"Uğur"
təhsil sistemi yenilik vəd edir
Razi Vəliyev: "Tələbələr
hər il
Azərbaycandan xaricə
ən azından 300 milyon dollar çıxarır"
Bu günlərdə türk
mətbuatından öyrəndik
ki, bu ölkədə
fəaliyyət göstərən
"Uğur" təhsil
şəbəkəsi Azərbaycanda
da öz şöbəsini açıb. Hətta Uğur
Təhsil Şurasının
sədri Ənvər Yücel bildirmişdi ki, onların hədəfi Azərbaycanda
mövcud olan 300 milyon dollarlıq təhsil
bazarından 10 faizlik
pay almaqdır. Biz də
bu məsələyə
aydınlıq gətirmək,
eyni zamanda "Uğur"un Bakıda açdığı
şöbə ilə
tanış olmaq məqsədilə üz tutduq həmin ünvana.
"Uğur" kurslarının
Bakının mərkəzində,
müasir üslubda təmir olunmuş və ən yeni avadanlıqla təchiz edilmiş 3 mərtəbəli binasının
açılışı olsa da, hələlik,
rəsmi fəaliyyətə
başlanılmayıb. Amma bizi
maraqlandıran suallar əsasında Uğur Təhsil Şurasının
Azərbaycanda koordinatoru
Razi Vəliyevlə söhbətləşdik.
- Uğur təhsil şəbəkəsinin qurucusu
Ənvər Yüceldir.
1968-ci ildə qurulan bu şəbəkəyə
uşaq bağçasından
tutmuş universitetədək
hər səviyyədə
təhsil müəssisələri
daxildir. Şəbəkə hazırda Türkiyədə
180-dən artıq şöbə,
1 universitet və 20 kollecdən ibarətdir.
Bundan əlavə, xaricdə də iki ölkədə
- Birləşmiş Ştatlarda
və gördüyünüz
kimi, Azərbaycanda kurslar açılıb.
Maraqlısı budur ki, Birləşmiş Ştatlarda
ingilis dili kursları veririk.
- Amerikalılar ingiliscə danışdığı
halda bu, dili kimə öyrədirsiniz?
- Ora tələbələr
xaricdən gətirilir.
Məsələn, elə dinləyicilərimiz
var ki, onlara
ingilis dilini əyani öyrətmək
üçün Türkiyədə
deyil, məhz Birləşmiş Ştatlarda
açdığımız həmin kurslara cəlb edirik.
- Azərbaycanda bu kurslardan başqa
nə etmək planınız var?
- Ənvər bəyin
qarşımıza qoyduğu
bir hədəf var: yaxın gələcəkdə respublikanın
müxtəlif bölgələrini
əhatə etmək şərti ilə şöbələrimizin sayını
20-yə çatdıraq. Bundan əlavə,
bir kollec də açmaq niyyətimiz var. Eləcə
də Gürcüstan,
Qazaxıstan və Türkmənistanda da şöbələrimizi açmaq
istəyirik.
- Rəsmən fəaliyyətə nə
vaxt başlayacaqsınız?
- Qismət olarsa, sentyabrda. Aprelin 30-da və mayın
1-də 10-cu siniflər üzrə
abituriyent qəbulu keçirəcəyik. Mayın sonlarında
isə 9-cu siniflər
üzrə imtahan keçirmək planımız
var. Əsas odur ki, yerləri doldurmaq xatirinə qəbul imtahanı keçirmək istəmirik.
Necə deyərlər,
az olsun,
keyfiyyətli olsun prinsipini əsas tutacağıq.
- Hansı ixtisaslar üzrə qəbul olacaq?
- 4 qrupun hər biri üzrə. Yəni bütün ixtisaslar üzrə dərslər veriləcək. İlkin olaraq,
hələlik, kurslara
200 nəfərin qəbulunu
nəzərdə tutmuşuq.
Konkret desək, 10 nəfər götürüb
50 bal qiymətə uyğun
hazırlamaqdansa, 5 nəfər
qəbul edib 100 bal qiymətə uyğun bilik vermək istəyirik.
- Maraqlıdır,
xidmətin aylıq qiyməti nə qədər olacaq?
- Qiyməti burada yerli idarə heyəti ilə təyin edəcəyik. Amma bütün hallarda təhsil bazarına uyğun qiymətlər olacaq. Bu da
kurslardan asılı olaraq təxminən 150 -
250 manat arasında nəzərdə tutulub.
Amma abituriyent bu pulun müqabilində 5 fənn üzrə hazırlaşacaq.
- Yəqin siz də bilirsiniz
ki, bu gün
Azərbaycanda açılmış
kursların sayı-hesabı
yoxdur. Bu halda
yenicə fəaliyyətə
başlayan "Uğur"
kurslarının digərlərindən
fərqi nə olacaq ki, gənclərini
diqqətini çəkə
bilsin?
