"Kaş at
çapdığım yerlərdə bu gün qoltuq
ağacında gəzə biləm"
Əlil şair Elman Tovuz həyatında
yalnız Koroğluya qibtə edib
Onunla
"Facebook" sosial şəbəkəsində tanış olduq. Bir gün səhifəmi
açdım və mənə gələn mesajların
içərisində maraqlı bir xahiş oxudum. "Həm
bir yerli, həm də eyni orta məktəbin məzunu kimi
sizinlə dost olmaqdan məmnunluq duyardım...Şübhəsiz
əgər etiraz etmirsinizsə".
Şübhəsiz, mən də çox səliqəli
və alicənab formada yazılmış bu müraciəti
cavabsız qoymadım. Dərhal səhifəsinə girib ona
dostluq göndərmək qərarına gəldim. Səhifəsini
açan zaman oxuduğum kiçik tanışlıq isə...
Bu məlumatı oxuyan zaman keçirdiyim hissləri
dillə deməyə, yaxud yazmağa çətinlik çəkirəm.
Dəhşətdir, acıdır, üzücüdür...
Söhbət dostum Elman Tovuzdan gedir. Onu oxuculara özünün
sosial şəbəkədə yazdığı məlumatla tanış etmək istəyirəm.
Elman Tovuz (Elman Şəmşəd oğlu Həsənov)
10 aprel 1961 - ci ildə Tovuz rayonunun Şıxheybət (ərazi
vahidi - Çataq) kəndində doğulub. 1976-ci ildə
Şıxheybət kənd 8 - illik, 1978-ci ildə Bozalqanlı
kənd orta məktəbini bitirib. 1984-cü
idə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun
(indiki ADİU) ümumiqtisad fakültəsini, eyni zamanda həmin
ildə İPF-in jurnalistika (axşam) şöbəsini
bitirib.
1998-ci ilədək müxtəlif vəzifələrdə
çalışıb.
1998-ci ildə avtomobil qəzasına düşüb, elə
o vaxtdan əlil arabasındadır. Ailəlidir.
1979-cu ildən etibarən müntəzəm olmasa da,
şeirləri ilə mətbuatda görünüb. Şeirlərindən
seçmələr müxtəlif kitablarda işıq
üzü görüb. "Hara gedir bu yol belə?..".
"Dünya, məni mənə qaytar", "Dəlir
ürəyimi demədiklərim" adlı üç
kitabın müəllifidir.
Yazılanlara yalnız onu əlavə edə bilərəm
ki, Elmanın övladı da yoxdur. Bu barədə çox sonralar
özü dedi. "Ailədə neçə nəfərsiniz"
soruşdum. "Qarılı-qocalı
ikimizik". Cavabı belə oldu Elmanın.
Bu tanışlıqdan sonra mən Elmanın
şeirlərini gördüm. Gözəl
yazır. Bu sözlər onun əlil
arabasında olduğuna görə humanizm göstəricisi
deyil, səmimi sözlərdir. Çünki
Elman əsl şairdir.
Növbəti mərhələdə bizim "deyişməmiz"
başladı.
O, özünün yaratdığı poeziya inciləri ilə,
mən isə poeziya sevən bir insan kimi əzbər bildiyim
şeir parçaları ilə. Amma bizi daha da
yaxınlaşdıran və doğmalaşdıran xüsusi
bir məqam var ki, bunu yazmasam olmaz. Mən
Elmandan müsahibə almaq qərarına gəldim. O da məmnuniyyətlə
razılaşdı. Amma hər şənbə
gününə görüş təyin etsək də,
müsahibə almaq istəyim arzu olaraq qalırdı. Səbəb isə müsahibimin evinin
qonaqlı-qaralı olması idi. Sonuncu dəfə
qonaqlar Tovuzdan gəlmişdi. Elman dedi ki, ellilərin gəlib,
getsinlər səni çağıracam, oturub rahat söhbət
edərik. "Nə gətiriblər?"
Bunu da mən soruşdum.Və bizim aramızda çıx
maraqlı, duyğusal, kövrək dialoq alındı.
- Nə
istəyir ürəyin?
- Vallah
bilmirəm. Anam dünyasını dəyişəndən
mənim payım kəsilib. Heç indi
bilmirəm rayondan adama nə göndərirlər.
- Hə, eloğlu məni
yaman kövrəltdin...
Niyəsini bilmədim bu kövrəlmənin. Çünki
o demədi, mənimsə soruşmağa cürətim
çatmadı. Axı zəmanə dəyişib,
indi dərdi olmayan insan yoxdur. Nəyisə
soruşanda kiminsə yarasının qabığını
qopartmaq təhlükəsi hər addımda izləyir bizi.
Bir neçə gün sonra isə
"facebook"da mənə yenidən mesaj gəldi. Elman mənə şeir göndərmişdi. "Sovqat", dostum Ceyhun Nağıya". Bu
şeirdən yalnız iki bəndi oxumaq bəs edir ki, Elman mənə
niyə dedi "ürəyimi kövrəltdin".
