Təhsil ocaqlarında keyfiyyət rəhbərlikdən asılıdır

 

Kəmalə Həsənova: "Məqsədimiz şagirdlərə bilik veməklə yanaşı, onların tərbiyəsini, intellektual səviyyəsini də yüksəltməkdir"

 

Təhsilimizin uğurları və üzləşdiyi problemlərlə bağlı ölkəmizin bölgələrində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən qəzetimizin oxucularına mütəmadi məlumat veririk. Elə məktəblər var ki, hələ də problemlər içərisindədir. Elə məktəblər də var ki, orada şagirdlərin təhsil alması üçün hər cür şərait yaradılıb və təhsilin keyfiyyəti yüksək səviyyəyə qaldırılıb.

Bütövlükdə desək respublikamızda nümunəvi təhsil müəssisələrinə çevrilib. Belə nümunəvi təhsil ocaqlarından biri də Abşeron rayon Qobu qəsəbə 3 saylı orta məktəbidir. Adıçəkilən təhsil müəssisəsinin binası beynəlxalq tələblərə cavab verən səviyyədə inşa edilmiş 2 mərtəbədən və 2 korpusdan ibarətdir. Məktəb xarici görkəmdən, öz yaraşığı, gözəlliyi, həyət-bacasındakı təmiz və səliqəliliyi, yaşıllığına görə kənardan göz oxşayır. O dəqiqə hiss olunur ki, təhsil ocağında nizam-intizam yüksək səviyyədədir. Bu da onun rəhbərliyindən və məktəbə göstərilən qayğıdan irəli gəlir.

Təhsil müəssisəsində ümummilli liderin xatirəsinə həsr olunan Heydər Əliyev guşəsi yaradılıb. Məktəbin foyesində quraşdırılmış kompyuter vasitəsilə 31 Mart soyqırımı, xalqımızın başına erməni faşistlərinin gətirdikləri işgəncələrə, vəhşiliklərə aid kadrlar nümayiş etdirilir. Məktəbə gələn şagirdlər də o kadrlara baxaraq məlumatlanırlar. Onların qəlbində düşmənə nifrət, vətənə məhəbbət aşılanır. Divarlarda dərs cədvəli, ölkə prezidenti cənab İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şagirdlərlə keçirdiyi görüşləri əks etdirən fotostendlər, təhsil naziri Misir Mərdanovun və rayon rəhbərliyinin məktəbin açılışında iştirakı ilə bağlı fotoşəkillər, milli qəhrəmanlarımızın fotoları, məktəbin əlaçılarının şəkilləri olan "Şərəf" lövhəsi səliqə ilə asılıb. Məktəbin foyesində Xocalı soyqırımı ilə bağlı guşə də fəaliyyət göstərir.

Məktəbin böyük idman zalı və zəngin kitabxanası var. Kitabxananın oxucu kontingenti çoxdur. Şagirdlər kitabxanaya gəlib, bədii ədəbiyyatlar alıb oxuyurlar. Buradan da görünürdü ki, təhsil müəssisəsində əlaçı şagirdlər kifayət qədərdir. Məktəbin dərs ləvazimatı mebel dəsti ilə təchiz olunmuş səliqəli yaraşıqlı sinif otaqları, informatika, fənn kabinetləri laboratoriyaları da fəaliyyət göstərir.

