"Sənət
həyatın güzgüsüdürmü?"
əvvəli
ötən sayımızda
Milli
Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat
İnstitutunda ilin ədəbi yekunlarına həsr olunan
müşavirə keçirilmişdi. Müşavirədə
tənqidçi-ədəbiyyatşünas Qurban Bayramov
"Poeziyanın imkanları və imkansızlığı"
mövzusunda maraqla qarşılanan məruzə etdi. Qəzetimizin
əməkdaşı Qələndər
Xaçınçaylı Qurban Bayramovdan müsahibə
almışdır.
- Qurban müəllim, söhbətimizi
davam etdirək... Məlumdur ki, ədəbi prosesin ən
başlıca, ən ümdə məsələlərindən
biri mövzu problemidir. Mövzu və həyat həqiqətinin
poeziyada əksini tapmasının əsas istiqamətləri nədir,
hansı mövzulara daha çox müraciət edirlər?
- Bədii
ədəbiyyatda mövzu mühüm məsələdir. Bəzən,
elə sizin kimi, məndən soruşurlar ki, müasir
şeirin əsas, aparıcı mövzusu nədir? Deyirəm
ki, vallah, şeirin, ümumiyyətlə ədəbiyyatın
elə bir əlahiddə mövzusu yoxdur! Min il bundan qabaq necə
idisə, indi də elədir, az təfavüt edər. Şeir
də yer kürəsi kimidir, iki qütb arasında hərəkət
edir! Qütblər yerini dəyişsə, fəlakət olar,
Nuhun tufanı baş verər! Şeir də belədir, əbədi-əzəli
mövzulardır - xeyir və şər, məhəbbət və
nifrət, sevgi və qəzəb, gecə və gündüz,
yaxşı və pis, işıq və qaranlıq və s...
Dual təfəkkür tərzi! Amma indi mühüm bir fərq
var! Bu mövzuların özlərinəməxsus bir
ölçü-biçimləri, əyin-başları,
pal-paltarları var idi... İndi, bu mövzuları
"erotik-şəhvani" hisslərə uyub,
başlayıblar soyundurmağa,
çılpaqlaşdırmağa!
Mövzu
ilə bağlı söhbət düşəndə, həmçinin
"Sənət həyatın güzgüsüdür!"
deyimi yada düşür. Bu, klassik realizm ədəbi metodunun sənət
qanunudur və bədii sənət həyatı, gerçəkliyi,
reallığı əks etdirməli, mövzusunu həyatdan
almalıdır. Amma, burada "güzgü effekti" o qədər
də sənətin prinsiplərinə cavab vermir. "Sənət
həyatın güzgüsüdür" ədəbi-estetik
postulatına, bizcə, yeni ədəbi təmayüldə bəlkə
də, haqlı olaraq, daha az fikir verirlər, yaxud fərqli
münasibətlə yanaşırlar. Müasir poeziyanı
yaradanlar, xüsusən ədəbi gənclik "sifahi
güzgü" effektindən uzaqlaşır, gercəkliyə
özlərinə məxsus, müxtəlif
ölçülü, müxtəlif sferik səthli
güzgü tutmağa cəhd edirlər, "çiliklənmiş
güzgü" effektindən istifadə edirlər... Məsələn,
təkcə ədəbi proseslə məşğul olanlar
deyil, fəhmkar oxucular da, cəmiyyətdə, siyasi həyatda,
hətta qlobal dünyada baş verənlərin, bununla
bağlı müasir insanın mənəvi-psixoloji aləmində
yaşananların ədəbiyyatda, bədii sənətdə
bütün gerçəkliyi ilə, detallarla təsvirini və
"güzgü effektində" əksini görəndə
təəccüb edir və belə əsərlərə, demək
olar ki, maraq göstərmirlər. İndi gerçəkliyə
təhrifə yol vermədən müstəqil, sərbəst,
fərqli münasibət daha çox tələb olunur. Bu
müstəqillik, fərdilik, fərqlilik təkcə formada
deyil, məzmunda, mənada, fikirdə olanda, bədii
materialın keyfiyyət göstəricisinə çevriləndə
daha orijinal və modern görsənir, cazibəli və aktual olur...
Amma,
gerçəklik, həyat həqiqəti, reallıqla əlaqədar
ədəbi və əzəli mövzular, həmçinin
müasir həyatımızda daha qabarıq görsənən,
üzə çıxan mövzulardan təbii ki, müharibə
və azadlıq, müstəqillik dövrünə xas olan
keçid mərhələsinin sosial
sıxıntıları, çətinliklər,
qaçqınçılıq -
köçkünçülüyün yaratdığı əzablar,
Qarabağ işğalından yaranan ruhi sarsıntılar, qələbə
təşnəliyi, məzlum və dözümlü xalq,
qlobalizasiya və dünya, mədəniyyət və siyasi
sistemlərin inteqrasiya meyilləri, bu meyillərin
yaratdığı mənəvi böhranlar, aşınmalar,
bu prosesdə milli düşüncə və milli mənlik dəyərlərinin
qorunması və s. müasir poeziyanın müstəvisində
olan ən aktual mövzulardır...
