Biz türklər Azərbaycana "Can Azərbaycan" deyirik

 

Türkiyə səfirliyinin dini xidmətlər müşaviri Sadıq Əraslanla "Həftə içi"ndə eksklüziv söhbət

 

Türkiyə səfirliyinin din xidmətləri müşavirliyinə yeni təyinat olub - sayın Sadıq Əraslan. Fəaliyyətə başladığı ilk gün onunla telefonda danışıb, müsahibə götürmək istəyimizi bildirəndə, məmnuniyyətlə razılaşdı. Çox mehriban, səmimi və qonaqpərvər olan cənab Əraslanla söhbətimiz əsasən tanışlıq müstəvisində getsə də, onun uzun illər Türkiyə Diyanət İşləri Vəqfində məsul vəzifədə çalışdığını nəzərə alıb, din sahəsində bəzi maraqlı suallara da cavab almağa çalışdıq.

- Ömrümün çox hissəsini - 37 ilini Türkiyə Diyanət İşləri Vəqfində işləmişəm. Osmanlı dövrünün islam tarixi üzrə magistr dərəcəsi almışam. Son 29 il ərzində Diyanət İşləri Vəqfinin dini işlər üzrə ali şurasında çalışmışam.

Türkiyənin Azərbaycandakı səfirliyinin məndən əvvəlki din işləri müşaviri Müzəffər Şahin də həmin şurada mənimlə birlikdə işləyib. Onu da deyim ki, ora dini sualları cavablandırma, rəy və fikirləri öyrənmə, eləcə də qərarların verilməsi mərkəzidir. Sonradan mən ölkəmizin Avstraliyadakı səfirliyinin din müşaviri vəzifəsinə təyin olundum və 4 il bu ölkədə qaldım.

- Azərbaycana təyinatınız necə oldu?

- Biz türklər Azərbaycana "Can Azərbaycan" deyirik, yəni bu ölkə bizim üçün yad məkan deyil. Ona görə də təbii ki, bura gələndə Avropaya, Avstraliyaya yola düşürəm kimi qürbətə getdiyimi fikirləşmədim.

- Ailənizi də gətirmisiniz?

- Gətirmişəm, amma indi Türkiyədədirlər. Çünki oğlum liseydə təhsil alır, artıq may ayının sonuna məktəbi bitirəcək və inşallah, iyunda onlar da gələcəklər.

- Bayaq dediniz ki, əvvəllər Avstraliyada işləmisiniz. Yeri gəlmişkən, fəaliyyət sahəsində sizin üçün Azərbaycan yaxşıdır, yoxsa Avstraliya?

- Avstraliya ayrıca bir qitədir, qitə dövlətidir və əhalisi də əksərən xristianlardır. İngiltərə valisinin rəhbərlik etdiyi bu ölkədə hamı ingilis dilində danışır. Amma bu ölkədə çox sayda millətlərin nümayəndələri yaşayırlar ki, hər biri öz dini ayinlərini tam sərbəst icra edir, heç kim onların inanclarına qadağa qoymur. Oradakı xristianlarla yanaşı yəhudilərin də, müsəlmanların da, digərlərinin də məbədləri fəaliyyət göstərir. Biz ora ona görə göndərilmişdik ki, orada yaşayan və işləyən soydaşlarımıza dini xidmət verək. Azərbaycan isə fərqlidir, burada yaşayanlar öz millətimizdir, dilləri dilimizdən, dinləri dinimizdəndir. Biz bura türklərə yox, azərbaycanlı qardaşlarımıza xidmət göstərmək üçün gəlmişik. Bundan əlavə, Azərbaycan Türkiyəyə istər coğrafi, istərsə də digər göstəricilərinə görə başqa türkdilli respublikalardan daha yaxındır. Avstraliyadan fərqli olaraq Azərbaycanda özümü heç də xarici ölkələrdəki kimi hiss etmirəm. Elə bilirəm ki, yenə də Türkiyədə - öz evimdəyəm.

- Ümumiyyətlə, Azərbaycanla bağlı təsəvvürünüz necə idi, əvvəllər də burada olmuşdunuzmu?

- Azərbaycan deyəndə, fikrimizdə "bir millət, iki dövlət" anlayışı canlanır. Türkiyə və Azərbaycan xalqları olaraq eyni millətik, eyni dildə danışırıq, eyni mədəniyyəti, məişəti bölüşürük. Azərbaycanda Türkiyədən gəlmiş çox sayda soydaşımız yaşayır və işləyir. Əlbəttə ki, yad münasibət hiss etsəydilər, bu qədər axın olmazdı. Şəxsən mən özüm ilk dəfədir Azərbaycana gəlmişəm. Təyinatım verilən kimi başladım bu ölkənin tarixini, coğrafiyasını öyrənməyə. Nəticəsindən də məmnunam, Azərbaycanla bağlı məlumat sahibi sayıla bilərəm.

