"Komitəmiz çox işlər görüb, görüləsi işlər də çoxdur"

 

Fazil Talıblı "Həftə içi"nin qonağı oldu

 

Dünən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətinin rəhbəri Fazil Talıblı redaksiyamızın qonağı oldu. Maraqlı keçən görüş zamanı bizi maraqlandıran bir sıra suala cavab tapmağa çalışdıq.

-Fazil müəllim, texniki tənzimləmə və standartlaşdırma sahəsi, eləcə də standartların qəbulu Azərbaycan üçün çox aktual və diqqətdə saxlanılan bir məsələdır. Yeni standartlarla bağlı oxucularımıza nə deyə bilərsiniz?

- Haqlısınız. Bu məsələyə xüsusi diqqət yetiririk. Çünki dövlət başçısı da sahibkarlarla görüşündə, eləcə də digər tədbirlərdə Azərbaycandakı mövcud standartların beynəlxalq standartlar əsasında hazırlanmasının və tətbiq olunmasının vacibliyini həmişə vurğulayıb və bu, bizim qarşımızda əsas tələb kimi qoyulub. Bu baxımdan da cari ilin I rübü ərzində komitəmiz tərəfindən 26 standart qəbul edilib. Onlardan altısı ilk dəfə tətbiq edilən standartdır. 26 standart həm ərzaq, həm də qeyri-ərzaq məhsullarına aiddir. 2011-ci il Azərbaycanda "Turizm ili" elan olunduğu üçün turizm sahəsini əhatə edən yeni standartın tətbiqinə ehtiyac yarandığından biz "Turizm-informasiya nişanları" standartını da qəbul etmişik. Çörək istehsalı sahəsi də öz aktuallığını həmişə qoruduğundan "Pəhriz çörəyi və zənginləşdirilmiş çörək. Ümumi texniki şərtlər" standartının qəbulunu həyata keçirdik. Bir sözlə, standartlaşdırma sahəsində gördüyümüz işlər intensiv şəkildə davam edir. Texniki tənzimləmə və standartlaşdırma sahələrinin inkişafı üzrə dövlət proqramı layihəsini hazırlayırıq. Bunun üçün komitəmizin sədri tərəfindən işçi qrup təsdiq edilib. Sözügedən layihənin 2011-ci ilin sonunadək başa çatdırılması ciddi tapşırıq kimi qarşıya qoyulub. Bu dövlət proqramı 2011-2016-cı illərdə standartlaşdırma sahəsinin inkişafını əhatə edəcək.

- Yeni standartların tətbiqi üçün istehsal sahələrində və müəssisələrdə müasir standartlara uyğun avadanlıqların alınmasına və quraşdırılmasına ehtiyac var. Ancaq bəzi sahibkarların buna maddi imkanları yetmir. Belə olan halda sahibkarlığın inkişafında müəyyən problemlərin meydana çıxması mümkündürmü?

- Mən belə düşünməzdim. Çünki həm Bakıda, həm də regionlarda sahibkarlıq çox inkişaf edib. Ölkə prezidenti də Azərbaycanda sahibkarlığın inkişafını xüsusi diqqət mərkəzində saxlayır və bu sahədə çox böyük infrastruktur layihələr həyata keçirilir. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara azfaizli və uzunmüddətli kreditlərin verilməsi də həmişəki kimi davam etdirilir. Məhz həmin kreditlər hesabına yeni istehsal sahələri yaradılır, köhnələr inkişaf etdirilir, yeni texnologiyalar tətbiq edilir. Ona görə də qeyd etdiyiniz məsələlər zaman-zaman öz həllini tapdığından narahatlığa və narazılığa əsas yoxdur.

- İstehlakçıların hüquqlarının qorunması sahəsində də ciddi problemlər var. Bu istiqamətdə kömitəniz hansı tədbirləri həyata keçirir?

