"Ermənistana görə Azərbaycanı itirə bilmərik"

 

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ermənistan mətbuatına müsahibə verib

 

Əhməd Davudoğlu müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlli, Ankara-İrəvan münasibətlərinin normallaşdırılmasından danışıb. "Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılması naminə Azərbaycanı itirə bilməz" - deyə o, Ermənistanın "Azq" qəzetinə müsahibəsində vurğulayıb. Ankara-İrəvan münasibətlərindən danışan Davudoğlu bildirib ki, Ermənistan sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması ilə münasibətlərin normallaşacağını düşünür:

"Amma elə şeylər var ki, onlara kompleks yanaşılmalıdır. Birdən hər gün atəş səslərinin eşidildiyi Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində nələrsə baş verdi? O zaman sərhədləri yenidən bağlayacağıq? Bu halda bütün perspektivlər uzun müddətə iflasa uğrayacaq. Biz Ermənistanla münasibətlərə görə Azərbaycanı itirə bilmərik. Biz prezident Serj Sarkisyandan, həmçinin həmkarım Nalbandyandan jest olaraq Azərbaycanın işğal altındakı rayonlarından heç olmasa 1-2-nin boşaldılmasını dəfələrlə istəmişik. Məsələn, Füzuli və Ağdamın. Bu halda Bakı da öz sərhədlərini açmağa razılıq verərdi. Amma Ermənistan bundan imtina edib". Davudoğlu vurğulayıb ki, Ermənistanla təmaslar ilk dəfə 2005-ci ildə başlayıb. Bu danışıqlar üç məqsəd daşıyırdı - sərhədləri açmaq və diplomatik əlaqələr qurmaq, Türkiyə ilə Ermənistan arasında birbaşa və bilavasitə əlaqələr qurmaq, türklərlə ermənilərin münasibətlərinin normallaşdırılması. Davudoğlu bildirib ki, Ankara xaricdəki erməni diasporunu öz diasporu bilir. Çünki onların əksəriyyəti Türkiyədən köç ediblər.

  

 

Azad

 

Həftə içi.- 2011.- 1 aprel.- S. 1-2.