"Anam mənim bir dünyamdır" deyən anasızlar
Bu şəhərin
bir çox məkanlarında yerləşən
xüsusi yerlər var ki, o
yerlər bəlkə də bəziləri
tərəfindən sezilir, ya da çoxları tərəfindən
fərqinə belə, varılmır.
Amma
həmin yerlərdə də həyat var, yaşam var. Orada da
daim dəyişən, yeniləşən kədərli,
şirinli günlər bir-birini ard-arda əvəz edir. Lakin
bir az fərqli tərzdə. Onlar da bir ailədirlər, amma bu
ailənin sakinləri 4-5 nəfərdən ibarət deyil,
50-60 nəfər, bəlkə də daha çoxdur. Onların
gözləri səhərin doğan günəşinə bir
açılır, elə gecənin qaranlığına da
bir yumulur. Kənardan baxanda hər şey qənaətbəxş
görünsə də, nə yazıq ki, bu ailənin
üzvlərinin bütöv bir tamlığını pozan
yarım qalmış və bəlkə də heç vaxt
tamamlana bilməyəcək bir tərəfləri var. Körpə
yaşlarından həyatın sərt "şilləsinə"
tuş gələn, bu "şillənin" izini bir
ömür boyu özlərində hiss edən bu balacaların
natamam tərəfləri valideyn nəvazişindən uzaq
düşmələridir. İndi bu səhifələrdə
təsvir edəcəyim həyat heç kimin
arzulamadığı, yaşamaq istəməyəcəyi bir yaşam
tərzi olsa da, bu həyat yalnız onların özünə
məxsusdur. Yəqin artıq oxucularımız
üçün də məlumdur ki, söhbət yenə də
kimsəsiz uşaqların üzərində cərəyan
edir. Bu dəfə yolumuz Mərdəkanda yerləşən 2
nömrəli yetim və valideyn himayəsindən məhrum
uşaqlar üçün internatadır.
Dövlətin diqqəti var, amma
valideyn qayğısını əvəz etmir
Heydər
Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin
inkişafı Proqramı" yazılmış plakatı
görüb gəldiyimiz yerin dəqiqliyinə bir daha əmin
oluruq.
Balaca
qapıya yaxınlaşırıq, bizi nürani bir qoca
qarşılayıb kim olduğumuzla maraqlanır. Özümüzü
ona təqdim edirik, qoca mehribanlıqla "xoş gəlib, səfa
gətirmisiniz" deyərək bizi içəri dəvət
edir. Bizim isə hər zaman olduğu kimi, müşahidələrimiz
davam edir. Böyük bir ərazinin səliqəsi,
uşaqların rahat oynaya biləcəyi hər cür şərait
diqqətimizdən yayınmır.
Amma
dərs vaxtı olduğu üçün həyətdə
balaca sakinlər gözümüzə dəymir. Yaxınlaşırıq
direktorun otağına. Bizi tədris işləri üzrə
direktor müavini Solmaz Sultanova qarşılayır. Onunla
söhbətə internatın yaranmasından
başlayırıq: "Bu internat dövlət tərəfindən
1938-ci ildə 6 nömrəli uşaq evi kimi yaradılıb,
1985-ci ildən isə 2 nömrəli internat məktəbi
adlandırılıb. Elə həmin gündən də daim
nəzarətdədir. Heydər Əliyev Fondunun rəhbəri,
millət vəkili, ölkənin birinci xanımı Mehriban Əliyeva
da bizim uşaq evinə daim nəzarət edir. Hər bayram
onlar üçün gözəl süfrələr
açır, geyimlərini, kitab-dəftərlərini təşkil
edir. İşləri nə qədər çox olsa da,
Mehriban xanım Əliyeva heç vaxt bizim internatı unutmur. Bizim
uşaqlardan çoxu ali məktəblərə yüksək
balla daxil olur. Əksəriyyəti isə əlaçıdır.
Hətta əsgərliyə gedən oğlanlarımızdan
bizə tərifnamələr gəlir. Təbii ki,
bütün bunlar onlara göstərilən dövlət
qayğısının nəticəsidir, biz təkbaşına
bunların öhdəsindən əsla gələ bilməzdik.
Onu da qeyd edim ki, hazırda bizim uşaq evində 238 uşaq
var. Buraya qəbul olunan uşaqlar 6 yaşdan yuxarı
olmalıdır. Yəni bizdə yaş həddi 6-16
yaşdır. Uşaqlar burada 9 illik təhsillərini başa
vurduqdan sonra 1, 18 və 8 nömrəli liseylərə göndərilir,
təbii ki, onlar orada da hər cür şəraitlə təmin
olunurlar".