- Biz Azərbaycanda istehsal və idxal olunan məhsulların, malların normativ sənədlərdə göstərilmiş standartların tələblərinə uyğunluğunu yoxlamaq məqsədilə həmişə dövlət nəzarətini aparırıq. Bakı şəhəri də daxil olmaqla respublikamızın 8 regionu üzrə dövlət nəzarəti idarələrimiz bu ilin 3 ayı ərzində 123 ərzaq, 66 qeyri-ərzaq istehsalı sahəsində dövlət nəzarəti keçiriblər. Ərzaq istehsalı müəssisələrində 20 nöqsan aşkarlanıb. Əsas nöqsanlar çörək və un məhsulları sahəsindədir. Ət məhsulları və alkoqolsuz içkilər sahəsində də problemlər mövcuddur. Qeyri-ərzaq istehsalı müəssisələrində isə 11 nöqsan üzə çıxarılıb. Biz bütün bunlara görə də sözügedən müəssisələrə nöqsanların aradan qaldırılması üçün iradnamə, məhsul istehsalının dayandırılması ilə bağlı tələbnamə vermişik. Bakı şəhərində çörək istehsalı ilə məşğul olan 10 istehsal müəssisəsindən 5-də nöqsanlar aşkarladıq. Bu nöqsanlar irili-xırdalıdır. Yəni çörək və ərzaq istehsalı sahəsində əsas problemlər əsasən daşınmada, markalanmada, fiziki-kimyəvi göstəricilərin, eləcə də təhlükəsizlik tələblərinin pozulması kimi məsələlərdə özünü göstərir. Ona görə də belə məsələlərin yaranmamasında təkcə dövlət nəzarəti idarələrinin əməkdaşları deyil, istehlakçılar da maraqlı olmalıdırlar. İstehlakçılar ayıq-sayıq olmalıdırlar ki, onların hüquqları pozulmasın. Əgər bu cür problemlərlə üzləşən istehlakçılar varsa, komitəmizə, dövlət nəzarəti idarələrimizə, yaxud 963 nömrəli telefonla "Qaynar xətt"imizə müraciət etsinlər. Biz onlara lazımi dəstəyi və köməkliyi göstərmək üçün əlimizdən gələni əsirgəməyəcəyik.

- Bəzi xarici ölkələrdə birgə monitorinqlərin və dövlət nəzarətinin aparılması üçün dövlət rəhbərliyi yanında ayrı-ayrı aidiyyəti dövlət qurumlarının və dövlət nəzarəti idarələrinin nümayəndələrindən ibarət işçi qrupu yaradılır. Azərbaycanda belə bir qrupun yaradılması planlaşdırılırmı?

- Öncə bildirim ki, ölkə prezidenti İlham Əliyevin 15 fevral 2011-ci il tarixli fərmanı ilə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydaları haqqında" əsasnamə təsdiq edilib. Təbii ki, bu reyestr sahibkarlıq sahəsində yoxlamaların aparılmasının mütəmadiliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumat əldə olunmasını mümkün edəcək. Mayın 1-dən etibarən yoxlama-nəzarət funksiyasını yerinə yetirən bütün icra hakimiyyəti orqanları bu əsasnaməyə uyğun olaraq fəaliyyətlərini quracaqlar. Bundan əlavə, komitəmiz ayrı-ayrı dövlət qurumları ilə əməkdaşlıq edir və bu da öz bəhrəsini verir. Digər tərəfdən hər bir qurum qəbul edilmiş əsasnaməsinə əsasən fəaliyyət göstərir. Bəzi məsələləri həmin qurumların özləri həll etməlidirlər. Elə məsələlər də var ki, onları birlikdə çözmək lazım gəlir. Ona görə də birgə işçi qruplarının yaradılmasına ehtiyac duymuram.

- SMPDK-nın fəaliyyətində metrologiya sahəsi də önəmli yerlərdən birini tutur. Bu sahə üzrə qəbul edilmiş standartlar barədə nə deyə bilərsiniz?

