Ədəbiyyat institutunda ədəbi müzakirələr

 

Qurban Bayramov: "Ədəbiyyatımızda bugünkü durumda boz axın əmələ gəlib"

 

Dünən, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat institutunda "Ədəbi yekunlara həsr olunmuş müzakirə" mövzusunda tədbir keçirildi. Mərasimi adıçəkilən institutun direktoru, akademik Bəkir Nəbiyev açaraq bu barədə tədbir iştirakçılarına məlumat verdi. O, dedi ki, institutun həyatında belə bir tədbir uzun müddətdir ki, keçirilir:

"Bu tədbir böyük səmərə verir. Həmin tədbir 1960-cı ildə əsası qoyulan "Ədəbi yekunlara həsr olunan elmi müzakirə"dir. Hər il ədəbi yekunların əsaslarına görə şair və yazıçıların bir illik yaradıcılıq gecələri müzakirə edilirdi və ədəbi tənqidçilər bu barədə öz fikirlərini bildirirdilər. Tədbirin əhəmiyyəti odur ki, ədəbi mövzularda bizə həmişə kömək edib. Bugünkü tarixi gələcək nəsillər yazmaq niyyətində olduqda, bizim müzakirə mövzularımızdan istifadə edəcəklər".

B.Nəbiyev həmçinin vurğuladı ki, 1985-1990-cı illərdən bu günə kimi xeyli sayda ədəbiyyat nümunələri yaranıb: "Biz imkan daxilində onların çapına nail oluruq. Biz müstəqilliyimizin 20 illik yubileyi ərəfəsindəyik. Bir il də onların bir zərrəsidir. Gəlin baxaq görək 2010-cu ildə nə qədər əsərlər yazılıb. Həmin əsərlərdə görək, nöqsanlar nədən ibarətdir. Onu da qeyd edim ki, poeziya sahəsində 2010-cu ildə bir sıra qiymətli əsərlər yazılıb. Buna misal olaraq, Nəriman Həsənzadə, Məmməd İsmayıl, Oktay Rza, Vaqif Bəhmənli, Adil Mirseyid və başqalarını göstərmək olar. Məmməd İsmayılın şeirləri müasir dövrdə də şaxəli, qollu-budaqlıdır. Seyran Səxavətin "Qaça-qaça", N.Həsənzadənin "Nuru paşa" romanları, Hüseynbala Mirələmovun "Taledən qaçmaq" povesti və İlqar Fəhminin əsərlərini də göstərmək olar. Tənqid ən fəal janrdır. Qurban Bayramov, Vaqif Yusifli, Bəsti Əlibəyli, Tehran Əlişanoğlu, Əsəd Cahangir kimi tənqidçilərimizin qəzet və jurnallarda çap olunan tənqidi məqalələrini misal göstərmək olar. Fikrimi onunla tamamlamaq istəyirəm ki, bütövlükdə ədəbiyyatşünaslıqda 2010-cu ildə fəallıq çox yüksək olub. Hələ universitet alimlərinin yazdıqlarını demirəm. Rəhbərlik etdiyim institutun alimləri 33 elmi kitab nəşr etdiriblər. Mən burada Yazıçılar Birliyinin də xüsusi fəallığını qeyd etmək istəyirəm. Bu ilin sonuna qədər AYB-nin qurultayı keçiriləcək. Qurultayqabağı məruzələr AYB-nin mətbuat orqanında çap olunub. Bir sözlə, ədəbi fikrimiz qiymətli əsərlərlə zənginləşib".

Poeziya ilə bağlı filologiya elmləri doktoru Qurban Bayramov məruzəsində ədəbiyyatımızın bugünkü durumunda "boz axın" əmələ gəldiyini söylədi. Tənqidçi-alim, o cümlədən respublikamızda və dünyanın hər bir yerində istedadlı şairlərimizin ədəbi yaradıcılıq haqqında məlumat verdi.

Nəsr janrında Lalə Əfəndiyeva, dramaturgiya sahəsində Aydın Dadaşov, ədəbiyyat və tənqid mövzusunda Rahid Xəlilov, publisistika sahəsində elmi işçi Nərgiz Cabbarova, bədii tərcümə üzrə Elnarə Akimova məruzələrində yazıçılarımızın əsərlərindən söz açaraq, onların müsbət cəhətləri ilə yanaşı, mənfi tərəflərini də göstərdi. Yəni 2010-cu ildə istedadlı yazıçıların samballı əsərləri ilə yanaşı, mövzusu olan, amma onun mahiyyətini oxuculara çatdıra bilməyən yazarların zəif əsərlərinə də rast gəlmək olur.

  

  

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2011.- 14 aprel.- S. 8.