Həmçinin,
insanın ruhi halları ilə bağlı motivlər - məhəbbət,
sevgi, təbiət və insan, din və əxlaqi dəyərlər,
mistikaya meyillilik, hətta çıxılmazlıq sindromuna
düşərək asilik dərəcəsinə
çatmaq, ətrafda nə varsa ona qarşı etiraz, müəyyən
məqamlarda bütün sosial və mənəvi münasibətlərdə
və mənzərədə ancaq qara ləkələr
axtarmaq və onu ehtirasla qabartmaq, siyasiləşdirmək cəhdləri,
mənəvi-psixoloji nostalji hisslər, itirilmiş məhəbbət
axtarışları, erotik və hətta parnoqrafik həyatın
açıq-saçıq ifadəsi, bu tipli oxşar
ovqatların ritorikası Azərbaycan şeirində təhlükəli
bir "oxşarlıq və eyniyyət", texniki istilahla desək,
"konteyr axını" yaradır...
Bir cəhəti
də, vurğulayım ki, ədəbi-poetik prosesdə bir səngimə,
sabitləşməyə doğru bir irəliləyiş olsa
da, keyfiyyət və məzmun cəhətdən 2010-cu ilin
poeziyası da əvvəlki
illərin az fərqlə inersiya ilə davamıdır... Lakin
bu da şəksizdir ki, qlobal aləmdə, dünyada, ölkəmizdə,
türk dünyasında, müasir insanın mənəviyyat
aləmində baş verən dəyişmələr,
proqressiv və reqressiv hallar müasir poetik axtarışlarda,
ideya-estetik baxışlarda, bədii ifadə tərzində,
mövzuların mahiyyətində keyfiyyətcə tutarlı
çevrilmələrə təsir edir... Və müasir
poeziyada yazıb yaradan bütün ədəbi nəsillərin
yaradıcılığında bu və ya digər dərəcədə
əksini tapır.
Fikrət
Qoca, Musa Yaqub, Məmməd İsmayıl, Fikrət Sadıq,
Ayaz Vəfalı, Səyavuş Məmmədzadə, İlyas
Tapdıq, Oqtay Rza, Qaçay Köçərli, Abbas Abdulla
kimi yaşlı nəsilə mənsub şairlər yenə də
poeziya aləmində aramla irəliləməkdədirlər.
Fikrət Qocanın müasir poetik meyarlara sədaqəti, Musa
Yaqubun şeirindəki müdrikliklə
çulğalanmış həzin lirizm, Məmməd
İsmayılın doğma Turkiyədə keçirdiyi
nostalji hisslərin səmimiyyəti, Qaçay Köcərlinin
yaradıcılığındakı Qarabağ yanğısı, İlyas
Tapdığın şeirlərindəki isti, ilıq, körpələrə
məxsus ülviyyət, Oqtay Rzanın rübai
janrındakı poetik məntiqlə yoğrulmuş həyati
axtarışları, Fikrət Sadığın əsərlərindəki
tizfəhmlik və düşüncə tərzindəki
müdriklik və orijinallıq, Ayaz Vəfalının
şeirlərindəki klassizmlə yoğrulmuş poetik əql
və zəka, həyat həqiqətlərinə söykənən
möhkəm poetik məntiqin vüsəti, Abbas Abdullanın
şeirlərindəki gerçəkliyə söykənən
sosial motiv, sədaqət və səmimiyyət bu nəsilin
stabil və təmkinli axarına yaxşı bir nümunədir...
Bizim
tanınmış və adları həmişə
siyahılardan fəxarətlə keçən şairlərimizdən
xalq şairi Sabir Rüstəmxanlı nəsrlə məşğuldur,
Hidayət siyasi-ictimai publisistika ilə, xalq şairi Vaqif Səmədoğlu,
Ramiz Rövşən və Vaqif Cəbrayılzadə-Boyat-Odər
isə intervü verməklə məşğuldurlar... Hər
halda, keçən ilin nəzərdən keçirdiyim
prestijli mətbuat səhifələrində onların
şeirlərinə rast gəlmədim...
