"İstedadı SMS-lə qiymətləndirmək yanlışdır"

 

Vokalist Turan Səfərli: "Ən böyük arzum Azərbaycanı dünya arenasında tanıtmaqdır"

 

Son zamanlar televiziya ekranlarını "işğal" edən və yağışdan sonra toplu şəkildə çıxmağa başlayan göbələk kimi gündən-günə artan müğənnilər bir çoxlarının ürəyini bulandırmaqda davam edirlər. Belə müğənnilər üçün nə sənət, nə səs, nə də Azərbaycan mədəniyyəti önəm daşımır, onlar üçün əsas pul və şan-şöhrətdir.

Amma nə yazıq ki, bununla həm həng neçə-neçə istedadlı gənc müğənni var ki, onlar müəyyən səbəblərdən ekranlardan düşməyən müğənnilərin kölgəsində it-bat olurlar. Heç onları tanıyan da olmur. Əslində çox vaxt biz mətbuat nümayəndələri də gənc, amma sənətdə öz sözünü demiş müğənniləri oxuculara təqdim etməkdə daha maraqlı oluruq. Bu da ona gətirib-çıxardır ki, istedad şan-şöhrətin pərdəsi altında məhv olub gedir. Qatıldığım tədbirlərin birində "Sarı gəlin" mahnısını onun ifasında eşitmək çox xoş təəssürat bağışladı mənə. Özünəməxsus, vokal səsi ilə möhtəşəm Azərbaycan mahnısına elə çalarlar qatdı ki, tək mənim yox, tədbirdə iştirak edənlərin də marağına və alqışına səbəb oldu. Onu belə təqdim etmişdilər - "oxuyur "Azəristar-2010" müsabiqəsinin laureatı Turan Səfərli". Müsahibim istedadlı və öz sənətinin vurğunu olan həmin gənc müğənni Turan Səfərlidir.

- Qısaca da olsa Turan xanım bizə və oxuculara özü haqda məlumat versin...

- Hüseynqulu Sarabski adına 7 nömrəli musiqi məktəbinin vokal şöbəsini bitirmişəm. Daha sonra Asəf Zeynallı adına musiqi kollecinə daxil olmuşam. Hazırda həmin kollecin 3-cü kurs tələbəsiyəm. "Azəristar- 2010" yarışmasının iştirakçısıyam. Sənətim üzrə təhsilimi davam etdirmək fikrindəyəm.

- Sənətə yeni atılmış bir müğənni üçün öncə nə lazımdır?

- Etiraf etməliyəm ki, çoxları məni tanımır, bu adətən belə olur, çünki müəyyən yollarla sənətə (heç ona sənət də demək olmaz) gələn müğənnilər qalmaqalla, nə bilim başqa yollarla özünü xalqın gözünə sırıyırlar. Amma məncə, əsas sənət göstərmək lazımdır, ola bilər çoxları gənc müğənninin sənətdən danışmağa haqqının olmadığını düşünür. Amma mən deyərdim ki, əgər buna gücü və sənət üçün gərəkli imkanları varsa, deməli, danışmağa haqqı da var. Əsas səsdir. Müğənnini müğənni edən onun səs imkanlarının genişliyidir. Çünki onu xalq dinləyir, onların başını yalançı səslə aldatmaq və zövqlərini korlamaq olmaz. Mən sənət göstərmək və sənətimin peşəkarı olmaq istəyirəm.

- Bu sənəti seçməkdə məqsədiniz bəlkə sadəcə bir gənclik hobbisidir, ya da ola bilər ki, bu gün ekranda olan müğənnilərin şöhrətindən doğan bir həvəs?

- Qətiyyən, mən oxumağı heç vaxt xobbi olaraq görməmişəm, bu səs mənə Allah vergisidir. Mən də ondan sui-istifadə edə bilmərəm. Onu da qeyd edim ki, mənim bir qarabağlı kimi şan-şöhrət üçün səhnəyə gəlməyə haqqım yoxdur. Mən gələcəkdə Qarabağı, əsas da vətənim Azərbaycanı təmsil etməliyəm, əgər sənətim olmasa, mən buna sadəcə xobbi kimi baxsam və ya şöhrət güdsəm, bunu necə edə bilərəm?

- Malik olduğunuz səsin üzə çıxmasında və daha da formalaşmasında kimlərin əməyi var?