Şagirdlər məktəbli formasında dərsə gəlirlər. Növbətçi müəllimlər qollarına qırmızı lent bağlayıblar. Vətənlə, işğal altında olan torpaqlarımızla, soyqırımla bağlı lövhələr sinif otaqlarının divarlarından asılıb. Bütün siniflərdə ümummilli lider Heydər Əliyevin və prezident cənab İlham Əliyevin portreti, dövlətin digər atributları, səliqə ilə sıralanıb. Yeganə məktəbdir ki, sinif otaqlarında "Sinif pasportu" asılıb. Həmin lövhədə şagirdlər haqqında məlumat, sinifin əlaçıları, bayrağımız, gerbimiz, ümummilli lider Heydər Əliyevin müdrik sözləri, məktəbə aid olan konstitusiyanın 23-75-ci maddələri, qan yaddaşı, dahi Nizaminin müdrik kəlamları, dərs və növbətçilik cədvəli, sinif rəhbəri haqqında məlumat öz əksini tapıb. Bir sözlə, kiçik bir lövhədə dövlət və sinif haqqında ümumi material verilib. Əmək təlimi kabineti də ürəkaçandır. Kabinetdə şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil edilib. 6-7-ci sinif şagirdlərinin "Darı muncuğu"ndan hazırladığı Azərbaycanın xəritəsi öncə diqqətimizi cəlb etdi. Həmin xəritədə Azərbaycanın işğal altında olan əraziləri qara muncuqla işlənib və işıqlarla göstərilib. Əl işlərindən görünür ki, məktəbin istedadlı şagirdləri çoxdur. Məktəbdə kompüter zalı fəaliyyət göstərir. Şagirdlər informatika dərslərini informatika kabinetində keçirlər. Bir sözlə, şagirdlərin təhsil alması üçün təhsil müəssisəsində hər cür şərait yaradılıb. Valideyn və müəllimlər bildirdilər ki, Kəmalə Həsənova 2010-cu ilin sentyabr ayından məktəbə direktor təyin edilib. O, gəldiyi gündən nizam-intizama, səliqə-sahmana, şagirdlərin davamiyyətinə ciddi fikir verir. Məktəbin həyətində böyük yaşıllıq salınıb. Tədrisin səviyyəsi yüksəlib. Hər gün davamiyyətə, dərslərin gedişatına şəxsən özü nəzarət edir. Bu səbəbdən də dərsin keyfiyyəti yüksəlib"

Məktəbin direktoru Kəmalə Həsənova da öz növbəsində Abşeron RİH-in başçısı Zakir Fərəcovdan razılıq edərək dedi ki, təhsil ocağında görüləcək hər bir işə başçı çox diqqətlə, qayğı ilə yanaşır: "Onun köməkliyi olmasaydı, məktəbin istilik sistemi bərpa edilməzdi, qaz xətti çəkilməzdi. Hər bir çətinliyimiz onun köməkliyi ilə aradan qaldırılır. Rayon İH-in humanitar işləri üzrə müavini İradə Gülməmmədovanın və rayon Təhsil şöbəsinin müdiri Nadir Ağayevin əməyini xüsusi vurğulamaq istəyirəm. Çünki onlar təhsilə qayğı ilə yanaşır və ən xırda problemlərə belə diqqət yetirirlər. Məktəbdə təhsil alan 180 şagirdin təlim-tərbiyəsi ilə 25 müəllim məşğul olur. Rayon və respublika üzrə keçirilən fənn olimpiadalarında məktəbimizin şagirdləri də yaxından iştirak edir. Belə ki, X sinif şagirdi Naib Əlicanov "Dünya Azərbaycanlılarının Həmrəyliyi günü" ilə əlaqəlar ümumi fənnlər üzrə "Fənlərin dostluğu" adı altında keçirilən Respublika Olimpiadasında öncul yerlərdən birini tutub".

K.Həsənova onu da dedi ki, məktəbin ilk buraxılış sinfi bu il olacaq: "Artıq IX və XI siniflər üzrə təhsil nazirliyi tərəfindən 10 aprel tarixində keçiriləcək test-sınaq imtahanına hazırlıq məqsədilə yoxlama-sınaq imtahanları aparılacaq. Bu ilin yanvar ayından hazırlıq məqsədilə əlavə məşğələ saatlarının cədvəli də tərtib olunub. Və dərsdən sonra şagirdlərə imtahanla bağlı dərslər də keçirilir". Məqsədimiz şagirdlərə bilik verməklə yanaşı, onların tərbiyəsini və intellektual səviyyəsini də artırmaqdır".

  

  

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2011.- 2-4 aprel.- S. 13.