Müasir
dövrün ziyalı zümrəsindən ən fəal,
ictimai-sosial həyatla, ən ümdəsi isə xalq həyatı
ilə yaxından təmasda olan, bu həyata nüfuz edən,
xalqın içindən çıxmayan şairlərimizdən
biri də xalq şairi Zəlimxan Yaqubdur. Doğrudur, mən
onu "şeirimizin imperatoru" adlandırmaq fikrində deyiləm,
amma onu təkcə yaradıcılığı deyil,
ziyalı şəxsiyyəti, mənəviyyatı ilə də,
bütövlükdə milliliyə, xəlqiliyə və
müstəqilliyə hopmuş sənətkarlarımızdan
hesab edirəm... Əgər Zəlimxanın
yaradıcılığına praqmatik yanaşsaq, indi xalqa bağlı
xalq şairi imici onun boynunun yüküdür!..
Məqamı
gəlmişkən, qeyd edək ki, keçən ilki ədəbi
prosesdə xalq şairi Fikrət Qoca və bu nəslin
nümayəndələrindən olan Hafiz Əli qədər
fəal müəllif olmamışdır... Hafiz Əlinin
şeirlərinin altındakı tarix göstərir ki, o elə
olub ki bir gündə beş-on şeir yazıb və kecən
il Hafiz Əli mətbuatda bir qalın kitablıq şeir dərc
etdirib və əlbəttə ki, belə kəmiyyət bədii
keyfiyyətə ciddi xələl gətirib...
Fikrət
Qocanın isə "Ədəbiyyat qəzeti" səhifələrində
əlliyə yaxın müxtəlif mövzularda, müxtəlif
forma və şəkillərdə şeirləri dərc
edilmişdir. Bədii cəhətdən bunların
hamısı eyni səviyyədə olmasa da, əksəriyyəti
müəllifin ustalığını, hadisələrə vətəndaş-şair
münasibətini, ardıcıl axtarış
ehtirasını ehtiva edir... Dəfələrlə deyildiyi
kimi, indiki mərhələdə çox şairlər sərbəst
şeir yazır, ya hansısa ənənəni davam etdirir, ya
da özünü "modern" göstərmək istəyinə
və dəbinə görə sərbəst şeirə
müraciət edir... Məncə, Fikrət Qoca sərbəst
şeirə nə ənənənin davamı kimi
yanaşır, nə də "modern dəb" xatirinə...
Fikrət Qoca hansı formada yazmağından asılı
olmayaraq, təbiətən sərbəstdir! Düşüncə
tərzinə görə sərbəst, azad və
hürrdür!.. Fikrət Qoca təmayül adamı deyil,
özü təmayül yaradan şairlərdəndir.
"Fikrət Qoca ağ saqqallı uşaqdı, Yerə,
göyə, quşa, daşa aşiqdi!" - deyimi, onun həmişəcavan
poetik ruhunun lirik ovqatını dürüst xarakterizə edir!
Onun keçən ilin son aylarında dərc etdirdiyi şeirlərin
birində belə bir bədii sorğusu var:
Mən bu zövqə, bu kimliyə,
Bir ömürlük məhkumam.
Siz mənə məndən
danışın,
Mən də bilim, mən kiməm?!
Yaradıcılığını
keçən əsrin 70-ci illərindən sevdiyim, aspirantura
illərində onun haqqında yazdığım məqaləni
heç bir yerdə çap etdirə bilmədiyim günlərdən
bu günə qədər ona olan rəğbətimi iç
dünyamda gəzdirdiyim Fikrət Qocaya 75-ində, mənimsə
65-imdə bu bədii sorğusuna cavab olaraq deyirəm:
Sən, elə Fikrət Qocasan ki,
Fikrət Qocasan!
Həyatda bilmirəm,
sənətdə qoçaqsan!
Özündən nə balaca, nə
də ucasan!
Qocalsan da, cavansan!..
Bu nəslin
məşhur nümayəndəsi olan Musa Yaqubu oxuculara
nişan vermək nə o qədər çətin, nə o qədər
də asan deyil. İllər boyu o, şəxsiyyətində də,
əqidəsində də, yaradıcılığında da
sabitqədəm olan, hamının qəbul etdiyi, sevdiyi, sevə-sevə
oxuduğu, əzizlədiyi Musa Yaqub olaraq qalır. Biz onun
şeirlərindəki daşlaşmış, bənzərsiz
linqivo-poetik sintaksisə, insanın təbiətlə, təbiətin
insanla qovuşuğuna müdrik baxışlarına,
folklordan, xalq şeirindən gələn ovqatın,
havanın, havacatın müasir poetik təfəkkürlə
qaynayıb-qarışmasına həmişə heyrət
etmişik! Süleyman Peyğəmbər, şirvanlı Nəsimi
"quş dili" bilirdilər... Şirvanlı Musa Yaqub isə
təbiət dilinin kamil bilicisidir və "təbiət
dilini" şeir dilinə çevirən tərcümandır.
