"Azərbaycan müharibədən tam qalib çıxmaq iqtidarındadır"

 

Türkiyənin tanınmış politoloqu, USAK-ın Qafqaz üzrə eksperti Mehmet Dikkayanın "Həftə içi"nə eksklüziv müsahibəsi

 

Türkiyədə qarşıdan parlament seçkiləri gəlir. Qardaş ölkədə yaşanan bu həssas məqam Azərbaycanda da çox diqqətlə izlənilir. Çünki bəzi qüvvələr bundan istifadə edərək Ermənistanla münasibətlərin normallaşdırılması, Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin rolu, Azərbaycanla əlaqələr və s. kimi vacib məsələləri gündəmə gətirib. Dağlıq Qarabağda cəbhə xəttində hər iki tərəfin hərbi təlimlər keçirməsi isə bölgədə yenidən müharibə ehtimalının yarandığına dair fikirlərin səsləndirilməsinə səbəb olur.

Bütün bu məsələlərlə bağlı suallarımızı "Həftə içi"nə eksklüziv müsahibəsində Türkiyənin Beynəlxalq Strateji Araşdırmalar Qurumunun (USAK) Qafqaz üzrə eksperti Mehmet Dikkaya cavablandırır:

- Dağlıq Qarabağda müharibənin yenidən başlaya bilmə ehtimalı nə qədərdir?

- Bölgədə yenidən müharibə ehtimalı çox azdır. Çünki Ermənistan 18 ildir ki, artıq bu müharibənin ağır nəticələri ilə yaşayır. Onların daha çox problem yaratmaları ancaq hansısa təxribatlardan yararlanmaq istədikləri zaman ola bilər. Müharibənin olmayacağını söyləyə bilərik. Ancaq bu problemin qısa müddətdə həll ediləcəyi anlamına gəlmir.

- Müharibə olacağı təqdirdə Rusiya, ABŞ, Avropa Birliyi, İran və Türkiyənin bu məsələyə reaksiyaları necə ola bilər?

- Rusiya belə bir müharibənin olmasını arzulamaz. Çünki Ermənistan onsuz da əlindədir. Son zamanlar Azərbaycanla münasibətlərdə adi gözlə müşahidə edilə bilən irəliləyişlər mövcuddur. Moskva Qafqazda Gürcüstandan sonra Azərbaycanı da itirmək istəmir. ABŞ-dakı erməni lobbisinin isə hələ Dağlıq Qarabağ məsələsi üzərində təsir imkanları olsa da, bu dəstəyin zəiflədiyi hiss edilir. Avropa Birliyinin münasibəti isə daha çox iqtisadi narahatlıqlarla bağlıdır. Azərbaycan iqtisadi baxımdan Ermənistanla müqayisədə Avropa Birliyi üçün daha önəmlidir. Ancaq ən ciddi problem erməni lobbisinin güclü olduğu Fransadan gələ bilər. İran isə Türkiyə ilə özünün pik nöqtəsini yaşayan münasibətləri itirmək istəmədiyi üçün, həm Cənubi Azərbaycanda yaşana biləcək gərginliklərin nəticələrini aradan qaldıra bilməyəcəyindən ermənilərin mövqeyini dəstəkləyəcək bir yanaşma göstərməyəcək. Ona görə müharibə başlasa, bu, bütün hallarda Azərbaycanın xeyrinə olacaq. Azərbaycan bu müharibədən qətiyyətli qələbə qazanan tərəf kimi çıxacaq. Çünki artıq heç bir şey 1993-cü ildəki şərtlərə bənzəmir.

- Rusiyanın bu münaqişəni həll etmək üçün son 2 ildəki fəallığını rolunu necə dəyərləndirirsiniz?

