"Repetitorluq təhsilin səviyyəsini yalnız yüksəldə bilər"

 

Hilal Məmmədov: "Əgər bu xidmət olmasaydı, məktəblilərin əksəriyyəti attestat belə ala bilməzdilər"

 

Müsahibimiz təhsil üzrə müstəqil ekspert, fizika-riyaziyyat elmləri namizədi Hilal Məmmədovdur. Hilal müəllimlə təhsilimizdə mövcud olan problemlər, inkişaf edən sahələr və çıxış yolları barədə söhbət etdik.

- Hilal müəllim, bəzi ekspertlər ötən ili təhsilimiz üçün uğurlu il kimi xarakterizə edirlər. Siz bu fikirlərlə razısınızmı?

- Əfsuslar olsun ki, nəinki ölkəmizdə, postsovet ölkələrinin əksərində də təhsil sisteminin bugünkü durumu acınacaqlı vəziyyətdədir. Bunun səbəbləri kifayət qədər dərindir. Mənim fikrimcə, ilk öncə bu vəziyyət siyasi faktorlarla bağlı olub, SSRİ adlanan nəhəng bir imperiyanın müxtəlif müstəqil dövlətlərə parçalanması və nəticədə mövcud vahid sovet təhsil sisteminin də süquta yetməsi ilə izah olunmalıdır. Belə ki, sovet rejiminin bütün digər qüsurlarına baxmayaraq, onun elm-təhsil sisteminin kifayət qədər güclü olmasına, yüksək səviyyəli elm və pedaqoji kadrların mövcudluğuna da şəkk yox idi. Lakin bu da bir həqiqətdir ki, ölkəmizdə təhsil sisteminin bugünkü böhran vəziyyətinin sirlərini cəmiyyətimizin yalnız mövcud zəminində yox, həm də onun dünənki, əsasən keçən əsrin 70-80-ci illərdəki real qüsurlu məqamında axtarmaq gərəkdir. Məhz o vaxtlar SSRİ-nin digər subyektlərindən fərqli olaraq Azərbaycan SSR-nin əksər ictimai-siyasi strukturlarında olduğu kimi, təhsil ocaqlarında da rüşvət və korrupsiya "qanuni" şəkildə formalaşmışdı. Bütün sahələrdə vəzifələr müxtəlif rüşvət və korrupsiya dərəcələri ilə ölçülürdü. Tibb və Xalq Təsərrüfatı İnstitutlarına, Bakı Dövlət Universitetinin hüquq, şərqşünaslıq və s. fakültələrinə, Tibb, Pedaqoji və s. texnikumlara rüşvətsiz olaraq daxil olan tələbələr az qala barmaqla göstərilirdi. Keçən əsrin 80-cı illərinin sonlarından başlayaraq, SSRİ-də başlayan siyasi proseslərin nəticəsi olaraq müstəqillik qazanan ölkələrdən biri kimi, bizim Azərbaycan Respublikasında da 1992-ci ildə hakimiyyətə gələn yeni qüvvələr islahatlara başladılar, test üsulu bərqərar edildi. Bu isə ali və orta-ixtisas məktəblərinə qəbulda rüşvətin qarşısını xeyli aldı və biliyi olan gənclər sərbəst şəkildə bu və ya digər təhsil ocağına qəbul ola bildi. Şübhəsiz, bu gün ölkənin təhsil sisteminin rəhbəri kimi, şəxsən nazir Misir Mərdanovun çiyinlərinə böyük məsuliyyət düşür. Amma unutmaq olmaz ki, təhsildə baş verən bütün bəlaların mənbəyi kimi şəxsən onu günahlandırmaq ən azı ədalətsizlikdir. Cəmiyyətdə qlobal tərəqqipərvər islahatlar aparmadan onun hər hansı bir qolunda müsbət nəticəyə gəlmək əslində mümkün deyil. Yeri gəlmişkən, vacib bir məqamı da nəzərinizə çatdırmaq istəyirəm. Mən Bakı Dövlət Universitetində oxuyarkən Misir müəllim dekan idi. O, öz işğüzarlığı, təşkilatçılığı, sadəliyi və savadlı tələbələrə daimi diqqəti ilə fərqlənirdi. Bu gün ən müxalif kolleqaları, jurnalist və digər nümayəndələrlə belə debata, ya hər hansı digər formada diskussiya etməyə həmişə hazır olan bəlkə də yeganə nazirdir. Bir neçə il öncə onun Bakıdakı bir rüşvətxor məktəb direktorunun qovulması prosesində keçirdiyi həyəcanlı hisslərini və operativ olaraq Təhsil Nazirliyində "Qaynar xətt"in yaradılmasının bir canlı şahidi kimi, onun çəkdiyi zəhməti heç vaxt unuda bilmərəm. O vaxtlar onun həddini aşmış bir rüşvətxor orta məktəb direktorunu çox çətinliklə və necə qovdura bilməsi prosesi şəxsən mənim özüm üçün də çox sirləri aşkarladı... Əlbəttə, onda "Qaynar xətt"in yarandığı ilk günlərdən sonra on minlərlə şagird rüşvətsiz-filansız attestatlarını məktəb direktorlarından qoparda bilmişdilər... Əgər şagird və ya tələbələrimizin bilikləri ildən-ilə zəifləyirsə və məsələn, keçən ildəki kimi, abituriyentlərimizin 70%-dən çoxu 250 balı toplaya bilmirsə və son iki ildə 30 mindən artıq şagird rəsmən attestat ala bilməyibsə bu, heç də tədrisin yüksəlişindən xəbər vermir. Bu gün heç şübhə də doğurmur ki, əgər repetitor təhsili olmasaydı, respublika məktəblilərinin əksəriyyəti nə attestat ala, nə də TQDK imtahanlarında 100 balı belə toplaya bilərlər.

