XİN başçıları növbəti dəfə Naxçıvanda görüşəcəklər

 

Nazirlər görüşün sonunda 9 bənddən ibarət Urmiya Bəyannaməsi imzalayıblar

 

İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərində Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri Elmar Məmmədyarov, Əhməd Davudoğlu və Əli Əkbər Salehinin üçtərəfli görüşü keçirilib. "Hürriyyət"in yazdığına görə, İran tərəfinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə nazirlər bildiriblər ki, üçtərəfli görüşlərin hər il 2 dəfə olmaq şərti ilə əyalət şəhərlərində təşkil edilməsi onların qarşılıqlı razılıqları əsasında həyata keçirilir. Nazirlər bu cür danışıqları növbəti dəfə Naxçıvanda, üçüncü dəfədə isə gələn ilin ilk ayında Türkiyənin şərqində yerləşən şəhərlərdən birində keçirmək barədə razılıq da əldə ediblər.

Onların qənaətinə görə, belə görüşlər əlaqələrin daha sürətlə genişləndirilməsinə xidmət etdiyi kimi, bölgədə sülhün və əmin-amanlığın qorunmasına da böyük töhfələr verir. Sonda nazirlər Urmiya Bəyannaməsi qəbul ediblər. Doqquz bənddən ibarət Bəyannamədə iqtisadiyyatın kompleks inkişafı, turizm, elm və mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsi, terrorizmə, insan alverinə, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə imkanların əlaqələndirilməsi, bölgə və beynəlxalq təşkilatlarda əməkdaşlıq, münaqişələrin dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı çərçivəsində həlli və digər məsələlərə dair üçtərəfli əməkdaşlığın qurulmasına dair prinsiplər əksini tapıb.

Azərbaycanın XİN başçısı tədbir çərçivəsində türkiyəli həmkarı Ə.Davudoğlu ilə bir araya gəlib. İki nazir dövlətlərarası əməkdaşlığın inkişaf etdirilməsi yollarını, eləcə də Qafqazda vəziyyət və xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər. Bundan sonra E.Məmmədyarov İranın XİN başçısı Ə.Salehi ilə ikitərəfli görüş keçirib. Təbii ki, bu görüşdə də ikitərəfli münasibətlərin inkişafı, əməkdaşlıq sahələri və qarşılıqlı səfərlərin həyata keçirilməsi məsələləri müzakirə edilib.

Nazir E.Məmmədyarov İranın Qərbi Azərbaycan vilayətinin başçısı Vahid Cəlalzadə ilə görüşü də təşkil olunub. Görüşdə Azərbaycanla İran arasındakı mehriban qonşuluq və səmimi dostluq münasibətlərinin mövcudluğu vurğulanıb.

"Hürriyyət"də dərc olunmuş məqalədə isə görüşün əhəmiyyətinə toxunulur. Məqalə müəllifi yazır ki, toplantının məhz Urmiyada keçirilməsi Türkiyə və Azərbaycan əhalisi ilə yanaşı, həm də İran türklərinin (azərbaycanlılarının) bölgənin hər sahədə əməkdaşlıq proqramlarında iştirakını təmin etmiş olub. Yazıda göstərilir ki, iştirakçı üç ölkənin sərhədində yerləşən Urmiya şəhərinin əhalisi azərbaycanlılardır və Türkiyə ilə İranı və hətta Azərbaycanı birləşdirən yollar məhz bu şəhərdən keçir ona görə də orada yaşayan azəri türklərinin dövlətlərarası əməkdaşlıqda mühüm rol oynaması təbiidir. Buna işarə edən məqalədə yazılır ki, görüş ərəfəsində Türkiyə ilə İran arasında Kapıköy - Razi sərhəd - buraxılış məntəqəsinin açılması da Türkiyənin İranla əməkdaşlığı fonunda məhz Qərbi Azərbaycan vilayətinin inkişafına, onun türk əhalisinin Türkiyəyə inteqrasiyasına təkan verəcək. Qəzet eyni zamanda, yazır ki, yaxın gələcəkdə Maku gömrük məntəqəsi açılacaq və bununla da ölkələrarası əlaqələrin həcmi dəfələrlə yüksələcək. "İran Azərbaycanının Ən qədim və böyük şəhərlərindən sayılan Maku elə geostrateji yerdə yerləşir ki, Türkiyədən istər İranın daxili rayonlarına, istərsə də Azərbaycana gedən yollar oradan keçir. Bu mənada həmin keçid-buraxılış məntəqəsi Türkiyənin İranla yanaşı, həm də Azərbaycanla iqtisadi-ticari əlaqələrinin artmasına müsbət təsir göstərəcək", - yazan "Hürriyyət"də qeyd olunur ki, üç ölkənin XİN başçıları buk imi görüşləri davamlı olaraq keçirməklə, əslində, bölgə xalqlarının siyasi təhlükəsizliyini və sosial rifahını təmin etmiş olacaqlar.

  

 

Vüsal Tağıbəyli

 

Həftə içi.- 2011 .- 19 aprel.- S. 1-2.