Gənclər ekologiya ilə bağlı məlumatlandırılmalıdır
"Ətraf mühitin mühafizəsi"
V Beynəlxalq layihə olimpiadasının yekunlarına dair mətbuat
konfransı keçirilib
Bakıda
Əl oyunları İdman Sarayında "Ətraf mühitin
mühafizəsi" V Beynəlxalq layihə olimpiadası keçirilib.
Dövlət
Neft Şirkətinin dəstəyi ilə Təhsil Nazirliyi,
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin,
İctimai Televiziyanın, "Çağ" Öyrətim
İşlətmələri Şirkətinin və
"İNEPO-AVRASİYA" Ekologiya İctimai Birliyinin birgə
təşkil edəcəyi olimpiadada Albaniya, İndoneziya,
İran, Hindistan, Qazaxıstan, Gürcüstan, Litva, Makedoniya,
Malaziya, Meksika, Nigeriya, Pakistan, Polşa, Rumıniya, Slovakiya,
Türkiyə, Türkmənistan, Ukraynadan, ümumilikdə
dünyanın 33 ölkəsindən 300-ə qədər
şagird iştirak edib. Münsiflər heyətinə
bütün dünyadan 13-19 yaş arasında olan şagirdlərin
layihələri müsabiqəyə təqdim edilib. Olimpiadaya
təqdim edilən layihələri dünyanın müxtəlif
ölkələrindən gələn təcrübəli elm
adamlarından ibarət münsiflər heyəti qiymətləndirilib.
Olimpiadanın
yekunlarına dair keçirilən mətbuat konfransında
çıxış edən "Çağ" Öyrətim
İşlətmələri Azərbaycan-Türkiyə Özəl
Liseyləri Baş idarəsinin rəisi Arif Gömleksizin deyib
ki, ekologiya və qlobal fəlakətlərdən
çıxış yollarından bəhs edən
"INEPO-AVROASİYA" Ətraf Mühitin Mühafizəsi
Beynəlxalq Layihə Olimpiadasının keçirilməsində
məqsəd prezident İlham Əliyevin "Azərbaycan
Respublikasında ekoloji vəziyyətin
yaxşılaşdırılmasına dair 2006-2010-cu illər
üçün Kompleks Tədbirlər Planı"
haqqında sərəncamını rəhbər tutaraq ekoloji
problemlərin həlli və ətraf mühitin mühafizəsi
istiqamətində gənc nəsli məlumatlandırmaq,
onlarda ətraf mühitə qarşı həssas münasibət
formalaşdırmaq, təbii, mədəni, tarixi və
sosial-estetik dəyərlərin qorunması ruhu yaratmaqdır. Onun
sözlərinə görə, "İnepo-Avrasiya"
ekologiya olimpiadası dövlət müstəqilliyinin bərpasının
20-ci ildönümünə həsr edilib: "Olimpiadanı
keçirməkdə ən başlıca məqsədimiz Azərbaycanda
və dünyada artmaqda olan ekoloji problemlərin həlli və
ətraf mühitin qorunub saxlanması mövzusunda gənc nəsli
məlumatlandırmaqdır".
A.Gömleksiz
qeyd edib ki, olimpiadanın Azərbaycan həqiqətlərini
dünyaya çatdırmaqda böyük əhəmiyyəti
var. "Biz Azərbaycan xalqı ilə böyük bir ailə
kimiyik. Qarabağ həqiqətlərini, bu gün beynəlxalq
aləmdə həllini gözləyən problemlərin həll
edilməsində, başqa millətlərin bu problemlərlə
yaxından tanış olmasında olimpiadanın böyük əhəmiyyəti
var".
Şirkətin
idarə rəisi Arif Gömleksizin sözlərinə görə,
bu il ötən illərdən fərqli olaraq, olimpiadanın
statistikasında böyük dəyişikliklər var. Belə
ki, builki olimpiadada 35 ölkənin nümayəndəsi
iştirak edib. Aprelin 9-da məktəblilərin ənənəvi
Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə
Olimpiadasının (INEPO-EUROASIA) mükafatlandırılma mərasimi
keçirilib: "Bu olimpiadada Azərbaycan, Anqola, Mərkəzi
Afrika, İordaniya, Laos, Yəmən, Litva, Pakistan, Ukrayna, Əfqanıstan,
İran, Albaniya, Belarusiya, Hindistan, Danimarka, Gürcüstan,
İndoneziya, İraq, Qırğızıstan, Makedoniya,
Rumıniya, Slovakiya, Tayland, Türkiyə, Türkmənistan,
Qazaxıstan, Tacikistan, Filippin, Vyetnam, Malaziya, Meksika, Şimali
Kipr, Monqolustan, Bosniya və Hersoqovina, kimi yaxın-uzaq ölkələrdən
gələn şagirdlər qatılıblar.
Olimpiadada
Azərbaycanın bir sıra dövlət, hökumət,
nazirlik, millət vəkilləri, Türkiyənin Azərbaycandakı
Səfirliyinin nümayəndələri, idarə, elm və təhsil
müəssisələrinin rəhbərləri iştirak
ediblər. Müstəqilliyinin bərpasının 20-ci
ildönümünə həsr olunan olimpiadanın
keçirilməsində məqsəd Azərbaycanda və
dünyada artmaqda olan ekoloji problemlərin həlli və ətraf
mühitin qorunub saxlanması barəsində gənc nəsli məlumatlandırmaq,
şagirdlərdə ekoloji şüuru inkişaf etdirmək, ətraf
mühitə qarşı həssas, müsbət münasibəti
formalaşdırmaq, təbii, mədəni, tarixi və sosial
estetik dəyərləri qorumaq, problemlərin həllində şagirdləri
yaşayaraq və əməl edərək müxtəlif layihələr
haqqında düşündürməkdən ibarətdir".
