Nəsibə Zeynalova - 95
Qüdrətli
gülüş ustası, Azərbaycan səhnəsinin parlaq
ulduzu, xalqımızın sevimli sənətkarı Nəsibə
Zeynalovanın anadan olmasından 95 il keçir. Nəsibə
Zeynalova 1916-cı ilin bu günü Bakıda dünyaya gəlib.
Atası Kərbəlayı Cahangir tanınmış tacir,
sevimli aktyor, Azərbaycan milli realist aktyor məktəbinin
banisi olub. İlk və yeganə övladı olanda arzu edib ki,
qızı onun sənətini davam etdirsin. Lakin bu arzunun
gerçəkliyini görmək ataya nəsib olmayıb.
Çünki Cahangir Zeynalov dünyasını dəyişəndə
Nəsibə Zeynalovanın cəmi 2 yaşı olub. Uşaqlıq,
yeniyetməlik çağlarında çox əzab-əziyyət
çəkən, həyatın hər üzünü
görən Nəsibə 14 yaşından zəhmətə
qatlaşıb. Bakı Elektrik Təchizatı Şəbəkəsinin
laboratoriyasında laborant, "Azərsənət" birliyində
mühasib köməkçisi, tramvay parkında tabelçi,
topdansatış anbarında fəhlə işləyib. Aktrisa
olmaq fikrinə düşəndə anası buna
razılıq vermir.
Lakin
atasının arzusunu reallaşdırmaq Nəsibənin qəti
qərarı olur. Yaradıcılığının
mayası gülüş və musiqi ilə yoğrulmuş Nəsibə
Zeynalova orta məktəbdən rəqqasəlik etmiş, milli
oyun havalarının mürəkkəb və lirik incəliklərinə
yiyələnib. Nəsibə yaradıcılıq fəaliyyətinə
dövlət filarmoniyasında rəqqasə kimi başlasa da,
onun incəsənət sahəsindəki bu cəhdi uğursuz
olur. Nəsibə xanım 1934-cü ildən mövsümi fəaliyyət
göstərən səyyar Kolxoz və Sovxoz Teatrında
aktrisa işləməyə başlayıb. Daha sonra Nəsibə
Zeynalova sənədlərini Bakı Teatr Texnikumuna təqdim
etsə də sənədləri geri qaytarılır. Sənədləri
geri qaytaran şəxs isə heç də Zeynalovlar ailəsinə
yad birisi olmayıb. Sən demə bir vaxtlar Nəsibə
Zeynalovanın atası Cahangir Zeynalov həmin şəxsə
müəyyən məvacib də verirmiş. Amma özünə
güvənən Nəsibə Zeynalova geri çəkilmir
1938-ci ildə Bakı Teatr Texnikumuna daxil olur. Texnikumu bitirəndən
sonra Musiqili Komediya Teatrında fəaliyyətini davam etdirir.
Lakin bəxtindən teatr 1949-cu ildə müvəqqəti
olaraq bağlanır və aktrisa həmin ildən
Bakıdakı Nizami adına kinoteatrın yay zalında kassir,
mədəniyyət evində dram dərnəyinin rəhbəri,
Filarmoniyanın estrada sektorunda aktrisa işləyir. 1956-cı
ildə Musiqili Komediya Teatrı yenidən qapılarını
tamaşaçıların üzünə açır və
Nəsibə xanım doğma sənət ocağına
qayıdır. Buradakı səhnə fəaliyyəti,
bir-birindən rəngarəng, duzlu-məzəli obrazlar ona
korifey aktrisa Nəsibə Zeynalova adını bəxş edir.
Aktrisanın yaradıcılıq potensialı nəinki teatr səhnəsində,
kinoda da böyük miqyasda açılıb.
Həftə içi.- 2011.- 21
aprel.- S. 7.