Uşaq hüquqlarını müdafiə
dövlət siyasətinin tərkib hissəsidir
Qvendolin Börçell:"Azərbaycanın
inkişafı uşaqların sosial rifahı üçün
imkanlar yaradır"
Uşaq
hüquqları insan hüquqlarının tərkib hissəsi
olsa da, bu hüquqların xüsusi diqqətə və müdafiəyə
ehtiyacı var. Uşaqların tədricən insan
hüquqları obyektindən müstəqil insan
hüquqları subyektinə çevrilməsi və həm
dövlətin siyasəti, həm də ailədə
uşaqların ən yaxşı maraqlarının təmin
olunmasının prioritet kimi tanınması müşahidə
olunur.
Məhz
bu prinsipləri nəzərə alaraq, uşaq
hüquqlarının müdafiəsi sahəsində qəbul
olunmuş beynəlxalq və dövlətdaxili sənədlərin
hazırlanmasında baza sənədi rolunu oynayan BMT-nin 1959-cu
il tarixli "Uşaq Hüquqları Bəyannaməsi" daha
sonra 1989-cu il tarixli "Uşaq Hüquqları
Konvensiyası" qəbul edilib. Son illər ölkəmizdə
aparılan sosial, iqtisadi və hüquqi islahatlar nəticəsində
insan hüquqlarının, o cümlədən uşaq
hüquqlarının müdafiəsi dövlət siyasətinin
tərkib hissəsi olub. Bu hüquqların müdafiəsinə
dövlət təminat verərək, bir sıra mühüm
qanunlar, dövlət proqramları qəbul edilib və
uğurla icra edilməkdədir.
Görülən
işlər ölkəmizdə fəaliyyət göstərən
bir sıra xarici təşkilatların da fəaliyyətindən
yan keçmir. Bu sırada Azərbaycana Birgə Yardım
(UAFA) təşkilatının rolunu xüsusilə
vurğulamaq olar. Təşkilat neçə illərdir ki, Azərbaycanda
əlil və qüsurlu uşaqların problemləri ilə məşğul
olur, onlara müxtəlif cür yardımların edilməsi ilə
bağlı layihələr reallaşdırır. UAFA-nın
son belə layihələrindən biri isə Saray qəsəbəsindəki
7 saylı internat məktəbinin nəzdində əlil
uşaqlar üçün yaradılan Günərzi
Qayğı mərkəzi oldu. Mərkəzin
yaradılması ideyasının müəllifi və
icraçısı olan UAFA təşkilatının direktoru
Qvendolin Börçell Azərbaycanda uşaqlara olan diqqət
və qayğıdan danışdı.
- Azərbaycanda
"Uşaqların ailələrə verilməsi
(De-institusionalizasiya) və alternativ qayğı Dövlət
Proqramı"nın qəbulundan 5 il ötür. Proqramın
dövlət tərəfindən icrasını təmin etmək
üçün ötən il Təhsil Nazirliyinin nəzdində
De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi
də yaradılıb. Sosial siyasət üzrə beynəlxalq
ekspert olaraq proqramın ölkədəki icrasını necə
qiymətləndirərdiniz?
-
UAFA-nın əməkdaşlıq etdiyi uşaq müəssisələrindəki
vəziyyətə əsaslanaraq deyə bilərəm ki, Təhsil
Nazirliyi nəzdindəki Uşaqların Müdafiəsi
İdarəsi qısa müddət ərzində bir sıra
müsbət dəyişikliklərə nail ola bilib.
Aparılan araşdırmalar nəticəsində belə qənaətə
gəlmək olar ki, ailələr, bu müəssisələrdən
daimi yaşayış yeri kimi deyil, uşaqlarının
günərzi qayğı və təhsillə təmin etmək
məqsədilə faydalanmalıdırlar. Bunun nəticəsidir
ki, ölkədə bir sıra uşaq evləri real
funksiyasını ehtiva edən lisey adı ilə əvəz
olundu. Uşaqların Müdafiəsi Departamenti həmçinin
uşaq inkişafı və internat evlərinin alternativ xidmət
növü kimi inkişafında geniş təcrübəsi
olan təşkilatlarla da həmrəylik nümayiş etdirir,
onlarla əməkdaşlığa daim səy göstərir.
Bu əməkdaşlıq bir çox pilot layihələrin fəaliyyətinə
təkan verir. Ümid edirəm ki, gələcəkdə daha
çox uşağın icma əsaslı təhsildən, səhiyyədən
və sosial xidmətlərdən yararlanması
üçün dövlət daha iri miqyaslı və bu sahədə
bütün ölkəni əhatə edəcək layihələrin
icrasına imza atacaq. Bu gün Azərbaycan
iqtisadiyyatının inkişaf tempi uşaqların sosial
rifahının yüksəlməsinə mühüm imkanlar
yaradır.
- Hər bir uşağın ailədə
yaşamaq hüququ var. Bu hüququn təminatı
üçün ilk olaraq hansı işlər görülməlidir?