- Metrologiya komitəmizin 2-ci əsas sahəsidir. Hətta qurumumuzun nəzdində Milli Metrologiya Mərkəzi fəaliyyət göstərir və onun əsas funksiyalarından biri də Azərbaycanda ölçmələrin vəhdətinin təmin edilməsi üçün ölkəmizdə yaranmış etalon bazasını inkişaf etdirməkdir. Uzun zamandır müzakirə mövzusuna çevrilən məsələlərdən biri də vaxt etalonu idi. Ümumiyyətlə, həmin etalon ölkəmizdə yeni sahə olduğundan burada boşluqlar özünü büruzə verirdi. Məsələn, telekanallarda eyni vaxtda başlamalı olan "Xəbərlər" proqramı bəzən 1 dəqiqə, bəzən də bir neçə saniyə fərqi ilə efirə verilirdi. Bu səbəbdən də biz ABŞ istehsalı olan vaxt və tezlik etalonu kompleksi alıb quraşdırdıq və artıq istifadəyə verilib. Onların proqram təminatı üzrə hazırda işlər davam etdirilir. Bu proses də bitdikdən sonra tətbiq edəcəyimiz etalon Azərbaycandakı bütün telekommunikasiya qovşaqlarında, telekanallarda, rabitə sahələrində, nəqliyyatın idarə edilməsi sahələrində və digər bu kimi əhəmiyyətli sektorlarda mühüm əhəmiyyətə malik olacaq. Çünki həmin etalonun istehsal etdiyi ən dəqiq vaxt bütün sistemlərə ötürüləcək. Onu da bildirim ki, may ayından etibarən mobil operatorlar manat sisteminə keçəcəklər. Konkret məbləğin, manatın dəyərində təqdim ediləcək və tətbiq ediləcək vaxt veriləcək. Həmin vaxtın dəqiqliyinin yoxlanılması və düzgün istifadəsinin tətbiqi, hətta sözügedən mobil operator şirkətlərində quraşdırılmış işçi etalonların dəqiqliyinin yoxlanılması bizim quraşdırdığımız vaxt etalonu vasitəsilə həyata keçiriləcək. Ümumiyyətlə, vaxt etalonunun əsas prinsipi dünyada qəbul edilmiş ən dəqiq vaxtı təmin etməkdir və o, ABŞ Hərbi Dəniz Abservatoriyasında quraşdırılmış etalonun istehsal etdiyi vaxtdır. Bundan əlavə, biz ikinci bir avadanlıq da quraşdırmışıq. Əgər birinci avadanlıqda hər hansı bir problem yaranarsa, ikincisi avtomatik olaraq işə düşür. Hesablamalarımıza görə hər iki avadanlığın istehsal etdiyi vaxt arasındakı fərq milyonda bir saniyədir. Bütün bunlar isə tezliklə işləyən generatorların, ölçmə cihazlarının dəqiqliyini yoxlamaq baxımından Azərbaycan üçün çox faydalıdır. Bundan əlavə, cari ildə "Ölçmə vasitələrinin istehsalına, vəziyyətinə, istismarına, ölçmələrin attestasiya edilmiş metodikalarla yerinə yetirilməsinə, etalonlara, metroloji qayda və normalara riayət edilməsinə dövlət metroloji nəzarətinin həyata keçirilməsi qaydası" standartı da qəbul etmişik. Bu standart vətəndaşların hüquqlarının və qanuni maraqlarının, Azərbaycanın iqtisadiyyatının ölçmələrin qeyri-dəqiq nəticələrindən müdafiə edilməsi məqsədilə, ölçmə vasitələrinin istehsalına, idxalına, quraşdırılmasına, istismarına, tətbiqinə, ölçmələrin attestasiya edilmiş metodikalarla yerinə yetirilməsinə, kəmiyyət vahidi etalonlarına, metroloji qayda və normalara riayət edilməsinə dövlət metroloji nəzarətinin hazırlığı, keçirilməsi və nəticələrin rəsmiləşdirilməsi qaydalarını müəyyən edir. Bundan əlavə, ölçmələrin vəhdətinin təmin edilməsi üzrə dövlət metroloji xidmət orqanları, dövlət müfəttişləri, həmçinin yoxlanılan müəssisələr üçün nəzərdə tutulur. Dövlət metroloji nəzarəti tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq respublika ərazisində fəaliyyət göstərən bütün təsərrüfat subyektlərində həyata keçirilir.

- Patent sahəsi üzrə hansı yeniliklər var?

- Sənayedə tətbiq olunan əqli mülkiyyətin hüquqlarının qorunması komitəmizin səlahiyyətində olduğundan komitəmiz Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə əməkdaşlıq edir. Həmin təşkilatın dəstəyi ilə biz əqli mülkiyyətin qorunması ilə bağlı milli strategiya hazırlayırıq. Bu layihə sözügedən hüquqların beynəlxalq səviyyədə qorunmasına və tətbiqinə böyük köməklik göstərəcək.

- Yeni laboratoriyaların tikintisi istiqamətində hansı layihələr nəzərdə tutulub?

- Komitəmizin qarşısında duran əsas vəzifələrdən biri də Beynəlxalq Atom Enerjisi Təşkilatı (MAQATE) ilə hazırladığımız laboratoriyanın layihəsinin gerçəkləşdirilməsidir. Bu layihə artıq hazırdır və həmin laboratoriyanın tikintisinə başlanılıb. Biz bu laboratoriya ilə Azərbaycanda istifadə edilən və radiasiya sızması olan avadanlıqların səviyyəsini yoxlayacağıq. Yəni onlardan atmosferə sıza bilən radiasiyanın miqdarını öyrənərək onun insan orqanizminə mənfi təsirini araşdıracağıq. Bundan başqa neft və neft-kimya məhsullarının tərkibini analiz edən laboratoriyanın Sumqayıt şəhərində tikintisi də planlaşdırılıb.

