"Etik jurnalistikanın inkişafı"
mövzusunda seminar keçirilib
Söz Azadlığı
və Jurnalist Peşəkarlığı Koalisiyası
"Etik jurnalistikanın
inkişaf etdirilməsi"
mövzusunda aprelin 7-dən
13-nə qədər Bakı
şəhərində Azərbaycan
jurnalistləri üçün
2 seminar təşkil edib. Seminarlarda
3 telekanal, 1 radio, 5 informasiya
agentliyi, 1 jurnal, 20 qəzet olmaqla ümumilikdə 30 aparıcı
kütləvi informasiya
vasitəsindən 32 jurnalist
iştirak edib.
Beynəlxalq Jurnalistlər Federasiyasından
olan iki beynəlxalq ekspert (Richard Cookson və Kevin Burden) yerli jurnalistlərə jurnalistikanın etik prinsipləri haqqında məşğələlər keçiblər. Bu sahədə
olan mövcud beynəlxalq təcrübələrə
istinad olunub. Məşğələlərdə müxtəlif praktiki
tapşırıqlar yerinə
yetirilib.
Layihə
koordinatoru və Jurnalistlərin Həmkarlar
İttifaqının (JuHİ)
sədri Müşfiq
Ələsgərlinin sözlərinə
görə, təlimin
məqsədi Azərbaycan
jurnalistlərini etik jurnalistikanın fundamental prinsipləri
ilə tanış etməkdir - hansılar ki, bütün dünyada jurnalistlər tərəfindən qəbul
edilir və çətin vəziyyətlərdə
bu prinsiplərin necə yararlı olmasını tədqiq etmək məqsədi daşıyır: "Təlim,
həmçinin, iştirakçıların
mövcud bacarıqlarını
təkmilləşdirmək və onları yeni bacarıqlarla təmin etmək məqsədi daşıyır.
Belə ki, bu bacarıqlarla onlar işlərində qarşılaşa biləcəkləri
problemlərlə tez,
effektiv və həssaslıqla məşğul
ola bilərlər.
Mən inanıram ki, siyasiləşmənin müstəqil
jurnalistikaya mane olduğu
indiki dövrdə, jurnalist etikası sahəsində maarifləndirməyə
çox ehtiyac var". Qeyd edək ki, Söz
Azadlığı və
Jurnalist Peşəkarlığı
Koalisiyasına Jurnalistlərin
Həmkarlar İttifaqı,
Demokratik Jurnalistlər
Liqası, Beynəlxalq
Avrasiya Mətbuatı
Fondu və "Ruh" Jurnalistlərin Hüquqlarının Müdafiəsi
Komitəsi daxildir.
Naibə
Həftə içi.- 2011.- 16-18
aprel.- S. 15.