Müasir poeziya
haqqında düşüncələr...
Qurban Bayramov: "Xəstəlik
müalicə olunmazsa, bəşəriyyətdə faciələr
baş verər"
Xəbər
verdiyimiz kimi, bu yaxınlarda - 2011-ci il, aprelin 13-də Azərbaycan
Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat
İnstitutunda ilin ədəbi yekunlarına həsr olunan
müşavirə keçirilib. Müşavirədə
tanınmış tənqidçi-ədəbiyyatşünas,
doktor-professor, İnstitutun aparıcı elmi işçisi, Azərbaycan
Yazıçılar Birliyinin üzvü (1984) Qurban Bayramov
"Poeziyanın imkanları və
imkansızlığı" mövzusunda maraqla
qarşılanan məruzə etdi. Qəzetimizin əməkdaşı,
şair-publisist Qələndər Xaçınçaylı
Qurban Bayramovdan müsahibə alıb. Həmin müsahibəni
oxucularımıza təqdim edirik.
- Qurban müəllim, bu
günümüzün mətbuatı olduqca geniş və əhatəlidir.
Şairlərimiz bunların əksərində əsərlərini
dərc etdiriblər. Hətta, ədəbi-tənqidimizdə
şeirimiz barəsində bir "boz axın" sözü
də işlədirlər... Bunları necə əhatə edə
bildiniz və ümumiyyətlə, ədəbi prosesdəki bu
"boz axına" münasibətiniz?
-
Söhbətimizi çox ağrılı məqamla
başlayırıq... Əvvəl onu deyim ki, ilin ədəbi
yekununa həsr olunan bu elmi-nəzəri müşavirənin
böyük bir ənənəsi var və bu ənənəni
İnstitutun direktoru, çox görkəmli tənqidçi-ədəbiyyatşünas
olan, müasir mərhələnin ədəbi-nəzəri
fikrinin ağsaqqalı, ustadımız akademik Bəkir Nəbiyev
böyük məhəbbət və qayğıkeşliklə
davam etdirir, ədəbi prosesin hər ilinə belə bir
geniş elmi-nəzəri müşavirə həsr edilir. Bu
müşavirədə müxtəlif janrlar üzrə
mütəxəssislərin məruzələri dinlənilir,
müzakirə edilir, mətbuatda dərc olunur, ən ümdəsi
isə ilin ədəbi prosesi öz elmi-nəzəri şərhini
tapır, tarixləşir, tarixi fikir siqləti kəsb edir.
O ki
qaldı sizin sualınıza, mən bu məruzəyə
hazırlaşarkən keçən 2010-cu ilin qəzet və
jurnallarında - "Ədəbiyyat qəzeti", "Azərbaycan",
"Ulduz" və "Alatoran" jurnallarında, "Həftə
içi"ndə, "525-ci qəzet"də,
"Kredo"da, "Təzadlar"da, "Ədalət"də,
"Yeni Azərbaycan"da, "Bütöv Azərbaycan"da
və s. bu qəbildən mətbuatda dərc edilən əksər
şeiri, poemaları mümkün qədər, imkan dərəcəsində
nəzərdən keçirdik, xeyli sayda şeir
kitabını vərəqlədik, ələk-vələk elədik.
Qarşımızda üst-üstə qalaqlanmış
şeir kitablarından, qəzet və jurnallarda çap olunmuş
şeirlərdən ibarət xeyli material vardı... Bundan əlavə,
"Kulturaz"da, "Media Forum"da,
""Hüman"da, "Yeni Nefes"də,
"Avrasyaqun"da, "Kerkük qəzetesi"ndə,
"Turansam"da və bu kimi internet saytlarında, fərdi
bloqlarda əksini tapan şeirlər, şeirlər... Müxtəlif
tanış, tanış olmayan və yeni-yeni imzalar... Müxtəlif
təmayüllər, rəngarəng üslublar, mövzular...
