Qadın
hüquqları ilə bağlı qanunvericiliyə dəyişikliklər
paketi hazırlanır
Alimentlə bağlı məhkəmə
qərarlarının icra edilməməsi sosial problemə
çevrilib
Azərbaycanda
qadın hüquqları ilə bağlı qanunvericiliyə dəyişikliklər
paketi hazırlanır. Bu barədə İnsan Hüquqları
üzrə Hüquqşünaslar Komitəsinin icraçı
direktoru Emin Aslanov məlumat verib. Onun sözlərinə
görə, təşkilat ekspert qrupu ilə birgə Ailə,
Mülki-Prosessual, Cinayət məcəllələrinə və
Məhkəmə qərarlarının icrası haqqında
qanuna zəruri əlavə və dəyişikliklər paketi
hazırlayır.
Paketin
yaxın vaxtlarda ictimai müzakirəsinə start veriləcəyini
deyən icraçı direktor bildirib ki, sənədə
İctimai Ailə Məhkəməsinin yaradılması, nikah
yaşlarının artırılması, boşanmanın
mürəkkəbləşdirilməsi, dövlət aliment fondunun
yaradılması, alimenti könüllü ödəməyən
valideyn üçün müxtəlif formalı cəzaların
tətbiqi və s. daxildir. E.Aslanovun sözlərinə görə,
qanunvericiliyə təkliflər komitənin həyata
keçirdiyi "Qadın hüquqlarının müdafiəsinin
məhkəmələrdə monitorinqi" layihəsi çərçivəsində
apardığı araşdırmanın nəticələri əsasında
hazırlanıb.
Layihə
çərçivəsində təşkilat yarım il
müddətində Bakı şəhərində
qadınların qarşı tərəf olduqları 100-ə
yaxın məhkəmə prosesini monitorinq edib, məhkəmə
proseslərində vəkillik və nümayəndəlik fəaliyyətini
həyata keçirən hüquqşünaslarla qadın
hüquqlarının müdafiəsində olan nəzəri və
praktik problemlərlə bağlı sorğu-müsahibələr
aparıb, müxtəlif ölkələrin ailə
qanunvericiliyini öyrənib: "Layihə çərçivəsində
görülmüş işlərin nəticəsi olaraq indidən
demək olar ki, məhkəmələrdə nikahın
pozulması, əmlak və aliment tələbi ilə
bağlı işlərə baxılmasında vəziyyət
ürəkaçan deyil. Qadınların məhkəməyə
müraciət etməsi, məhkəmənin ailənin
qorunub-saxlanmasında rolu, dövlət büdcəsi
hesabına yüksək keyfiyyətli hüquqi yardımla təmin
olunma, uşaqlara aliment verilməsi ilə bağlı məhkəmə
qərarlarının icra edilməsi və digər bu kimi məsələlərdə
kifayət qədər problemlər mövcuddur. İş
axtarmaq üçün müxtəlif xaricə ölkələrə
gedərək sonradan qayıtmayan kişilərin həyat
yoldaşları uzun illərdir ki, faktiki boşanma vəziyyətində
yaşayırlar. Boşanmış ailələrin əksəriyyətində
uşaqlar maddi və mənəvi sıxıntı içində
olurlar. Bu vəziyyətin bir səbəbi də
qadınların uşaqlarına görə aliment ala bilməməsidir.
Hazırda alimentlə bağlı məhkəmə qərarlarının
icra edilməməsi çox ciddi sosial problemə
çevrilib".
İcraçı
direktor qeyd edib ki, Ədliyyə Nazirliyinin İcra Baş
İdarəsinin məlumatına görə, idarədə
2009-cu ilin 6 ayında alimentlə bağlı 22.268 iş olub. Bu
isə ümumi işlərin 37 faizini təşkil edir. 2009-cu
ilin 6 ayı ərzində alimenti verməkdən boyun
qaçıran 184 nəfər barəsində inzibati tənbeh
tədbirləri görülüb, 37 nəfər barəsində
isə cinayət işi başlayıb.
