Prezident Astara rayonuna səfər edib

 

Dövlət başçısı Astara Gömrük İdarəsində yaradılmış şəraitlə tanış olub

 

Prezident İlham Əliyev respublikamızın cənub bölgəsinə səfəri çərçivəsində Astara rayonunda olub Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Astara şəhərinin mərkəzindəki Heydər parkında ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Prezident İlham Əliyevə Astara rayonunda və abidənin yerləşdiyi parkda aparılmış abadlıq-quruculuq işləri barədə məlumat verilib. Bildirilib ki, rayonun mərkəzi olan bu ərazidə geniş abadlıq işləri görülüb, müasir park salınıb. Heydər parkında Astara sakinlərinin istirahəti üçün hər cür şərait yaradılıb.

Prezident İlham Əliyev yenidən qurulmuş Astara-Bala Şahağac kəndi avtomobil yolunun açılışında da iştirak edib. Dövlət başçısı yolun əvvəlki və indiki vəziyyətini əks etdirən stendə baxıb. Astara Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev məlumat verib ki, dövlət başçısının tapşırıqlarına əsasən regionlarda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Rayonun əsas yollarından olan Astara-Bala Şahağac avtomobil yolunun tikintisi də bu qəbildəndir. Bildirilib ki, müasir standartlar səviyyəsində inşa olunan Astara-Bala Şahağac yolunun istifadəyə verilməsi nəticəsində rayonun daha bir problemi aradan qalxıb. Prezident İlham Əliyev Astara rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşdən sonra yolun açılışını bildirən lenti kəsib. Dövlət başçısı Astara-Bala Şahağac avtomobil yolunda görülən işləri yüksək qiymətləndirib.

Prezident İlham Əliyev Astarada Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Dövlət başçısı Mərkəzin açılışını bildirən lenti kəsdikdən sonra yaradılmış şəraitlə tanış olub.

Bildirilib ki, orijinal memarlıq üslubunda tikilən Heydər Əliyev Mərkəzinin inşasına bu ilin yanvarında başlanılıb. İkimərtəbəli binanın girişində ulu öndərin büstü qoyulub. Dövlət başçısı Mərkəzin birinci mərtəbəsində ümummilli liderin mənalı həyatını və zəngin siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillərin və məlumatların yer aldığı tablolara, geniş ekranlı monitora baxıb. Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, Mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan bölmələrdə ulu öndərin uşaqlıq və gənclik dövrlərini əks etdirən fotoşəkillər, 1969-1982-ci illərdə respublikamızın sosial-iqtisadi inkişafı ilə bağlı gördüyü işlər, 1993-cü ildə xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizin ictimai-siyasi, sosial və mədəni həyatındakı quruculuq işlərindən bəhs edən materiallar toplanıb. Dövlət başçısı görülmüş işlərdən razılığını bildirib.

Prezident İlham Əliyev Astara Gömrük İdarəsində yaradılmış şəraitlə tanış olub. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev dövlətimizin başçısına raport verib. Dövlət başçısına məlumat verilib ki, Azərbaycan Prezidentinin 2007-ci il 1 fevral tarixli Sərəncamı ilə təsdiq olunan "Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı"na əsasən, Dövlət Gömrük Komitəsi tərəfindən Astara Gömrük İdarəsinin Astara gömrük sərhəd-keçid məntəqəsi yenidən tikilərək müasir avadanlıqla təchiz olunub.

Prezident İlham Əliyev sərnişin-nəqliyyat gömrük nəzarəti xəttində avtomobillərin gömrük nəzarətindən keçmə prosesi ilə tanış olub. Bildirilib ki, burada hər cür şərait yaradılıb, ən müasir avadanlıq qurulub. Dövlət başçısı idxal gömrük nəzarəti xəttində yaradılan şəraitlə tanış olarkən qeyd edilib ki, idxal və ixrac gömrük nəzarəti xətlərinin hər birində eyni vaxtda üç avtomobil gömrük nəzarətindən keçə bilər. Bu xətlərin hər birində elektron növbə sistemi də yaradılıb.

Astara Gömrük İdarəsinin inzibati binası ilə tanış olan Prezident İlham Əliyev burada piyadaların gediş-gəliş xətlərində, gömrük yoxlama məntəqələrində yaradılan şəraitlə də maraqlanıb. Qeyd edilib ki, burada iş müasir prinsiplər əsasında qurulub, hər cür şərait yaradılıb. Mal və nəqliyyat vasitələri üzərində gömrük nəzarətinin müasir standartlar səviyyəsində həyata keçirilməsi üçün Astara gömrük sərhəd-keçid məntəqəsində xüsusi yoxlama və baxış yerləri ayrılıb, fiziki şəxslər üzərində gömrük nəzarəti zonası müəyyən edilib, eyni zamanda, yoxlama prosedurunun keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə mobil tipli müasir yük yoxlama sistemi istifadəyə verilib. Daha sonra dövlətimizin başçısı Gömrük Tədris Mərkəzinin fəaliyyəti ilə tanış olub. Sonra dövlət başçısı Astara Gömrük İdarəsində müasir memarlıq üslubunda tikilmiş "Az Duty Free Shops" - Rüsumsuz Ticarət Mərkəzi ilə tanış olub. Bildirilib ki, mərkəzin birinci mərtəbəsində əsasən yeyinti məhsulları, ikinci mərtəbədə isə elektrik məişət əşyaları istehlakçılara təqdim olunur. Prezident İlham Əliyevə məlumat verilib ki, hazırda Astara Gömrük İdarəsində 205 nəfər daimi işlə təmin olunub. Dövlətimizin başçısı görülmüş işlərdən razılığını bildirib, tövsiyə və tapşırıqlarını verib. Sonda xatirə şəkli çəkdirilib.

Prezident "Astara 1" kiçik su elektrik stansiyasının təməlqoyma, Astara qaz kompressor stansiyasının açılış mərasimlərində də iştirak edib, rayonda inşa olunan Olimpiya kompleksinin tikintisi ilə də maraqlanıb.

  

 

Azad

 

Həftə içi.- 2011.- 16-18 aprel.- S. 1-2.