Beynəlxalq Kitab Yarmarkasında ölkəmiz də iştirak
edir
Azərbaycanın
Argentinadakı Səfirliyindən verilən məlumata əsasən,
Latın Amerikasının ən iri mədəniyyət və
nəşriyyat tədbirlərindən olan 37-ci Buenos-Ayres Beynəlxalq
Kitab Yarmarkasının (La Feria Internacional
del Libro de Buenos Aires) rəsmi açılışı olub. Sərginin
açılışında Argentina hökumətinin,
Buenos-Ayres şəhərinin rəsmiləri və 2010-cu il Ədəbiyyat
üzrə Nobel mükafatçısı olan perulu
yazıçı Mario Vargas Llosa çıxış ediblər.
İlk dəfə olaraq ölkəmiz Buenos-Ayresdəki səfirliyimizin
təşkilatçılığı ilə "AZƏRBAYCAN"
stendi ilə bu sərgidə iştirak edir. Milli memarlıq və
ənənələrimizə uyğun qurulmuş "AZƏRBAYCAN"
stendində ölkəmizin tarixinə, mədəniyyətinə,
incəsənətinə, mətbəxinə, Azərbaycanın
müasir mərhələsinə, davamlı inkişaf prosesinə,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinə, Xocalı soyqırımına aid
müxtəlif dillərdə kitab, jurnal və digər nəşriyyat
vasitələri nümayiş etdirilir. Stenddə Azərbaycan
mədəniyyətini və ənənələrini əks
etdirən suvenirlərdən ibarət guşələr
yaradılıb, habelə müvafiq film və
çarxların nümayişi üçün ekranlar
quraşdırılıb. Dünyanın ən iri 5 kitab
yarmarkalarından biri, habelə Argentinada ilin aparıcı mədəniyyət
və təbliğat tədbiri hesab edilən Buenos-Ayres Beynəlxalq
Kitab Yarmarkası çərçivəsində
iştirakçılar tərəfindən konsert, rəqs və
teatr proqramları, kitab və digər nəşriyyatların
təqdimatı təşkil edilir və Azərbaycan səfirliyi
tərəfindən də ölkəmizin təbliği məqsədilə
tədbirlərin keçirilməsi planlaşdırılır.
45,5
min kvadrat metrlik sahədə təşkil olunan bu yarmarkanı
hər il bir milyon iki yüz mindən artıq müəllif,
yazıçı, şair, tədqiqatçı, tərcüməçi,
oxucu və s. ziyarət edir. Bu il yarmarkaya öz stendi ilə
1300-dən artıq iştirakçı qatılıb ki, onlar
arasında Latın Amerikasındakı nəşriyyat evləri,
kitab satış şəbəkələri, kitabxanalar,
universitetlər, kütləvi informasiya vasitələri,
Argentinanın dövlət, əyalət və ictimai təşkilatları,
Buenos-Ayresdə akkreditə olunmuş diplomatik missiyalar var. Hər
il Argentinanın 1200-ə qədər tanınmış
kitabxanası bu yarmarkada kitab alır. Yarmarka 20 apreldən 9
maya qədər davam edəcək. Yarmarka haqqında ətraflı
məlumatlar "www.el-libro.org.az" saytında verilib.
Azad
Həftə içi.- 2011.- 22
aprel.- S. 8.