Bakıda Konfusi İnstitutu açıldı

 

Dünən Bakı Dövlət Universitetinin nəzdində Konfusi İnstitutunun açılış mərasimi keçirildi. Tədbirdə BDU-nun rektoru Abel Məhərrəmov, Təhsil nazirinin müavini Elmar Qasımov, Çinin Anhoy Universitetinin rektor müavini Nyu Liven və Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Tyan Sao Yan, o cümlədən hər iki ölkənin müəllim və tələbə heyəti iştirak edirdilər.

Konfusiy İnstitutunun Azərbaycanda açılışını tarixi gün adlandıran Abel Məhərrəmov əsrlərdən bəri Şərqlə Qərbin kəsişdiyi yerin Azərbaycandan keçdiyini söylədi: "Təsadüfi deyil ki, Şərqlə Qərbi birləşdirən İpək yolu Azərbaycandan keçib. Məhz İpək yolu vasitəsilə Şərqdən Qərbə yeni texnologiyalar, yeni kəşflər gedib. Eləcə də Şərqin Qərbdən qazandığı çox şey olub. 2004-cü ildən başlayaraq Çinin böyük filosofu Konfusinin adını daşıyan institutlar bütün dünyaya yayılıb. Bu gün bu institutların sayı 400-ə çatır, gələcəkdə bunun sayını 1000-ə çatdırmaq planı var. Azərbaycanın Çin Xalq Respublikası ilə həmişə sıx münasibətləri olub. Azərbaycan və Çin arasındakı tələbə mübadiləsinin təməli 2002-ci ildən qoyulub və bu zaman ərzində çox sayda kadr hazırlığına nail olub".

Təhsil nazirinin müavini Elmar Qasımov hər iki ölkə arasındakı mövcud əməkdaşlıqda təhsilin, mədəniyyətin vacibliyindən danışdı: "Azərbaycan-Çin əlaqələri bütün sahələrdə inkişaf edir. Bu əlaqələrin möhkəmlənməsində isə təhsil və mədəniyyət başlıca, aparıcı qüvvədir. Təhsil Nazirliyi elmin inkişafına xidmət edəcək hər bir əməkdaşlığa dəstək verməyə hazırdır".

Anhoy Universitetinin rektor müavini Nyu Liven BDU-nun nəzdindəki Konfusi İnstitutunun fəaliyyətilə bağlı gözləntilərini dilə gətirdi: "Ümid edirəm ki, bu institut Azərbaycan cəmiyyətinin tələblərinə uyğun olan təhsil üsulları axtaracaq, Çin dilinin Azərbaycan xalqı üçün öyrənilməsı, Çinlə daha yaxından tanışlıq və hər iki tərəf arasında mədəni mübadilə və əməkdaşlıq üçün daha geniş imkanlar yaradacaq".

Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Tyan Sao Yan isə Konfusi İnstitutunun hər iki tərəfin qarşılıqlı səyləri nəticəsində daha da təkmilləşəcəyi ümidini dilə gətirdi.

  

 

Sevda Babayeva

 

Həftə içi.- 2011.- 23-25 aprel.- S. 13.