E.Aslanovun
sözlərinə görə, qadınlar boşanma prosesində
özlərindən asılı olmayaraq keçmiş ərlərinin
qanuni gəlirlərini sübut edə bilmir və bu səbəbdən
də alimentin zəruri məbləğdə tələb
edilməsində çətinliklər yaranır. Boşanan ərin
rəsmi iş yerinin olmaması, yaxud belə iş varsa da,
ancaq əməkhaqqının cüzi hissəsinin rəsmi, əsas
hissəsinin isə qeyri-rəsmi olması ona gətirib
çıxarır ki, məhkəmə alimentin məbləğini
yaşayış üçün zəruri olan məbləğdən
də az tutmaq məcburiyyətində qalır: "Təcrübə
göstərir ki, maddi, mənəvi və hüquqi köməkdən
məhrum olan qadınların əksəriyyəti insan
alverinin qurbanına çevrilmə təhlükəsi
qarşısında qalırlar. Belə qadınlar
uşaqlarını lazımi səviyyədə tərbiyə
və himayə edə bilmədiklərindən uşaqlar
özləri erkən yaşlarından işləməyə,
dilənməyə və s. istismara məruz qalırlar".
Kişilər alimentdən boyun
qaçırır
Sovet
rejiminin süqutundan sonra baş verən bir sıra dəyişiklik
ölkəmizin ailə modelinə də müəyyən
korrektələr etdi. O cümlədən boşanan ailələrdə
övladın qayğısına qalmaq məsələsi də
problemlərsiz ötüşmədi. Elə indi də əksər
boşanmış ailə də aliment məsələsi mübahisə
mövzusu olaraq qalır.
"İki
uşağım var. Yoldaşımdan 8 aydır
boşanmışam. Məhkəmə hər uşağıma 50 manat
aliment kəsib. Ancaq 100 manatı
da vaxtlı-vaxtında
ala bilmirəm. Yoldaşım özəl şirkətdə
çalışırdı. Maaşı çox olsa da, məhkəməyə
saxta sənəd göstərdi. Sənəddə maaşının miqdarını
çox az yazdırmışdı". Bu sözləri adının
çəkilməsini istəməyən
bir qadın deyir. Boşandıqdan
sonra uşağı üçün aliment ala bilməyən
bu cür anaların sayı minlərlədir. Bu fikirdə
olan Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət
Əzizova deyir ki, onlara alimentlə
bağlı 2 növ müraciət daxil olur: "Bəzi xanımlar rəsmi nikahda yox, molla
kəbinində yaşayırlar.
Onlar bilmirlər ki, aliment almaq üçün məhkəməyə müraciət
edə və aliment tələb edə bilərlər. Məhkəmənin
qərarı var ki, kişi
öz uşağı
üçün aliment ödəməlidir,
amma qadın bu alimenti ala bilmir. Kişilərdə belə bir fikir formalaşıb ki, əgər o, həyat yoldaşı ilə yaşamırsa, deməli, ona bir qəpik pul ödəməli deyil. İkinci və əsas
problem məhkəmə icraçılarındadır.
Məhkəmə icraçılarına qadınlar müraciət edəndə ki, aliment ödənilmir, onlar müxtəlif bəhanələr
edirlər. Baxmayaraq ki,
bu, məhkəmə icraçılarının borcudur".
Mütəxəssisin
sözlərinə görə, aliment verməyənlərlə
bağlı müraciətlərin sayı artıb: "Son
vaxtlar boşanmaların sayının artması bu problemin
çoxalmasına da səbəb olub. Bəzi qadınlar
öz hüquqlarını bilmir, onlar müraciət etmək
üçün hansı sənədlər lazım
olduğunu da bilmirlər. Elə qadınlar da var ki, məhkəmədən
qorxurlar. Başqa bir problem isə kişi işlədiyi idarədə
vergidən yayınmaq üçün mühasibatlıq sənədində
aldığı maaşın məbləğini az
yazdırır. Ancaq reallıqda çox maaş alır. Bu da
aliment verilməsində yaranan problemlərdən biridir. Alimentin miqdarının
çox az
olmasına səbəb
olur. Bəzən
aliment 30-40 manat da olur. Çox zaman da məhkəmədə kişilər
işləmədiklərini deyərək, alimentdən
boyun qaçırmaq istəyirlər".
İddia duzgün tərtib olunarsa
Məsələnin
hüquqi tərəflərinə aydınlıq gətirən
hüquqşünas Səfa Məmmədovanın sözlərinə
görə, qadınlar öz hüquqlarını bilmədiyi
üçün alimentlə bağlı müraciət etmirlər:
"Bir çox xanım boşandıqları zaman alimentlə
bağlı müraciət etmir. Kişilər onlara təzyiq
edərək deyirlər ki, aliment istəsən, sənin
üçün problem yaradacağam. Bir qisim qadın təzyiq
nəticəsində ehtiyat edərək müraciət etmirlər.
