"İnkişafın Azərbaycan modeli"nin ictimai müzakirəsi keçirilib

 

Rufiz Qonaqov: "Kitab uğurlu elmi addımlardan biri kimi səciyyələndirilməlidir"

 

Ötən gün Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) təşəbbüsü ilə ""İnkişafın Azərbaycan modeli" kitabı - sosial inkişaf güclü iqtisadiyyat kontekstində" adlı ictimai müzakirə keçirilib.

Kitab barədə məlumat verən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov bildirib ki, Azərbaycan iqtisadiyyatının inkişaf modelinin elmi-nəzəri əsaslarının işlənib hazırlanması, bu istiqamətdə geniş tədqiqat işlərinin aparılması günün vacib tələblərindən biridir. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin kitabı uğurlu elmi addımlardan biri kimi səciyyələndirilməlidir. Kitabda son 17 ildə Azərbaycanda elmi əsaslarla hazırlanıb həyata keçirilən sosial-iqtisadi siyasət, reallaşdırılan islahatlar, milli inkişaf modelini səciyyələndirən məsələlər kimi diqqətə çatdırılır".

Milli QHT Forumunun rəhbəri Rauf Zeyni çıxışında bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra dünyada mövcud olan iqtisadi modellərdən hansının seçilməsi ciddi məsələ idi: "Dünyada bir çox iqtisadi modellərin olmasına baxmayaraq, ümummilli lider Heydər Əliyev tərəfindən iqtisadiyyatın Azərbaycan modeli yaradıldı, onun həyata keçirilməsi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Beynəlxalq təşkilatlar Azərbaycan iqtisadiyyatının dinamik inkişaf etməsini qeyd edirlər. Azərbaycanın iqtisadi inkişaf modeli ölçülüb biçilmiş, Azərbaycanın milli məfkurəsinə cavab verən modeldir".

"Bu gün Azərbaycan özünün inkişaf modeli ilə bundan sonra bazar iqtisadiyyatı yolu keçəcək ölkələr üçün bir nümunədir" deyən millət vəkili Yevda Abramov bildirib ki, Sovet İttifaqından ayrılan bütün respublikalar bazar iqtisadiyyatını seçdilər, lakin Azərbaycanda bu keçid zamanı qarşıda çox problemlər dururdu - ölkə iqtisadiyyatı çoxprofilli idi, qonşu ölkələrin təbii sərvətlərimizi əldə etmək niyyətləri var idi: "Azərbaycanın uğurlu iqtisadiyyatının həyata keçirilməsinin əsasında neft gəlirlərindən düzgün istifadə durur".

Millət vəkili Gülər Əhmədova Avropa İttifaqının Azərbaycana qarşı son bəyanatını qınadı qeyd etdi ki, qurum Azərbaycanda son illər həyata keçirilən iqtisadi inkişafı görmür: "Amma Azərbaycanla bağlı olmayan hadisələr qabardılır ölkənin əleyhinə təbliğat aparılır. Bu kitabdakı faktlar Azərbaycana qarşı dostcasına deyilməyən fikirlərə qarşı yetərli cavabdır. Azərbaycanda islahatlar hər zaman sürətli aparılıb uğurla nəticələnib. Azərbaycanda həyata keçirilən islahatlar ətraflı şəkildə, ardıcıllıqla bu kitabda əksini tapıb".

Digər çıxışçılar da kitabda əksini tapan məsələlərin əhəmiyyətindən danışıblar. "İnkişafın Azərbaycan modeli" kitabının ideyasının ön sözünün müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, həqiqi dövlət müşaviri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Ramiz Mehdiyevdir. Kitabın redaktoru tarix elmləri doktoru, professor Əli Həsənov, buraxılışa məsul "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, Əməkdar jurnalist Bəxtiyar Sadıqovdur.

Kitab ön söz üç fəsildən ibarətdir. Burada son 17 ildə Azərbaycanda elmi əsaslarla hazırlanıb həyata keçirilən sosial-iqtisadi siyasət, reallaşdırılan islahatlar milli inkişaf modelini səciyyələndirən məsələlər kimi önə çəkilir.

  

  

Əli Zülfüqaroğlu

 

Həftə içi.- 2011.- 15 aprel.- S. 2.