2010-cu ildə "Azərbaycan" jurnalında dərc
etdirdiyi "Kömür ömrü", "Ərəfə",
"Babadağa ziyarət", "Nə deyim, vallah!" və
s. qəbildən şeirləri yenə də Musa Yaqubun
sirli-sehirli dünyasından qulaqlarımıza, könüllərimizə
pıçıldadığı könül
pıçıltılarıdır:
Mən ağac deyiləm
çürüyüm gedim,
Mən duz da deyiləm əriyim
gedim;
Ağır basmalarda basılıb
qalan,
Kösövlər ucundan
asılıb qalan,
Torpaq lövhələrdə
yazılıb qalan
Mən kömür ömrüyəm,
mən kömür ömrü.
"Bu
dünyanın qara daşı göyərməz" deyə-deyə,
bu dünyanın qara daşlarını göyərdən
Musa Yaqub torpağın belə, heç vaxtı
çürüdə bilmədiyi kömür ömrü
yaşayır...
Şeirimizin
gənc-qocaman Oqtay
Rzası yenə də, özünəməxsus həssaslıqla
müasir dövrün rübai karvanının sarvanına
dönüb... Oqtay Rza bu ahıllığın gənclik
çağında da həmişə axtarışdadır,
qələmi ovxardadır və onun rübailəri klassik
rübai janrının ən yaxşı cəhətlərini
daşımaqla yanaşı, tamamilə fərqlidir, məzmun
və mənaca müasirdir, sosial və mənəvi-əxlaqi
problemlərə ağıllı və ayıq münasibətdir.
Bu rübailər mücərrəd, didaktik təfəkkürdən
çox, müasir real həyatın mənası ilə əlaqəlidir;
"ağı-qaradan" seçmək nisbətən
asandır, Oqtay Rza özü demiş, "tündü
qaradan" seçməyə başlayıb:
Ömürdən bir gün də
çıxdı sıradan,
Nə verib geriyə alır yaradan;
Yaşımın ahıllıq
çağında mən də,
Deyəsən, seçirəm
"tünd"ü "qara"dan.
- Məlumdur ki, ilin ədəbi
yekunlarına həsr edilmiş ədəbi-tənqidi icmallarda
ənənəvi olaraq ümumi siyahılarsız keçinmək
olmur. O da məlumdur ki, bu imzaları sadalamaqla qurtarmaq olmur.
2010-cu ilin prosesində diqqətinizi cəlb edən,
yaradıcılığı ilə fərqlənən,
şeirimizi və sizi qane edən hansı imzalarla
qarşılaşdınız?
-
Görünür, imza bolluğu və imza tünlüyü təkcə
biz tənqidçiləri narahat eləmir. Yaxşıdır
ki, istedadlı şairlər də bu "tünlükdən"
bezikirlər. Kecən ilin mətbuatında imzasını
gördüyüm, şeirlərini oxuduğum, Azərbaycan
poeziya məkanında daha çox diqqəti cəlb edən,
öz şair fərdiyyətini çoxdan təsdiq etmiş və yaxud bu yolda ümid verən
şairlərimizin siyahısını mən də təqdim
edirəm:
Ənvər
Əhməd, Vahid Əziz, Paşa Qəlbinur, Yusif Nəğməkar,
Vaqif Bəhmənli, Taleh Həmid, Musa Ələkbərli, Əli
Mahmud, Rüstəm Behrudi, Ələmdar Quluzadə, Elxan Zal
Qaraxanlı, Qulu Ağsəs, Etimad Başkeçid, Adil
Mirseyid, Əjdər Ol, Səlim Babullaoğlu, Adil Cəmil,
Mahirə Abdulla, Qəşəm Nəcəfzadə, Ədalət
Əsgəroğlu, İlqar Fəhmi, Ramiz Qusarçaylı, Əbülfət
Mədətoğlu, Zakir Fəxri, Kəramət, Rafiq
Yusifoğlu, Rasət, Ağacəfər Həsənli, Tahir
Taisoğlu, Əli Rza Xələfli, Mübariz Məsimoğlu,
Maarif Soltan, Əhməd Qəşəmoğlu, Əlisəmid
Kür, Şahməmməd, Azər Abdulla, Firuzə Məmmədli,
Şirinxanım Kərimbəyli Şadiman, Nisəbəyim, Bəsti
Əlibəyli, Fərqanə, Mahcamal, Məhəmməd Astanbəyli,
Eldar Nəsibli, Avdı Qoşqar, Sabir Sarvan, İslam Sadıq,
Barat Vüsal, Nazim Əhmədli, Zahid Saritorpaq, Sabir
Yusifoğlu, Şərif Ağayar, Şöhlət Əfşar,
Səhər, Zirəddin Qafarlı, Balayar Sadiq, Sərvaz
Hüseynoğlu, Hafiz Rüstəm, Şahin Fazil, Qələndər
Xaçınçaylı, Rəfail Tağızadə, Əlizadə
Nuri, Tərlan, Əlirza Həsrət, Ədalət Salman, Məlahət
Yusifqızı, Rəsmiyyə Sabir, Əkbər
Qoşalı, Tofiq Qaraqaya, Əhməd Oğuz, Həyat Şəmi,
Narıngül, Gülnarə Cəmaləddin, həmçinin
bizim öz həmkarlarımız olan İslam Ağayev, Məhərrəm
Qasımlı, Teymur Kərimli, Nizaməddin Şəmsizadə
də şeir yaradıcılıqları ilə ədəbi
prosesdə fəal iştirakları ilə fərqlənmişlər...