Bəzi xanımlar düşünür ki, məhkəmədə
süründürməçiliklə qarşılaşa bilərlər.
Ancaq belə deyil. Düzgün iddia tərtib olunarsa,
onların udma şansı böyükdür". Hüquqşünasın
fikrincə, alimenti ödəməkdən boyun
qaçıranlar üçün qanunvericilikdə ciddi cəza
nəzərdə tutulmaması mövcud problemlərə yol
açır. Bununla belə, hüquqşünas hesab edir ki, məsələ
qanunvericilikdə mükəmməl şəkildə təsbit
olunub, amma bir çoxları buna əməl etmirlər:
"Ailə Məcəlləsinin 108-ci maddəsinə əsasən,
aliment ödənilməsi barədə saziş üzrə
aliment ödəməli olan şəxsin təqsiri
üzündən aliment üzrə borclar yarandıqda təqsirkar
şəxs həmin sazişlə nəzərdə
tutulmuş qaydada məsuliyyət daşıyır. Maddənin
ikinci bəndində göstərilir ki, məhkəmə qətnaməsi
üzrə aliment ödəməli olan şəxsin təqsiri
üzündən aliment üzrə borclar yarandıqda, təqsirkar
şəxs aliment alana ödənilməmiş alimentin məbləğinin
faizi miqdarında ötürülmüş hər gün
üçün dəbbə pulu (cərimə) ödəyir.
İddia ərizəsində öz tələbini yerli
qanunvericiliklə yanaşı, Azərbaycanın
qoşulduğu beynəlxalq konvensiyalara uyğun əsaslandırır".
Aliment məhkəmə qərarından
5 gün sonra ödənilməlidir
S.Məmmədova
alimentin məbləğinin qanunvericiliklə hansı formada
müəyyən olunmasına da aydınlıq gətirdi:
"Bir uşağa görə qazancın və ya valideynlərin
başqa gəlirlərinin dördə biri, 2 uşağa
görə üçdən biri, 3 və daha çox
uşağa görə qazancın yarısı. Bu payların
miqdarı məhkəmə tərəfindən ailə və
maddi vəziyyət, eləcə də diqqətəlayiq olan
başqa hallar nəzərə alınmaqla azaldıla və
artırıla bilər. Əgər valideynlər arasında
aliment ödənilməsi ilə bağlı saziş yoxdursa,
məhkəmə uşaqların saxlanması
üçün sabit pul məbləği də müəyyən
edə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə
tərəfindən tərəflərin maddi və ailə vəziyyəti,
diqqətəlayiq olan digər hallar nəzərə
alınmaqla uşağın əvvəlki təminatının
səviyyəsinin mümkün qədər maksimal
saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin,
əmək qabiliyyətini itirmiş qadınlara da aliment
ödənilməlidir. Əgər məhkəmə
boşanan şəxsə qarşı qətnamə
çıxarırsa və icra vərəqəsi verirsə, qətnamə
icra edilməlidir. Aliment məhkəmə qərarından 5
gün sonra ödənilməli, atanın iş yerinə xəbər
verilməlidir. Ailə Məcəlləsinə əsasən,
borclu olan tərəf alimenti ödəmədən ölkəni
tərk edə bilməz. Aliment ödəməkdən
yayınan şəxs Cinayət Məcəlləsinin
306-cı maddəsi ilə (Məhkəmə qərarını
icra etməkdən boyun qaçırma) məsuliyyətə cəlb
edilə bilər.
Məsələ
ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin Hüquqi təminat
şöbəsi ilə əlaqə saxladıq. Qurumdan son
zamanlar alimentlə bağlı şikayətlərin
sayının çoxaldığını və müraciətlərin
daha çox məhkəmə icrası ilə bağlı
olduğunu bildirdilər. Bununla belə, komitədən
yaxın zamanlarda aliment fondunun yaradılmasının gözlənilmədiyini
dedilər: "Bir çox ölkə də aliment fondu
yaradılıb. Sadəcə, bizim ölkəmizdə bu, təklif
olaraq qalıb. Yaxın illərdə yaradılacağı
gözlənilmir. Biz öz səlahiyyətimiz çərçivəsində
müvafiq qurumlar qarşısında təklif vermişik. Bu məsələnin
öz həllini tapması, yəqin ki, uzun çəkəcək.
Ancaq aliment fondu yaradılarsa, problem qismən həllini
tapar".
Naibə Qurbanova
Həftə içi.- 2011.- 2-4
aprel.- S. 11.