Yazıçı xalqın danışan dilidir
Televiziyalar ədəbiyyata,
poeziyaya laqeyd münasibət sərgiləyirlər
Azərbaycanda
bu gün hamını düşündürən, narahat edən
problemlərdən biri də yazıçı
sözünün, yazıçı nüfuzunun cəmiyyətdə
aparıcı mövqeyini itirməsidir. Bu yazıda
"yazıçı və cəmiyyət",
"yazıçı və oxucu problemləri" ilə
bağlı maraqlı fikirləri oxucularımızın diqqətinə
çatdırırıq.
İslam Sadıq: - Cəmiyyətin
psixologiyasının, əqidəsinin, milli ictimai
düşüncəsinin formalaşmasında
yazıçı sözü həmişə aparıcı
rol oynayıb. Tarixən belə olub. Xalq daha çox öz
yazıçısına, şairinə inanıb. Əslində,
xalq belə düşünüb ki, yazıçı və
şair onun danışan dilidir. Bu gün necə? Azərbaycan
yazıçısı, Azərbaycan şairi xalqın dili ola
bilirmi?
Yusif Nəğməkar: - Ciddi bir problemə toxundunuz. Sözün əsl mənasında
xalqın şairi olmaq çox çətindir, ona görə zövqlər müxtəlifdir və xalqın istəyinə cavab vermək önəmli bir məsələdir. Qarabağ problemi
yaranan gündən bəri mən istər publisistlərimizin,
istər yazıçılarımızın,
istərsə də xalqımızın dilindən
eşidirəm ki, yazıçılarımız Qarabağ probleminə toxunmurlar. Axı bu, kökündən
yanlış məsələdir.
Elə bil ki, burada
bir günahkar var. Bəs o günahkar kimdir? Mənə elə gəlir ki, günahkar kitabların, qəzet və jurnalların az oxunması,
ya da heç
oxunmamasıdır.
İ.S.: - Qəzetlərlə, jurnallarla
işim yoxdur, ancaq kitablar yayılmır. Yayılmaq imkanı
yoxdur.
Y.N. - Təəssüf olsun ki,
televiziya kanallarında da bizim istedadlı şairlərimizə
az yer verilir. Mənə elə gəlir ki, poeziyada əsl mənada
sənətdən az xəbəri olan və yaxud xəbəri
olmayan insanlar ardıcıl olaraq öz işlərini
görürlər. 5 manat pul tapanlar kitablarını çap
etdirirlər. Əgər buna kitab demək mümkündürsə.
Televiziya kanallarına, radio verilişlərinə çox
rahat yol tapırlar. Əsl istedadlar çətinlik çəkirlər
və buna görə də təbliğat məsələsi
arxa planda olur. İndi xalq, millət, tamaşaçı, dinləyici,
oxucu haradan bilsin ki, Qarabağ problemi ədəbiyyatımızda
hansı səviyyədə əks olunub. Amma bir qələm əhli
kimi demək istəyirəm ki, son dövrdə çap olunan
3 kitabımın Qarabağ probleminə həsr olunması
faktdır. Elə götürək "Zal ağacı"
poemasını. Bu əsər bir tərəkəmə
oğlu Zal dayının, çoban bir kişinin fədakarlığından,
aranı, yaylağı birləşdirə bilən ulu
kişilərin, böyük kişilərin cəsarətindən
söhbət açır, Zal dayının timsalında. Və
burada göstərirəm ki, zoğal dəyənəklə
at belində fərməşim, öküz belində
yüküm, qoşa gözlü heybədə ağ yuxa
büküm-büküm köç gedir
uşaqlığım. Nə qədər köç
etmişəm dağdan arana, arandan dağa. Bax onda o
çomağı ilə Zal dayı 7 ermənini
yıxırdı bir yerə. İndi mən deyirəm ki, tərəkəmə
elim, ey tərki-vətən sənin ağacına qurban olum mən.
Baxma bu ad-sanıma, baxma bu yaşıma, hərdən o
ağacı endir başıma, qoy başım silkələnsin
mənim. Görüm sənin o zoğal dəyənəyində,
o çomağında olan qeyrət bu gün bizim toxumamızda,
fəqərəmizdə varmı? Yoxdur, o boyda qeyrət bizdə.
