"Azərbaycan Qafqazın demokratiya sabitlik ulduzudur"

 

Türkiyə-Amerika Assosiasiyaları Assambleyasının prezidenti Günay Evinçin "Həftə içi"nə eksklüziv müsahibəsi

 

Aprelin 24-ü yaxınlaşdıqca ABŞ-dakı erməni lobbisi Azərbaycan və Türkiyə əleyhinə fəaliyyətini gücləndirir. Hətta Konqresdə keçirilən görüşlərdə Azərbaycana yardımların dayandırılmasına çağırışlar da edilir. Konqresmenlər və senatorlar isə qondarma erməni soyqırımını tanımağa çağrılıb. Digər tərəfdən, ABŞ-da artıq prezident seçkilərinə də start verilib. Ermənilər bu məsələdə də özlərinə uyğun namizəd axtarışına çıxıblar. Bütün bu məsələlərlə bağlı suallarımızı "Həftə içi"nə eksklüziv müsahibəsində Türkiyə-Amerika Assosiasiyaları Assambleyasının prezidenti Günay Evinç cavablandırır:

- Qarşıdan 24 aprel-qondarma erməni soyqırımının növbəti ildönümü yaxınlaşır. Bununla bağlı artıq ABŞ-dakı erməni lobbisi güclü fəaliyyətə keçib. Onların istədiklərini reallaşdırmaq imkanları nə qədərdir?

- Martın 17-19-da Türk-Amerikan Dərnəkləri Assambleyası və Türk-Amerikan Dərnəkləri Federasiyası birlikdə Vaşinqtonda Beynəlxalq Liderlik Konfransı təşkil etdi. Bu tədbirə ABŞ-dakı təşkilatlarımızın rəhbərləri, öndə gələn könüllülər də qatıldılar. Konfransın ikinci günündə hamımız ABŞ Konqresinə gedərək orada bütün millət vəkillərinin ofislərini ziyarət etdik. Ayrıca, martın sonunda Türk-Amerikan Koalisiyası ABŞ Konqresində "Türk günü" adlı nahar və şam yeməyi təşkil etdi. Həmin tədbirə də çox sayda millət vəkili qatıldı.

Məhz bu addımlarımızdan sonra erməni lobbisi narahatlıq keçirərək Konqresə üz tutub. Ancaq bu iki ziyarətdə böyük fərq var idi. Türklər yerli seçicilərlə onların ziyarətinə gedib. Amerika erməni lobbisi isə oraya öz kreslolarını güclə qoruyan üst səviyyəli lobbiçilərlə getdilər. Türklər və azərbaycanlılar xalq hərəkatı kimi addımlar atırlar. Bir məqamı da vurğulamaq istəyirəm. Amerika erməni lobbisi bu ölkədəki ermənilərə özlərini isbatlamaqda çətinlik çəkirlər. Amerikadakı erməni xalqı "bunlar bizim üçün nə edirlər axı" suallarını səsləndirməyə başlayıb. Amerikadakı erməni lobbisi yüzlərcə kilsə, 500 sivil toplum təşkilatından ibarət olmaqla illik 40 milyon dollarlıq bir büdcə ilə türk düşmənçiliyini sürdürür, erməni birliyini təşkil etməyə çalışırlar. Bundan əlavə, Amerikadakı erməni lobbisi böyük bir sənaye yaradıb. Bir çox Amerika ermənisini orada işlədərək xalqın puluyla varlandırır. Bununla da hər il Konqresdə qondarma soyqırımın tanınmasını nəzərdə tutan qanunun qəbuluna, Ağ Ev rəhbərinin isə "soyqırım" ifadəsini işlətməsinə çalışırlar. Azərbaycana qarşı edilən işğala, ədalətsizliyə haqq qazandırmağa səy göstərirlər. Dünyada etdikləri terroru gizli saxlamağa cəhd edirlər. Bu günə qədər ABŞ Konqresinə 12 qətnamə layihəsi təqdim edilib. Onlardan keçən altısında "soyqırım" ifadəsi işlədilməyib. Müzakirəyə çıxarılmayanlarda isə "soyqırım" ifadəsinə yer ayrılıb. Bu vaxta qədər ABŞ prezidentlərinin hamısı 24 aprel müraciətində də "erməni soyqırımı" ifadəsini işlətməyib. Amerikadakı erməni lobbisi bu günə qədər öz xalqından topladığı pullar və Ermənistanı qonşularıyla çox çətin duruma salmasının qarşılığında hansı məqsədinə nail olub ki? Heç birinə! Digər tərəfdən isə bu gün Türkiyə Avropanın 6-cı, dünyanın isə 15-ci iqtisadiyyatına sahibdir. Gələcəkdə bu dövlət daha da güclənəcək. Azərbaycan isə qərb üçün enerji mənbəyi və tranzit ölkəyə çevrilib. Onun da qüdrəti durmadan artacaq.