Həmçinin,
həmişə rəsmi ədəbi icmalların mətnlərindən,
siyahılarından kənarda qalan
"Alatoran"çılardan və ya "AYO"çulardan
Rasim Qaraca, Həmid Herisçi, Murad Köhnəqala, Seymur
Baycan, Qan Turalı, Aqşin Evren, Nərmin Kamal, Nuranə Nur,
Günay Nur, Əlizadə Nuri, İntiş, Xaqani Has, Elvin
Cabuy, Tuana, Eluca Atalı, Sevinc Çılğın, Xəyalə
Dalğın və b. bu kimi adlarını siyahılara
sığışdıra bilmədiyim qələm sahiblərinin
fərqli fəaliyyətləri ədəbi həyatımızın
ayrılmaz, özü də təqdir ediləsi
faktlarındandır...
Yeri
gəlmişkən qeyd edim ki, mən, istər Gənc Yazarlar
Məktəbinin, istərsə də Azad Yazarlar
Ocağının sıralarında olan çox dəyərli,
istedadlı, həmişə axtarışda olan, modern təfəkkürlü,
orijinal-intellektual düşüncəyə və fərdi
üsluba malik, heç də müasir Qərb bədii təfəkkür
tərzindən geri qalmayan gənc və gənc olmayan
şairləri görürəm və onların
axtarışlarını, bu axtarışların nəticələrini
uğurlu, gələcəkli və lazımlı sayıram.
Bircə onu tövsiyə edərdim ki, xırda hisslərə
və xırda mövzulara qapılmasınlar.
Sahil qayıqlarını okean laynerlərinə dəyişsinlər,
cəsarətlə geniş üfüqlərə
çıxsınlar... Adlarını çəkdiyim və
çəkmədiyim gənclər buna layiqdirlər... İstəyim
budur ki, bu istedadlar bır-birlərini qorusunlar, bir-birinə
hörmətlə yanaşsınlar... Onların
qarşıdurmalarından istifadə edənlərə
uymasınlar... Yaradıcılıq mübahisələrini, ədəbi
söhbətləri ədəbi "müharibəyə"
çevirmək istedadın məhvinə yönəldilmiş
təhriklərdən başqa bir şey deyildir. Sizləri bu
qarşıdurmalara vadar edənlər sizin istedadınıza
paxıllıq edənlərdır!... Siz artıq müəyyən
sınaqlardan keçmiş, ictimai fikirin qəbul etdiyi gənc
istedadlarsınız... Ədəbi "Şou maqazin"
düzəltmək heç bir vəchlə ədiblərə
ədəb gətirməz!... Ən böyük mücadilə
yaradıcılıq meydanına qoyulan istedadla
yazılmış əsərlərlə
aparılmalıdır, yersiz atmacalarla yox!
Mən
bu yenilikçilər, modern təfəkkürə malik gənclər
sırasında, daha doğrusu, onların arxasında həmişə
özlərini idman istilahı ilə desək,
"modernist" formada saxlayan "qocalardan" Fikrət
Qocanı, Fikrət Sadığı, Ələkbər Salahzadəni,
Ramiz Rövşəni, Vaqif Bayatı, Çingiz Əlioğlunu
və Əjdər Olu da görürəm.
Mənə elə gəlir ki, bəyəndilər-bəyənmədilər,
təqdir etdilər-etmədilər bunlar bu istedadlı
yenilikçi gənclərin həm enerji mənbəyidirlər,
həm də sıra nəfərləridirlər.