-
Qeyd etdiyim kimi, bütün uşaqlar təhsil, səhiyyə
və sosial xidmətlərlə təmin olunmalıdır. Bu
baxımdan, dövlət uşağı ailədən
ayrı salan sistemləri deyil, ailə rifahına yönəlmiş
sistemləri təbliğ etməlidir. Dünyanın
qabaqcıl ölkələrində uşaq müəssisələri
alternativ xidmət növünə transformasiya olunub. Belə
ki, Azərbaycanda da icmanın, dövlətin, QHT-lərin,
biznes qurumlarının dəstəyi ilə internat evlərində
alternativ xidmətlər təşkil edilməlidir. Adətən
uşaqlar 3 səbəbdən ailəsindən məhrum olur:
yoxsulluq, boşanma və əlillik. Bu problemlərin təzyiqi
altına düşən valideyn yeganə
çıxış yolunu övladını birdəfəlik
internata qoymaqda görür. Lakin, əgər digər alternativ
xidmət növləri məsələn, uşaq müəssisələrində
günərzi qayğı mərkəzləri mövcud olarsa,
valideyn də uşağının asudə vaxtının
düzgün təşkilinə, təhsilə yiyələnməsinə
və onun cəmiyyətə qaynayıb qarışmasına
nail olmuş olar. Həmçinin, bir şeyi də qeyd etməliyəm
ki, bütün gününü əlilliyi olan
uşağına həsr edən və bununla da işləmək
və ailəsini dolandırmaq imkanından məhrum olan analar
üçün də bu kimi alternativ xidmət çox əhəmiyyətlidir.
Onlar işə gedərkən səhərlər
uşaqlarını bu günərzi qayğı mərkəzlərinə
gətirir, axşam isə birgə evə gedirlər.
Sadalananlar ailənin sosial rifahı üçün
mühüm amillərdir.
- Yeri gəlmişkən, Azərbaycanda
ilk dəfə olaraq belə bir mərkəz yaratmaqla sizin təşkilat yenilik
etmiş oldu...
-
UAFA Təşkilatı ölkədə ilk dəfə Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi
ilə 7 saylı Saray internat evi nəzdində 2011-ci ilin yanvar
ayından başlayaraq Abşeron rayonunda yaşayan əlilliyi
olan uşaqlar üçün Günərzi Qayğı Mərkəzi
layihəsini həyata keçirir. Həmin müəssisə
Heydər Əliyev Fondunun dəstəyi ilə yenicə təmirdən
çıxmış, günərzi qayğı xidmətləri
üçün də yararlı vəziyyətə gətirilib.
- Bu alternativ xidmət
növünün Dİ proqramı ilə
uzlaşmasını nədə görürsünüz?
-
De-institutlaşdırma proqramı özündə bir
çox məsələləri ümumiləşdirir.
Uşaq və ailələrinin ehtiyaclarını
qarşılayan günərzi qayğı mərkəzləri
də Dİ proqramının tərkib hissəsi olub,
uşaqların öz ailələrində yaşamasına
şərait yaradır. Bu baxımdan hesab edirəm ki, pilot
layihə çərçivəsində fəaliyyətə
başlamış Saray Günərzi Qayğı Mərkəzi
dövlət proqramına bir tövhədir. Hazırda təqribən
1500 əlilliyi olan uşaq internat evində yaşayır,
ölkədə isə 55000-ə yaxın uşaq isə əlilliyinə
görə qeydiyyatdan keçib. Bu o deməkdir ki, 54500
uşaq evdə qapadılıb cəmiyyətdən və təhsildən
təcrid edilir, onların valideynlərindən biri
uşağına səfərbər olduğundan işləmir.
Unutmayaq ki, yoxsulluqla əlillik bir-birilə sıx bağlı
amillərdir. Günərzi qayğı sistemi isə həmin
uşaqların evdən çıxaraq gündəlik digər
uşaqlara qaynayıb qarışmasına, bilik və
bacarıqlarını artırmasına, eləcə də,
valideynə işləmə imkanına və cəmiyyətin
fəal üzvünə çevrilməsinə şərait
yaradır.
- Sizcə, internatlarda günərzi
qayğı xidmət modelinin bütün ölkə ərazisində
tətbiqi mümkündürmü?
- Bu
gün əlilliyi olan uşaqların valideynlərini əsas
narahat edən məsələlərdən biri
övladlarının gündəlik orta ümumtəhsil məktəbinə
getməsidir. Onlar üçün əsas baryer cəmiyyətin
əlilliyə yanaşmasındadır. Elə uşaqlar var
ki, onların əlillik dərəcələri imkan vermir ki,
orta ümumtəhsil məktəbinə getsinlər. Belə
olan təqdirdə həmin uşaqlar mütləq şəkildə
günərzi qayğı mərkəzləri, yaxud digər
xüsusi təhsil növlərinə cəlb edilməlidir. Əlbəttə
ki, bu sistemi qısa müddətdə milli səviyyədə
bütün ölkəyə tətbiq etmək real deyil. Buna
görə də biz icma əməkdaşlığı və
özünə dəstək sistemini ölkədə
tətbiq etmək istəyirik. Bunu həyata keçirmək
üçün Saray internat evində tətbiq etdiyimiz kimi,
valideynlərin təşəbbüsü, QHT və digər vətəndaş
cəmiyyəti təşkilatlarının, rəsmi şəxslərin
və iş adamlarının bir araya gələrək əməkdaşlıq
yaratmasına ehtiyac var.
Naibə Qurbanova
Həftə içi.- 2011.- 13
aprel.- S. 5.