- Birincisi, biz hər bir abituriyentin nə dərəcədə
öyrənə biləcəyini
müəyyənləşdirəndən
sonra onunla iş aparırıq. Yəni fərdi öyrənmə
testindən istifadə
etməklə, psixoloji
olaraq gənclərin nəyə qadir olduğunu öyrənirik.
Bundan sonra isə karyera planlama testi tətbiq edirik. Yəni abituriyentə hansı
ixtisasa daha mükəmməl yiyələnə
biləcəyini başa
salaraq, onu bir növ istiqamətləndiririk.
Təbii
ki, müəllimlərin
işə qəbulu da müəyyən testlərlə aparılacaq.
Sonra da ki, biz hazırda ancaq Vergilər Nazirliyinə rüsum ödəyirik, amma gələcəkdə Təhsil
Nazirliyi ilə əməkdaşlıq etmək
niyyətimiz var. Çünki
bu qurum "Uğur" təhsil sistemi ilə müqayisədə daha təcrübəlidir. Çalışacağıq
Təhsil Nazirliyi bizdə fərdi audit aparsın.
- Siz bu kursları keçən abituriyentlərin
ali məktəblərə
daxil olacağına təminat verirsiniz? Çünki bu təminatı verən bir çox kurs mövcuddur…
- Birincisi, biz abituriyentləri
seçib, ən savadlılarını götürəcəyik.
Sonra da ki, 100 ballıq qiymətləndirmə üzrə
50-dən artıq bal toplayan gəncin ali məktəbə qəbul imtahanında yüksək xal toplamayacağına inanmaq
çətindir. Həm də
ki, biz kurslara qəbul etdiyimiz hər bir şəxsi
yüksək səviyyədə
hazırlaşdıracağımıza təminat veririk. Deməli, onların universitetlərə
qəbul olunması qaçılmazdır.
- Bir abituriyent neçə müddətə hazırlaşdırılacaq?
- Dərslər sentyabrda başlayacaq və 10 ay davam edəcək. Yəni Tələbə Qəbulu üzrə Dövlət Komissiyası qəbul
imtahanlarına start verənədək.
- Yəqin türk mətbuatından da oxudunuz ki,
Uğur Təhsil Şurasının sədri
Ənvər Yücel Azərbaycanda 300 milyon dollarlıq təhsil bazarından söz açmışdı və
bu bazarın ən azından 10 faizinə nəzarət etmək istəklərini bildirmişdi. Söhbət hansı 300 milyon
dollardan gedir?
- Təhsil Nazirliyinin rəsmi məlumatına əsasən, xaricdə təhsil alan
azərbaycanlı tələbələrin
sayı 10 min nəfərdir.
Bu isə o deməkdir
ki, onların hər biri xaricdə
təhsil almaq üçün orta hesabla 30 min dollar xərcləyir.
Yəni hər il Azərbaycandan
xaricə minimum 300 milyon
dollar çıxarılır. Özü də başqa ölkələrlə müqayisədə
Türkiyədə ödənişli
təhsil bir qədər ucuzdur, İngiltərədə, Amerikada,
Fransada bu rəqəm 100 min dollaradək
yüksəlir. Eyni
zamanda, Azərbaycanın
ali məktəblərində
də təkcə Türkiyədən 5 minə
yaxın tələbə
təhsil alır. Bu isə o deməkdir ki, onların hər biri hər
il Azərbaycana təhsilhaqqı, ev kirayəsi, yemək-içmək,
gəzmək və sair kimi xərclər
də daxil olmaqla, 10 min dollar, ümumilikdə
isə 50 milyon dollar gətirirlər. Ənvər
Yücelin demək istədiyi də budur ki, Azərbaycanın
xaricdə təhsil alan tələbələrinin
ən azı 10 faizini "Uğur" təhsil sisteminin məktəblərinə, o cümlədən
Bağçaşəhir Universitetinə
cəlb etmək lazımdır. Yəni bununla da onların xaricdə xərclədiyi vəsaitin
10 faizi avtomatik "Uğur" təhsil sisteminin hesabına keçəcək.
- Ola bilər ki, hansısa gənc
çox istedadlıdır, ölkəsi və milləti
üçün böyük uğurlar qazana biləcək
imkanındadır. Amma kasıbdır, təhsilini davam etdirməyə
pulu yoxdur. Belə olan təqdirdə "Uğur" onun
köməyinə çata, daha dəqiq desək, pulsuz ali təhsil
almasına yardım göstərə bilər?
-
"Uğur"un belə ənənəsi mövcuddur.
Özü də bizdə istedad deyəndə, ancaq gəncin
malik olduğu savad nəzərə alınmır. O,
yaxşı şahmatçı, sənətçi, rəssam,
idmançı və sair ola bilər. O zaman biz həmin şəxsin
bütün maddi xərclərini öz üzərimizə
götürürük.
Vüsal Tağıbəyli
Həftə içi.- 2011.- 19
aprel.- S. 4.