Əgər olsaydı, bir ermənini də biz vurub
yıxardıq, birinin də burnunu biz qanadardıq. Amma biz burun
qanadan millət deyilik. İşğal olunmuş
torpaqlarımızı təmizləmək naminə biz o burnu
qanadırıq. Söhbət bundan gedir. Sonra "Vəslin
edamı" adlı bir əsər yazdım. Əslən Dərələyəzdən
olan bir qadın torpağını itirdiyindən buna dözə
bilmədi. O, dəfələrlə infarkt keçirərək
Gəncədə toyda oynaya-oynaya ayaq üstə keçindi.
Ona görə ki, o dərdi daşıya bilmədi. Sonra mən
onların nəvələrinin toyunu Şuşada,
"Cıdır düzü"ndə eləmişəm.
"Cıdır düzü"ndə tarixən toy olmur.
Bilirsiniz, orada cıdır yarışları keçirilərdi.
Amma mən toy eləmişəm, xəyalən. Ora mən
Teymur xanı, Dərbənd xanı gətirmişəm. Azərbaycanda
olan xanlıqlar, Təbrizdən qonaqlar gəlib, onları birləşdirmişəm
"Cıdır düzü"ndə. Bu Qarabağ problemi
deyilmi? Keçən il Milli Qəhrəmanımız
Çingiz Mustafayevin haqqında "Çingiz çini"
adlı bir poema yazdım. Bu, başdan-başa Qarabağ dərdinə,
Qarabağ savaşına, Qarabağ döyüşünə
və gələcək qələbəmizə həsr
olunmuş bir əsərdir. İndi bu tərəfdən də
oxucularımız deyir ki, bizim şair və
yazıçılarımız az əsərlər yazır.
Düzdür, mən televiziya verilişlərinin birində
söylədim ki, Yusif bəy Çəmənzəminlinin
"Qan içində" romanı bu gün hələ yaranmayıb.
Amma kim bilər ki, gələcəkdə belə əsərlər
yazılmayacaq. Bu gün təbliğatın zəif
olmasıdır ki, belə yanlış fikirlər söyləyirlər.
Qələndər
Xaçınçaylı: - Bəs təbliğatı kim
aparmalıdır? Belə çıxır ki, şairlər,
yazıçılar xalqdan uzaq düşüb.
Y.N. - Şairlər xalqdan uzaq
düşməyib. Oxucu zövqü var.
Mən bu haqda dedim. Bir
də görürsən
ki, poeziyadan, ədəbiyyatdan, sənətdən
çox-çox uzaq bir adam
çıxıb bir saat efirdə nəsə çıxış
edir. Heç kəsin çıxış
etməsi və şeir yazması qadağan deyil. Bu özəlləşdirilmiş
bir sahə deyil ki, bunu
ancaq biz yazaq, başqası yazmasın.
Təki bütün Azərbaycan xalqı şeir yazsın. Bu da bir gözəllikdir.
Amma sözün əsl mənasında poeziya yaratsınlar. Ancaq oxucular
gözəl sənət
əsərlərini oxuyurlar.
Az da
olsa, bu var. Mənim belə bir şeirim var:
Kürsüdən
yıxılan, qələmdən tutur.
Q.X. - Günahkar kimdir ki, sovet dönəmində
olan poeziya bu gün yaranmır.
Y.N. - Yazır evdəkilər, yazır
qonşular,
Şeir
azarına düşüb naşılar,
Yaman
çoxalıbdı şair Moşular,
Sən
şeir yazmağı tərgit, Füzuli.
İndi
öz şərəfimizdən danışaq. Şeir yazan
insan qarşısına Füzulini qoymalıdır.
Gözünün qabağında bizim ədəbiyyatımızda
bu zirvə var. Gəlin, oxucunu çox qınamayaq.
Günahın böyük hissəsi bizim özümüzdədir.
Bu da bizim yenə deyirəm, təbliğat
maşınımızın zəif olmasından irəli gəlir.
Q.X. - Bəs bunları kim təbliğ
etməlidir?
Y.N. - Əlbəttə, qəzetlərimiz,
çap maşınlarımız, nəşriyyatlarımız,
mədəniyyət evlərimiz, kitabxanalarımız.
İ.S. - Mən o sahəni bir balaca yaxşı bilirəm. Bu gün
kitab təbliğ oluna bilməz, oxuna bilməz. Bunun iki səbəbi var. Birinci, xalqın iqtisadi vəziyyətidir.
