"Dərd
ürəyimdə mamır bağlayıb"
Şair Qələndər
Xaçınçaylının yaradıcılıq gecəsi
keçirildi
Dünən
Badamdar Mədəniyyət Evində "Miras" Mədəni
İrsin Öyrənilməsinə Kömək İctimai
Birliyi, Bakı Şəhər Mədəniyyət və
Turizm İdarəsinin Kitabxana Direktorları
Şurasının təşkilatçılığı ilə
"Tanıyaq, tanıtdıraq" silsiləsindən ilk tədbir
keçirildi. Tədbir xüsusilə Azərbaycan
Yazıçılar və Jurnalistlər birliklərinin
üzvü Qələndər
Xaçınçaylının
yaradıcılığına həsr olunmuşdu.
Açılış nitqi ilə tədbiri başlayan Mədəniyyət
evinin direktoru Fəridə Babayeva silsilə tədbirlərin
keçirilməsinin önəmindən danışdı:
"Əsas
məqsədimiz yeniyetmə və gənclərin
dünyagörüşünün hərtərəfli
inkişafına dəstək olmaq, onları müasir Azərbaycan
yazarlarının yaradıcılığı ilə
yaxından tanış etmək, kitaba və mütaliəyə
maraqlarını artırmaqdır. Elə bu səbəbdəndir
ki, bu gün də biz öz tədbirimizi özünəməxsus yaradıcılığı
ilə seçilən Qələndər
Xaçınçaylının doğum günü
münasibətilə onun yaradıcılığına
həsr etmişik".
Daha
sonra "Miras" Mədəni İrsin Öyrənilməsinə
Kömək İctimai Birliyinin uşaq və gənclər
şöbəsinin rəhbəri Cəfər Mənsimi də
çıxış edərək, tədbirin məqsədlərindən
söz açdı və həmçinin öz növbəsində,
Qələndər Xaçınçaylını təbrik
etdi.
Turizm
İdarəsinin Kitabxana Direktorları Şurasının
direktoru Nüşabə Ələkbərova da
çıxış edənlər sırasında idi: "Əsas
məqsədimiz hər zaman olduğu kimi, bu gün də gənc
nəslin kitabxanalara, kitaba, mütaliəyə
marağını artırmaq, onlara bu haqda müsbət fikirlər
aşılamaqdır. Bununla yanaşı, mən də Qələndər
müəllimi təbrik edənlərə qoşuluram, ona uzun
ömür, can sağlığı arzulayıram". Daha
sonra söz şair İslam Sadığa verildi: "Şair
dostum Qələndər Xaçınçaylının
şeirlərini oxuyub gördüm ki, onun bütün
yazılarına misra-misra vətən dərdi, yurd
ağrısı, torpaq sızıltısı hopub. Əsası
da odur ki, Qələndər müəllimin
yaradıcılığı ilə yaşamı vəhdət
təşkil edir. Sanki onun həyatı
yaradıcılığına yansıyıb və orada əks
olunub. Mən də Qələndər müəllimin şeirlərini
oxuduqca onun ürəyini gözlərimlə görmüşəm
və hiss etmişəm ki, doğrudan da, dərdi onun ürəyində
mamır bağlıyıb və bu mamırın dərmanı
yalnız Kolanıdadır".
Millət
vəkili, yazıçı-publisist Aqil Abbas
çıxışında qeyd etdi ki, Qələndər
Xaçınçaylının
yaradıcılığındakı vətən həsrəti,
vətən nisgili əslində gənclərimizə örnək,
nümunədir: "Şairin kövrək, yanan poeziyası
var. Onun "Qarabağın ağlar gözü",
"Qarabağa gedən yollar", "Dünya mənim
söz qalamdır", "Dərd ürəyimdə
mamır bağlayıb" kimi kitabları Azərbaycan ədəbiyyatına
daxil olan gözəl nümunələrdəndir. Ona
tutduğu bu yolda uğurlar arzulayır,
yaradıcılığının davamını diləyirəm.
Fürsətdən istifadə edərək gənclərimizə
tövsiyə etmək istərdim ki, Qələndər müəllim
kimi şairlərin yaradıcılığını
mütaliə etsinlər, kitaba, elmə, yaradıcılığa özlərində
həvəs yaratsınlar".
Şair
Ənvər Əhməd də çıxış edərək
bildirdi ki, 80-ci illərdə ədəbiyyata gəlmiş
istedadlı şairlərimizdən biri olan Qələndər
Xaçınçaylının imzası oxuculara
yaxşı tanışdır: "Şairin
yaradıcılığına nəzər yetirənlər
görürlər ki, onun bütün şeirlərinin əsasını
vətən dərdi, yurd dərdi, Qarabağ dərdi təşkil
edir. Ona bu dərdin sona yetməsini arzulayıram".
Professor
Qurban Bayramov dedi ki, Qələndər
Xaçınçaylı Azərbaycan ədəbiyyatında özünəməxsusluğu
ilə yer tutub: "O həm yaxşı şair, həm
gözəl publisist, həm də savadlı jurnalistdir. Ona
yaradıcılığında və həyatında
uğurlar arzulayıram".
Şair
Yusif Nəğməkarın fikirləri isə belə oldu:
"Qələndər müəllimin kitablarında nəcib
missiya var. Bu isə ondan ibarətdir ki, şair Qarabağ dərdini
sanki hamı tərəfindən ağlayır. Bundan
sonrakı kitablarında Qarabağ sevincini əks
etdirməsi isə ona ən böyük arzumdur".
"Həftə
içi" qəzetinin redaktoru Ceyhun Nağı da təbriklərə
qoşuldu: "Mən də çıxışlara az yer
verilməsinin tərəfdarıyam. Bura yığılan
insanlar şair Qələndər
Xaçınçaylının şeirlərini dinləməyə
gəliblər. Amma bir məqamı da deyim. İstənilən
halda burda kimin neçənci söz deməsinin əhəmiyyəti
yoxdur. Çünki bu tədbirdə söz sahibi- ilk və
son sözün sahibi Qələndər
Xaçınçaylıdır. Mən onun şeirləri,
yaradıcılığı barədə danışmaq istəmirəm,
çünki bunun üçün özümdə güc
görmürəm. Amma biz Qələndər müəllimlə
dekabrdan bir "səngərdəyik". Qələndər
müəllim məsuliyyətli insan, məsuliyyətli
jurnalistdir. Yaşına baxmayaraq, istənilən faktın
arxasınca gedən, tapan, yazan və yoruldum deməyən bir
insandır. Qələndər müəllim şeirlərində
işğalda olan torpaqların taleyindən,
övladının sabahından, özünün yerinin sabah
necə qorunmasından narahatlığını ortaya qoyur.
Arzu edirəm ki, Qələndər Xaçınçaylı
yaxın ad günlərindən birində bu
narahatçılıqlardan qurtulmuş olsun".
Tədbirin
sonunda isə əməkdar incəsənət xadimi Murad
Rzayevin rəhbərlik etdiyi "Qarabağ bülbülləri"
ansamblının ifasında maraqlı konsert proqramı təqdim
olundu.
Sevda
Həftə içi.- 2011.- 13
aprel.- S. 8.