Ağdam kollecində əsl kadrlar hazırlanır

 

Fəxrəddin Zamanov: "Məqsədimiz tələbələrin intellektual səviyyəsini artırmaqdır"

 

Təhsilə dövlət tərəfindən ilbəil qayğı artmaqdadır. Son illərdə iki mindən çox yeni məktəb, yeni tədris ocaqları üçün əlavə korpuslar tikilərək hər cür avadanlıqlarla təchiz olunub.

Belə təhsil müəssisələrindən biri də Ağdam Dövlət Sosial-İqtisad Kollecidir. Ağdamın Quzanlı qəsəbəsində fəaliyyət göstərən bu təhsil ocağı 2 mərtəbəli möhtəşəm bir binada yerləşir. Burada tələbələrin yüksək səviyyədə təhsil alması üçün hər cür şərait yaradılıb. Geniş akt və idman zalı var, zəngin kitabxana fəaliyyət göstərir. Tədris prosesi 2 növbəlidir.

Bu kollecdə təhsil alan tələbələr 28 qrupda təmsil olunmaqla ibtidai təhsil, incəsənət və rəsmxətt, nəqliyyatda daşınmaların və idarəetmənin təşkili, maliyyə və vergi hüququ ixtisaslarına yiyələnirlər. Təhsilin göstəriciləri yüksəkdir. Belə ki, 2010 - 2011-ci tədris ilində mənimsəmə göstəricisi 98 faiz olub. Kollecin direktoru Fəxrəddin Zamanov bildirdi ki, tədrisin mühüm bir hissəsi olan istehsalat təcrübəsinin səmərəli keçirilməsi üçün ilin əvvəlindən ayrı-ayrı təhsil müəssisələri ilə müqavilə bağlanılıb: "Belə ki, tələbələr nəzəriyyədə topladıqları biliklərini təcrübəyə tətbiq edirlər. Bu da onların ixtisaslı kadr kimi hazırlanmasına kömək edir. Hərbi vətənpərvərliklə bağlı tədbirlər keçirilir. Şəhidlərin və milli qəhrəmanların stendləri, guşələri hazırlanıb, onların keçdiyi həyat yolu barədə tələbələrə ətraflı məlumat verilir. Həmçinin ziyalılarla, müharibə veteranları, Qarabağ döyüşçüləri, şair və yazıçılarla tələbələrin görüşləri keçirilir. Bütün mərasimlər kollecdə qeyd olunur. Neçə ildir, ölkəmiz Baloniya təhsil sisteminə qoşulub. Məqsədimiz biliklərin qiymətləndirilməsinin səmərəliliyini artırmaq, gənclərə fərdi yanaşmaq, ümumilikdə ixtisaslı kadr hazırlığını təmin etmək kimi mühüm prosesi yerinə yetirməkdir və bunun üçün də çalışırıq. Tələbə kontingentinin böyük əksəriyyətini ətraf rayonlardan gələnlər təşkil edir. Müəllim və tələbələrin əksəriyyəti kitabxananın üzvüdür. Vaxtaşırı şair və yazıçıların əsərlərinin geniş müzakirəsi, o cümlədən təzə çap olunan əsərlərin müzakirəsi və oxucu konfransları keçirilir. Bu da tələbələrin ümumi intellektual səviyyəsinin genişlənməsinə və dünyagörüşlərinin artırılmasına səbəb olur. Müəssisəmizdə valideyn komitəsi yaradılıb. Kollecin Tələbə-gənclər və idman təşkilatı valideynlərlə sıx əlaqə saxlıyaraq tələbələrin tərbiyəsi, sağlamlıqları barədə söhbətlər aparır".

F.Zamanov həmçinin vurğuladı ki, kollecin idman zalı üçün 5000 manat dəyərində avadanlıq alınaraq gənc idmançıların istifadəsinə verilib: "Gənclərimiz idmana böyük həvəs göstərirlər. Bunun nəticəsidir ki, bu il 5 mart Bədən tərbiyəsi və idman gününə həsr olunmuş futzal üzrə rayon birinciliyində kollecin komandası 1-ci yeri tutdu. Rayon gənclər və idman təşkilatının təşkil etdiyi şahmat yarışlarında şahmatçılarımızdan Tahir Bünyadov 2-ci yerlə kifayətlənib. Tələbələrin asudə vaxtlarında qruplar arası yarışlar keçirilir. Qalib qruplar diplom və medalla mükafatlandırılır. İdmanın cüdo növü üzrə keçirilən Respublika turnirində idmançımız Fariz Səfərov 1-ci yerə çıxıb. Hazırda Fariz Praqa şəhərində keçirilən Avropa birinciliyində milli yığmamızın tərkibində ölkəmizi təmsil edir. Kollecdə ulu öndərimiz Heydər Əliyevin qarşıdan gələn doğum günü ilə bağlı idmanın bir neçə növü üzrə yarışlar keçiriləcək".

Müsahibim təhsil ocağında istedadlı və qabiliyyətli gənclərin də olduğunu söylədi: "Tələbələrimizdən Pənah Bayramov və Qönçə Həsənzadənin kollecdə rəsm və əl işlərindən ibarət sərgi təşkil edilib. Həmçinin həmin tələbələr rayon və gənclər idman idarəsinin təşkil etdiyi ümumi rayon sərgisində öz əl işlərini nümayiş etdirirlər".

  

  

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2011.- 19 aprel.- S. 5.