Bir daha, "Azərbaycan şair xalqdır!" deyiminin fərqinə
vardım. Allah bunu söyləyən kişiyə rəhmət
eləsin. Əlbəttə ki, bu sözlər xoşniyyətlə
söylənmişdi. Amma, indiki çağın vəziyyətindən,
rakursundan bu deyimə baxanda, buradakı ironiyanı da görməmək
mümkün deyildir! Adamı xof basır! Doğrudanmı, biz
şeir yazmaqdan başqa heç nəyi bacarmırıq?! Mənə
elə gəlir ki, Azərbaycan tarixində bu qədər
kütləvi şairlik olmayıbdır! "Yeddidən,
yetmiş yeddiyə" deyimində olduğu kimi, yeddidən
yetmiş yeddiyə, demək olar ki, hamı şeir yazır...
Tanınmış
ziyalı-bəstəkar Cavanşir Quliyevdən bir dəfə
bu barədə soruşurlar ki, Cavanşir müəllim,
axı bu nə deməkdir, ölkədə hamı mahnı
yazır, bəstəkar olub? O, istehza dolu belə bir ironik cavab
veribdir: "Oğrunun, cinayətkarın çox
olmağındansa, yazanın - yazarın, bəstəkarın
çox olması daha yaxşıdır. Oğurluq eləmirlər
ki, sənətlə məşğul olmağa
çalışırlar da!" Nə deyirik, olsun, qoy
çalışsınlar!.. Amma, ədəbi həyatımıza
hücum çəkən faciə və fəlakət törədən,
zövqləri aşılayan, "müasir poetexnika" ilə
məharətlə silahlanaraq meydan sulayan,
dağıdıcı SUNAMİyə çevrilməsinlər!..
Deyim
ki, "kütləvi boz axın" istək səviyyəsində
qalsaydı, bir o qədər də narahatlıq
doğurmazdı. Bu, az qala "təmayül"ə
çevrilir! Amma bircə o, kədərlənməyə
qoymur ki, nə yaxşı ədəbiyyatın "Zaman"
adlı məhək daşı var!
İstedadsız
"pullular" elə bildilər ki, "imzaları" ilə
ədəbiyyatda qalacaqlar. İşbaz "ədəbiyyatçılar"
bu sindromdan "bacarıqla" istifadə etdilər, pul
qazandılar, amma ədəbiyyatdan qazandıqlarını həmin
"işbaz istedadsızlardan" çox itirdilər.
Çünki, onlar az-çox istedadlı idilər,
istedadları o məşhur pritçada olduğu kimi,
"qarpıza" sərf olundu!
Bir də
var, şeir texnikasından başı çıxan
ağıllı istedadsızlar... Ağıllı olmaq hələ
istedadlı olmaq demək deyildir! Onlar da inersiya ilə axına
qoşuldular! "Filan istedadsız, işbaz pullu, hətta
"komersant şair", şeir yazır, cild-cıld kitab
yazdırır, mən isə indiyənə qədər
abrıma qısılıb qalmışam! Mənə nə
olub?! Hec olmasa, zəif olsa da, özüm yazıram, özgəyə
yazdırmıram!" düşüncəsi ilə "boz
axına atıldılar", özlərinə karnaval
paltarlarına bənzəyən təxəllüslər
seçdilər, uşaqların boğazından kəsib
kitablar nəşr etdirdilər... Amma, "qadasın
aldığım ədəbiyyatın" seçim
möcüzəsindən bunlar da keçə bilməyəcəklər!
Yaxşı ki, bu da keçmir, aşkar görsənir... Ədəbiyyatın
əbədiyyət nehrəsi çalxandıqca, yağı
yağ, ayranı ayranlıq olur və olmaqdadır!
- Qurban müəllim, bəs bu
proses elə belə davam edəcək? Heç bir
aydınlaşma, durulma baş verməyəcək?
