"TQDK-nın
dərsliklərdə səhvlər
barədə fikirləri
əsassızdır"
Almaz Həsrət: "Test sualları dərsliklərə
uyğun hazırlanmalıdır"
Müsahibimiz 2008/2009-cu
tədris ilində "Ən yaxşı müəllim"
müsabiqəsinin qalibi, 2010/2011-ci tədris ilinin 10-11- ci
siniflər üçün "Ümumi Biologiya" dərsliyinin
həmmüəllifi və "Əməkdar müəllim"
fəxri adını qazanmış Almaz Həsrətdir. Məlumat
üçün bildirək ki, o, 1973-cü ildə Bakıda
anadan olub. Pedaqoji fəaliyyətə 1996-cı ildə Xətai
rayonundakı 204 saylı orta məktəbdə biologiya müəllimi
kimi başlayıb. Hazırda da bu məktəbdə
çalışır.
Azərbaycan
Respublikası Təhsil Nazirliyi və "İntel"
şirkətinin təhsildə İKT-nin tətbiqi üzrə
"İntel: gələcək üçün təhsil"
kursunun təlimçisi, Azərbaycan İnternet Forumunun,
Biologiya fənn kurikulumunun hazırlanması və dərsliklərin
qiymətləndirilməsi işçi qrupunun, Jurnalistlərin
Həmkarlar İttifaqının üzvüdür.
- "Əməkdar müəllim" adını
qazanmağınızı gözləyirdiniz?
- Mənim tez-tez işlətdiyim
bir ifadə var: öyrənmək istəyən 100 imkan, vasitə,
üsul, yol tapar, öyrənmək
istəməyən 100 bəhanə. Bu sözlər mənim həyat
amalıma çevrilib. Çalışıram ki, həmişə
daim axtarışlarda olum və öyrənmək
üçün, hansısa yeni metodikanı əldə etməkdən
ötrü 100 üsul tapım. Mən, hər halda, təhsil
sahəsində gördüyüm zəhmətimin diqqətdən
kənar qalmayacağına inanırdım. Bu inam məndə
ümidlə qatıldığım "Ən yaxşı
müəllim" müsabiqəsində daha çox
yaranmışdı. Əvvəlcə həmkarlarımdan biri
mənə zəng etdi və ad almağım münasibətilə
məni təbrik etdi. Düzü, mən çox sevindim və
kompyuteri açıb internetə daxil oldum. Həmişəki
kimi, ilk olaraq AzərTac-ın saytını açdım.
Siyahıda adımı görüb çox sevindim. Hətta
gözlərim doldu. Həyəcanlandım.
Bu cür gözəl sürpriz, bu cür gözəl xəbər
hər halda adamı lap sevindirir.
- Siz 2010-2011-ci tədris
ilinin 10-11-ci siniflər üçün "Ümumi
Biologiya" dərsliyinin həmmüəllifisiniz. Bu
yaxınlarda TQDK sədri dərsliklərdəki səhvlərlə
bağlı maraqlı açıqlama verdi. Burada
"Biologiya" dərsliyinin də adı keçirdi. Bu dərsliyin
həmmüəllifi olaraq iddialarla
razılaşırsınız?
- Bu barədə məlumatım
var. Söylənilən iddialarla da razı deyiləm.
Çünki illər boyu mən də abituriyent vəsaitlərində
nəinki redaktə səhvləri, hətta elmi səhvlər
də tapmışam. Və bunu heç vaxt əlimdə
şüar edib özümü daha savadlı bildirməyə
çalışmamışam. Yalnız düzəlişləri
etməklə kifayətlənmişəm və bu düzəlişlər
barədə TQDK-da çalışan həmkarlarıma xəbər
vermişəm. Sonrakı nəşrlərdə onlar da həmişə
düzəlişləri ediblər. Son ayda TQDK-nın biologiya
fənni üçün hazırladığı vəsaiti
alıb oxudum. İnandırım sizi ki, yenə də
çoxlu elmi səhvlər tapdım. İnşallah vəsaiti
axıra kimi oxuyum, sonra mətbuata TQDK-nın vəsaitində
olan səhvlər barədə mən də yazı verəcəm.