Bir
daha siyahıya
qayıdım. Adama elə gəlir ki, bu siyahını
sonsuzluğa qədər uzatmaq olar və burada adlarını
çəkmək imkanından məhrum olduğuma görə
yerdə qalanlar məni
yəqin bağışlarlar... Məlumdur ki, onların poetik
istedadı, bədii imkanları təbii ki, eyni səviyyədə
deyil, lakin o da məlumdur ki, müasir poeziyamızın mənzərəsini
bu şairlərin yaradıcılığı olmadan da təsəvvür
etmək çətindir... Mən, vaxtaşırı bu
şairlərin bir çoxunun barəsində imkan daxilində
danışmış, prosesdə fərqlənən ən
xarakterik bədii faktların təhlilini vermişəm.
İndi ədəbi icmalın janr imkanları geniş təhlillər
verməyə imkan yaratmır. Lakin bir sıra daha xarakterik
faktlar üzərində dayanmaq istərdim...
Bu
sıradan Azərbaycan Yazıçılar Birliyinin Qarabağ
şöbəsinin sədri, müasir çağda Qarabağ
ədəbi mühitinin flaqmanı, tanınmış
şair, publisist, alim Ənvər Əhməd, həmçinin
Qazax şöbəsinin sədri, Qazax şeir məktəbinin
davamçısı Barat Vüsal, Quba şöbəsinin sədri,
olduqca orijinal,
Böyük Qafqazdan daima Qarabağın Kiçik Qafqaz silsiləsinə
həsrət dolu şair qəlbi ilə boylanan Ramiz
Qusarçaylı həmişə olduğu kimi, kecən ilin ədəbi
prosesində də həm təşkilati fəaliyyətləri,
həm də yaradıcılıq vüsətləri ilə fərqlənmişlər...
Ənvər
Əhməd təmkinli yaradıcılığı və
şəxsiyyətilə həmişə fərqlənib və
müasir dövrdə Qarabağ mahalında sözü
eşidilən ziyalı-ağsaqqal statusu qazanıb, deyərdim
ki, xalqın şairi səviyyəsinə yüksəlib. Onun
"Dünya əlimdən sürüşür",
"Yağır çəmənimə yaz", "Küləyin
işığı", "Kəndimizin
ölümü", "Qan heykəli", "Kəfənim
qandan biçilib", "Qalx ayağa, Üzeyir" qəbildən
şeir və poemaları xalqın, millətin, Qarabağ
camaatının dərdinə-sərinə,
ağrısına-acısına tutulan aynadır:
Kirpiyim düşmən çəpəri,
Qırpılsa sərhəd
keçilər.
Bu dərd yesə ürəyimi,
Qəbrim gözüm tək
kiçilər –
deyir,
Qarabağın işğalına inanmır, bu sərt həqiqət
qarşısında donur, "İlahi, bir qara daşın
olaydım, Şuşada ocaq yerində qalaydım"
duasını eləyir, hiddət və qəzəbdən
"Dəli bir hönkürtü gözlərini oyur",
"Payi-piyada Şuşaya sarı gedir", Xankəndində
yandırılmış saray-evi yuxularından
çıxmır... Bunların hamısı
qarabağlıların içindən, ürəyindən,
hisslərindən oyalanan dərdlərdir ki, Ənvərin əsərlərində
Qarqara, Xaçına, Tərtərə dönüb dərələr
boyu çağlayır... Məmməd Arazın dediyi "Əgər
şairi bütün xalqın, diyarın, bütün ölkənin
vətəndaşı, əsrin, zamanın bir çox məsələlərinə
cavabdeh hesab etsək, şair olmaq çox çətin
işdir" - klassik deyimi, elə bil, Ənvər Əhməd
kimi şairin boy-buxununa biçilib...
Eləcə
də, Barat Vüsalın, Ramiz Qusarçaylının
şeirlərində hər şair öz ovqatına, öz
ruhuna sadiq bir tərzdə yazıb-yaradırlar. Barat
Vüsalda lirik ovqatda poetik axar, tərənnüm
üstünlük təşkil edir, Ramiz Qusarçaylıda
isə ironiya, sərt sarkazm, predmetə poetik, tənqidi-ironik
münasibət, sosial-psixoloji ağrıları görmək,
duymaq və ifadə etmək istəyi üstündür...