- Nə
danışırsınız, xəstəlik müalicə
olunmazsa, bəşəriyyətdə faciələr baş
verər. Bu da poeziyanın xəstəliyidir və həmişə
olub, ya zəif, ya da şiddətli. Müstəqillik
dövrünün "azadlıq nəfəsindən",
"söz azadlığı və sərbəstliyindən"
istifadə bu xəstəliyi ilkin mərhələdə bir az
şiddətləndirdi... Məncə, ədəbiyyatda
indi-indi durulma baş verir, sabitliyə meyillilik var, ədəbiyyat
"eyforiya" halından yavaş-yavaş uzaqlaşaraq,
öz təbii halına qayıdır! Kür-Araz
daşqınının qarşısı necə
alındısa, vicdanlı ədəbi-tənqid də,
vicdanlı şair və yazıçılar da bu "boz
daşqının" qarşısını almağa
qadirdir!.. Mənə elə gəlir ki, bu da ictimai-sosial həyatdakı
hadisələr ilə sıx bağlı idi! Yaxşı ki,
indi, Azərbaycanda ictimai-sosial həyatda baş verən
aydınlaşma, durulaşma, sabitlik ədəbiyyatın da, mədəniyyətin
də, poeziyanın da prosesinə bir duruluq, sabitlik, təmiz
bir dağ havası, nəsimi gətirməkdədir...
Keçən
ilin, 2010-cu ilin əsas, aparıcı, istedadla yaradılan
poetik faktları imkan verir ki, müasir poeziyamızın
bugünkü vəziyyətinə, imkan və perspektivlərinə,
durumuna belə bir nikbin ovqatda obyektiv nəzər salaq, amma
"ədəbiyyata heç bir dəxli yoxdur" - deyə,
qüsurlu, zərər verən faktlardan da sərf-nəzər
etməyək!..
- Belə isə, Qurban müəllim,
indi sizin nəzərinizlə baxaq görək ki, keçən
il şeirimizin həyatında yaxşı-yaman nə baş
vermiş, hansı proses getmişdir?
- Bəri
başdan qeyd edim ki, ən ümdəsi budur ki, Azərbaycan
poeziyasının tanınma miqyası, geniş coğrafi ərazilərdə
yayılma imkanları genişlənməkdədir...
Şeirimiz yaxın keçmiş tarixdə sovet məkanından,
Moskva miqyasından dünyaya çıxmaq zorunda idi. İndi,
müstəqillik dövründə bu proses birbaşa həyata
keçirilir. İndi özəl nəşriyyat şəbəkələri,
internet, ədəbi əlaqələr, dillərə bələdlik,
MDB və Avropa-Asiya məkanlarında yaşayan
soydaşlarımızın - azərbaycanlıların
imkanları elədir ki, ədəbiyyatımızın
yayılma hüdudları genişlənir... Və şeirimiz
impultiv olsa da, dünyada baş verən ədəbi proseslə
səsləşməyə, ayaqlaşmağa cəhd edir... Hələlik
bu, zəif və ya tutarlı şəkildə baş tutur,
tutmur məsələsi sonranın söhbətidir, əsas
odur ki, istək və cəhd var!... Xüsusən, bu istiqamətdə
Fikrət Qocanın, Fikrət Sadığın, Ələkbər
Salahzadənin, Çingiz Əlioğlunun, Səlim
Babullaoğlunun, Qəşəm Nəcəfzadənin, Adil
Mirseyidin, Rasim Qaracanın, Elçin İsgəndərzadənin,
Əjdər Olun, Qulu Ağsəsin, Salman Aruzun, Sultan Mərzilinin
uğurlu cəhdləri və fəaliyyətləri adamın
qəlbində müəyyən rahatlıq hissləri
doğurur... Məsələn, müasir dövrün
istedadlı və məhsuldar şairlərindən biri olan Qəşəm
Nəcəfzadənin Hollandiyada Azərbaycan poeziyasını
təmsil etməsi, dünyanın bir çox ölkələrində
onun şeirlərinin çap olunması yaxşıdır.
