, mülki müalicə xəstəxanalarına müraciət olunur.

- Məhkumların vaxtından əvvəl azad olunması məsələsi ilə bağlı irəliləyişlər varmı?

- Hər şeydən əvvəl bu məsələ ilə bağlı qanunvericilikdə əhəmiyyətli dəyişikliklər baş verməlidir. Penitensiar müəssisələrin rəhbərliyinin fikirlərinə önəm verilməlidir. Məhkumlar nümunəvi davranış nümayiş etdirirlərsə, onlara verilən görüşlərin sayı artırılır, telefonla zəng etməyə imkan yaradılır. Bəzi məhkumlara məzuniyyət tətbiq edilməsi prosesi də həyata keçirilir. Ailələrində bədbəxt hadisə baş verirsə, qısa müddətdə onların evə buraxılması halları da baş verir. Hətta bəzi məhkumların övladlarının toyunda, xeyir işində iştirakına da icazə verilir. Bütün bunlar məhbusların islahına da müsbət təsir göstərir. Bu da məhkumlarda əlavə stimul yaradır. Mühüm problemlərdən biri də ondan ibarətdir ki, hələ məhkumların vaxtından əvvəl şərti olaraq azadedilmə institutunu tam surətdə reallaşdırmaqla bağlı müəyyən problemlər qalmaqdadır. Bununla bağlı qanunvericilikdə əhəmiyyətli dəyişikliklərin baş verməsi vacibdir. Çünki bu institutun tətbiqi imkanı genişləndikcə məhkumların nümunəvi davranışına əhəmiyyətli dərəcədə təsir göstərə, cəzaçəkmə müəssisələrinin yükünün azaldılmasına gətirib-çıxara bilər. Eyni zamanda məhkumların çoxunu cəza törətməkdən çəkindirər. Bütövlükdə personal və məhkumlar arasında münasibətlərin keyfiyyətcə yaxşılaşmasına gətirib-çıxara bilər. Ona görə də düşünürəm ki, bu prosesdə penitensiar sistemin rəhbərliyinin rolunun, məsuliyyətinin artırılmasına, onların rəylərinin məhkəmə tərəfindən nəzərə alınmasına çox ehtiyac var.

- Məşğulluq problemi öz həllini tapırmı?

- Bu problemlə bağlı hökumətin yeni qərarlar qəbul etməsinə ehtiyac var. Məhz dövlət sifarişlərinin bir qismini cəzaçəkmə müəssisələrinə yönəltməlidirlər. Çünki məhkumların əməyə cəlb edilməsinə səylər göstərilsə də, elə də yüksək faiz yoxdur. Ədliyyə Nazirliyinin, Penitensiar Xidmətin iradəsi var. Eyni zamanda məhkumların yeni ixtisasa yiyələnməsi prosesi baş verə bilər. Ədliyyə orqanlarının inkişaf proqramında da bu, əsas istiqamətlərdən biri kimi göstərilib. Hazırda bəzi cəzaçəkmə müəssisələrində xalçaçılıqla, müəyyən suvenirlərin hazırlanması ilə bağlı müəssisələr fəaliyyət göstərir. Məhkumların əl işlərindən ibarət sərgilər təşkil olunur. Bir sıra cəzaçəkmə müəssisəsində kompüter kursları fəaliyyət göstərir. Mütəmadi olaraq orada məhkumlara kompüter bilikləri öyrədilir. Bu, imkan verir ki, azadlığa çıxandan sonra onlar müvafiq peşələrdə çalışsınlar. Onlar azadlığa çıxarkən hesablarında müəyyən məbləğdə vəsaitin olması yeni həyatlarını daha düzgün qurmalarına kömək edə bilər. Belə olduqda ailələri tərəfindən anlayışla qəbul ediləcəklər. Çünki əksər halda məhkumlar azadlığa çıxarkən onlara qəribə münasibət bəslənilir. İxtisaslı olacaqlarsa, bu həm də onlara tələb və təkliflərin artmasına gətirib-çıxaracaq.

- Təhsil hüquqlarının qorunmasına diqqət yetirilirmi?

