"Mən xoşbəxt insanam"

 

Kamran Şahmərdan: "Teatr canlı orqanizmdir, rejissor ondan nə istədiyini bilməlidir"

 

Finlandiyada yaşayan rejissor Kamran Şahmərdanın "Həftə içi" qəzetinə müsahibəsi.

- Kamran, yenidən Bakıdasınız və söhbətimizə hazırda üzərində işlədiyiniz "Teleskop" tamaşası ilə başlamaq istərdim.

- "Teleskop" pyesi xalq yazıçısı Elçinə məxsusdur. Yeni, müasir pyesdir. Əsərin mövzusu insanın bu günü və axirəti haqda düşüncələrin, hər iki aləmdə səhv etmək hüququna malik olmasından bəhs edir. Müəyyən mənada irrealistik təəssürat yaradacaq bir tamaşa olacaq. On bir şəkil və bir epiloqdan ibarətdir. Romantik komediya janrında görürəm bu tamaşanı. Etiraf edim ki, ilk tanışlığımdan, elə əsərə valeh olmuşam. Və düşünürəm ki, yaxın günlərdə öz məhəbbətimi tamaşaçılarla bölüşə biləcəyəm.

- Daha öncəki tamaşanız - "Cəhənnəm kirayənişinləri" də təxminən eyni motivdə, bənzər tematikada və eyni müəlliflə olmuşdu...

- Deməzdim ki, tamamən eyni mövzudur. "Cəhənnəm kirayənişinləri"ndə insanın daxilində yatan iblisdən söhbət gedirdi. Yəni, iblisi görmək üçün onu kənarda axtarmaq yox, məhz öz daxilimizə baxmaq mesajı ötürülürdü. Yəni, bir növ cəhənnəm haqqında hekayə idi. "Teleskop" isə bir qədər fərqlidir. Axirətdən, məhəbbətin insanı xilas etməyindən bəhs edir. Günahsız insan, Allah üçün heç bir dəyər kəsb etmir. Xeyirxahlığı və məhəbbəti dərk etmək üçün insan günahdan keçməlidir. Bu, çox vacibdir.

- Üçüncü tamaşanız da buna bənzər tematikada olsa, belə güman ediləcək ki, bir trilogiya üzərində işləyirsiniz...

- Bəlkə də. Ancaq bu öncədən düşünülmüş bir şey deyil. Belə alındı ki, əvvəlcə cəhənnəm, sonra da cənnət haqqında danışası olduq. Əslində "Teleskop"da haqqında danışdığımız nə cənnət, nə də cəhənnəmdir. Buna hər iki aləm arasında ara demək daha doğru olardı.

- Akademik Milli Dram Teatrındakı dəyişiklər sizdə hansı düşüncələr yaratdı?

- Akademik Milli Dram Teatrında tamaşa hazırlamaq cavan rejissor olaraq mənim üçün böyük fəxrdir. Teatr həm yaradıcı, həm də texniki baxımdan böyük potensial imkanlara malikdir. Teatrdakı dəyişiklik məndə ancaq müsbət düşüncələr yarada bilər. Rəhbərliyin teatr sənətində yeni üsullar axtarışını, cavan kadrlarla əməkdaşlığını ancaq alqışlamaq olar. Dünya teatrı da inanılmaz dərəcədə sürətlə inkişaf edir. 50-60-cı illərin deklamasiya teatrının dövrü artıq çoxdan bitib. Teatra yeni can, yeni nəfəs, yeni düşüncə lazımdır. Mənim fikrimcə, rejissor universal olmalıdır. Rejissor pantomimdən tutmuş kuklalara qədər bütün janrlarda işləməyi bacarmalıdır. Universallıq teatra ancaq yeni "dil", yeni sima gətirir. Yeni istiqamətlərin tapılması üçün eksperimentlər mütləqdir. Belə risklərə getmədən teatrdakı durğunluğu aradan qaldıra bilməyəcəyik. Çünki, teatr canlı orqanizmdir. O daim formalaşır. Və hər şey ondan asılıdır ki, sən nə istəyirsən.

- Daha əvvəlki tamaşalarınızda olduğu kimi "Teleskop"da da audiovizual effektlərdən bol-bol istifadə edəcəksiniz?

- Böyük ehtimalla bəli. Mənim bütün tamaşalarımda video və işıq çox olur. Ancaq paralel olaraq canlı səhnə tərtibatına - dekorlarla, işıqlarla çox işləmək istəyirəm. Ümumiyyətlə, vizuallıq mənim üçün çox vacibdir. Müasir teatr seyirçiləri tamaşanın sonunadək saxlamağı bacarmalıdır. Bu baxımdan dolğun və maraqlı vizuallıq önəmlidir.