Xəyalın getməsin ötən
illərə,
Kimdi sən deyəni göndərən
bizə...
Bilib həqiqəti, göz görə-görə
Dağ çəkmə
dağ üstən ürəyimizə.
Damaqda ləzzət yox, ağızda
dad yox,
Döndərib
üzünü ovqatımız da.
Kənddən gələnlərin əlinə
az bax,
Getdi analarla sovqatımız da...
Bəli, məlum oldu ki, şair dostumun da anası
dünyasını dəyişib. Yeri behişt olsun
bütün ölən anaların. Eyni dərd
məni Elmana daha da bağladı. Ancaq bu
insanı görmək arzusu yalnız onun şair olması,
eyni zamanda əlil arabasında hərəkət etməsi ilə
bağlı deyildi. Mənə daha çox maraqlı gələn
13 ildir bir addım belə, ata bilməyən, aşağı
ətraflarını heç hiss etməyən bir insanın
bu qədər səbrli, təmkinli,
ağıllı və qabiliyyətli olmasıdır. O
hamıya, mənə də həmişə səbrli
olmağı məsləhət görür. Bu,
artıq İlahi vergidir.
...Nəhayət
iki həftə öncə Elmanla görüşmək
üçün evində oldum. (Yəqin oxucular
düşünə bilər ki, niyə yazı bu qədər
gec yazılıb. Cavabım var. Çətinliklə
kökləndim bu yazıya. Elmanı, onun
problemlərini olduğu kimi qələmə almaq çox
çətin imiş-C.N.). Əhmədli kəndində
ikimərtəbəli bir evi var. Görüşdük və
ilk olaraq xeyli susduq. Söhbətə
haradan başlayacağımı bilmirdim. Həyat
yoldaşı çay gətirdi və birlikdə əyləşdik.
İlk sözüm bu oldu. "Gözəl
eviniz var". "Layihəni
qardaşın verib". Halımı
görən Elman təbəssümlə sinəsinə vurdu.
"Gözəl gününüz olsun.
Allah hamıya ev qismət eləsin. Amma inanın ki, nə qədər gözəl də
olsa, heç gözümə görünmür. Əvvəl
elə bilirdim Elman yeriyəcək...".
Bunu isə həyat yoldaşı dedi. Ani olaraq
hamımız yerə baxırıq. Yaş
dolan gözlərimi "razedka"ma mürəbbə qoymaqla
gizlədirəm. Sanki hamı bu cümlənin
strateji "xəta" olduğunu düşünür.
"Elə bilirdim Elman yeriyəcək".
Əlbəttə, ağır cümlədir.
O deməkdir ki, Elman daha yeriməyəcək. Bunu
insanın birbaşa üzünə deməkmi olar?
Amma...
Amması odur ki, bu həqiqəti Elman özü də
bilir. Söhbətimizə "necəsən" sualı
ilə başlayıram. Birbaşa
gözümün içinə baxır. Sanki
demək istəyir ki, "görmürsən"? Mən də gözünün içinə
baxıram. Çünki müsahibəyə
getməmişdən özümə söz vermişdim ki,
suallarımı sərt qoyacam, hətta incisə belə.
Qoy yeriyə bilməyən adam öz
halını dəqiq anlada bilsin. Amma sualıma adəti
üzrə təmkinlə cavab verir:
- Vallah
deyirsən necəsən, nə deyim, babat. Başıma
gələni bilirsən. 1998-ci ildə
avtomobil qəzası keçirmişəm. Həyat yoldaşım Kürdəmirdəndir.
O rayonda yeni müəssisə açmağa
hazırlaşırdım. Elə
açılışa gedəndə qəza keçirdim.
Təsəvvür edin ki, məni
düşdüyüm yerdən yol kənarına kimi zorla
sürüyüb gətiriblər. Nəticədə
onurğa sütunum ciddi zədələnib. Həkimlər buna onurğa beyninin qapalı zədəsi
deyirlər. Həkim Aydın Nağıyev
məni müalicə edib. Görünən odur ki, hələlik bir əlac etmək
mümkün deyil. Onu da deyim ki,
neçə dəfə "Şıxlinskaya"
klinikasına Türkiyədən həkimlər gəlib.
Mən də ora konsultasiyaya getmişəm.
Bildiriblər ki, bu yöndə Amerikada tədqiqatlar
aparılır. Hətta müsbət nəticələri
də var. Ona görə ümidsizliyə qapılmağa dəyməz...
Bəli.
"Ümidsizliyə qapılmağa dəyməz".
Elman yenə mənə, onu sevənlərə
təmkinli olmağı, üzülməməyi tövsiyə
edir. Baxın, biz ona yox, o bizə.
Və
sonra davam edir:
- Mən
ümidimi üzməmişəm. Düşünürəm
ki, mütləq yeriyəcəm. Hərdən
içimdən bilirsən nə keçir. Elə bir
insan ola ki, mənim bu dərdimə əlac
tapa. Gördüyünüz iki mərtəbə
evimi ona verib, ömrümün sonuna qədər
çadırda yaşamağa razıyam.
