Xatirələrlə dolu kimsəsiz ev...

 

   Əməkdaşımız böyük dramaturq Cəfər Cabbarlının Xızıdakı evindən yazıb

 

   Bütün vücudum əsər, ruhum eyləyər pərvaz,

   Uçar səmalara o aləmi - xəyalətdə.

   Yatar, ölər bədənim, nitqdən düşər bir söz:

   - Ana...Ana...Sənə mən rahibəm itaətdə!

 

   (C.Cabbarlı)

  

   Bakının 110 kilometrliyində yerləşən bu evin varlığından çoxumuz bəlkə də agah deyilik. Əksəriyyətimiz isə dəfələrlə onun yanından ötüb keçsək də, ona əhəmiyyət belə verməmişik. İndi Xızıya gedən bütün bu yollar bizi Azərbaycanın Şekspiri olan, böyük yazıçımız, ana haqda ən müqəddəs tərifi yuxarıdakı şeirində söyləyən Cəfər Cabbarlının dünyaya göz açdığı o evə aparır. Deyirlər, yazıçının evi fərqlənməlidir, özü kimi, yazdıqları kimi... Ancaq heyf ki, onun Xızıdakı bu köhnə daxması dəbdəbəli və hündür villaların arasında itib-batıb. Amma Cəfərin evi özündən sonra da qonaqlı - qaralıdır. Xızıya yolu düşənlər arasında dramaturqun evinə baş çəkənlər az da olsa var. Əslində C.Cabbarlı bu evdə cəmi iki il yaşamasına baxmayaraq, indi evin hər bucağı adama dahi dramaturqu xatırladır.

  

   Sovet hökumətinin yıxdığı ev...

  

   Bir kömürçünün inşa etdiyi bu koma kim bilərdi ki, nə vaxtsa bir yazıçı, dramaturq, vətənpərvər şəxsiyyət yetişdirəcək. C.Cabbarlı 1899-cu ilin 20 martında Xızıda, Qafar Cabbarlının ailəsində dünyaya göz açıb. Kasıbçılıq və yoxsulluq üzündən Cəfərin ailəsi 1903-cü ildə Bakıya köçüb, "Dağlı məhəlləsi" adlanan küçədə yaşamağa başlayırlar. Xızıda yerləşən balaca koma isə başsız qalır. Lakin balaca Cəfər ara-sıra Xızıdakı evlərinə gedir, orada aşıqsayağı şeirlər yazan bibisi Zərnişanla, dağ kəndlərindəki qohumları ilə görüşürdü. Hazırda onun Bakıdakı evi muzey kimi fəaliyyət göstərir. Xızıda yerləşən evi isə eksponat kimi qorunub saxlanılır. İlk dəfə bu ev muzey kimi 1956-cı ildən fəaliyyətə başlayıb. Ancaq muzeyə rəsmi status 1961-ci ildə verilib.

   Həmin muzey C.Cabbarlının həyat yoldaşı Sona xanımın təşəbbüsü ilə yaradılıb. Ancaq o vaxtlar muzey pullu xidmət göstərirdi. Muzeyin ilk direktoru isə yazıçının öz qohumu Balaxanım Məmmədova olub. Təbii ki, SSRİ-dövründə Azərbaycan yazıçılarına qarşı münasibət birmənalı deyildi. Vaxt keçdikcə çiy kərpic və samanla inşa olunmuş bu ev məhv olmaq təhlükəsi ilə üz-üzə qalır . Sovet hakimiyyəti bu evi mühafizə etməkdə maraqlı olmayıb. Elə ona görə də muzeyin qorunması bir qədər gec, 1978-ci ildən başlanır. Ev keçmiş Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən dörd tərəfdən şüşəbəndlə mühafizə olunur. Lakin muzey son dəfə 1999-cu ildə BMT-nin səlahiyyətli nümayəndəsi Elcan Murad tərəfindən əsaslı təmir edilib.

  

   30 kvadratmetrə sığışmayan dahilər...

  

   Muzeyin sahəsi 30 kvadratmetrdir. Şüşəbəndlə mühafizə edilən ev 2 otaq, bir dəhlizdən ibarətdir. Otaqlarda yazıçının anası Şahbikə xanımın istifadə etdiyi sini qablar, toxuma alətləri və özünün toxuduğu işləmələr yer alıb. Muzeyin arxa hissəsində evin maketi, əsərlərindən hissələr, kitabları və kiçik heykəli yerləşir. Muzeyin divarlarında sərgilənən ekspozisiyalarda onun dostları - İsmayıl Hidayətzadə, Aleksandr Tuqanov, Rza Təhmasib, Mustafa Mərdanov və başqa unudulmaz simaları ilə birgə fotoşəkilləri nümayiş etdirilir. Bunlar Azərbaycan teatr tarixinin parlaq səhifələridir.

   Dramaturqun "Aydın", "Oqtay Eloğlu", "Od gəlini" pyeslərinə həsr olunmuş ekspozisiya bölmələrində Aydın, Oqtay, Elxan obrazlarını yaratmış unudulmaz sənətkarlarımız - Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Ələsgər Ələkbərov, Rza Əfqanlının rəsmlərini görmək olar. Başqa bir otaq isə "Almaz" və "Sevil" pyeslərinə həsr olunub. Bu bölmənin eksponatları həm də Azərbaycan səhnəsinin Mirzəağa Əliyev, Mərziyyə Davudova, Möhsün Sənani, Sona Hacıyeva kimi unudulmaz nümayəndələrinin adı ilə bağlıdır. "Yaşar", "1905-ci ildə" və "Dönüş" əsərlərinə aid otaq da baxımlıdır. Bu bölmədə bir daha Cabbarlı obrazlarının yaradıcıları ilə rastlaşırıq: Rza Təhmasib, İsmayıl Dağıstanlı, Ağasadıq Gəraybəyli, Həsənağa Salayev...

  

   Sağ qalsaydı, 37-nin qurbanı olacaqdı

  

   Gəlib çıxırıq, yazıçının yataq otağına. Burada ədibin dəfni ilə bağlı fotoşəkillər də var. Bu fotolardan biri ədiblə vidalaşma mərasimində çəkilib. Cəfəri haqq dünyasına yola salmaq üçün onun doğmaları, pərəstişkarları, dövrünün görkəmli şəxsiyyətləri indiki respublika Elmlər Akademiyasının salonuna toplaşıblar. Çoxlu tanınmış simalar görünür. Onun ölüm tarixiçox kədərli və ziddiyyətlidir. Bir müsəlman bayramı günü doğulan Cəfər bir xristian bayramı günü vəfat edib. O, 20 martda, Novruz bayramı gecəsi dünyaya göz açıb. Sevənləri digər bayramda 1934-cü ilin 31 dekabrında 35 yaşında onu son mənzilə yola salırlar.

   Onu da bildirək ki, hazırda Xızıda C.Cabbarlı adına park da fəaliyyət göstərir. Parkda 1999-cu ildə Cəlal Qaryağdıoğlu tərəfindən dahi dramaturqun heykəli də qoyulub. Və onun haqda yalnız bir söz demək olar - yaxşı ki, 37-ci il repressiyalarından öncə vəfat etdio, dəhşətli faciələri görmədi. Sağ qalsaydı bəlkə də növbəti qurban özü olacaqdı.

  

 

   Nigar İxtiyarqızı

 

   Həftə içi.- 2011.- 18 avqust.- S. 7.