- Tatyana Napax müəllimim olub. Sənətinin gözəl bilicisi idi. Həm gözəl sənətkarımız Xuraman Qasımovanın da tələbəsi olmuşam. Onun böyük əməyi var üzərimdə. Onu da əlavə edim ki, bəstəkar Oqtay Rəcəbov həmişə deyərdi ki, bu sənətdə 25 faiz istedad, 75 faiz zəhmət olmalıdır ki, zəhmət çəkərək istedadınızı üzə çıxarda biləsiniz. Onun sözlərini necə deyərlər qulağıma sırğa etmişəm. 2007-ci ildən "Qarabağ bülbülləri" ansamblına üzvəm. İncəsənət xadimi Murad Rzayevin çox köməyi olur mənə. Çünki vokal üzrə oxuduğuma görə muğam ifa etmək bir az çətin olur mənim üçün. Müəllimlərimin dediyinə görə "kalaraturnu saprana" tipinə aid səs tonuna malikəm. Bu isə yüksək səs tonudur.

- Sizin Azərbaycan şou-biznesindəki qalmaqallara münasibətiniz necədir?

- Əlbəttə, mübarizə olmalıdır, ancaq yaxşı mənada. Çünki mübarizə olmasa inkişafdan qalmış olarıq hardasa. Qaldı şou-biznesə, mən əsla özümü orada görmürəm, o aləm sanki müsiqi bazarıdır, orada "alış-veriş" gedir. Mən isə bazara yox, sənətə gəlmək istəyirəm. Xalqıma sənət nümayiş etdirmək istəyirəm.

- Gənc müğənnilərdən kimisə dinləyirsinizmi?

- İstər-istəməz hamıya qulaq asmaq məcburiyyətində qalırıq, görüm onlar nə nümayiş sərgiləyirlər. Amma mən vokal oxuduğuma görə digər janrda oxuyanlara bir o qədər də marağım yoxdur, üstəlik də indiki müğənnilərə.

- Uşaq olarkən nə olmağı düşünmüşdünüz və əgər seçim imkanı olsaydı sənətinizi dəyişmək istərdinizmi?

- Uşaqlıqdan oxumağa marağım olub. Anam da məndə həvəs yaradıb, həmişə dayağım olub. Heç vaxt dəyişməzdim, belə bir seçimi də istəmirəm, fikrimcə, mən elə bu sənət üçün yaranmışam.

- "Azəristara" qatılmaq marağı necə yarandı və sizcə, belə müsabiqələrin keçirilməsində ədalətli qərar verilirmi, ümumiyyətlə bu cür yarışmalar gənc müğənnilərə nə qazandırır?

- Televizorda reklamını gördüm, fikirləşdim ki, səs etibarı ilə heç kəsdən geri qalmıram, ona görə də qatılmaq qərarına gəldim. Qaldı ədalətli olmasına, deyərdim ki, belə müsabiqələrin təşkilində "sms"lə səs verməyə üstünlük verilməməlidir, çünki ola bilər kiminsə imkanlı tanışları, qohumları var və həmin adama maliyyə ayırır, o da qalib gəlir, hətta səsi olmasa belə. "Gənclərə nə verir" fikrinə gəlincə isə, əlbəttə, belə müsabiqələr biz gənclərin istedadının üzə çıxmasında önəmli faktordur.

- Özünüz kimi gənc müğənnilərə sözünüz...

- Çox istərdim ki, bizim istedadlı gənclər də dünya arenasına çıxa bilsinlər. Azərbaycanımızı layiqincə təmsil edək. İstərdim ki, onlar heç vaxt şan-şöhrətə qaçmasınlar, daim sənət üçün çalışsınlar. O zaman həm bizim, həm də ölkəmizin adı daim yüksəklərdə olar.

- Hələ çox gəncsiniz, gələcək üçün yəqin ki, planlarınız var?

- Əsas məqsədim Musiqi Akademiyasında təhsil almaqdır. Ən böyük arzum isə İtaliyada opera təhsili almaqdır. Çünki bu mənim gələcək inkişafım üçün önəm daşıyır. Onu da qeyd edim ki, Musiqili Komediya Teatrına operettalarda iştirak etmək üçün dəvət almışam. Təbii ki, bu istiqamətdə planlarımı davam etdirəcəyəm.

 

 

Sevda Zahidqızı

 

Həftə içi.- 2011.- 14 aprel.- S. 7.