- Son zamanlar respublikamızın ayrı-ayrı bölgələrində nəqliyyat vasitələrinin sürücülərinin yanacaqdoldurma məntəqələrində (YDM) aldadılmaları barədə məlumatlar yayılır. Bildirilir ki, əksər YDM-də dövlət möhürləri qırılıb və standartın tələbinə görə, 10 litrdə 50 millilitr xətaya yol verildiyi halda, bu bəzi məntəqələrdə 250-300 millilitr arası təşkil edib. Sürücülər isə iddia edirlər ki, benzin əskik vurulduğundan sərfiyyat kilometraja uyğun gəlmir. Məsələn, 10 litr benzinlə maşın 100 kilometr getməli olsa da, 80 kilometr gedir. Bəzi sürücülər isə benzinin keyfiyyətindən ciddi narazıdırlar. 10 kilometrə 5 litr benzinin görməməyi bir tərəfə, keyfiyyəti pis olan yanacaqdan qəribə qoxu gəlir...

- Öncə bildirim ki, YDM-lərdə sözügedən problemlər yanacağa müəyyən qatqıların qatılması üzündən yaranır. Nəticədə yaşanan acınacaqlı durum istehlakçıların haqlı narazılığına səbəb olur. Əvvəllər kəmiyyətlə bağlı ciddi problemlər yaşanırdı. Ancaq apardığımız metroloji nəzarətlərdən sonra bütün YDM-lərdəki ölçmələri həyata keçirən sayğaclarda plomblama əməliyyatlarını gerçəkləşdirdik və onlara müdaxilə qeyri-mümkündür. Yəni müdaxilə edilərsə, YDM sahibini 5000 manat məbləğində cərimə gözləyir. Bu səbəbdən də hazırda kəmiyyətlə bağlı hər hansı bir qanun pozuntusundan söhbət gedə bilməz. Onu da deyim ki, "Avro-2" standartına keçiddən sonra Avropa standartlarının tələblərinə uyğun yanacağın keyfiyyətini yoxlayırıq. Yoxlamalar isə mövsümi xarakter daşımır və onlar mütəmadi həyata keçirilir. Lakin bununla belə bəzi regionlarda daha çox problemlər üzə çıxır və bununla bağlı istehlakçılar komitəmizə çoxsaylı şikayət məktubu, ərizələr və müraciətlər ünvanlayırlar. Bakı şəhərindən uzaqlaşdıqca belə şikayətlərin sayı çoxalır. Respublikamızın cənub zonasında, Gəncəbasar regionunda, İsmayıllı bölgəsində və digər bəzi yaşayış massivlərində neqativ hallar daha çox aşkarlanır. Şikayətlər yalnız keyfiyyətlə bağlıdır. Məsələn, araşdırmalarımız zamanı müəyyənləşdirmişik ki, "Aİ-95" markalı benzinin adı ilə "Aİ-93" markalı benzin satılır. Yaxud "Aİ-93" markalı benzinə müəyyən qatqılar qatılır və o, "Aİ-95" markalı benzin adı ilə satılır. Bizim yerli dövlət nəzarəti idarələrimiz isə həmin şikayətləri araşdırırlar və lazımi tədbirləri həyata keçirirlər.

- Qanun pozuntularına yol vermiş YDM-lər barədə inzibati tədbirlərin həyata keçirilməsinə baxmayaraq, cərimələrin məbləğinin azlığı üzündən sahibkarların müəyyən müddətdən sonra analoji neqativ hərəkətləri gerçəkləşdirməsi barədə məlumatlar yayılır...

- İnzibati Xətalar Məcəlləsində cərimələrin məbləği fiziki şəxslərdə 1500-2000, hüquqi şəxslər üçün isə 4000-5000 manat nəzərdə tutulub. Belə bir cərimə YDM sahibləri üçün az məbləğ deyil. Üstəlik, Nazirlər Kabinetinin qərarına əsasən, "Avro-2" standartına uyğun olmayan yanacağın satışına görə YDM-in lisenziyası əlindən alınması, həmin lisenziyanın ləğv edilməsi ilə bağlı da komitəmizə səlahiyyətlər verilib. Əgər hər hansı bir YDM sahibi qanun pozuntularına yol verirsə, cərimələnirsə və təkrarən bu hal baş verirsə, bu zaman komitəmiz həmin YDM-in lisenziyasının fəaliyyətinin dayandırılması ilə bağlı Sənaye və Energetika Nazirliyinin qarşısında məsələ qaldırır. Bu problem isə müsbət həll olunur. İnanmıram ki, hər hansı bir sahibkar bu cür sərtləşdirilmiş tədbirlərdən sonra yenidən qanun pozuntularına yol verməyə cəhd göstərsin.

  

 

Təbriz Vəfalı

 

Həftə içi.- 2011.- 23-25 aprel.- S. 8-9.