İntellektual təfəkkürlü Səlim Babullaoğlunun
şeir kitabları Türkiyədə, Polşada, Ukraynada və
İranda nəşr olunub və bu da sevindirici hadisədir. Bu
prosesdə tanınmış şairlərimizdən
Çingiz Əlioğlu və Elçin İsgəndərzadə
də öz istedad və bacarıqları ilə fərqlənirlər.
Azərbaycan şairlərinin fransız və ingilis dillərində
seçmə şeirlərini əks etdirən almanaxları,
topluları da buraya əlavə etmək olar...
Həmçinin,
Moskva ədəbi mühitində, Rusiyanın başqa şəhər
və vilayətlərində, məsələn Kazanda,
Tümendə, Başqırdıstanda, Ukraynada, Belarusda, Orta
Asiyada, xüsusən, Ozbəkistanda və Qazaxıstanda,
Avropada - Almaniya və İngiltərədə
yaşayıb-yaradan azərbaycanlıların yaratmaqda
olduqları ədəbi mühitin bütün üzvlərinin,
deyək ki, - Qulamrza Təbrizinin (London), Silmax Şeydanın
(Almaniya), Güntay Gəncalpın (Finlandiya), Xaqani Hasın
(Ankara), Akif Azalpın (Daşkənd), İxtiyar Rzanın
(Daşkənd), Knyaz Qoçağın (Tümen), Baloğlan
Cəlil İdrisinin (Başqırdıstan) və Avropanın
bir sıra ölkələrində yaşayan
soydaşlarımızın qələmləri Azərbaycan
xalqına, Azərbaycan torpağına xidmət edərək
baş ucalığı gətirirlər...
- Yaxşı bir məsələni
xatırladırsınız. Bir çox icmallarda, materiallarda
Azərbaycandan kənarda fəaliyyət göstərən ədəbi
mühiti, demək olar ki, xatırlamırlar. İstərdim
Moskva ədəbi mühiti barəsində oxucularımıza
məlumat verəsiniz.
- Əlbəttə,
bu ədalətsizlikdir! Moskvada diqqəti çəkən bir
Azərbaycan ədəbi mühiti fəaliyyət göstərməkdədir.
Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsi
(sədri Tofiq Məlikov), "Ocaq" Azərbaycan Mədəniyyət
Mərkəzi və "Şəhriyar" ədəbi-ictimai
məclisi ətrafında fəaliyyət göstərən bu
ədəbi mühit Azərbaycan ədəbiyyatının təbliği
və yayılmasında mühüm işlər görür,
ədəbi məclislər keçirir, tərcümə məsələləri
ilə məşğul olur, tanınmış klassik və
müasir Azərbaycan şair və
yazıçılarının yubileylərini qeyd edirlər. Və
bu tədbirlərə Moskvanın məşhur
ziyalılarını, Moskvada yaşayan tanınmış azərbaycanlıları
cəlb edərək Azərbaycan ədəbiyyatının və
mədəniyyətinin daha təsirli sferalarda
yayılmasına xidmət göstərirlər...
Moskvada
yaşayan şairlərimiz və ədiblərimizdən Tofiq
Məlikli, İlham Bədəlbəyli, Alla Axundova, Nəsib Nəbioğlu,
Sultan Mərzili, Sabir Abdulla, Əliş Əvəz,
Zümrüd Quluzadə, Farid Nagim, Reyhanə Aslan, Səidə
Rəhimli, Sabir Azəri, Nəbi Verdiyev, Yavər Həsənli,
Elyaz Azəri, Eyvaz Əliyev və başqaları orada səmərəli
ədəbi fəaliyyət göstərirlər.