- Bəs tamaşalarınızda niyə müəllif musiqilərindən istifadə etmirsiniz? Yəni, konkret bəstəkarla əməkdaşlıqdan çox, yığma qərb musiqilərindən istifadəyə üstünlük verirsiniz...

- Təbii ki, müəllif musiqilərindən istifadə etmək gözəl olardı. Ancaq konkret bir bəstəkarla əməkdaşlıq, ona tamaşanın ideyasını izah etmək, sonra musiqinin yazılışına gedən zaman... bu çox uzun, çətin və böyük maliyyə aparan işdir. Bəzən də orkestr lazım olur. Kinoda belə hər rejissor bu zövqü özünə rəva bilmir. Bütün bunları nəzərə alaraq yığma musiqilərdən istifadə etməli oluram. Ancaq düşünürəm ki, bu tamaşaya zərər yox, əksinə müxtəliflik, rəngarənglik qazandırır.

- 2008-ci ildə Finlandiyada "İlin rəssamı" fəxri adını aldınız. Ancaq bir müddət sonra bunun həqiqət olmasına dair nədənsə şübhələr yaranmağa başladı...

- Yaranmış şübhələrdən, gəzən şayiələrdən mən də xəbərdaram (Özü ilə gətirdiyi sənədləri göstərərək). Baxın hər şey burda yazılıb, şəhər merinin təbriki, diplom, üstəgəl, 3500 avro pul mükafatı. Müxtəlif respublikalarda bir çox insana fəxri adlar verilir. Yaşadığım İmatra şəhərində də "İlin rəssamı" fəxri adı var. 2008-ci ildə də bu adı qazanmaq mənə nəsib oldu. Şübhələrin yaranmasına rəvac verən isə bəzi mətbu orqanında məlumatın qeyri-dəqiq verilməsi oldu. "İlin rəssamı" fəxri adı barədə soruşanda mən, "Azərbaycanda verilən xalq artisti tituluna bərabər" olduğunu demişdim. Finlandiyada əməkdar xadim, xalq artisti kimi anlayışlar yoxdur. Ancaq "İlin rəssamı" var, hansı ki, bizim "Xalq artisti" fəxri adına bərabərdir. Məlumatın qeyri-dəqiq yazılması da bəzi şübhələrə yol açdı. Mən yazılanlara nə nəzarət edə, nə də onlara cavabdehlik daşıya bilərəm.

- Ancaq nə qədər qəribə olsa da, bu qeyri-dəqiq məlumatın yayılmasında jurnalistlərdən çox, sizin həmkarlarınız "aktivlik" göstərdilər...

- Buna ancaq təəssüf etmək qalır. Məsələ burasındadır ki, hansı teatrla əməkdaşlıq etməyimdən asılı olmayaraq arxamdan həmişə xoşagəlməz sözlər eşidirəm. Səbəb isə birdir: Kamran birdən kiminsə yerini, vəzifəsini tutar. Ancaq mənim nə belə bir düşüncəm, nə də istəyim var, olmayıb, olmayacaq da. Uzun illərdir ki, Finlandiyada yaşayıram, orada mənim teatrım, ailəm, evim var. Mən xoşbəxt insanam. Ancaq mən həm də rejissoram. Mənə iş təklif olunur, iş planı qurub, gəlib tamaşamı hazırlayıb, qayıdıram. Bu mənim həyat tərzimdir, bu mənim sənətimdir. Mən heç vaxt Azərbaycana qayıda bilməyəcəyəm. Çünki artıq çoxdan avropalı olmuşam. Digər tərəfdən bura mənim vətənimdir və Azərbaycansız yaşaya bilmərəm. İldə heç olmasa bir dəfə, qısamüddətli də olsa, Bakıya gəlib vətənimi, anamı, bacımı görməliyəm. Ona görə, hər kəsin ürəyi rahat olsun. Mənə heç kimin yeri, vəzifəsi lazım deyil.

Nə qədər acı olsa da, xaricdə yaşayan azərbaycanlılar bir-birinin uğuruna sevinmək əvəzinə, irəli gedənin ayağından tutub dartırlar. Bizim düşmənlərimiz hər işdə bir-birlərini dəstəklədikləri halda, bizim özümüzə etdiyimiz pisliklər çox alçaqca, namərdcədir. Nəinki yardımlaşmağı, dəstək olmağı, hətta bir-birimizin uğuruna sevinməyi belə yadırğamışıq. Mən Finlandiyada qazandığım uğurlara heç kimin köməyi olmadan, yalnız özüm nail olmuşam. Heç vaxt kiminsə paxıllığını çəkməmişəm. Yaşadığım şəhərdə - İmatrada yeganə azərbaycanlıyam. Mən bu şəhər üçün çox işlər görmüşəm. Bunun əvəzində də şəhər mənimlə fəxr edir.

  

  

Sevda Babayeva

 

Həftə içi.- 2011.- 30 aprel- 2 may.- S. 16.