- Sadaladığınız problemlərin həlli üçün ilk öncə hansı islahatların həyata keçirilməsini təklif edərdiniz?..

- İlk öncə hər birimiz özümüzdən başlamalı - cəmiyyətin ümumi ictimai marağını şəxsi marağımızdan üstün tutmağı bacarmalıyıq. Qanun, kimliyindən asılı olmayaraq hər birimiz üçün ali olmalıdır. Ciddi islahatlar başlanmalıdır. Bundan başqa hər bir vətəndaş, lap elə sizin kimi açıqfikirli məktəblilərimiz də təhsildə aşkarladığı hər bir nöqsanı lap fürsət tapanda nazirin üzünə belə deməkdən çəkinməməlidir...

- Bir az öncə, mühüm bir problemə - repetitorluq tədrisinə toxundunuz. Repetitorluqla məşğul olan bir insan kimi, ölkəmizdə bu sahənin genişlənməsini nə dərəcədə normal hesab etmək olar?

- Əvvəla, repetitorluq ta qədim zamanlardan mövcud olub, maddi cəhətdən az-çox imkanlı insanların övladları üçün nəzərdə tutulan xüsusi təlim-tədris vasitəsi kimi yüksək səviyyəli elitaların yetişdirilməsində mühüm rol oynayıb. Çox təəssüflər olsun ki, hazırda müəyyən istisna hallardan başqa, bu qədim təlim-tədris vasitəsi bu gün öz tarixi mahiyyətini itirərək, bir qisim işsiz və ya cüzi əmək haqqı alan alim və müəllimlərimizin əsas ruzi mənbəyinə çevrilib. Repetitorluğu açıq-aşkar biznesə çevirmə halları da istisna deyil. Ancaq bu gün repetitorların bəlkə də əksəriyyətini bilavasitə şagirdlərin öz orta məktəb müəllimləri təşkil edir. Müəllim-şagird münasibətlərində yaranan bazar ticarətinin hədsiz dərəcədə qınanmalı fakt olduğunu qəbul etsək də, digər tərəfdən, cüzi maaş alan müəllimlərimizin buna məcburən sövq edildiyini də qəbul etməyə borcluyuq. Bununla belə, istənilən halda repetitorluq - təhsilin səviyyəsini aşağı salmaz, yalnız yüksəldə bilər və bayaq qeyd etdiyim kimi, əgər bu tədris vasitəsi də olmasaydı, bu gün təhsilimiz tamamilə iflasa uğrayardı.