Məsələn,
Sultan Mərzilinin "Heykəltəraş" şeiri bir
poetik nümunə kimi bu ədəbi mühiti yaxşı
yöndən səciyyələndirə bilir:
Sən mənim heykəlimi,
Ucaltdın hara daşdan?
Mən kövrək bir
şüşəyəm,
Yarım da qara daşdan.
Sən məni yonma belə,
Söz ver ki, ayıq qalım!
Sevgimi daş eyləmə,
Baş açıq, ayaq yalın...
Ümumiyyətlə,
Moskva və eləcə də Azərbaycandan kənarda
yaşayıb-yaradan müəlliflərin
yaradıcılığında qürbət
yanğısını, doğma torpağa bağlılıq
hisslərini, Qarabağın işğalı ilə əlaqədar
nisgili ifadə və tərənnümə cəhd, həmçinin
ümümdünya ədəbi prosesinə inteqrasiya istəyi
müşahidə edilir...
- Dünya azərbaycanlılarının,
xüsusən Cənubi Azərbaycan şeirinin müasir prosesdəki
ədəbi nüfuzlarına nəzər yetirməyinizi də
istərdim. Oxucuların bu istiqamətdə bilgiləri zəifdir...
- Deyəsən,
Rəsul Rzanın misralarıdır, təxminən belədir
ki, yer üstündə Araz bizi ayırsa da, su altında
torpağımız birgədir. Bu postulatdan
çıxış etsək, vahid Azərbaycan ədəbiyyatını
vahid axarda öyrənmək vaxtı çoxdan
çatmışdır. Daha onu Qüzey və Güney Azərbaycan
ədəbiyyatı bölgüsündən çıxarmaq
lazımdır. Bu bir arzudur... Amma deyəsən, bir
anlayışlarsız da, hələlik keçinmək olmur.
Güney
Azərbaycanda və dünyanın bir çox ölkələrinə
səpələnmiş soydaşlarımızın
yaradıcılığında zəngin, modern, Qərb poetik
sivilizasiyası ilə döş-döşə gəlməyə
qadir müasir şeir məktəbi yaranmışdır. Nigin
Nəvadi Rəzi, Əmir Zakiri, Maral Təbrizi, İsmayıl
Ülkər, Ozan Səbri, Rza Məliki, Məryəm Pənahşahi,
Fəranək Fərid, Vali Gözəzən, Məhəmməd
Rza Ləvai, Əli Səttari, Təvəkkül Kiyani, Nasir
Mirqati, Atilla Maralanlı, Niqar Xiyavi, Arzu Pirmusavi, Salman Aruz, Rəsul
Yunan, Məlihə Əzizpur, Ayr Səkinə, A. Uğur Olqar,
Kiyan Xiyav və adını bilmədiyimiz onlarca digər
soydaşımız bu poeziyanın gənclik ehtirası ilə
dolu yazıb-yaradan nümayəndələrindəndirlər...
Bunların əksəriyyətini
"Alatoran"çılar ilk dəfə bu taydakı
oxuculara təqdim ediblər və onları müntəzəm
nəşr etməklə buradakı oxuculara imkan yaratdılar
ki, onlar Balaş Azəroğlu, Əli Tudə, Söhrab Tahir,
Mədinə Gülgün və digər bu kimi klassik "cənublu
şairlər" adlandırdığımız
ustadların yaratdığı möcüzəli dairənin
sərhədlərini yarıb keçə bilsinlər...