- Soruşmaq yaxşı düşməsə də, nə qədər qalacaqsınız Azərbaycanda?

- Təyinatıma əsasən, 3 il vəzifəmi icra etməliyəm. Çalışacağam vəzifəmə uyğun şəkildə azərbaycanlı qardaşlarımıza dini xidmət göstərim. Yəqin bilirsiniz ki, daha əvvəllər də Türkiyə Diyanət İşləri Vəqfi tərəfindən Azərbaycanda bir çox məscid tikilərək istifadəyə verilib, çox sayda ilahiyyətçi göndərilərək insanlara dini xidmət göstərilib. Ən əsası isə budur ki, vəqfin köməyi ilə Bakı Dövlət Universitetində İlahiyyət fakültəsi açılıb. Çox sayda azərbaycanlı gənc istər orada, istərsə də Türkiyənin ali təhsil ocaqlarında dini təhsil alaraq indi də xalqa öz xidmətlərini göstərməkdədir. Yəni onlar dini xidməti göstərə biləcək səviyyədə yetişdiklərindən, Azərbaycandakı ilahiyyətçilərimiz Türkiyəyə qayıdıblar. O ki qaldı bizə, müraciətlər olanda, suallar ünvanlananda cavablandırmağa çalışırıq. Eyni zamanda, Türkiyə - Azərbaycan müştərək dini - mədəni mövzularında müxtəlif tədbirlər keçirilir və əlbəttə, bizi də dəvət edirlər. Bilirsiniz, Türkiyə ilə Azərbaycan istər dini, istər mədəni, istər tarixi - hər bir sahədə ortaq dəyərlərə malikdirlər. Bu qardaşlığın ən bariz nümunəsi isə gördüyünüz bu müqəddəs Şəhidlər Xiyabanıdır. Bakının ən yüksək yeri sayılan bu xiyabanda həm Türkiyədən, həm də Azərbaycandan olan şəhidlər yan-yana uyuyurlar. Biz fatihəni hər iki tərəf üçün oxuyuruq, bayraqlarımız da bu müqəddəs məkanda yan-yana dalğalanır.

- Vəzifənizin icrasına başladığınız bu bir həftə ərzində əlaqədar yerli dövlət orqanları ilə necə münasibət qura bilmisiniz?

- Başda Hidayət Orucov olmaqla Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə əlaqə saxlayırıq. Məsələn, Türkiyədən Azərbaycana dini kitablar, hər hansı qida və digər formada yardımlar gətirilərkən, onların gömrükdən sərbəst keçə bilməsi üçün mütləq həmin komitədən icazə istəyirik. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə həzrətləri ilə də görüşmüşəm. Sağ olsunlar, məni çox mehriban, yüksək səviyyədə qarşıladılar, hətta hədiyyələr də verdilər. Bundan əlavə, şeyxin müavini olan hacı Salman Musayevlə də mütəmadi əlaqə saxlayıram. Bilirsiniz, həcc ziyarəti ərəfəsində Diyanət İşləri Vəqfində bir toplantı keçirilir. Buradan yazılı şəkildə müraciət olunur ki, Məkkəyə yola düşən hacıların orada qarşılanması, onların yerləşdirilməsi, tibbi yardımla təmin olunması və sair məsələlərdə kömək göstərsinlər. Yəqin məlumatınız var ki, Azərbaycandan gedən hacılar həcc ziyarəti zamanı oradakı türklərə məxsus xəstəxanalardan və sair xidmətlərdən tam istifadə edə bilirlər. Məhz bu məsələlərlə bağlı hacı Salman Musayevlə görüşüb, fikir mübadiləsi apardım.

- Səfirliyin dini işlər üzrə müşaviri olaraq, necə bilirsiniz, Avstraliyada gördüyünüz insanların dini azadlığını Azərbaycanda da hiss edə bilirsiniz?

- Sözsüz ki, Azərbaycan dini tolerantlığın hökm sürdüyü bir ölkədir. Elə bu günlərdə prezident İlham Əliyevin də iştirakı ilə "Beynəlxalq Mədəniyyətlərarası Dialoqun İnkişafı" toplantısı keçirildi. Azərbaycanda məscidlərlə yanaşı kilsələr, sinaqoqlar fəaliyyət göstərir. Yeri gəlmişkən, elə bu günlərdə Bakıda yeni bir sinaqoqun açılışı oldu. Burada çox sayda dini icma var, heç kim onların dininə, ibadətinə mane olmur, onların məbədlərini bağlamır.

