"Nabucco"ya qoşulmaq Azərbaycanın daxili
işidir"
"CFAKT"
konsaltinq şirkətinin analitiki Holqer Tassın "Həftə
içi"nə eksklüziv müsahibəsi
Son aylarda dəyəri milyardlarla
dollarlarla ölçülən "Nabucco" layihəsi ətrafında
ciddi müzakirələr aparılır. Avropa Komissiyasınn
nümayəndələri mütəmadi olaraq Azərbaycan və
Türkmənistana səfər edərək bu layihə ilə
bağlı siyasi təminatlar almağa
çalışırlar. "Nabucco" qaz kəməri
üçün ilkin mərhələdə əsas mənbənin
isə Azərbaycan olacağı qəti olaraq bildirilir. Lakin
Bakı hələ də "Şahdəniz" layihəsinin
ikinci mərhələsi çərçivəsində
istehsal olunacaq mavi yanacağın məhz hansı marşrutla
Avropaya nəql ediləcəyinə dair qərarını hələ
də verməyib. Bu qərar ilin sonuna qədər
açıqlanmalıdır. Bütün bu məsələlərlə
bağlı suallarımızı "Həftə
içi"nə eksklüziv müsahibəsində
"CFAKT" konsaltinq şirkətinin analitiki Holqer Tass
cavablandırır:
- "Nabucco" layihəsinin
reallaşdırılması istiqamətində aparılan son
danışıqları necə dəyərləndirirsiniz?
- "Nabucco" bu gün Avropa
üçün çox vacib layihə sayılır. Bu səbəbdən
Avropa Birliyi onu özünün prioritet fəaliyyət istiqamətlərindən
biri elan edib. Bu danışıqlar "Nabucco" layihəsinin
tikintisini sürətləndirmək üçün çox
əhəmiyyətlidir. Ümumiyyətlə,
reallaşdırılan hər bir layihə, hər bir kəmər
Avropaya daha yaxşı inteqrasiyaya yol açır. Bu gün
Avropanın iqtisadi cəhətdən inteqrasiyası hamı
üçün sərfəlidir. Bu hətta "Nabucco"
qaz kəmərini özünün maraqlarına uyğun
saymayan Rusiyaya da xeyirlidir.
- Azərbaycanın bu layihədə
iştirakı nə dərəcədə əhəmiyyətlidir?
- Ümumiyyətlə, hər bir
qaz kəməri inşa olunmamışdan əvvəl onu mavi
yanacaqla təmin edəcək mənbələr dəqiqləşdirilir.
Bu prinsip "Nabucco" layihəsinə də şamil edilir.
Bu gün Avropadakı bəzi siyasi
dairələr elan edir ki, Rusiyanın mavi yanacaq
asılılığını azaltmaq gərəkdir. Burada ən
real variant kimi Azərbaycan nəzərdən keçirilir. Azərbaycan
özünün neft və qaz sahəsinin işlənilməsi
ilə bağlı zəngin təcrübəsinə görə,
bölgənin iqtisadi cəhətdən inkişafının
təmin olunmasında vacib amil sayılır.
- "Nabucco"nun Türkmənistanın
iştirakı olmadan reallaşmasının
mümkünsüzlüyü iddia edilir...
- Təbii ki, istənilən layihənin
daha etibarlı və səmərəli olması, vacibliyi onun
mənbələrinin çoxluğu ilə izah olunur.
Türkmənistan bu gün zəngin qaz yataqlarına malik
dövlətlər sırasında ilk yerlərdən birini
tutur. "Nabucco" konsorsiumunun iştirakçıları,
həmçinin Avropa Komissiyasının nümayəndələri
bunu çox gözəl anlayırlar. Digər tərəfdən,
səsləndirilən təkliflərdən də
görünür ki, Türkmənistan da "Nabucco" qaz kəmərinə
qoşulmalıdır və bu vacib amildir.
- Türkmənistanla Azərbaycan
arasındakı münasibətlər bu layihənin gələcəyinə
hansı təsiri göstərəcək?
- Bu gün Türkmənistanla Azərbaycan
arasında Xəzərin bölüşdürülməsinə
dair fikir ayrılıqları mövcuddur. Lakin bu onların
iqtisadi sahədə əməkdaşlıqlarını
genişləndirməyə heç bir maneə yaratmır.
Qarşılıqlı asılılığın güclənməsi,
ticarətin genişlənməsi və dövlətlər
arasında etimad mühitinin güclənməsi ümidləri
də artırır.
- "Nabucco"ya təsir göstərən
hansısa siyasi amillər varmı?
