Azərbaycan həqiqətləri Pakistan mətbuatında

 

Tahir Faruq: "Azərbaycan müsəlman dünyasında qadınların səsvermə hüququnu tanıyan ilk ölkədir"

 

Pakistanda dərc olunan nüfuzlu "Daily İttehad" qəzetində "Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etmişdir" sərlövhəli məqalə dərc olunub.

 

Azərbaycanın Pakistandakı səfirliyindən "Həftə içi"nə verilən məlumata görə, forumda şəxsən iştirak etmiş baş redaktor Tahir Faruqun qələmə aldığı yazıda aparıcı beynəlxalq təşkilatların - UNESCO, İSESCO və AŞPA-nın rəhbər şəxslərinin, dünyanın bir çox ölkəsindən tanınmış ictimai-siyasi xadimlərin, diplomatların və jurnalistlərin tədbirə qatılması, habelə Azərbaycanda müşahidə edilən siyasi, mədəni və iqtisadi inkişaf barədə məlumat verilib. Məqalədə qeyd olunub ki, Qərblə Şərq arasında coğrafi və mədəni körpü rolunu oynayan Azərbaycanın mədəniyyətlərarası forum keçirməyə tam haqqı çatır: "Belə ki, tarixən müxtəlif mədəniyyətlərin qovşağında yerləşən və zəngin sivilizasiyaya malik olan Azərbaycanda müxtəlif etnik və dini qruplar hər zaman sülh şəraitində yaşayıb, heç bir ayrı-seçkiliyə məruz qalmayıb və sərbəst şəkildə ümumbəşəri hüquq və azadlıqlardan istifadə ediblər. İslam dünyasının tərkib hissəsi olan Azərbaycan, bununla yanaşı mütərəqqi Qərb dəyərlərini də mənimsəyib. Ölkənin həm İslam Konfransı Təşkilatının, həm də Avropa Şurasının üzvü olması da bunu təzahür etdirir".

Məqalə müəllifi Azərbaycan prezidenti İlham Əliyevin forumda səsləndirdiyi nitqə yer verib, müsəlman dünyasına və islam dininə mənsub ölkəmizin zamanın ruhuna uyğun olaraq Qərb dəyərlərinə də yiyələndiyini oxucuların diqqətinə çatdırıb: "Belə ki, Azərbaycan müsəlman dünyasında ilk dəfə olaraq demokratik respublika yaradıb, ilk teatr və operaya malik olub, həmçinin qadınlara səsvermə hüququ tanıyan da məhz bu ölkədir". T.Faruq prezident İ.Əliyevin gənclər tərəfindən xüsusilə sevilməsini, bir çox gəncin mobil telefonunun ekranına onun şəklini yerləşdirməsini bilavasitə müşahidə etdiyini vurğulayıb. Məqalədə qeyd olunub ki, Azərbaycan iqtisadiyyatı ilbəil sürətlə inkişaf etməkdədir ki bu da ölkədə bir çox sosial reformaların həyata keçirilməsinə kömək edir. Məqalədə Azərbaycan prezidentinin sözləri xüsusi vurğulanıb: "Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi əsas beynəlxalq təşkilatlar tərəfindən tanınmış və ondan işğal etdiyi torpaqlardan çıxması tələb olunub. Lakin, Ermənistan buna məhəl qoymur. Amma Azərbaycan torpaqları işğaldan azad olunacaq".

Baş redaktor Azərbaycanın birinci xanımı, YUNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın çıxışından da sitatlar gətirib, ümumbəşəri dəyərlərin ətrafında birləşməyin və ayrı-seçkiliyin aradan qaldırılmasının əhəmiyyətini qeyd edib. Məqalədə M.Əliyevanın müqəddəs Quranın yandırılmasına beynəlxalq aləmdə müvafiq reaksiya verilməməsindən və dinin siyasiləşdirilməsindən təəssüflənməsi də öz əksini tapıb.

  

  

Vüsal

 

Həftə içi.- 2011.- 20 aprel.- S. 4.