- Tolerantlıqdan söz düşmüşkən, Şəhidlər camesinin fəaliyyəti nə vaxt bərpa olunacaq?

- Onun nəyə görə bağlanıldığını bilmirəm, çünki bu mən Bakıya gəlmədən öncə baş verib. Amma ümumilikdə, hələlik, məscidin açılıb-açılmayacağına dair heç bir söhbət yoxdur. Bura çoxları gəlir, bizdən də camenin niyə bağlandığını soruşurlar. Əlbəttə ki, biz də səbəbini bilmədiyimizi deyirik.

- Maraqlıdır ki, bu məscidlər Osmanlı memarlıq üslubunda tikildiyi üçün çoxları onun türk məscidi olduğunu zənn edir…

- Bu məscidlərin hansı memarlıq üslubunda olmasına baxmayaraq, Azərbaycanındır. Sadəcə, tikinti prosesi Türkiyə tərəfindən aparılıb, amma azərbaycanlı qardaşlarımız və Allah üçün ibadətə açılıb. Əslində, Türkiyə tərəfi heç vaxt "tikdiyim məscidlər mənimdir" ifadəsini işlətməyib. Eləyə qalsa, Türkiyə Avropanın müxtəlif ölkələrində ümumilikdə yüzlərcə belə məscid tikib, istifadəyə verib.

- Avropadan söz düşmüşkən, bu yaxınlarda Birləşmiş Ştatlarda, iki-üç gün öncə isə İngiltərədə "Qurani-Kərim" yandırıldı. Bundan əvvəl də Məhəmməd peyğəmbərin karikaturası çəkilib, islamın əleyhinə film yayımlanıb, minarələr sökülüb, zorla qadınların baş örtüyü açılıb və sair. Amma heç vaxt müsəlmanlar xristianların etdiyi bu cür vəhşiliklərə qarşılıq vermirlər. Yəni nə "İncil" yandırılır, nə İsa peyğəmbərin karikaturası cızılır, nə kilsələrin qülləsi uçurulur, nə də çılın-çılpaq gəzən xristian qadınların geyimi qınanır…

 

- Xristian dünyası zaman - zaman müsəlmanları hansısa səhv hərəkət edənləri misal göstərərək günahlandırıb. Dinin qaydalarına həqarət etmək anarxiyaya səbəb olur. İslama görə də bütün səmavi dinlər müqəddəsdir, səmavi kitablar toxunulmazdır və hörmətə layiqdir. Müsəlmanlar digər millətlərin dininə, inancına həmişə sayğı göstəriblər. Hətta müharibə zamanı da müsəlmanlar düşmən ölkədə məbədlərə, din adamlarına, silahsız sivillərə heç vaxt toxunmur, çünki islam dini bunu tələb edir. Qurana hörmətsizlik edən digər dinlərin nümayəndələri, əslində, öz dinlərinə, öz kitablarına hörmətsiz davranırlar. Məhəmməd peyğəmbərin bir kəlamı var: "Ey müsəlmanlar, heç vaxt ana - atanıza küfr etməyin". Ona deyirlər ki, ey Allahın rəsulu, kim öz valideyni ilə belə davranar ki? Peyğəmbər də cavab verir ki, "siz başqalarının valideynlərini təhqir etsəniz, onlar da sizin ata-ananızla eyni cür davranarlar və bu da dolayısı ilə sizin öz doğmalarınıza göstərdiyiniz pislik sayılar". Bu hədisi nəzərə alsaq, Quranı yandıranlar öz dinlərinə və kitablarına zərbə vururlar. Ona görə də bu qənaətdəyəm ki, özünə hörmət edən insan pisliyə yaxşılıqla cavab verməlidir. İslamın qayəsi, peyğəmbərimizin də istəyi budur. İslama və onun kitabına qarşı baş verən bu cür hücumların bir səbəbi də qısqanclıqdır. Çünki bu gün dünyanın hər yerində islamı qəbul edənlərin sayı durmadan artır. Ona görə də bəzi fanat xristianlar islamın belə genişlənməsinə dözə bilmir və məlum addımları atırlar. Hətta Fransada baş örtüyünün yasaqlanması barədə qanunun qüvvəyə minməsi də qeyd etdiyim qısqanclığın, qorxunun nəticəsidir.

  

 

Vüsal Tağıbəyli

 

Həftə içi.- 2011.- 14 aprel.- S. 1, 4.