Yaxşı hallardan biri budur ki, Rasim Qaracanın çox səmərəli
ideyası, Salman Aruzun bitgin layihəsi və prof. Q. S. Təbrizinin
mərdanə dəstəyi ilə bu istedadlı gənclərin
bir sıra kitabları işıq üzü
görübdür. Salman Aruzun "Bahar gəlmədi"
(2010), Nigar Xiyavinin "Əlimdə əlli barmaq" (2010), Məlihə
Əzizpurun "Su pıçıltısı" (2010), Ayr
Səkinə Purhəsənin, "Ayrılıq
durağı" (2010), A. Uğur Olqarın "Qərənfil
yanğını" (2010), Kiyan Xiyavın "Sarı
salatlar dənizi" (2010), İsmayıl Ülkərin
"Sevda yoldayımış" (2010), Rəsul Yunanın
"Duel" və "Mən Çin məhəllələrində
itmişəm" (2010) kitabları "Dayaq" tərəfindən
buraxılıbdır. Onların hərəsinin özünəməxsus
məziyyətləri, özünəməxsus da
çatışmayan cəhətləri var. Bu təbiidir.
Qismət olsa, ayrı-ayrılıqda barələrində
söz açmaq istəyindəyəm. Amma, onların
hamısının sinəsində istedadla döyünən,
damarlarından Vətən-Azərbaycan sevgisi axan ÜRƏK
var!..
Amma bir
polemik məsələ üzərində dayanmaq istərdim.
Bu istedadlı gənc şair Nigar Xiyavinin mübahisə
doğurmuş bir şeiri - "Qarabağ
qurbağası" barədə fikirlərimdən ibarətdir.
Nigar Xiyavi digər qələm dostları kimi, modern
düşüncəyə malik, axtarışda olan,
postmodernist üsluba meyilli şairədir. O, bu şeirin
üstündə sağdan, soldan haqsız tənqidə məruz
qalıbdır və mən bu tənqidlər içində
ancaq Fikrət Qocanın qayğı ovqatlı tənqidinin
müəyyən tezisləri ilə razılaşır, yerdə
qalan "qərəzləri" qəbul etmir və heç
kimlə polemikaya girmədən məsələyə öz
münasibətimi bildirirəm!
İstedadı
qorumaq, onun qayğısını çəkmək,
qüsurlarını da ədəbi-estetik qanunlar çərçivəsində
göstərmək lazımdır. Fikrət Qocann tənqidində
subyektiv məqamlar olsa da, məhz bu normalar çərçivəsində,
ağsaqqal bir sənətkarın narahatlığı
aşkardır... Mən də razıyam ki, elə müqəddəs
məqamlar var ki, ona toxunmaq olmaz! Onlardan biri də
Qarabağın milli himn səviyyəsinə yüksələn
"Qarabağ şikəstəsi"dir! Və elə bilirəm
ki, Nigar Xiyavi də, istedadlı balamız da, bunu bilməmiş
deyildir!
Mən
onun şeirinə tamamilə başqa bucaqdan, başqa yöndən
baxdım! Bu şeirin üslubunda neomodern təfəkkür
tülünə bürünmüş ironiya, sarkazm var.
Şeirdə hikkəyə, qəzəbə
bürünmüş böyük Vətən sevgisi,
Qarabağ itkisi ilə əlaqədar ağrılı,
yanıqlı bir yanğı var! Bu şeirdə olan motiv mənə
M. F. Axundovun Füzuli müqəddəsliyinə məlum
münasibətindəki mahiyyəti xatırlatdı!.. Bu
şeirdə mən, böyük M. Ə. Sabirin
üslubundakı xalqa məhəbbətdən irəli gələn
"Mən nə deyim bizdə olan qeyrətə!"
misrasından baş qaldıran satirik-bədii ironiyanın postmodern
üslubda ifadəsini gördüm! Bununla, Nigar Xiyavini, hələ
sənətdə yeni-yeni kövrək addımlarını
atan bu gənc şairəni bu nəhəng sənətkarlarla
müqayisə fikrindən çox üzağam, amma nəhəng
dağlar həmişə vaxtaşırı "exo"
yaratmağa qabildirlər... Bu da, Nigar Xiyavinin bu formada səslənən
"exo"sudur, ulu babalara əks-sədasıdır!