- Ermənistan Xankəndidə Bakının razılığı olmadan hava limanı inşa edir. Bunun müqabilində isə Azərbaycanın sərt təpkiləri ilə üzləşib. Amerika Erməni Milli Komitəsi isə Azərbaycanın bu hava limanına enəcək istənilən təyyarəyə qarşı müvafiq addımlar atacağına dair bəyanatını əsas tutaraq Amerika Konqresini Bakıya maliyyə yardımlarını dayandırmağa, Ermənistana isə hərbi yardımları artırmağa səsləyir. Bununla bağlı siz nə fikirləşirsiniz?

- ABŞ-ın Azərbaycana nə yardımı, nə də dəstəyi kəsiləcək. Azərbaycan ABŞ üçün çox önəmlidir. Bakı həm Ankara, həm də Vaşinqtonla çox güclü münasibətlər qurub. ABŞ-dakı yəhudi lobbisi də Azərbaycanı hər zaman dəstəkləyib. Azərbaycan Qafqazın demokratik, etibar və sabitlik ulduzudur. ANCA-nın (Ermənistanın "Daşnakstyun" partiyasının ABŞ-dakı təmsilçisi və lobbisi) düşüncələri ekstremist mahiyyət daşıyır və bu məlumdur. Onlar Vaşinqtonda getdikcə hörmətlərini itirirlər. Bir həqiqət var ki, Ermənistan Azərbaycanın işğal altındakı torpaqlarından geri çəkilmədikcə, Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə əməl etmədikcə, beynəlxalq hüquqa hörmət göstərmədikcə Türkiyə ilə sərhəd qapıları çətin ki, açılsın. Bunun məntiqi nəticəsi olaraq isə Ermənistan indiki kimi yenə də Qafqazda yalnız qalmaqda, kasıblamaqda və ekstremist düşüncələrin əsiri olmaqda davam edəcək. Ümid edirik, vaxt keçdikcə ABŞ-da həddən artıq sağ təmayüllü olan, cibini milyonlarla dollarla dolduran erməni lobbisi Ermənistanı rahat buraxacaq..

- ABŞ Konqresi tərəfindən Azərbaycana tətbiq olunan "907-ci düzəliş" hələ də rəsmən aradan qaldırılmayıb. Bunun qarşısını alan başlıca səbəb nədir, Azərbaycan və türk diasporlarının bu addımın atılmasına nail olmağa gücləri çatmır?

- "907-ci düzəliş" əslində nəzəri baxımdan qüvvədədir. Nəzəri qadağalar isə erməni lobbisi və xalqını təsəlli edir. Keçmişdə Türkiyə də buna bənzər məntiqsiz və irqçi qadağalara məruz qaldı və onlarla mübarizə apardı. Buna misal kimi Kiprdəki barış hərəkatından sonra yaşananları misal göstərə bilərik. Lakin zaman keçdikcə həmin qadağaların mənasız olduğu anlaşıldı və aradan qaldırıldı. "907-ci düzəliş" də bir gün rəsmən yox olacaq.

- ABŞ-da prezident seçkilərinə start verilib. Artıq erməni lobbisi onların istəklərini reallaşdıracaq namizəd axtarışına çıxıb…

- Erməni lobbisi təkrar "soyqırım" ifadələrinin işlənməsini etdiyi kampaniya yardımları ilə prezidentliyə namizədlərdən almağa çalışacaq. Soyqırım bu qədər ucuzlaşa bilər. Bəzi namizədlər erməni lobbisinə söz verə bilərlər. Ancaq liderlik kreslosuna oturduqdan sonra ABŞ-ın beynəlxalq maraqları və prinsipləri istiqamətində hərəkət edəcəklər. Bu prinsiplərin ən önəmlilərindən biri isə belədir. Hər hansı bir cinayət siyasi yollarla yox, hüquqla araşdırılıb isbatlanmalıdır. Demokratiya və ədalət budur. Ermənilərin "soyqırım" iddiası isə bu vaxta qədər hər hansı bir şəkildə istintaq və ya beynəlxalq hüquq vasitəsi ilə isbatlanmayıb, qəbul edilməyib. Bu iddiaların mövcud dəlillərlə isbatlanması və qəbul edilməsi də imkansızdır.

 

 

Azad Əliyev

 

Həftə içi.- 2011.- 19 aprel.- S. 1, 3.