Naxçıvan Dövlət Universiteti əməkdaşlığı genişləndirir

 

Naxçıvan Dövlət Universitetinin Mətbuat Şöbəsinin müdiri Mehriban Sultanın "Həftə içi"nə verdiyi məlumatda qeyd olunur ki, adıçəkilən ali təhsil ocağı çoxşaxəli beynəlxalq əməkdaşlığa, xüsusilə də qardaş Türkiyə Respublikasının tanınmış ali məktəbləri ilə dayanıqlı tərəfdaşlığa malikdir. Onun sözlərinə görə, bu əlaqələrdə Qars Qafqaz Ankara universitetlərinin xüsusi yeri var. Məlumatda deyilir ki, QQU-ti ilə 1999-cu ildən qurulan əlaqələr universitetlərin ən müxtəlif sahələrdə inkişafı üçün əsaslı zəmin yaradıb. Məlumatda o da qeyd edilir ki, bu əlaqələrin yaradılmasında akademik İsa Həbibbəylinin və qarşılıqlı əlaqələrin möhkəmlənməsində QQU-nun sabiq rektorları Necati Kaya Abamüslüm Güvenin xüsusi əməyi var. QQU-nun təşəbbüsü ilə Bakı-Tbilisi-Ərdahan-Qars dəmir yolu üzərində yerləşən ali məktəblərin əməkdaşlığı layihəsi uğurla həyata keçirilir. NDU-nun baytarlıq ixtisası tələbələrinin mütəxəssis kimi yetişməsində QQU-nun Baytarlıq fakültəsinin mühüm xidmətləri var. Yeni seçilmiş rektor, professor doktor Sami Özcan isə ilk səfərini məhz NDU-ya edib, "Araz çayı hövzəsi parazitar xəstəliklər" mövzusunda müştərək beynəlxalq simpozium keçirilib. Onun sözlərinə görə, bu günlərdə NDU-nun rektoru, akademik İ.Həbibbəylinin başçılığı ilə iyirmi nəfərlik heyət QQU-da səfərdə olub. Nümayəndə heyəti ilk olaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Qarsdakı büstünü ziyarət edib. Universitetlə ilkin tanışlıqdan sonra prorektorlar, fakültə dekanları müəllimlər müvafiq ixtisaslar üzrə universitetin İqtisadiyyat idarəetmə, Ədəbiyyat, Baytarlıq, Pedaqoji fakültələrində, konservatoriyadarektorluqda olublar.

QQU-da yaradılan Heydər Əliyev Mərkəzinə ənənəvi olaraq dahi öndərin həyat və fəaliyyətindən, Azərbaycanın müasir sosial-iqtisadi inkişafından bəhs edən yeni kitablar təqdim olunub. Yekunda "Senat" zalında heyətlərarası görüş keçirilib, gələcək əməkdaşlıq məsələləri - müştərək simpozium və konfransların keçirilməsi, elmi araşdırmalar aparılması, bakalavr, magistratura, doktorantura təhsil pillələri üzrə elmi-pedaqoji kadr və tələbə mübadiləsi məsələləri müzakirə olunub. Sonra çoxcəhətli əməkşdaşlıq haqqında beşillik müqavilə imzalanıb. Müqavilədə tədris, təhsil sahəsində tərəfdaşlıq, müştərək elmi nəşrlərin həyata keçirilməsi, NDU-nun Baytarlıq fakültəsinin tələbələrinin QQU-da istehsalat təcrübələri və ixtisasartırma kursları keçmələri, elm, mədəniyyət, idman sahəsində müştərək tədbirlərin təşkili nəzərdə tutulur. On maddədən ibarət müqaviləyə əsasən virtual tərəfdaşlığın inkişafına xüsusi diqqət yetiriləcək, online dərslər, təcrübə məşğələlər, konfrans və seminarlar gerçəkləşdiriləcək. Görüşdə qardaş şəhərlərin və universitetlərin ortaq marşlarının hazırlanması haqqında birgə işlər görüldüyü vurğulanıb. NDU-nun müəllimi, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, tarix elmləri üzrə fəlsəfə doktoru, şair-publisist Vaqif Məmmədov müəllifi olduğu "Naxçıvan-Qars", "Qars-Qafqaz-Naxçıvan Universiteti" marşlarını oxuyub. Səfər çərçivəsində qonaqlar 1921- ci ildə Qars müqaviləsinin imzalandığı binada da olublar. 1883-cü ildə Baltik memarlıq üslubunda tikilmiş bina tarixi-memarlıq abidəsi olmaqla yanaşı, Azərbaycan və Türkiyənin birlik və siyasi müttəfiqlik rəmzi olan, Naxçıvan Müxtar Respublikasının müqəddəratında əvəzsiz rol oynayan Qars müqaviləsinin imzalandığı yer kimi də mühüm tarixi əhəmiyyət kəsb edir. 83 il vilayət valisinin iqamətgahı kimi istifadə olunub, 2005-2010-ci ildə təmir və restovrasiya işləri aparılmış bina hazırda muzeyə çevrilib. 1877-1878-ci illər rus-osmanlı müharibəsində Qafqaz cəbhəsinin komandanı olmuş görkəmli hərbçi, ictimai-siyasi xadim, yazıçı, maarifpərvər ziyalı Qazi Əhməd Muxtar Paşanın (ev muzeyindəki nadir tarixi sənədlər, eksponatlarla tanışlıq ayrıca maraq doğurub. Naxçıvanlı qonaqlar Sarıqamış şəhidlik abidəsini ziyarət zamanı 96 il əvvəl şəhid olmuş 90 min türk əsgərinin xatirəsini ehtiramla yad ediblər. NDU-nun rektoru, millət vəkili İ.Həbibbəyli Türkiyə səfəri zamanı Ankara Universitetində də olub.

Xatırladaq ki, NDU-nun Türkiyənin məşhur ali təhsil ocaqlarından olan AU-ti ilə tərəfdaşlığının on beş illik bir tarixçəsi var. Universitetin dil tarix və coğrafiya, filologiya, hüquq, iqtisadiyyat, tibb fakültələrində tədris prosesi ilə, aparılan elmi tədqiqatlarla yaxından tanışlıqdan sonra universitetlərarası müqavilə imzalanıb. Burada elm, təhsil, mədəniyyət və idman sahəsində müştərək tədbirlərin keçirilməsi, kadr və təcrübə mübadiləsi öz əksini tapıb. Müqavilədə NDU-nun Tibb fakültəsinin tələbələrinin mükəmməl tibb mütəxəssisləri hazırlayan, əczaçılıq, diş həkimliyi kimi fakültələrə, zəngin xəstəxanaya malik AU-də istehsalat təcrübələri, ixtisasartırma kursları keçmələri nəzərdə tutulur. Rektorlar - akademik İ.Həbibbəyli və professor doktor Camal Taluğ bu ali təhsil ocaqları arasında əlaqələrin daha da inkişaf etdiriləcəyini vurğulayıb. Səfər zamanı rektor, İ.Həbibbəyli Bilkənd Universitetini də ziyarət edib. Türkiyə Respublikası Ali Məktəb Rektorları Şurasının ilk sədri, dünyaşöhrətli pediatr, Bilkənd Universitetinin heyət sədri işləmiş mərhum İhsan Doğramacının universitet ərazisində ucaldılan abidəsini ziyarət edib.

  

  

Nahid Canbaxışlı

 

Həftə içi.- 2011.- 2-4 aprel.- S. 13.