Şeirin məzmun və mahiyyəti bundan ibarətdir. Nigar məncə,
deyir ki, "Mahnı oxumaqla, ahu-zar dolu "ölürəm-ölürəm"
deyib, şikəstə çəkməklə şikəst
Qarabağı xilas etmək mümkün deyil! Zor vermişik
"gödənə və boğaza!"
Doğrusunu
boynuma alım ki, mən özüm də elə anlar olub ki,
"Qarabağ şikəstəsini" və ya bu motivdə
olan başqa mahnıların ifasını indiki durumda, indiki məqamda
ucdantutma eşidəndə içimdə buna bənzər
etiraz, narahatlıq, əsəblərə toxunan bir hiss
qalxır!.. Düşmən uşaqlarına silahla rəftar
öyrədir, 20 ilə yaxındır ki, Qarbağda silah
oynadır, biz isə Azərbaycanı konsert səhnəsinə
çevirmiş, uşaqlarımızın əlinə qaval
verib Qarabağ dağlarına doğru "Qarabağ şikəstəsi"
oxutdurmaqla məşğuluq! Nigar bəlkə də bir az
naşılıqla, yerinə düşməyən, hələ
cilalanmayan obrazlarla, "sərt" ifadələrlə, amma
Qarabağ sevgisi ilə bu fikirləri, hissləri ifadə etmək
istəyib, heç nəyi ələ salıb, lağa
qoymayıb! Cənublu qızımız Nigarın Qarabağa məhəbbətinin
şiddətindən yaranan ironiya, hiddət və qəzəblə
labələb, şikəstələrin oxuma ritminə uyar
havacatdakı ritmi də ironik üslubi vasitəyə
çevirməklə yazdığı-bəstələdiyi
şeiri belə qurtarır:
"...Əzizinəm ...uy-Tən dərdi,
Vətən dərdi
Tərlədib öldürər məni!
Neynim, əl çək yaxamdan,
iyirmi faiz bəsdi!
Yerdə qalan bəsimdi, görər
məni!
Di, dur gəl, qoyma, uçur,
qaçır başımdan
Gəl qadan aaalım!
Bir çətvər araq, yarım
metr dönər kabab
dönər məni.
Döndərər məni –
O yana döndərər məni, yar,
bu yana döndərər məni.
Ölürəm, ölürəm,
ölürəəə..m!
Gəl dərdin aaa...lım.
Əzizinəm, aaa...y, gödən
yaxşı,
Bir fincan arada göbək
yaxşı.
Deyirəm, Vətən bir az
yığcam,
bir az gödək yaxşı!
Ədə, belə, gödək
yaxşı, gödən yaxşı!
Pay verməyə, aaa...y baaaalam,
Yenə də vətən
yaxşı!
Ölmürəm! Ölmürəm!
Olmürəəə...m!.."
Daha mənə
heç nə demək qalmır! Şeir özü hər
şeyi apaydın deyir... Lakin bu fikrimi Ramiz Rövşənin
başqa bir münasibətlə dediyi sözlərlə bitirmək
istərdim: "Hanı əzab çəkənlər?! Bəlkə
bu ölkədə "əzab çəkməyin" yeni
növü icad olunub: zurna-balabanla, çalıb oxumaqla,
oynamaqla, həftə səkkiz, mən doqquz bayram eləyib
göyə fişəng atmaqla və beləcə, gündən-günə
arsızlığın, abırsızlığın
girdabına batmaqla. ...Bəlkə, bununla düşmənə
acıq vermək istəyirik?! Düşmənə acıq
verməzlər, düşməndən acıq
çıxarlar!" Mən də bu fikirlərə
qoşularaq əlavə edirəm ki, düşməndən
şikəstə oxumaqla acıq çıxmaq mümkün
deyil, düşməni şikəst etməklə ondan
acıq çıxarlar...
(ardı var)
Qələndər
Xaçınçaylı
Həftə içi.- 2011.- 29 aprel.-
S. 7.