- Bəzi şirkətlər və
dövlətlər hələ də bazarın
qloballaşmasını qəbul etmək istəmirlər. Bu bəzən
bir kəmərin digəri üçün təhlükə
yaratması ilə bağlı düzgün olmayan fikirlərin
formalaşmasına səbəb olur. Bu cür fikirlər
heç də düzgün deyil. Avropada neft və qaza tələbat
durmadan artır. Bu artım gələcəkdə daha da
sürətlənəcək. Hətta deyərdim ki, gələcəkdə
510 belə kəmərlərin inşasına ciddi ehtiyac
duyulacaq. Qərbi Avropa hazırda özünün iqtisadi bərpa
dövrünü yaşamaqdadır. Bununla yanaşı,
"Nabucco" layihəsini aktuallaşdıran digər amillər
də mövcuddur. Buraya ərəb dənizlərində
hökmranlıq edən dəniz quldurları, Şərqdəki
siyasi iğtişaşlar və s. aiddir. Bu amillərin
hamısı həmin bölgələr üçün
alternativlər axtarışını sürətləndirib.
Ümumiyyətlə, mən hesab edirəm ki, biz hələ də
1914-cü ildəki ticarət dövriyyəsinə
çatmamışıq. Həmin vaxt Rusiya, Avstriya, Britaniya və
Almaniya həmin dövrün texnologiyaları çərçivəsində
indiki sələfləri ilə müqayisədə daha
geniş iqtisadi əlaqələrə malik idilər. Bu o deməkdir
ki, hazırda böyük potensial var və onu itirmək olmaz.
- Avropada enerji mənbələrinin
diversifikasiyası məsələsində Azərbaycanın
rolu barədə nə deyə bilərsiniz?
- Bu gün Azərbaycan Avropada
etibarlı enerji tərəfdaşı kimi tanınır.
Ümumiyyətlə isə bu tip məsələlər Azərbaycanın
daxili siyasətinə aid olan işlərdir. Azərbaycan
hökuməti və biznes dairələri istədikləri qərarları
qəbul edə bilərlər. Diversifikasiya azad bazar
üçün çox yaxşı bir şeydir. Sizin
geniş seçim ikanınız var.
- Bu gün Avropada ən çox müzakirə olunan məsələlərdən biri də "Nabucco" ilə "Cənubi axın" kəməri arasında rəqabətin mövcudluğu fikridir. Bu barədə düşüncələriniz nədən ibarətdir?
- Bu problem həqiqətən də var. "Nabucco" layihəsinin mahiyyətində Avropanın Rusiyanın enerji asılılığından bir qədər yüngülləşməsi dayanır. Avropa Birliyi sözügedən səbəbdən bu layihənin reallaşdırılmasında çox israrlıdır. Rusiya isə alternativ kimi "Cənubi axın" layihəsini irəli sürür. İkincinin birinci ilə müqayisədə daha rentabelli və iqtisadi cəhətdən səmərəli olmasında israr edir. İndi hər iki layihənin təşəbbüskarları arasında ciddi təbliğat rəqabəti mövcuddur. Mənim fikrimcə, daha effektli siyasət ağıllı bir formada hər iki layihənin koordinasiyasına nail olmaqdır.
- Yeri gəlmişkən, "Nabucco" ilə "İTGİ" layihələrinin birləşdirilməsi barədə də fikirlər səsləndirilir. Bu mümkündür?
- Əgər siyasi iradə varsa, hər şey mümkündür. Layihələr nə qədər effektli reallaşdırılarsa, onun gəlirləri də bir o qədər çox olacaq. Bu hamı üçün xeyirlidir.
- Necə hesab edirsiniz, "Nabucco" ərazisindən keçdiyi ölkələrdə sabitləşdirici rol oynaya bilərmi?
- Münasibətlər ədalət prinsipi üzərində qurulsa, bütün tərəflər razılaşmanın tələblərinə tam şəkildə ciddi olaraq yanaşarsa, mənfi nəticələrin üzə çıxma ehtimalı sıfıra bərabərdir. Lakin hər bir dövlət əhalisinin həyat şəraitini yaxşılaşdıracaq enerji bazarlarına qoyulmuş sərmayələrə, infrastruktur layihələrinə görə məsuliyyət daşıyır. Bu iştirakçı dövlətlərə də aiddir. Əgər enerjidaşıyıcıları yalnız bir qismin varlanmasına gətirib çıxaracaqsa əhalinin yerdə qalanı arasında narazılığın artması ehtimalı yüksəkdir. İndi biz bunu bir sıra ərəb dövlətlərində yaşananların timsalında görürük.
Azad
Həftə
içi.- 2011.- 16 avqust.- S. 1; 6.