"Dağlıq
Qarabağ münaqişəsinin
ədalətli həllində
hamının xeyri var"
Əhməd Davudoğlu:
"Medvedevin prosesdə şəxsən iştirakı
ruhlandırır və bu dəstəklənməlidir"
"Dağlıq
Qarabağ münaqişəsinin həllində biz əsas diqqəti
hərbi ssenarilərə yox, sülh danışıqlarına
yönəltməliyik. Məqsədimiz Cənubi Qafqazda hərtərəfli
və möhkəm sülh almosferi yaratmaqdır" - bu fikirləri
Türkiyənin xarici işlər naziri Əhməd
Davudoğlu "Arminfo"ya müsahibəsində səsləndirib.
O, Qarabağda müharibə olacağı təqdirdə
ölkəsinin hansı mövqeyi sərgiləyəcəyinə
dair sualın cavabında deyib ki, münaqişənin həllində
maraqlı olan bütün oyunçular tərəflərin
mövqelərini yaxınlaşdırmaq üçün
bütün səylərini birləşdirməlidirlər:
"Qafqazı
çiçəklənən bölgəyə çevirmək
istiqamətində regional tərəfdaşlığa imkan
verəcək iqlimi yaxşılaşdırmağa ciddi ehtiyac
var". Davudoğlu Qarabağdakı müharibənin
qonşu ölkələri də əhatələyəcəyi
ilə bağlı səsləndirilən fikirlərə
münasibət bildirib. Onun sözlərinə görə, bu
cür fikirlər tək danışıqlar prosesinin
aparılmasına yox, eləcə də Minsk Qrupu və digər
iştirakçıların sülhün əldə
olunması istiqamətində səylərinə zərər
verir: "Biz dialoqun aparılması səylərində
inadkar olmalı, danışıqlar prosesindəki
açıqlığı qorumalıyıq". Türkiyənin
XİN başçısı Rusiya prezidenti Dmitrii Medvedevin təşəbbüsü
ilə reallaşdırılan Əliyev-Sarkisyan
görüşlərindən də danışıb. Bildirib
ki, Dağlıq Qarabağ münaqişəsinin hələ də
həll edilməməsi bölgədə sabitlik,
sülhün əldə olunmasında başlıca maneə
olaraq qalmaqdadır. Minsk Qrupu 20 il ərzində münaqişənin
sülh yoluyla həll edilməsinə təkan verməyə
çalışıb: "Biz onların səylərini dəstəkləyirik.
Ankara həmçinin hesab edir ki, regional güc kimi Rusiya da
Minsk Qrupunun həmsədri məsuliyyətini nəzərə
alaraq konstruktiv rol oynayır. Düşünürük ki,
prezident Medvedevin şəxsi iştirakı
ruhlandırıcı təsir bağışlayır və dəstəklənməlidir.
Bu baxımdan, martın 5-də Soçidə
reallaşdırılan üçtərəfli
görüşün danışıqlar prosesində irəliləyişə
doğru növbəti addım olacağına ümid
edirik". Davudoğlu Soçi bəyannaməsini
alqışladıqlarını da söyləyib.
"İlk
baxışda Dağlıq Qarabağ münaqişəsi və
Türkiyə-Ermənistan münasibətlərinin
normallaşdırılması ayrı-ayrı proseslər kimi
görünür. Hər birinin öz dinamikası və
danışıqlar meydanı var. Biz bunu inkar etmirik. Lakin bu
iki proses arasındakı qarşılıqlı əlaqə
danılmazdır" - bu fikirləri isə Davudoğlu
Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin
normallaşdırılması prosesi ilə bağlı
sualın cavabında səsləndirib. Onun sözlərinə
görə, tərəflər bu iki prosesin bir-birinə
gücləndirici təsir effekti verməsini qoruyub
saxlamalıdırlar. Belə ki, bir prosesdəki müsbət
addım o birinə də müsbət təsir göstərəcək:
"Türkiyə Ermənistanla münasibətlərin
normallaşdırılması prosesində açıq və
adildir. Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin
həlli ilə bağlı danışıqların dalana dirənməsindən
çıxması da bütün tərəflərin
böyük mənada maraqlarına cavab verir. Bölgədə
yaşayan insanlar bir şeyi dərk etməlidirlər. Bu
münaqişənin həllinin ümumi xeyri var. Biz beynəlxalq
birliyi də fəaliyyətini gücləndirməyə
çağırırıq".
Azad
Həftə içi.- 2011.- 21
aprel.- S. 1-2.