- Həyatdan
razısanmı? (bu sualım da
qıcıqlandırıcıdır. Axı 13 il
əlil arabasında oturan adam necə həyatından razı
ola bilər. Amma cavab yenə təmkinlidir).
-
Razıyam. Hər halda yaşayıram.
Sağlamlığımın bərpasının
mümkünlüyü barədə alimlər
danışırlar...Qaldı ki, mən həmişə, hər
şeyə razı olan, şükr edən adam
olmuşam. Məni üzən isə iki dərdim
var. Biri Qarabağ dərdidir, biri də bu əlil arabası dərdi.
Güman edirəm ki, hər iki dərddən
qurtula biləcəm. Ümumilikdə isə
iki ünvana borcum var. Biri Ulu Yaradanımdır. Onun etdiyinə, yaratdığına və bildiyinə
şükür. Digəri isə həyat
yoldaşımdır. Bu insan mənə bu
gün də uşaq kimi baxır. Qayğımı
çəkir, gün ərzində bir neçə dəfə
saatla uzanmalıyam. Bütün bunları
o edir, həm də tək. Bir damın
altında ikimizik. Amma o mənə qulluq
etməkdən yorulmur. Ona görə də
yoldaşıma ünvanlanan bir şeir yazmışam.
İstərdim onun bir bəndini deyim:
De, kim çəkə
bilər çəkdiklərini?
Yazılsa, az olar
bir kitab sənə!
Bilirəm, nə vaxtsa gözləyir
məni,
Bir hesab Tanrıya!
Bir hesab Sənə!
Doğrudan böyük qadındır Elmanın həyat
yoldaşı.
Həm də etibarlı, vəfalı bir Azərbaycan
xanımıdır. Azmı gördük, əlil
olması bir yana qalsın, maddi durumu bir az
zəifləyən kimi yoldaşını qoyub qaçan
qadınları. Adətən belə söhbətlər
başlayanda biz tərəfdə deyirlər, qulaqlara
qurğuşun. Yəni qulaqlar eşitməsin
belə sözləri. Bəli, qulaqlara
qurğuşun. Elmanın həyat
yoldaşı isə sevib ailə qurduğu insana sadiq, ona bu
halında belə, qulluq etməkdən yorulmayan bir XANIMdır.
Uzun danışa bilmirəm Elmanla. Amma həqiqətən
də bu adamın az da olsa səbirsizlənməsini
görmək keçir ürəyimdən. Odur ki, növbəti
qıcıq doğuran sualı verirəm:
- Kimlərə
qibtə edirsən?
- (yenə təbəssümlə). Mən bir
vaxtlar "Koroğlu" dastanını oxuyub Koroğluya qibtə
edirdim. Onda kənddə
yaşayırdım, atım da var idi. Düşünürdüm
ki, kaş mən də Koroğlu kimi at çapa, at belində
igidlik göstərə bilərdim.
- Bu an
üçün ən böyük arzun nədir?
- (kövrəlir). İki arzum var. Biri işğal
altındakı torpaqlarımız, qaçqınlar, biri də...Elə
mən də qaçqın kimi bir şeyəm. 13 ildir doğulub boya-başa çatdığım
Tovuz rayonuna gedə bilmirəm. Çünki
nə maşına minə bilirəm, nə də
maşından düşə bilirəm. Bu
da qaçqınlıq deyilmi? Məni
çox yandırır torpaqlarımızın bu qədər
uzun müddətdə erməni dığalarında
qalması. Təsəvvür edin, yaz gəlib.
Torpaq oyanır və yenə erməni
tapdağında olduğunu görür. Bunu
düşünmək, təsəvvür etmək belə nə
qədər ağırdır. Arzu edirəm
ki, torpaqlarımız tezliklə yağı tapdağından
azad olsun. İkinci arzum...(yenə səsi
titrəyir-C.N.). İkinci arzum odur ki, Allah mənə
möhlət versin, heç olmasa iki qoltuq ağacı ilə
bir zamanlar at çapdığım o yerlərdə gəzə
biləm. Bundan böyük nə arzum ola
bilər ki...!?
Doğrudur. 13 il əlil arabasında oturaq qalan
bir insanın bundan o yana nə arzusu ola bilər ki? Elə bu arzu ilə də müsahibimlə
sağollaşıb çıxıram. Qapıdan
məni özü ötürür. Xeyli də
qapını açıq qoyub dalımca baxır. Mən də tez-tez arxaya baxırdım. Diqqət naminə yox. Səmimi
deyirəm. Mənə elə gəlirdi, bu
gün də içimdə o inam var, Elman durub arxamca gələcək,
yeriyə-yeriyə. Mən buna əminəm,
dostlar. İnanın,
Elman mütləq yeriyəcək!
Ceyhun Nağı
Həftə içi.- 2011.- 23
aprel.- S. 7.