- Qarabağ Rusiyanın əlində son "kozır" kimi görünməkdədir. Bu özünün strateji məqsədləri olan Ermənistan Azərbaycanı nəzarətdə saxlamaq üçün yaxşı bir fürsətdir. Əslində isə Rusiyaya ortaya ciddi problemlər çıxartmadan Dağlıq Qarabağ münaqişəsini həll etməyə potensialı çatan tək ölkə kimi yanaşmaq mümkündür. Buna baxmayaraq Moskva problemin olduğu kimi sürünməsini seyr etməkdədir. Keçən dönəmdə bir neçə dəfə Azərbaycan Ermənistan prezidentlərini bir araya gətirsə nəticə əldə olunmadı. Digər tərəfdən, Rusiya münaqişənin çox uzanmasının Azərbaycan üzərində prestijini itirə biləcəyini hesablayır. Ermənilər durumlarından məmnundurlar. Çünki digər ağır nəticələrə baxmayaraq status-kvo onların lehinədir. Rusiya qarşıdakı vaxtlarda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni manevrlər edə bilər.

- Türkiyənin xarici siyasətində Azərbaycan Ermənistan amilinin hansı rolu oynadığı barədə deyə bilərsiniz?

- Azərbaycanın müstəqillik qazanmasından bəri Türkiyənin ona yönələn siyasəti çox da dəyişikliklərə uğramayıb. Ermənistanla imzalanan protokollar səbəbindən bəzi həssas təpkilər müşahidə edildi. Lakin bunların artıq arxada qaldığını söyləyə bilərik. Lakin ikitərəfli münasibətlərdə yeni konsepsiya hazırlanıb inkişaf etdirilməlidir. Ənənəvi münasibətlər iki ölkənin gələcəyə birlikdə sağlam bir şəkildə irəliləməsi üçün yetərli deyil. Misal üçün, Türkiyənin baş naziri Azərbaycana ən azı Suriyaya getdiyi qədər səfər etməlidir. Azərbaycan prezidenti İlham Əliyev də Rusiyaya getdiyi qədər Türkiyəyə gəlməlidir. Rəsmi səviyyələrdə yaşanan soyuqluq ancaq bu cür manevrlərlə aradan qaldırıla bilər. Süleyman Dəmirəl və Heydər Əliyev, Əbülfəz Elçibəylə Turqut Özal arasında olan münasibətlər əslində çox yaxşı bir nümunədir. Əslində bu mövzu ilə bağlı söyləyə biləcəyimiz çox şey var. Ermənistana gəlincə isə, bu ölkənin iqtisadi baxımdan Türkiyə üçün elə bir əhəmiyyəti yoxdur. Buna rəğmən erməni lobbilərinin fəaliyyətləri zaman-zaman Türkiyənin reaksiya verməsinə səbəb olur. Ankara bununla əlaqədar hansısa addımlar atmalı olduğunu düşünür. Qonşularla sıfır problem siyasəti çox əlverişli və səhvsizdir. Bununla belə, Ermənistanın həm şərq, həm də qərb qonşusu ilə uzun zaman müharibə vəziyyətində olması, problemli münasibətlərə malik olması hesaba alınmalıdır. Əgər tarixi problemlər, Dağlıq Qarabağ və ətraf rayonların işğalı kimi mövcud vəhşiliklər olmasaydı Qafqaz tam bir iqtisadi birliyə çevrilə bilərdi.

- Türkiyədəki parlament seçkilərindən sonra Ankaranın Qafqazla bağlı siyasətində hansı dəyişiklikləri gözləyirsiniz?

- Seçimlərdən sonra Qafqaz siyasətində önəmli dəyişikliklərin olacağını düşünmürəm. Lakin baş nazir Ərdoğan yeni hökumət qurduqdan sonra ilk səfəri Azərbaycana edərsə bunun iki ölkənin münasibətlərinə necə gözəl təsir edəcəyini xüsusilə vurğulamaq istərdim. Digər tərəfdən Türkiyənin Azərbaycan siyasəti Ankara üçün xarici siyasətdəki ilk on məsələ arasındadırsa, bu durum Azərbaycan baxımından ilk 4 əsas məsələ sırasında yer alır. Belə bir vəziyyət Azərbaycanın Türkiyədən gözləntilərinin daha yüksək olması ilə nəticələnir. Bu gözləntilərin doğrulması hər iki tərəfin yaxşı niyyətli və həssas olmayan yeni bir strategiya izləməsinə bağlı olacaq.

 

 

Azad Əliyev

 

Həftə içi.- 2011.- 16-18 aprel.- S. 1, 3.