A.Gömleksiz
vurğulayıb ki, bu gün Azərbaycanda ekoloji problemlərin
həllinə çox böyük diqqət göstərilir. "Azərbaycan
neft ölkəsidir. 150 ildən artıqdır ki, ölkəmizdə
açıq üsulla neft çıxarılması ekoloji
tarazlığın pozulmasına gətirib
çıxarıb.
Bildiyiniz
kimi, dünyada sənaye üsulu ilə ilk neft quyusu Azərbaycanda
qazılıb, neftin boru xətti ilə daşınması Azərbaycanda
həyata keçirilib, həmçinin ilk dəfə neftin
tankerlərə doldurulub daşınması da ölkəmizdə
baş verib. Hazırda biz böyük ekoloji layihələr həyata
keçiririk. Siz bu layihələrlə tanış
olacaqsınız. Hesab edirəm ki, bu olimpiadanın həm
sizin, həm də Azərbaycan üçün müsbət
təsiri olacaq. Həmçinin təbiətə münasibətdə
siz gənclərin fikirlərindən bəhrələnmək
də yaxşı olardı." A.Gömleksiz qeyd edib ki, Azərbaycan
dünya miqyasında belə Olimpiada keçirən nadir
ölkələrdən biridir. "Təbii ki, Prezident
İlham Əliyevin ekologiyaya diqqət və qayğısı
belə bir Olimpiadanın keçirilməsinə zəmin
yaratdı. Bu bir daha onu göstərir ki, Azərbaycan sadəcə
neft ölkəsi deyil". Onun dediyinə görə, Azərbaycan
bir çox beynəlxalq olimpiadalarda iştirak edib. "Nəzərinizə
çatdırım ki, 1994-cü ildən 2011-ci ilə qədər
keçirilən olimpiadalarda Azərbaycan 435 medal qazanıb. SOCAR-ın
sponsorluğu ilə Azərbaycan yalnız xarici dövlətlərdə
keçirilən olimpiadalarda iştirak etmir, həmçinin
ölkə daxilində də beynəlxalq olimpiadalar
keçirilir. Bu olimpiadaya isə 235 beynəlxalq dərəcəli
layihə təqdim olundu və onlardan 57-si iştirak hüququ
qazandı. Bununla yanaşı, olimpiadada iştirak edən
layihələrin keyfiyyəti də ildən-ilə yüksəlir.
Son 3 ildir ki, Azərbaycan məktəbləri də burada
iştirak edirlər".
A.Gömleksizin
sözlərinə əsasən, "İNEPO-AVRASİYA"
Ətraf Mühitin Mühafizəsi I Beynəlxalq Layihə
Olimpiadası 2007-ci ildə keçirilib, burada 17 ölkənin
məktəbliləri iştirak ediblər. 2008-ci ildə
baş tutmuş II Olimpiadaya 30, 2009-cu ildə
keçirilmiş III Olimpiadaya 31, 2010-cu ildə
keçirilmiş IV Olimpiadaya 33 ölkənin təmsilçiləri
qatılıblar. Azərbaycanın qabaqcıl məktəblərinin
şagirdləri bütün Olimpiadalarda uğurla
çıxış edərək, birinci Olimpiadada 4
qızıl, 4 gümüş, 4 bürünc, ikinci və
üçüncü Olimpiadalarda 4 qızıl, 8
gümüş, 12 bürünc, dördüncü olimpiadada
isə 5 qızıl, 8 gümüş, 10 bürünc medal
qazanıblar. Bu il Təşkilat komitəsinə təqdim
olunan layihələrin daha keyfiyyətli və maraqlı
olduğunu deyən "İNEPO-Avrasiya" Ekologiya İctimai
Birliyinin sədri A.Gömleksiz bildirib ki, münsiflər heyəti
tərəfindən qəbul olunmuş layihələrin 58-i Azərbaycan,
57-i isə xarici ölkələrin payına düşüb.
Münsiflər heyətində tanınmış və təcrübəli
alimlər təmsil olunub.
Bu
olimpiada Bakı Avropa Liseyinin şagirdləri Gülay Məmmədova,
Hafizə Əlirzayeva, "Qafqaz" Azərbaycan -Türkiyə
Özəl Gimnaziyasının şagirdləri Azər Əsgərov,
Aslan Mansurov, Akademik Zərifə Əliyeva adına məktəbin
şagirdləri Gülnar Rəhimzadə, Səbinə
İsayeva, Bakı Slavyan Universitetinin məktəb-lisey
kompleksinin şagirdləri Leyla Hacılı, Lalə
Darçınova, Şəki Azərbaycan-Türkiyə Özəl
Liseyinin şagirdləri Orxan Kərimov, Ayaz Məmmədov,
Şimali Kiprdən Mehmetbağır Bağırzadə,
Malaziyadan Muhammad Naqib İbrahim, Muhammad Zulhelmi Noor Azmi, Bosniya və
Hersoqovaniyadan Denis Perunicic, Vekas Murselovic, İraqdan Aya Adnan
Muhammed, Shene Karim Tofiq qızıl medala layiq
görülüblər. Bununla bərabər ekologiya sahəsində
hazırladıqları proqramlara və məqalələrə
görə televiziya və bir qrup qəzet nümayəndələri
də mükafatlandırılıb. Sonra mətbuat nümayəndələri
Bakı Özəl Türk Liseyində şagirdlər
üçün yaradılan şəraitlə tanış
olublar. Onlar liseyin kitabxanası, müasir tələblərə
cavab verən sinif otaqları, idman zalı, bugünədək
keçirilən olimpiadalara aid stendlərə baxış
keçiriblər.
Bəhruz
Həftə içi.- 2011.- 16-18
aprel.- S. 14.