- Sizcə repetitor yanına getmədən, yalnız orta məktəbdəki tədris sayəsində hər hansı bir məktəbli yüksək balla ali məktəbə daxil ola bilərmi?

- Əslində Azərbaycan dili və ədəbiyyatı və Azərbaycan tarixi fənlərindən başqa, bütün digər - texniki, təbiət və dünya tarixi elmlərinə dair dərsliklər sadəcə rus dilindən Azərbaycan dilinə tərcümələrdən ibarət olub, müasir dünya standartlarına cavab vermir və islahatlara ehtiyacı var . Elə Azərbaycan tarixi də kifayət qədər təhrif olunmuş və real tariximizi tam və dürüst əks etdirməyən siyasi-ideoloji bir təlimatı xatırladır. Azərbaycan dili və ədəbiyyatı da bu kimi nöqsanlardan xali deyil. Riyaziyyat, fizika və digər texniki-təbiət dərsliklərində isə kifayət qədər mövzular həm müəllimlərin, həm də şagirdlərin səviyyəsinə müvafiq deyil. Bununla belə, qətiyyən şəkk etmirəm ki, bu fənlərin lap 30-40%-nə yiyələnən şagird nəinki attestat ala, lap TQDK imtahanlarını belə yüksək səviyyədə verə bilər.

- Hazırda mövcud olan şagird-tələbə-müəllim münasibətlərini necə xarakterizə edərdiniz?

- Təəssüf ki, bu gün müəllim anlayışı vaxtilə mövcud olan müqəddəslik anlamını itirməkdədir. Müəllim-şagird münasibətlərinin bu gün də ən sağlam nümunəsi kimi sevimli filmim olan "Bizim Cəbiş müəllim"dəki Cəbiş müəllim ilə şagirdləri arasındakı münasibəti sanıram. İnanın ki, bəzən elə öz ünvanıma da səslənən "Cəbiş müəllim" kəlməsini eşidəndə xeyli sevinir və daxilimdən gələn bir sevinc, bir qürur hissi ilə "Allah Sizi rəhmət etsin, ey Cəbiş müəllimlər!" deyib dərindən ah çəkirəm. İnanın ki, bu filmin bir təlim-tərbiyə vasitəsi kimi bizim bugünkü müəllimlərimizin də arasında tez-tez göstərilməyinin tərəfdarıyam. Yeri gəlmişkən, bunu da təəssüf hissi ilə bildirim ki, bugünkü orta ümumtəhsil məktəblərində nəinki belə Cəbiş müəllimlərimiz yoxa çıxıb, hətta digər kişi müəllimlərimiz də az qala barmaqla göstərilir. Halbuki milli-əxlaqi təlim-tərbiyə nöqteyi-nəzərindən, təhsil sisteminin mənəvi-psixoloji cəhətdən keyfiyyətinin yüksəldilməsində kişi müəllimlərin rolu kifayət qədərdir. Müəllim-şagird və ya müəllim-tələbə münasibətlərində qarşılıqlı hörmət və diqqətin ciddi tərəfdarı olmaqla yanaşı, hər bir məktəbli və ya tələbəni cəmiyyətimizin müstəqil və azadfikirli bir nümayəndəsi hesab edirəm. Əfsuslar olsun ki, bu gün təhsil ocaqlarında bilərəkdən və ya bilməyərəkdən "İnsan və cəmiyyət" tipli hədsiz dərəcədə vacib fənnlər formal şəkildə keçirilərək, şagird və tələbələrə cəmiyyətdəki rolu və haqqı barədə demək olar ki, dəyərli heç nə öyrədilmir. Bəzən təhsil müəssisələrinin rəhbərliyi tərəfindən onların ən adi haqları belə kobud şəkildə pozulur.

  

 

Cəfər Mənsimi

 

Həftə içi.- 2011.- 6 aprel.- S. 7.