Fransada Azərbaycan mədəniyyət günləri keçirilib

 

Mehriban Əliyeva YUNESKO-nun xoşməramlı səfirlərinin illik toplantısına dəvət edilib

 

Fransada səfərdə olan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Parisdə Azərbaycan Mədəniyyəti günləri çərçivəsində bir sıra görüş keçirib, tədbirlərdə iştirak edib. Aprelin 18-də Parisdə "Odlar yurdu Azərbaycanın müasir əsərləri" sərgisi açılmışdır. Sərginin açıldığı tarixi "Vandom" meydanındakı "Eğvö" hotelində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransanın mədəniyyət naziri Frederik Mitteran ilə görüşüb. Azərbaycanın birinci xanımını yenidən Parisdə görməkdən məmnun olduğunu deyən Frederik Mitteran ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu deyib. O, bu ilin fevralında Parisdə Azərbaycanın müstəqilliyini bərpa etməsinin 20-ci ildönümünə həsr olunan mərasimi xatırlayaraq tədbirin böyük uğurla keçdiyini bildirib. Frederik Mitteran deyib ki, Fransa tərəfi Azərbaycanda özünün mədəni irsinin nümayiş etdirilməsi təşəbbüsü ilə çıxış edib. Fransaya məxsus 100 mədəniyyət nümunəsinin Azərbaycanda müxtəlif sərgilərdə nümayiş etdirilməsi nəzərdə tutulub.

Mehriban xanım Əliyeva bu təşəbbüsə Azərbaycan hökumətinin dəstək verdiyini bildirib və deyib ki, Heydər Əliyev Fondunun prezidenti kimi bu tədbirin uğurla keçməsi üçün səylərini əsirgəməyəcək.

Azərbaycanın birinci xanımı Fransanın mədəniyyət nazirini Azərbaycana səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub. Görüş başa çatdıqdan sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Fransanın mədəniyyət naziri Frederik Mitteran ölkəmizin 18 modern rəssamının 33 əsərinin nümayiş olunduğu "Odlar yurdu Azərbaycanın müasir əsərləri" adlı sərgiyə baxıblar. Sərgidə Azərbaycan rəssamlarından Əşrəf Murad, Darvin və Rəşad Vəlibəyovlar, Rasim və Rəşad Babayevlər, Məmməd Mustafayev, Mirnadir Zeynalov, Altay Sadıqzadə kimi tanınmış fırça ustalarının əsərləri nümayiş olunur. Sonda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından sərginin iştirakçılarına ziyafət verilib.

Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva aprelin 19-da YUNESKO-nun mənzil qərargahına gəlib. Əvvəlcə onun YUNESKO-nun baş direktoru İrina Bokova ilə görüşü olub. Görüşdə Azərbaycanın birinci xanımını salamlayan YUNESKO-nun baş direktoru bu yaxınlarda Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun böyük uğur qazandığını bildirib. Qeyd edib ki, Bakı artıq mədəniyyətlərarası dialoq sahəsində ənənəvi yer tutur. Azərbaycanın birinci xanımının bu sahədə rolunu xüsusi vurğulayan İrina Bokova Mehriban Əliyevanı bu ilin sentyabrında keçiriləcək YUNESKO-nun xoşməramlı səfirlərinin illik toplantısına dəvət edib. Dəvət məmnunluqla qəbul olunub. Sonra YUNESKO-da Azərbaycan xalçalarının sərgisi açılıb. Mehriban Əliyevanın, YUNESKO-nun baş direktoru İrina Bokovanın iştirak etdiyi sərgidə coğrafi mövqeyinə, naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri təmsil olunub. Burada nümayiş etdirilən xalçalar sərgiyə gələnlərdə böyük maraq doğurub.

Sonra təntənəli mərasim başlayıb. Mərasimi YUNESKO-nun baş direktoru İrina Bokova açıb. Bildirib ki, bu gün YUNESKO-da Azərbaycan xalçalarının gözəl sərgisi açılıb. Baş direktor Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın YUNESKO ilə sıx əməkdaşlığına toxunub. Qeyd edib ki, Mehriban Əliyeva 2004-cü ildən YUNESKO-nun xoşməramlı səfiridir və bu dövrdə öz fəaliyyəti ilə YUNESKO ailəsinə böyük töhfələr verib. Mərasimdə çıxış edən Mehriban Əliyeva da qonaqları salamlayıb. YUNESKO-nun xoşməramlı səfiri ölkəmiz haqqında tədbir iştirakçıları ilə təəssüratlarını bölüşərək bildirib ki, qədim tarixə malik olan Azərbaycanda 1918-ci ildə Şərqdə ilk dəfə demokratik respublika qurulub, müsəlman aləmində ilk dəfə məhz bizim ölkədə qadınlara seçmək və seçilmək hüququ verilib. Mehriban Əliyeva ölkəmizin Ermənistanın işğalına məruz qaldığını bildirərək qeyd edib ki, buna baxmayaraq, bu gün Azərbaycan iqtisadiyyatı inkişaf edir, ölkəmizdə böyük sosial-infrastruktur layihələri həyata keçirilir, səhiyyə ocaqları, məktəblər tikilir.

   

 

Azad

 

Həftə içi.- 2011.- 21 aprel.- S. 1-2.