Ancaq əvvəlcə onu demək lazımdır ki,
TQDK-nın Təhsil Nazirliyinin orta məktəb dərsliklərindəki
səhvlər barədə
iddiaları tamamilə yanlışdır. Niyə? Əvvəla
ona görə ki, bu ifadənin özü yanlış və
kobud ifadədir. Dərslik müəllifi elə belə
sıradan çıxan bir insan deyil, onlar professional və həmin
sahənin mütəxəssisi olan akademik və
professorlardır. Öncə bu insanlara sayğı ilə
yanaşmaq lazımdır. Dərsliklərdə olan texniki səhv
dərsliyi yazan müəllifin səhvi deyil. Bu yalnız nəşr
səhvi olduğu üçün korrektorun səhvi sayıla
bilər. Deməli, TQDK öz iradlarını nəşriyyatlara
yönəltməlidir. Mən TQDK-nın söylədiyi həmin
səhvləri özüm
götürüb bir-bir araşdırmağa başladım. Sonda
ən çox nəyi aşkar etmişəm. Məlum oldu ki,
TQDK-nın səhv adlandırdığı qüsurlar
abituriyent jurnalında verilən sualın dərslik müəllifinin
verdiyi cümləsi ilə üst-üstə düşməməsidir.
Sizi inandırım ki bu hallar çoxdur, müəllif
özü həmin sahənin ixtisasçısı olduğu
üçün özü lazım bildiyi cümləni
işlədib. Ancaq TQDK-nın sual tərtib edənləri belə
düşünürlər ki, yox, biz deyən cümlə
şəklində olmalıdır. Məhz bu cür yanaşma
ilə guya ki, dərsliklərdə çoxlu səhvlərin
olduğunu göstərirlər. Biologiya dərsliklərinin
bir neçə bölməsi var: botanika-1 dərslik, zoologiya
- 2 dərslikdə, insan anatomiyası - 1 dərslikdə,
ümumi biologiya - 2 dərslikdə. Bu qədər dərsliklərdən
ümumilikdə cəmi 8-9 səhifəlik "səhv"
tapılması mən deyərdim ki, çox sevindirici
haldır. Əvvəla, bu dedikləri "səhvlər"in
içərisində 1 dənə də olsun elmi səhv
yoxdur. Dərslik müəllifinin fikri əsasdır. Müəllif
cümləni necə yazıbsa, test sualları da ona uyğun
tərtib olunmalıdır. Bəlkə dərsliklər testlərə
uyğun tərtib olunmalıdır? Bu harada, hansı ölkədə
görünüb? Dərslikdə olan müəyyən redaktə
səhvləri, rəng səhvləri, cümlənin müəllifin
uyğun bildiyi şəkildə verilməsi görəsən
nə vaxtdan səhv sayılırmış? Mən də
razılaşıram ki, 15-20 il bundan qabaq, latın
qrafikasına keçən zaman dərsliklərin dil dəyişilməsi
ilə əlaqədar müxtəlif xətalar olub, lakin illər
keçdikcə bu qüsurlar aradan qaldırılır. Bu
gün də bu işlər aparılır. Hörmətli
TQDK-nın əməkdaşları hər il test blankında
sualları dəyişmək əvəzinə, dərsliklərdəki
olmayan səhvlərin axtarışına çıxır nədənsə.
Axı illər ötür, zaman dəyişir, hansısa yeni
bir canlı peyda olur, və ya nəsli kəsilir və s. Bu
yeniliklər içərisində də hər 4-5 ildən bir
dərsliklər dəyişilir ki, yeni-yeni məlumatlarla zənginləşsin.