Solmaz
xanımla söhbətimizə uşaqların gündəlik
rejimi, onların gördükləri gündəlik işlərlə
bağlı davam edirik: "Məktəblilər internatın
nəzdində yerləşən 9 illik məktəbdə təhsil
alırlar. Onların günləri isə belə
başlayır: saat 7-də yuxudan dururlar. Səhər
idmanı, səhər yeməyi, gəzinti, dərs -
hamısı sistemli şəkildə bir-birini əvəz
edir. Uşaqlar boş vaxtlarında müxtəlif məşğələlərdə
olurlar. Məsələn, televizora baxırlar, idmanla məşğul
olur, oyun oynayırlar. Məktəbin nəzdində nəfəsli
orkestr fəaliyyət göstərir. Orkestrin üzvləri Qəbələdə
keçirilən festivalda 2-ci yeri tutdular. Onu da xüsusilə
qeyd edim ki, bu orkestr respublika üzrə uşaq evlərində
təkcə bizdədir. Hətta Turanə adında bir
qızımız var, trubada ifa edir, nəzərə almaq
lazımdır ki, bu, qız üçün bir az
ağırdır. Hər şənbə-bazar günü isə
valideynlərlə görüş olur. Çünki burada elə
uşaqlar var ki, valideynindən yalnız biri var, lakin
imkansızlıq üzündən həmin valideyn
uşağına baxa bilmir. Belə valideynlər ara-sıra
uşaqlarını görməyə gəlirlər".
Qurban gedən balacalar
Deyirlər,"Uşağı,
balaca vaxtı hər istədiyini yerinə yetirib onu bir bütə
döndərsən, vaxt gələr səndən qurbanlar tələb
edər". Bəlkə də bu sözdə böyük həqiqət
var, lakin nə yazıq ki, bizim baş çəkdiyimiz və
daha neçə-neçə uşaq evlərində olan
balacalar nəsə tələb etmək, nəsə istəmək
haqlarından məhrumdurlar. Onlar qurbanlar tələb etmədən
özləri zamanın ağır gərdişinə qurban
gedirlər. Ailə quran insanlar, görəsən,
düşünə bilmirlər ki, onlara görə cüzi
görünən səhvin ağrısını,
acısını körpələr çəkir, onlar
yaralanır dəyən zərbələrdən. Cəmiyyətimizdə
belə ailələr yüzlərcə, bəlkə də
minlərcədir. Elə bu gün onun ağır nəticəsidir
ki, sayı bəlli olmayan qədər uşaq ata-ana
qayğısından məhrum böyüyür. Onların gələcəyi
isə hələ heç kimə məlum deyil.
Çünki onlar dövlət tərəfindən, cəmiyyət
tərəfindən nə qədər qayğı görsələr
də, aldıqları psixoloji yaranın təsirindən daim
özlərini tək hesab edirlər. İsti, rahat evimizdə,
təmin olunmuş gələcəyimizlə, seçdiyimiz
ixtisasımızla, hər qayğımızı,
nazımızı çəkən valideynlərimizlə,
sevimli məşguliyyətlərimizlə, reallaşan
arzularımızla dolu bir həyat yaşayırıq. Amma
onlar bütün bunlardan məhrumdurlar.
Qəribə
də olsa, acı da olsa bir reallıq var ki, uşaq evləri
imtina edilmiş uşaqlara müəyyən bir yaş həddinə
qədər himayədarlıq edir. Yetkinlik yaşına
çatmış gənclər həmin yaş həddini
başa vurduqdan sonra bir zaman evləri sandıqları uşaq
evinin qapıları onların üzünə bağlanır.
İllər boyu qayğıdan uzaq nakam arzularla böyüyən
bu gənclərin həyatda aldıqları ikinci zərbə,
bəlkə də budur.
"Anamı söymə, o mənim
hər şeyimdir"
Burada
olan uşaqlardan biri körpə yaşlarından uşaq evində
böyüyür. Bəlkə də soruşsan,
anasının üzünü belə, xatırlamır. Amma
bu uşaq balaca canı ilə ana müqəddəsliyinin nə
olduğunun fərqindədir. Bir gün başqa bir həmtaleyi
ilə aralarında yaşanan kiçik münaqişə nəticəsində
digər balacanın onun anasını söyməsinə tab gətirə
bilməyib və deyib: "Anamı söymə, o mənim hər
şeyimdir". Halbuki bu məsumun hər şeyi olan həmin
ana ona bəlkə də bir göz qırpımında və
düşünmədən qıyıb. Tural da
buradakılarla eyni taleyi bölüşür. Bu balaca
oğlan hələ də onu övladlığa götürmək
istəyən, bir ana kimi sevib bağlandığı, bəlkə
də onu dünyaya gətirən anasından da çox sevən
o qadının yolunu gözləyir. Amma təəssüf ki,
həmin qadın bir daha Turalı ziyarətə gələ
bilməyəcək. Taleyi Turala ikinci anasını vaxtsız
almaqla daha bir "oyun oynadı".
Bizim
bilmədiyimiz, eşitmədiyimiz belə acınacaqlı
taleli uşaqlar çoxdur bu internatda. Amma bizim
üçün burdan ayrılma məqamı artıq
çoxdan yetişib. Bu uşaqlarla görüşdən
sonra məndə bir fikir yaranır. Ana olmaq övladını
dünyaya gətirmək deyil, eyni zamanda ona qayğı, sevgi
göstərə bilməkdir.
Sevda Zahidqızı
Həftə içi.- 2011.- 19
aprel.- S. 5.