Belçikada Fariz Bədəlovla bağlı aksiya keçirilib

 

Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin çağırışı ilə Azərbaycanlıların soyqırımı günü münasibətilə Azərbaycan vətəndaşı, 2002-ci il təvəllüdlü Fariz Bədəlovun 8 mart 2011-ci ildə ermənilər tərəfindən öldürülməsinə etiraz olaraq, Brüsseldə Avropa İttifaqı Şurasının qarşısında etiraz aksiyası keçirilib. Təşkilatdan "Həftə içi"nə verilən məlumata görə, aksiya zamanı ermənilərin azərbaycanlılara qarşı soyqırımı dayandırması, mülki insanları uşaqları qətlə yetirməsinə son qoyması, işğal olunmuş torpaqlardan çıxması tələb edilib, "Sarkisyan qatil", "Erməni vəhşiliyi", "31 mart - Azərbaycanlıların soyqırımı günü", "Erməni işğalına son", "Avropa İttifaqı, biganə olma" kimi şüarlar səsləndirilib. Aksiya iştirakçıları eyni zamanda Avropa Birliyini haqq ədalətin yanında olmağa, erməni cinayətkarların cəzalandırılması üçün hərəkətə keçməyə dəvət ediblər.

Əllərində F.Bədəlovun fotoları və müvafiq etiraz plakatları olan aksiya iştirakçıları Brüssel sakinlərinə məlumat vərəqələri yayıb və erməni vəhşiliyi barədə məlumat veriblər. Aksiyanın sonunda mitinqin bəyanatı oxundu. Bəyanatda ermənilərin illərdir ki, davam edən soyqırımı və işğalçı siyasəti, 1918-ci ildəki mart qırğınları, Xocalı soyqırımı, F.Bədəlovun və mülki insanların qətli barədə məlumat verilib, erməni vəhşiliyinə və işğalına son qoyulması tələb edilib. Bəyanat eyni zamanda Avropa Birliyi rəhbərlərinə, Avropa Parlamenti deputatlarına, Belçikalı millət vəkillərinə və senatorlara, insan haqları təşkilatlarına göndərilib. Etiraz aksiyasında Belçikada yaşayan soydaşlarımız, tələbələr və türk diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər.

  

  

Əli

 

Həftə içi.- 2011.- 2-4 aprel.- S. 16.