Bəzi QHT-lər
yanlış məlumat verirlər
Mehriban Zeynalova: "Tənqid edək,
amma ədalətli olaq, millətimizi, dövlətimizi sevək"
Bir
müddət öncə ABŞ Dövlət Departamenti ənənəvi
hesabatını yaydı. Hesabatda Azərbaycana da yer
ayrılıb. Bir çox məqamlarda ölkəmizi tənqid
edən sənədin subyektivliyə yer verdiyi məqamlar da
var. Məsələn, ölkəmizdə ailə və
uşaq münasibətləri ilə bağlı tənqidi
faktlar reallıqdan çox uzaqdır. Sənəddə
göstərilir ki, guya Azərbaycanda valideynlər
övladlarını məcburən fahişəliyə
yönləndirir, yaxud diləndirir.
Doğrudur,
bizdə belə faktların varlığı
mümkündür. Lakin bir-iki dənə belə faktı
bütün xalqın adına yazmaq və onu ölkə
üçün xarakterik olan neqativ hal kimi qeyd etmək
doğru deyil.
"Təmiz
Dünya" Qadın Hüquqlarını Müdafiə
İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bizimlə
söhbətində diqqəti öncə insan alveri ilə
bağlı məqama və bu halın beynəlxalq hesabatlarda
necə qeydə alınmasına çəkdi:
"Yaxşı bilirsiniz ki, Azərbaycanda insan alveri ilə
bağlı vəziyyət necə olub, hansı mərhələləri
keçib və qanun qəbul olunduqdan sonra hansı dəyişikliklər
var. Təəssüflər olsun ki, bir çox hallarda bəzi
jurnalistlər bu keçmişi araşdırmadan hansısa
yazılar yazmağa başlayırlar. Əgər biz insan
alveri ilə bağlı müqayisə aparsaq görərik
ki, 2000-ci il ilə bu gün arasında böyük fərq
var. Əgər 2000-ci ildə Azərbaycan insan alverinə
görə digər ölkələrdə məşhur idisə,
hazırda sevindirici haldır ki, bu məşhurluq tədricən
itir. Azərbaycanda insan alveri çox sürətlə
azalmağa meyl edir. Artıq ölkədə bu sahədə
müəyyən məlumatlandırma işləri
aparılır, insan alveri qurbanları üçün
müxtəlif xidmət paketləri təklif edilir. Bununla
bağlı ağır cəzalar da mövcuddur. Beynəlxalq
müşahidəçilər ölkəmizə səfər
edərkən, görülən işlərlə
bağlı danışdıqda, müqayisə etmək
imkanımız olur. Bizim gördüyümüz işlər,
insan alveri ilə mübarizə, eyni zamanda insan alveri
qurbanlarına yardım və xidmət paketləri beynəlxalq
təcrübədən heç də geridə qalmır. Əksinə,
bir sıra məsələlərdə, incəliklərdə,
Azərbaycanda daha mükəmməl bir təcrübə
mövcuddur ki, bu da insan alveri qurbanlarının
reabilitasiyasında çox gərəkli olur. Hazırda bununla
bağlı dövlət qurumları, bu sahədə
çalışan kadrların təlimatlandırılması,
beynəlxalq təcrübənin öyrədilməsi və
eyni zamanda hakimlərin, hüquq işçilərinin, həmçinin
QHT-lərin məsələyə fərqli yanaşması, fərqli
xidmət göstərməsi mövcuddur".
M.Zeynalova
dedi ki, bu gün əksəriyyət insan alveri ilə fahişəliyə
cəlbetmənin fərqini bilir. Bu da aparılan maarifləndirmə
və təbliğat işlərinin sayəsində baş
verir: "Ancaq təəssüf ki, bəzi jurnalistlər insan
alveri qurbanı ilə fahişəliklə məşğul
olanın fərqini bilmir. Odur ki, bəzən qeyri-ciddi,
qeyri-obyektiv yazılar ortaya çıxır. Bu qeyri-ciddi
yazılar isə gələcəkdə hər hansı beynəlxalq
təşkilatlar tərəfindən ciddi bir fakt olaraq qəbul
olunur və ölkə üçün mənfi imicə səbəb
olur".
Hüquq
müdafiəçisi onu da dedi ki, yaxın günlərdə
insan alveri, ailədaxili zorakılıqla bağlı seminarlar
təşkil etməyi planlaşdırırlar: "Bilirsiniz
ki, insan alveri yalnız qadın alveri deyil. İnsan alveri həm
də, orqanların satışdır, əmək
istismarıdır, uşaq alveridir. Bu mövqedən
götürəndə insan alveri çoxşaxəlidir. Lakin
nədənsə Azərbaycanda daha çox qadın alveri
problemi diqqət mərkəzindədir. Digər faktlar üzrə
müraciətlərin olmadığına görə, bu barədə
o qədər də müzakirələr getmir. Məsələn,
Özbəkistanda həm kişilərin, həm də
qadınların əməyinin istismarı, onların başqa
ölkələrə daşınması çox geniş
yayılıb. Halbuki, Azərbaycanda əməyin istismarı,
ölkədən çıxarılması ilə
bağlı çox az faktlar var. Amma bəzən kişilərin
Rusiya və digər ölkələrə daşınması
halları ortaya çıxır. Bu, müəyyən mənada
milli-mentalitetdən də irəli gəlir. Və kişilər
bir çox hallarda özlərini daha çox günahkar hesab
edirlər və bunun cinayət tərkibini anlamaq istəmirlər.
