Badamdar Mədəniyyət
Evi - səsli-küylü məkan
Fəridə Babayeva: "Yeni dərs
otaqlarının tikilməsinə ehtiyacımız var"
Hər
bir millət özünün mədəniyyəti ilə
seçilir. Bir sözlə, mədəniyyətinə, milli
musiqisinə, dünyabaxışına görə
dünyanın hər bir yerində o millət rəğbətlə
qarşılanır. İçindən böyük
ziyalılar, incəsənət xadimləri, dahi
şəxsiyyətlər yetişir.
Bütövlükdə
dünyanın inkişaf etmiş ölkələri
arasında özünə xüsusi yer alır. Ölkəmizdə
tarixi şəxsiyyətləri, incəsənət xadimlərini
yetişdirən və onları yeniyetmə vaxtlarından
axtarıb üzə çıxaran məkanlar musiqi təhsil
ocaqları və mədəniyyət evləridir. Belə mədəniyyət
evlərindən biri də Səbail rayonunun Badamdar qəsəbəsində
fəaliyyət göstərən və tarixi 1957-ci ilə
çıxan Badamdar Mədəniyyət Evidir.
Məlum
Qarabağ hadisələrinin acı nəticələri
adıçəkilən mədəniyyət evindən də
yan ötməyib. Belə ki, bu bina 1993-cü ilin
sentyabrında öz doğma yurd - yuvalarından qovulan,
Ağdam rayonundan olan məcburi köçkünlərin
sığınacağına çevrilib. Köçkünlər
2009-cu ilə qədər həmin mədəniyyət evində
məskunlaşıblar. Və 2009-cu ildə, Səbail Rayonu
İcra Hakimiyyətinin köməyi nəticəsində məcburi
köçkünlər yaşayış evlərinə
köçürülüb, həmin mədəniyyət evi
isə əsaslı təmir edilib. Ötən ildən isə
mədəniyyət evi işçilərin və Badamdar
sakinlərinin ixtiyarına verilib. Adıçəkilən mədəniyyət
evi öz iş prinsipi ilə seçilərək, qəsəbə
sakinlərinə mədəni xidmət göstərməkdədir.
Bu məkanda heç zaman sakitlik olmur. Hər gün hər
hansı bir mədəniyyət, ədəbiyyat
adamının, tarixi şəxsiyyətin
yaradıcılığı, həyatı və irsi barədə
tədbirlər təşkil edilir. Badamdar mədəniyyət
evi sakinlərin, xüsusilə gənclərin və məktəblilərin
sevdiyi ünvana çevrilib. Qəsəbə sakinləri mədəniyyət
evinin iş prinsipindən və direktor Fəridə
Babayevanın işgüzarlığından ağızdolusu
danışırlar.
Mədəniyyət
evinin direktoru Fəridə Babayeva bizimlə söhbətində
bildirdi ki, iki ali məktəb qurtarıb. 1986-cı ildə
indiki Bakı Dövlət Universitetinin kimya fakültəsini,
1990-cı ildə Mirzağa Əliyev adına Azərbaycan
Dövlət İncəsənət İnstitutunun aktyorluq
fakültəsini bitirib. 2009-cu ildə teatrşünaslıq
üzrə müdafiə edərək, sənətşünaslıq
üzrə fəlsəfə doktoru adına layiq
görülüb.