Keçən
ilin ədəbi-poetik prosesində Firuzə Məmmədli,
Şirinxanım Kərimbəyli Şadiman, Şövkət Zərin
Harovlu, Rəsmiyyə Sabir, Nisəbəyim, Bəsti Əlibəyli,
Fərqanə, Mahcamal, Səhər, Məlahət
Yusifqızı, Həyat Şəmi, Narıngül, Gülnarə
Cəmaləddin kimi qadın şairlərin təqdimatında
hər birinin fərdi mövqeyinə uyğun biçimdə
xeyli maraqlı, aktual görsənən mövzularda, bir
çox hallarda nostalji zərif hisslərlə zəngin diqqəti
çəkən şeirlər dərc edilmişdir ki,
bunları da ayrıca təqdir etmək vacibdir. Müxtəlif
nəsillərə məxsus olan bu şairlər
üslubları, fərdi poetik cizgiləri ilə çoxdan
özlərini fərqli mövqelərdən təsdiq
etmiş qələm əhlidirlər. Amma, o da yaxşıdır
ki, hər bir ədəbi nəsildə olduğu kimi,
bunların da özünəməxsus oxşar yaxşı cəhətləri
və oxşar qüsurları müşahidə edilməkdədir...
Heç
kimin qəlbinə dəymədən, xüsusi qeyd etmək
istərdim ki, Firuzə Məmmədli ilə Rəsmiyyə
Sabir və Fərqanə qadın şairələr içərisində
yaxşı mənada yenə də fərqlənməkdədirlər.
Mənə elə gəlir ki, Firuzə Məmmədli
müasir mərhələdə Nigar Rəfibəylinin, Mədinə
Gülgünün, Mirvarid Dilbazinin hər cəhətdən -
təmkinli, ləyaqətli, həyalı, samballı,
istedadlı olmaqla davamçısı, kişi qeyrətli, qadın
zərifliyi ilə ağıllı poeziyanın
yaradıcısıdır. Firuzənin "Azərbaycan"
jurnalının 11-ci sayında dərc olunmuş şeirlər
silsiləsi yaradıcılığının təravətini
həmişə qoruduğunu sübut edir. Keçən il, həm
də rəsmi adı olmayan bu xalq şairəsinin yubiley ili idi.
Yeri
gəlmişkən, gənc, son illərdə imzaları
sıx-sıx görsənən istedadlı, özü də
modern təfəkkürlü, modern hissiyyatlı şairə
xanımlara ad çəkmədən tövsiyə edərdim
ki, bir sıra yad təmayüllərə uymasınlar, hissin
pünhanlığını, pərdəsini, hicabını
qorusunlar, zərif ruhi, psixoloji hissləri zərif gül ləçəyinə
büküb təqdim etsinlər, yuxarıda qeyd etdiyim kimi,
"sözü soyundurmasınlar", bir sözlə, "atəşli"
erotizmdən uzaqlaşsınlar...
-- Qurban müəllim,
keçən ilin maraqlı bir faktına da münasibətinizi
bilmək istərdik. Bizim ədəbi prosesdə ilk dəfə
idi ki, həbsxanada yaranan poeziyanı ictimaiyyətə təqdim
etmək imkanı yarandı...
-- 2010-cu ilin ən maraqlı faktlarından biri də bu
idi... İndi, bizdə də, müasir dünya ədəbi prosesində "Zon
şeiri" adlanan, həbsxanada yazılan şeir nümunələrinə
diqqət yaranmış və onlara müasir ədəbi
prosesdə əks olunmaq imkanı yaradılmışdır.
Bu bizim ədəbi həyatımızda yeni hadisədir və
Azərbaycan Ədliyyə Nazirliyinin təşəbbüsü
ilə Cəzaçəkmə müəssisələrində
şeir yazan dustaq - müəlliflərin "Başlamaq
olarmı ömrü yenidən" şeir toplusu və bu
şairlərin hətta bir qisminin şeir kitabları da nəşr
etdirildi, amma tənqidin diqqətindən kənarda qaldı. Bu
şeirlərin sırasında təbii ki, ala-babatı, zəifi,
yaxşısı da var, amma bu təşəbbüs həm
demokratik insan haqları baxımından, həm siyasi, həm
humanizm, həm də mənəvi-əxlaqi cəhətdən
əhəmiyyətlidir. Bu fakt sübut edir ki, bizim cəmiyyət
onları itirilmiş adamlar hesab etmir, onların səmərəli
şəkildə, cəmiyyətə xeyir verməklə
ömürlərini səmərəli axarda yenidən
başlamalarına inanır. Prezidentimizin humanist əff fərmanı
ilə indi azadlıqda olan Zahid Əzəmətin həbsxanada
yazdığı şeiridir:
Qardaşım Bayılda yatır,
Dəmir barmaqlıqlar
arxasından,
buxtaya baxır.