TQDK-nın test suallarında istinad etdikləri 10-15 il əvvəlki
dərsliklər artıq işlək olmadığı və
məhz həmin test suallarının cavabları müasir dərsliklərdə
özünü göstərmədiyi üçün belə
anlaşılmazlıqlar yaranır. Gərək hörmətli
TQDK-nın biologiya fənni üzrə testlərini
hazırlayan mütəxəssislər bu yenilikləri qəbul
etsinlər və öz test blanklarını yeni dərsliklərdə
nə yazılıbsa ona da uyğun tərtib etsinlər. Əgər
müəyyən qüsur
aşkar olarsa və ya problem yaradan bir cümlə olarsa onda
ona aid test hazırlamasınlar, digər suallar tərtib etsinlər.
Mən tam əminliklə demək istəyirəm ki, bu "səhvlər"in
məhz guya biologiya dərsliklərində olması söhbəti
yalnız və yalnız TQDK-nın yeni
hazırladıqları vəsaitlərin reklamından başqa
bir söhbət ola bilməz.
- Bir sıra ekspert hesab edir
ki, biz hələ sovet təhsil sisteminin abu-havasından ayrıla bilməmişik.
Deyilənlərlə siz də razılaşırsınız?
- Xeyr, mən bu söylənilənlərlə
tam olaraq razılaşmıram. Təəssüflər olsun ki, bu fikirlərlə razılaşan müəllimlərimiz
var. Məhz həmin müəllimlər yenilikləri qəbul edə bilmirlər.
Ona görə də köhnə təhsil sistemində qalmaq və öz üzərlərində işləmək
istəmədikləri üçün
bu cür fikirləri dəstəkləyirlər.
Təbii
ki, biz hamımız həmin dövrdə təhsil almışıq.
Ancaq mən belə qənaətə gəlirəm
ki, bu təhsil
bizə kifayət etməyib və biz hələ də öyrənmək məcburiyyətində
qalırıq. Ancaq zaman
dəyişir, yeni gün açılır və müasir dünyaya inteqrasiya etmək lazım gəlir. Bizim gənclərimiz artıq informasiya bolluğundadırlar. İKT
əsridir. Məhz bu
zaman göstəricilərində
müasir müəllim
olmaq, zamanla ayaqlaşmaqdan ötrü
təhsilin yeni-yeni islahatlarına qoşulub, yeni texnologiyalara əsaslanan təlimə keçmək lazım gəlir. Məhz bu zaman müasir müəllim artıq yenilikçi, novator, innovativ, yaradıcı potensialını
işə salarsa köhnə metodla yox, artıq yeni metodla dərslərini
keçəcək. Köhnə sovet
təhsil sisteminin abu-havasından ayrıla bilməyənlər yeniliyi
qəbul edib, öz üzərlərində
işləsələr, yeni
texnologiyalardan istifadə
etsələr, dərslərini
kompyuterin köməkliyi
ilə müasir proqram vasitələrindən
istifadə etməklə
keçsələr, sizi
inandırım ki, artıq öz sovet düşüncəli
fikirlərindən uzaqlaşarlar.
Mən
tam əminliklə deyərdim,
dərslər müasir
gənclərə müasir
təlim üsulu ilə keçirilməlidir
ki, şagirdlərimiz
məktəbə həvəslə
gəlsinlər.
- Ölkəmizdə aparılan
təhsil islahatlarını
necə qiymətləndirirsiniz?
- Müasir
təhsil sistemində
son zamanlar aparılan təhsil islahatlarını
müsbət qiymətləndirirəm.
Demək
olar ki, özüm də bu islahatların həyata keçirilməsinə
qoşulmuşam. Ancaq etiraf
edim ki, hər bir işin
görülməsi zamanı
onun nə dərəcədə müsbət
olub-olmaması bir neçə illər keçəndən sonra aydın olacaq. Yəni yekun iş, yekun nəticənin qiyməti,
öncədən görülmüş
işin qiymətinə
bərabər olarsa , demək
çəkilən zəhmət
hədər getməyib.
Hələ ki, aparılan
yeni təhsil islahatları barədə
tam son fikir demək düzgün olmazdı.
Bunu zaman göstərər.
Arzu edirəm ki, təhsil islahatlarımızın
sonu uğurlu olsun.
Cəfər Mənsimi
Həftə içi.- 2011.- 1 aprel.- S. 7.