Dağlıq Qarabağa müstəqilliyin
verilməsi mümkünsüzdür
Prezident İlham Əliyev:
"Heç bir şərt irəli sürülmədən
ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir"
Prezident
İlham Əliyevin sədrliyi ilə dünən Nazirlər
Kabinetinin 2011-ci ilin 1-ci rübünün sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunan iclası
keçirilib. Dövlət başçısı Nazirlər
Kabinetinin 2011-ci ilin 1-ci rübünün yekunlarına həsr
olunan iclasda 1-ci rübdə ölkə iqtisadiyyatının
uğurla inkişaf etdiyini bildirib.
Qeyri-neft
sektorunda artımın qeydə alındığını
xüsusi vurğulayan prezident İlham Əliyev bildirib ki, əsas
məqsəd bu sektoru inkişaf etdirmək, iqtisadiyyatın
neft və qaz amilindən asılılığını
azaltmaqdır. Dövlət başçısı bu sahəyə
xüsusi diqqətin göstərildiyini deyib. Sənaye istehsalının
0,3% artdığını deyən dövlət
başçısı sənayenin inkişafında
mühüm amil kimi ölkədə qeyri-neft sənayesinin
9,8% artmasını qeyd edib. Prezident İlham Əliyev bunu
qeyri-neft sektoruna qoyulan investisiyaların, sahibkarlara yaradılan
şəraitin nəticəsi kimi qiymətləndirdi. Hazırda
neft hasilatının yüksək həddə
çatdığını, növbəti illərdə qaz
istehsalının da artacağını deyib. Dövlət
başçısı ölkənin valyuta
ehtiyatlarının hazırda artaraq 34,7 milyard dollara
çatdığını və bunun ilin sonuna qədər
artmaqda davam edəcəyini qeyd edib. Bütün bunlar Azərbaycanda
böyük investisiya layihələrinin icra edilməsi fonunda
baş verir. Dövlət başçısı
bütövlükdə iqtisadi sahədə bütün
tapşırıqların yerinə yetirildiyini, sosial sahədə
qarşıya qoyulan vəzifələrin həyata
keçirildiyini deyib. Prezident İlham Əliyev Regionların
sosial-iqtisadi inkişafı proqramının da uğurla həyata
keçirildiyini diqqətə çatdırıb. "Biz
daim inkişafda olmalıyıq", - vurğulayan prezident
İlham Əliyev daha vacib bir layihənin - Bakıətrafı
qəsəbələrin inkişafı proqramının
hazırlandığını deyib. Dövlət
başçısı 1-ci rübdə ölkədə
böyük infrastruktur layihələrinin icra edildiyini, həmin
layihələrin icrasının mərhələlərlə
həyata keçirildiyini, qazlaşma, su-kanalizasiya məsələlərinin
həll olunduğunu və yolların çəkildiyini
söyləyib. Böyük infrastruktur layihələri
sırasında Heydər Əliyev beynəlxalq hava
limanının yeni binasının inşası da var. Eyni
zamanda nəqliyyat sahəsinin inkişafı istiqamətində
Beynəlxalq dəniz ticarət limanının, həmçinin
gəmiqayırma zavodunun tikintisi layihələri də həyata
keçirilir. Prezident İlham Əliyev informasiya-kommunikasiya
sektorunun çox dinamik şəkildə inkişaf etdiyini
bildirib. Ölkəmizdə süni peykin yaradılması
proqramı da icra edilir. Dövlət başçısı
ümidvar olduğunu bildirib ki, Azərbaycan yaxın zamanlarda
öz peykinə sahib olacaq. Bu isə, ölkənin imici
baxımından önəmli məsələdir. Hərbi sənaye
potensialının sürətlə inkişaf etdiyini
vurğulayan prezident İlham Əliyev ölkəmizdə
müxtəlif adda müasir hərbi sənaye məhsullarının
istehsal olunduğunu da bildirib.
Dövlət
başçısı bölgədə təhlükəsizlik
tədbirlərinin gücləndirilməsi sahəsində Azərbaycanın
böyük rolunu da qeyd edib. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsindən
danışan prezident İlham Əliyev bu məsələdə
ölkəmizin mövqeyinin birmənalı olduğunu deyib. Dövlət
başçısı münaqişə ilə bağlı
aparılan danışıqlar prosesində Azərbaycanın
mövqeyinin beynəlxalq hüquqa əsaslandığını
deyib və bildirib ki, heç bir şərt irəli
sürülmədən ölkəmizin ərazi
bütövlüyü bərpa edilməlidir. Prezident İlham
Əliyev Dağlıq Qarabağa müstəqilliyin verilməsinin
mümkünsüz olduğunu vurğulayıb. Ölkəmizin
işğal olunmuş torpaqlarında vəziyyəti
araşdırmaq məqsədilə Azərbaycanın təklifi
əsasında ATƏT-in qiymətləndirici
missiyasının işğal olunan torpaqlara səfərinə
və hazırladığı hesabata toxunan dövlət
başçısı qeyd edib ki, Azərbaycan cəmiyyətində
missiyanın yekun məruzəsində işlənən
düzgün olmayan bəzi ifadələrlə bağlı
müxtəlif fikirlərin olmasına baxmayaraq, sənəddə
işğal olunan ərazilərdə ermənilər tərəfindən
bütün infrastrukturun dağıdıldığı
göstərilir. Məruzədə işğal edilən
rayonların süni şəkildə hüdudlarının və
tarixi adlarının dəyişdirilməsinin yolverilməzliyi
də qeyd edilir. Vacib məsələlərdən biri -
işğal olunan ərazilərdə qanunsuz məskunlaşma
siyasətinin aparılmasının sənəddə əks
olunmasıdır. Dövlət başçısı bildirib
ki, ən vacib məsələlərdən biri kimi məruzədə
status kvonun, yəni indiki vəziyyətin davam edə bilməməsi
ilə bağlı tezislərin göstərilməsidir. "Hesab
edirəm, bu əsas məsələdir", - deyən
prezident İlham Əliyev vurğulayıb ki,
işğalçı qüvvələr Azərbaycan
torpaqlarından çıxarılmalıdır. Sonra maliyyə
naziri Samir Şərifov, Dövlət Gömrük Komitəsinin
sədri Aydın Əliyev, Dövlət Sosial Müdafiə
Fondunun sədri Səlim Müslümov və Dövlət
Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov rəhbərlik
etdikləri qurumların ilin 1-ci rübündəki fəaliyyəti
barədə məlumat veriblər. Müşavirəyə
yekun vuran prezident İlham Əliyev dünya bazarlarında
neftin bahalaşmasının inflyasiya risklərini artıra biləcəyinə
toxunaraq belə halda müvafiq tədbirlərin gücləndirilməsinin
vacibliyini də vurğulayıb. Dövlət
başçısı bütün bu işlərin
görülməsi üçün büdcəyə əlavələrin
edilməsinin vacibliyini bildirib. Prezident İlham Əliyev
ölkədə bütövlükdə işlərin
yaxşı getdiyini, bunu 2011-ci ilin 3 ayının yekunlarının
da təsdiqlədiyini bildirib.
Azad Əliyev
Həftə içi.- 2011.- 13
aprel.- S. 2.