Sahil bağında
görüşü yada düşür,
Üşüyür, yaman
üşüyür
Təbii,
gərgin, dramatik, nisgilli, həsrət dolu insani hisslərdir. Onu da, deyim
ki, Rusiyada "Zon poeziyası" mövzusunda nəinki geniş
yazılı bədii ədəbiyyat mövcuddur, hətta
"Zon folkloru" da toplanaraq çap edilir və bunlar barəsində
tədqiqat aparılır, dissertasiyalar yazılır. Mənə
elə gəlir ki, "Başlamaq olarmı ömrü yenidən"
toplusunun çapı ədəbi ictimaiyyətə və
elmi-tədqiqatçılara yaxşı bir mesajdır və
bu istiqamətdə işi davam etdirmək lazımdır...
- Qurban müəllim, icmalın
imkanları çərçivəsində keçən ilin
şeirinə ümumi tərzdə nəzər yetirdiniz, imkan
dərəcəsində ədəbi prosesdəki nəzərə
çarpan əksər təmayüllərə toxundunuz, istərdim
ki, epik poeziya haqqında, daha doğrusu, müasir
poeziyamızda poema janrının vəziyyəti barəsində
danışasınız...
- Qələndər
müəllim, məni həmişə düşündürən
problemə toxundunuz. Üzünüzə demək olmasın,
siz özünüz də imzası tanınan şairlərimizdənsiniz.
Ona qədər şeir kitabınız var. Lirik şair, operativ publisist
jurnalistsiniz və keçən il sizin də xeyli şeirləriniz
dərc edilibdir. Lakonik bir şeirinizi misal gətirmək istərdim:
Mirvari suyu kimi,
Şöhrət gözlərin
tutdu.
Kor oldular,
kor qaldılar
Dünyamıza kor
qalmışlar...
Yaxşı
şeirdir, obrazlıdır. "Mirvari suyu kimi şöhrət
gözlərin tutdu" misrasındakı bənzətmə
tapıntıdır, şeir dərin ictimai məzmunu əhatə
edir. Müasir şeirimizdən onlarla belə yaxşı, təsirli,
məzmunlu misal gətirmək olar. Amma, tək bu şeirdəki
mətləbə geniş epik təfəkkürlə
baxsanız, o "mirvari suyu kimi şöhrət gözlərini
kor etmişlərin" tipik, xarakterik, canlı
obrazlarını yaratmaq olar. Məni narahat edən, siz nəslin,
xüsusən 90-cılar nəslinin poema janrına zəif,
biganə münasibətləridir. Bu nəslin içərisində
istedadlı şairlərin bir qismi isə lirik çərçivəyə
sığmadıqlarından nəsrə keçirlər,
yaxşı da nümunələr yaradırlar. Lakin, nəsr
poeziyanı - poetik epizmi, poemanı əvəz edə bilməz.
Keçən əsrdə belə bir məşhur deyim
vardı "Topdan sərçəyə yaylım atəşi
açmaq" deyimi! Elə bunu belə münasibətlərdə
misal çəkərdilər, gözəl, epik vüsətli
mövzuları kiçik, səthi, süni lirizmlə korlayanda
bu ifadəni işlədərdilər... Mən istərdim ki,
sizin nəsil geniş poetik epik magistrala çıxsınlar,
XXI əsrin dəyərli roman-poemalarını
yaratsınlar... XX əsrin böyük sənətkarı Səməd
Vurğun 50 il yaşadı, yüzlərlə kamil şeirlərlə
yanaşı, 26 poema, 6 pyes yazdı, özü də necə
poemalar, necə pyeslər... Hələ onun geniş
miqyaslı ədəbi-estetik görüşlərini əhatə
edən iki cild kitabı əhatə edən məqalə və
çıxışlarını demirəm. Bu ədəbi-nəzəri
görüşlərinə görə ilk akademik titullu
şairimizdir. Dünya səhnələrində gəzən,
ekranlardan düşməyən, dillər əzbəri olan əsərlər...
İndi şairlərin əksəri 50 yaşı keçiblər,
yenə də "gənc şair" titulundan o yana
keçmirlər... Bax, məni düşündürən,
bir az da ağrıdan bu və buna bənzər mətləblərdir.
Cəmiyyəti düşündürən müxtəlif
mövzularda epik vüsətli, monumental, tarixdə qalacaq olan əsərlər
yazmaq lazımdır...
O ki,
qaldı keçən ilin poema faktlarına... Əlbəttə
2010-cu ildə poema janrında bir sıra əsərlər
mövcuddur, amma bunlardan bir neçəsi janrın
imkanlarına cavab verir. Müsahibəmizin davamında bu
məsələ üzərində daha geniş dayanarıq...
Müsahibəni
aparır şair-publisist
Qələndər
Xaçınçaylı
Həftə içi.-
2011.- 30 aprel- 2 may.- S. 10-11.