Həqiqətən, hər adamın
10-20 manat verib kitab almağa imkanı yoxdur. İkinci səbəb odur ki, vaxtilə Bakı şəhərində
yüzdən çox
kitab dükanı vardı və bu gün o kitab
dükanlarında kitabdan
başqa hər şey satılır.
Eyni vəziyyət rayon və şəhərlərimizdədir. Oxucu da o vəziyyətdə deyil ki, Mərdəkandan
Bakının mərkəzinə
və yaxud Gəncədən Bakıya
kitab almağa gəlsin. "Azərkitab", "Kəndkitab"
adlı kitab yayan təşkilat var idi. Həmin təşkilatlar çoxdan
ləğv edilib.
Y.N. - Sovet dövründə,
1984-cü ildə ilk kitabım çap olundu. Məni
çağırdılar ki, gəl qonorarını al, getdim,
halal pulumu aldım. O pulla bir maşın almaq olardı. Bu
gün biz kitablarımızı öz vəsaitimizlə
çap etdiririk. Bu məsələ yoluna qoyulsa, daha
yaxşı olar.
Q.X. - Dövlətimiz muğama daha
çox maraq göstərir. Muğama qayğını
artır. Bu, yaxşıdır. Ədəbiyyatımıza da
belə qayğı lazımdır.
Y.N. - Bildiyimə görə,
Yazıçılar Birliyinə kitabların çap
olunması üçün müəyyən vəsaitlər
ayrılıb. Amma o vəsaitlə AYB-in bütün üzvlərinin
kitabları çap oluna bilməz. Bildiyimə görə, ilk
növbədə xalq şairlərinin kitabları çap
olunur. Biz də gərək xalq şairi olaq ki, o xoşbəxtliyi
dadaq.
Q.X. - Belə qənaətə gəlmək
olar ki, bu gün samballı əsərlərin
yazılmamasının səbəbinin başlıca amili elə
təminatın olmamasıdır.
Y.N.- Bu ciddi məsələdir. Biz əsərlərimizi
yazırıq. Bunu sandıq ədəbiyyatı eləmək
olmaz axı. Ən başlıcası çap məsələsidir.
İkincisi, radio və televiziyamıza, mətbuatımıza
istedadlı qələm sahiblərinin yol
açmasıdır. Qapının arxasında qalıb,
boynunu büküb deməsin ki, mən nə vaxt çap
olunacağam, efirə çıxacağam.
İ.S. - Televiziyamız ədəbiyyata,
poeziyaya münasibətdə çox dəhşətli bir yol
tutublar. Bir də görürsən ki, gedib bir rayonda parkın
içində bir adamı bir saat danışdırırlar.
Amma orada bir kəlmə də xalqa lazım olan söz, poeziya
və ədəbiyyat yoxdur.
Y.N. -Ya da çağırıb deyirlər
ki, bir "jek" müdiri kimi bir kəlmə bu məsələyə
sözünü de, çıx get. Amma bu barədə Azərbaycan
televiziyasında bizim "1500 il" verilişi
açılıb. Ona da xalq yazıçısı Anar rəhbərlik
edir. İctimai televiziyada "Ovqat" verilişi fəaliyyət
göstərir. Bütün kanallar belə olmalıdır. 3-5
şairi efirə çıxarmaqla iş bitmir axı.
İstedadlı qələm sahiblərini üzə
çıxarmaq lazımdır. Televiziyada işlədiyim
dövrlərdə istedadlı gəncləri üzə
çıxardardıq. Bu gün onu etmək lazımdır.
Vaxt var idi Bəxtiyar Vahabzadənin rəhbərliyi ilə
şairlərimiz efirlərdə 1 saat, saat yarım
çıxış edərdilər. Bu gün o verilişlərə
ehtiyac var.
Q.X. - Bəs onda Yazıçılar
Birliyi bununla bağlı bizə nə verir?
Y.N. - AYB-nin də imkanları o səviyyədə
deyil ki, bu qədər yazıçıları təbliğ
etsin. Onlar da bu barədə fikirləşməlidirlər.