- Bu istiqamətdə də əhəmiyyətli addımlar atılıb. Əksər müəssisədə orta məktəblər, bəzilərində isə peşə məktəbləri fəaliyyət göstərir. Yeni ixtisasa yiyələnməklə bağlı da müəyyən kurslar açılıb. Kompüter kursları fəaliyyət göstərir. Kənardan peşəkarlar göndərilməklə onlar kompüter biliklərinə yiyələnirlər. Bu da müasir texnologiya əsrində hər bir kəsə vacib olan amillərdən biridir.

- Məhkumların asudə vaxtlarının təşkili ilə bağlı irəliləyişlər nəzərə çarpırmı?

- Bu istiqamətdə də müsbət irəliləyişlər var. Bir çox cəzaçəkmə müəssisəsində idman zalları fəaliyyət göstərir. Mütəmadi olaraq yarışlar həyata keçirilir. Məhkumların əməyinin nəticələrinin cəmiyyətə təqdim edilməsi istiqamətində də işlər görülür. Artıq sərgilərin təşkil edilməsi prosesi başlanıb. Bir neçə ay bundan qabaq 15 saylı cəzaçəkmə müəssisəsində məhkumların əl əməyinin nəticələrini ifadə edən sərgi təşkil etdik. Burada əlaqədar dövlət qurumları, QHT-lər, özəl sektorun nümayəndləri iştirak edirdi.

- Əcnəbi məhkumlara yardım göstərilirmi?

- Bəzi cəzaçəkmə müəssisələrində əcnəbilər cəza çəkirlər. Onlar daha çox öz ölkələrində cəzalarının davamının çəkilməsini istəyirlər. Bu əcnəbilərə müxtəlif yardımlar göstərməyə çalışırıq. Əcnəbilərin vətəndaşı olduqları ölkələrin səfirliklərinə müraciət edirik. Ədliyyə Nazirliyi bu istiqamətdə çox səy göstərir. Təəssüf ki, bəzi əcnəbi məhkumların vətəndaşı olduqları ölkələrin səfirlikləri onların müraciətlərinə ya çox gec cavab verir, ya da cavab vermir. Bəzən səfirliklər bildirir ki, həmin məhkumların ölkələrinə köçürülməsini təşkil etsələr, bu, böyük vəsait hesabına başa gələcək. Baxmayaraq ki Ədliyyə Nazirliyi hüquqi müstəvidə bütün məsələlərin həllinə yardım göstərir, səfirliklər bunu etmirlər.

- Hüquqi maarifləndirmə işləri həyata keçirilirmi?

- Məhkumlara hüquqi yardım göstərilməsinə xüsusi diqqət yetiririk. Ədliyyə naziri İctimai Komitənin üzvləri ilə görüşərkən əsas məsələlərdən biri kimi məhkumların islah edilməsi prosesində iştirakın daha genişləndirilməsi və onlara hüquqi yardımın göstərilməsi olduğunu bildirdi. Məhkumlara hüquqi yardım İctimai Komitənin hüquqşünas üzvləri tərəfindən göstərilir. Cəzaçəkmə müəssisəsinə başçəkmə prosesinin gedişində məhkumlara hüquqi yardım göstərilir. Eyni zamanda Açıq Cəmiyyət İnstitutu tərəfindən penitensiar sistemdə islahatlara dəstəklə bağlı layihə həyata keçirilir. O layihə çərçivəsində də penitensiar müəssisələrdə ictimai nəzarəti həyata keçirən təsisatların fəaliyyətinə dəstək verilir və İctimai Komitə məhkumlara hüquqi yardımları artırır. Son aylarda həyata keçirilən hüquqi yardım 100-ə qədər məhkumu əhatə edib. Məhkumların müraciəti əsasında onların ailə üzvlərinə də hüquqi yardım göstərilir. Məhkumların ailələrinin ilk növbədə ünvanlı sosial yardım alması ilə bağlı problemlər var. Hüquqi yardımlar sahəsində bu istiqamətdə müəyyən irəliləyişlərə nail olunub. Kassasiya, apellyasiya şikayəti, əfv və bağışlama ilə əlaqədar da məhkumlara geniş izahatlar veririk.

  

  

Əli Zülfüqaroğlu

 

Həftə içi.- 2010.- 28 sentaybr.- S. 5.