Bir də bizdə mövcud olan xüsusiyyətlər ki,
"ayıbdır", "kənardan pis baxarlar", polisə
müraciət etmək hər hansı bir formada
satqınlıq və yaxud digər başqa şeylər kimi
qiymətləndirilir. Bir sözlə, mental xarakter imkan vermir
ki, insanlar baş verən cinayətlə bağlı polis idarələrinə
müraciət etsinlər".
M.Zeynalova
bəzi QHT rəhbərlərinə də müraciət etdi:
"Bəzi QHT-lər beynəlxalq təşkilatlara xoş gəlmək
üçün çox vaxt bu faktları şişirdirlər.
Əslində, heç insan alverindən xəbəri yoxdur,
amma deyir ki, Azərbaycanda bu qədər insan alveri faktı
var, insan alveri get-gedə artır. Baxın, bu cür
yazılara tez-tez rast gəlmək olur. Jurnalist isə öz
yazısını həmin QHT-dən nə qədər
insanın yardım alması və hansı yardımları
alması ilə zənginləşdirə bilmir, yaxud istəmir.
Əslində isə geniş və əhatəli jurnalist
araşdırması olmalıdır bu mövzuda. Bir misal gətirim.
Bu yaxınlarda bir yazı oxudum. Orada yazılıb ki, Azərbaycanın
bir istirahət mərkəzinə 300 nəfər Ukrayna vətəndaşı
olan qızlar gətirilib və sonradan məlum olub ki,
onların hamısı AİDS xəstəsi imiş. Və
onlar da 600 nəfər oğlanı yoluxdurublar. Görün,
bu nə şok xəbərdir. Bunu yazan jurnalist həmin məkanda
olmayıb. Amma o bilməli idi ki, həmin istirahət məkanı
300 nəfəri götürəcək çərçivədə
deyil. Bundan başqa, həmin ərazidə 600 nəfər ailə
quracaq oğlanın həyatı artıq sual altında
qaldı. Yəni deməyim odur ki, bir qeyri-peşəkar
yazı bir ərazi üçün çox böyük təhlükə
yarada bilər. İnsan alverindən yazan jurnalist ən azı
beynəlxalq təcrübəyə yiyələnməlidir. O,
insan alverindən yazanda ən azı 3-4 nəfərin hadisəsini
ümumiləşdirib məkan, yer adını elə bir
formada dəyişməlidir ki, heç kəs öz həyatını
burada görməsin. Bizim borcumuz əhalinin maarifləndirilməsidir.
Eyni zamanda, QHT-lərin məsuliyyətsizliyindən irəli gəlir
ki, belə yazılar mətbuatda dərc olunur. Bir daha deyirəm
ki, bizdə ən böyük problem bəzi QHT-lərin
yanlış məlumatları və jurnalistin faktın
ardınca getməməsidir".
M.Zeynalova
son olaraq ABŞ Dövlət Departamentinin son hesabatına da
münasibət bildirdi: "Hələ sənəd Azərbaycan
dilinə tərcümə edilməyib, ona görə hər
hansı bir rəy söyləmək çətindir. Amma
ilkin olaraq xoşuma gəlməyən bir sıra məqamlar
var. Bəzi QHT-lərin verdiyi qərəzli məlumatlara
görə, orada Azərbaycan ailəsi çox pis formada təsvir
edilib. Belə çıxır ki, Azərbaycan anaları
öz qızlarını satır, Azərbaycan
qadınları öz uşaqlarını dilənçiliyə
çıxarır. Mən düşünürəm ki, bu
cür formada yanaşmaq əxlaqa sığmayan bir hərəkətdir.
On ailənin elədiyini bütün ölkəyə şamil
etmək yanlışdır. Bu gün beynəlxalq təşkilatlardan
maliyyə alan birisinin bu cür çıxışlar etməsi
ən azı ədalətsizlikdir. Sən niyə öz millətini,
bu dərəcədə aşağılayırsan?!
Bütün ölkələrdə problemlər var. Amma bunu
götürüb şişirtmək ayıbdır. Mən
demirəm ki, tənqid etməyək, edək, ancaq həm də
ədalətli olaq. Öncə hamımızda bir vətən,
millət, dövlətçilik sevgisi olmalıdır".
Ceyhun
Həftə içi.- 2011.- 27
aprel.- S. 5.