Vaxtilə rəhmətlik Vaqif İbrahimin rəhbərliyilə
Respublika Gənclər Ədəbi Birliyi fəaliyyət
göstərərdi. Sonra onu Məmməd İsmayıl davam
etdirdi. Hər birimiz bu ədəbi birliyin üzvləri
olmuşuq. Düzdür, AYB heç kimə heç nə
vermir. Lakin bir nizamlanma, bir istiqamətlənmə vardı
orada. Biz bölgələrə gedib, görüşlər
keçirərdik, kitablarımızı oxuyub suallar verərdilər.
Bu gün bunlara böyük ehtiyac var.
İ.S. - Gənc yaşlarımızdan ədəbiyyatın
içində olan adamlarıq. Ədəbiyyatın nə
olduğunu bilirik. Bu gün AYB üzvlərinin sayını
süni şəkildə artırıb 1500-ə
çatdırıblar. Çox maraqlıdır ki, əksər
hallarda birlik istedadsızların başını daha çox
sığallayır. İstedadlılar isə kənarda
qalırlar.
Y.N. - Çox doğru deyirsiniz, bu
istedadsız insanların özləri aldatmaq istedadına
malikdirlər. Mən kimisə müdafiə etmək fikrində
deyiləm. Həqiqətən, istedadsız insanları
qapıdan qovursan, pəncərədən girirlər. Və
bunlar bacarırlar ki, kiməsə sığınsınlar, o
da onların başını sığallasın.
İstedadlı adamların bir şeyi var, o da istedaddır.
Amma, mən AYB tərəfindən 3-4 nəfər çox
istedadlı cavan şairlərin kitabının
çapının şahidi olmuşam. Şəxsən Anar
müəllimin təşəbbüsü ilə onlara köməklik
göstərilib. Onları dinlədim, həqiqətən də
o gənclərin şeirləri poeziya nümunələridir.
Amma bu qayğı hamı üçün olmalıdır.
İstedadlıların başını sığallamasa da
olar, təki onlara maneçilik törətməsinlər.
İ.S. - Əgər bu sığal varsa,
niyə sığallanmasın? Əlini çəkib kiminsə
başını sığallayırsansa, bir layiq olan
adamın başını sığallasan daha yaxşı
olmazmı?!
Y.N. - Bu gözəl sözdür,
şəxsən mən sığal istəmirəm. Mən
istedadlıların qarşısında qoyulan maneəni dəf
etmək istəyirəm.
İ.S. - İndi bizim
başımızın sığallanan vaxtı deyil. Biz
özümüz kiməsə qayğı göstərməliyik,
arxa durmalıyıq, qolundan tutmalıyıq. Ancaq bizim bunu eləmək
imkanımız varmı? Bax bu imkanı bizim əlimizdən
alıblar.
Q.X. -Televiziyalarda "Ovqat",
"Sovqat" kimi bir çox ədəbi verilişlər var
ki, ora ancaq titullu adamları dəvət edirlər. Ya gərək
bir deputat, hansısa vəzifə sahibi olasan, ya da kiminsə
adamı.
Y.N. - Mən ictimai televiziyanın bu mənada
fəaliyyətini alqışlayıram. Bir az da məsuliyyətlərini
artırsalar, istedadlı gənclərə daha çox meydan
versələr daha yaxşı olardı.
İ.S. Mən elə bilirəm ki,
bütün televiziya kanallarında lazımsız,
bayağı, xalqın zövqünü korlayan və
ziyalı təbəqəsində, şüurlu insanlarda bir
narazılıq yaradan verilişlərin sayını qəti
şəkildə azaltmaq, sanballı, səviyyəli
verlişlərin sayını isə artırmaq
lazımdır. Bu elə bil tilsimdir, onu heç kim
sındırmaq istəmir.
Telegüllərimiz
var da. Telegüllər daim ekranda oturub. Guya Azərbaycan
şairi yalnız bunlardan ibarətdir. Hətta həmin o
adamları verilişə çıxardırlar ki, burada
xörəklər haqqında da danışsınlar. Buna bir
mütəxəssis çağır ki, xörəklər
haqqında məlumat verə bilsin. Bu şəxsi münasibətlər
aradan qalxmalıdır ki, güzgü deyilən şeyi
görə bilək. Görək ki, bu əsl xalqın
güzgüsüdür.
İslam Sadıq
Qələndər
Xaçınçaylı
Həftə içi.- 2011.- 30
aprel- 2 may.- S. 14.