Dünya ictimaiyyəti 31mart soyqırımına həssas yanaşmalıdır

 

Dünən Azərbaycan Dövlət Texniki Universitetində 31 mart - Azərbaycanlıların Soyqırım gününün anılması ilə əlaqədar tədbir keçirildi. Tədbirdə professor - müəllim heyəti, tələbələr KİV nümayəndələri iştirak edirdi. Öncə tədbir iştirakçıları soyqırım nəticəsində həlak olan günahsız qurbanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Açılış nitqi ilə tədbiri başlayan universitetin rektoru, texniki elmlər doktoru, professor Havar Məmmədov bildirdi ki, mart soyqırımının dünya xalqlarına çatdırılması yönündə ulu öndər Heydər Əliyevin davamçısı kimi prezident İlham Əliyevin gördüyü işlər misilsizdir: "Azərbaycan xalqı bu günü hər il yad edir, biz universitet olaraq əlimizdən gələni edirik ki, soyqırım nəticəsində vəhşicəsinə öldürülən günahsız qurbanların xatirəsini ən azından yad edək dəhşəti bütün dünyaya çatdıra bilək. Onu da xüsusilə qeyd etmək lazımdır ki, bu gün alimlər tərəfindən geniş şəkildə tədqiq olunur bu da, əlbəttə ki, gənc nəslin faciəli tariximizi öyrənməsində önəmli faktorlardan biridir".

Daha sonra tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Arxiv idarəsinin rəisi Ataxan Paşayev qeyd etdi ki, XX əsrdə baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə, əsasən də müsəlman dünyasına qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir: "Dənizdən-dənizə böyük Ermənistan" dövləti yaratmaq barəsində illüziyalar quran ermənilərin XIX əsrin axırlarından bu günə qədər olan tarixi digər xalqlara qarşı həyata keçirilən kütləvi terror aktları ilə, çoxsaylı terror təşkilatlarının qurulması, digər ölkələrin əhalisinə qarşı həyata keçirilən soyqırım aktları və eyni zamanda əssasız ərazi iddiaları ilə zəngin olub. Bu vəhşiliyin dünya ictimaiyyətinə çatdırılması istiqamətində bildiyiniz kimi, bir çox elmi tədqiqat əsəri yazılır, soyqırımın müəyyən tərəflərini özündə əks etdirən bir çox film nümayiş etdirilir. Lakin bütün bunlar təqdirəlayiq olsa da, təbii ki, hələ də dünya birliyi bu vəhşiliyə göz yumur. Elə ona görə də səylərimizi daha da genişləndirməli, bir cəmiyyət olaraq soyqırımı bütün dünyaya sübut etməliyik".

Tədbirdə həmçinin xarici tələbələrdən B.Çelik və radiotexnika və rabitə fakültəsinin tələbəsi Azər Abdullayev çıxış etdi. Türk tələbə B.Çelikin fikirləri belə oldu: "Mən çıxışıma türk dünyasının yaradıcısı, dahi Mustafa Kamal Atatürkün sözləri ilə başlamaq istərdim: "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir" - bu həqiqətən də belədir, demək istəyirəm ki, bu bir savaş deyil, çünki savaş qarşılıqlı olur, bu, silahsız, əli yalın əhalinin amansızcasına qətlə yetirilməsi kimi bir vəhşilikdir". Sonda isə rektor Havar Məmmədov bütün Azərbaycan xalqını, xüsusilə də gəncləri soyqırımın bütün dünya xalqlarına çatdırılması və təbliği yönündə fəal olmağa çağırdı.

 

 

Sevda Zahidqızı

 

Həftə içi.- 2011.- 1 aprel.- S. 8.