F.Babayeva
həmçinin bildirdi ki, mədəniyyət evinə 2001-ci
ildən rəhbərlik edir: "Mədəniyyət evinin
binası müasir tələblər səviyyəsində təmir
edilib. 7 dərs otağından, foyedən, zal, səhnə və
müxtəlif kabinetlərdən ibarətdir. Eyni zamanda, mədəniyyət
evində bir çox dərnək, "Şən
uşaqlar" rəqs kollektivi, "Xarı bülbül"
xalq çalğı alətləri ansamblı, poeziya dərnəyi,
xalq teatrı fəaliyyət göstərir. Dram dərnəyi
1993-cü ildən Mədəniyyət və Turizm Nazirliyinin qərarı
əsasında "Xalq teatrı" adını alıb. Teatrımızda
bu günə qədər, çoxlu sayda tamaşa
oynanılıb. Buna misal olaraq, H.Cavidin "Afət",
"İblis", S.Vurğunun "Vaqif",
"İnsan", Elçinin "Qabil", N.Dunbadzenin "Mən,
nənəm-İlko və İlaryon", Cek Londonun
"Varlı qızları", Ş.Xeyrullayevanın
"Tut" tamaşalarını misal göstərmək
olar. 2008-ci ildə keçirilən ümumrespublika xalq
teatrına baxış müsabiqəsində iştirak edən
xalq teatrımızın aktyoru N.Qasımov Elçinin
"Qabil" əsərində ən yaxşı kişi
rolunun ifasına görə mükafatlandırıldı. Teatra
özüm rəhbərlik edirəm. Biz, əsasən teatra həvəskar
və istedadlı yeniyetmələri, o cümlədən, ali
təhsil ocaqlarında təhsil alan tələbələri dəvət
edirik. 18 apreldə Bakı şəhərində keçirilən
xalq teatr festivalına Ş.Xeyrullayevanın "Tut"
tamaşası ilə qatılmışıq".
F.Babayeva
həmçinin vurğuladı ki, mədəniyyət evində
fəaliyyət göstərən xalq çalğı alətləri
ansamblına Xəyyam Nəbiyev rəhbərlik edir:
"Ansamblın tərkibində istedadlı yetirmələr
çalışır. Əksər gənclər muğam
ifaçılarıdır. Ansamblımız Bakı və
respublika üzrə keçirilən müsabiqələrdə
yaxından iştirak edərək dəfələrlə qalib
olublar. "Şən uşaqlar" rəqs kollektivində isə
6-16 yaş arasında olan uşaqlar çalışır. Rəqs
kollektivi istedad müsabiqələrinin qalibi olub. Həmçinin
ANS telekanalında keçirilən "Yallı" rəqs
müsabiqəsində öncül yerlərdən birini
tutub".
Müsahibim
onu da bildirdi ki, poeziya dərnəyinə də özü rəhbərlik
edir: "Dərnəyin 12 nəfər üzvü var. Biz qəsəbədə
fəaliyyət göstərən 236 və 239 saylı məktəblərin
istedadlı uşaqlarını seçərək dərnəyə
cəlb etməyə çalışırıq. Mədəniyyət
evində bir çox teatrla ilə sıx əlaqə
yaradılıb. Buna misal olaraq, Bakı Uşaq Teatrını
misal göstərmək olar. Qeyd edim ki, bu teatrın
aktyorları tez-tez bizim qonağımız olur, Badamdar məktəbliləri
üçün tamaşalar göstərirlər. Bundan
başqa, Badamdar qəsəbəsində fəaliyyət
göstərən kitabxana ilə olan əməkdaşlığımızdan
da çox razıyam. Badamdar kitabxanası ilə birlikdə
tez-tez tədbirlər və görüşlər keçiririk.
Bundan əlavə, qəsəbədəki parkda hər il
müxtəlif mövzuları əhatə edən sərgilər
təşkil edirik. Yeri gəlmişkən bildirim ki, rəhbərlik
etdiyim mədəniyyət evi Gül bayramı, 9 may - Qələbə
günü, 28 May - Respublika günü ilə bağlı tədbirlərə
hazırlaşır. Biz qəsəbədə yerləşən
"N" saylı hərbi hissənin əsgərləri ilə
də sıx əlaqə saxlayırıq. Onlarla
görüşlər təşkil edirik. Bu il də ordu
günü ilə bağlı cəbhə bölgəsinə
getməyi planlaşdırmışıq".
Mədəniyyət
evinin direktoru problemlərdən də söhbət
açdı. Bildirdi ki, mədəniyyət evində dərs
otaqları azlıq təşkil edir: "Yaxşı
olardı ki, mədəniyyət evinin boş olan həyətyanı
sahəsində əlavə olaraq rəqs otaqları,
yaradıcılıq kabinetləri tikiləydi".
Qələndər
Xaçınçaylı
Həftə içi.- 2011.- 21
aprel.- S. 7.