"Azərbaycanın
bütün ərazisini gəzmişəm"
Debnat
Şou: "Bir hindistanlı kimi, ölkəmin Azərbaycanın
tərəqqisinə verdiyi töhfələrdən məmnunam"
Hindistanın
Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri
Debnat Şou ilə "Həftə içi"ndə
ekskluziv söhbət
Hindistanın ölkəmizdəki səfiri
cənab Debnat Şou ilə söhbətimiz elə səmimi
şəraitdə keçdi ki, sadəcə,
özümüzü heç vaxt olmadığımız
Hindistanda hiss etdik. Mehriban, şən və səmimi olan
diplomatla hər bir sahədə - iqtisadiyyatdan tutmuş mədəniyyətə,
hətta şəxsi yaşamına qədər hər
şeydən danışdıq. Sevimli dostumuz Səbinə
Mütəllimovanın vasitəçiliyi ilə keçən
söhbətmizin mətnini oxucuların diqqətinə
çatdırırıq.
- İki ildən də
artıqdır ki, Azərbaycanda səfir vəzifəsində
çalışıram. Bu müddətdə ölkənizin
sürətli inkişafının şahidi olmuşam.
Xüsusilə də yeni infrastruktur sahələrin
yaradılması istiqamətində böyük işlər
görülməkdədir. Amma bəzi şeylər var ki,
heç dəyişməyib. Məsələn, Bakı
küçələrdə maşınları çox
sürətlə sürürlər. Azərbaycanın
bölgələri də inkişaf edir. Hətta elə
rayonlar var ki, mən ora iki il fasilədən sonra getmişəm
və böyük dəyişikliyi görüb təəccüblənmişəm.
Bundan əlavə, burada olduğum müddətdə
müşahidə etdiyim dəyişikliklərdən biri də
budur ki, dialoq və xarici ölkələrlə əlaqələrdə
də əhəmiyyətli yeniliklər baş verib. Yəni
iki il əvvəllə müqayisədə Azərbaycanın
xarici ölkələrdə səfirlik və
konsulluqlarının sayı artıb, eyni zamanda, Bakıda
akkreditə olunan xarici diplomatik korpusların sayı da
çoxalıb. Eləcə də xaricdən Azərbaycana səfər
edən yüksək səviyyəli nümayəndə heyətlərinin
sayında da böyük artım nəzərə
çarpır.
- Söz
açdığınız bu dəyişikliklərdə
Hindistan dövlətinin və ya özəl setorunun rolunu necə
qiymətləndirirsiniz?
- Bir hindistanlı kimi, ölkəmin
Azərbaycanın tərəqqisinə verdiyi töhfələrdən
məmnunam. Buna baxmayaraq, düşünürəm ki, bu rol o
qədər də geniş olmayıb. Səbəb də budur
ki, Hindistanla Azərbaycan coğrafi baxımdan qonşu deyillər.
Amma Azərbaycanda yaşayan hindistanlıların
sayının az olmasına baxmayaraq, onlar bu ölkənin
iqtisadi inkişafında iştirak etməyə
çalışırlar. Yeri gəlmişkən,
hindistanlı deyəndə, Azərbaycanın neft sənayesində
çalışan Hindistan şirkətləri və
ayrı-ayrı mütəxəssislərini, eləcə də
beynəlxalq təşkilatların Bakı ofisində
çalışan və bu ölkədə özünə
iş tapmış sadə vətəndaşlarımızı
nəzərdə tuturam. Bundan başqa, Azərbaycanda
yaşayan hindistanlı həkim Racani Bakıda böyük bir
klinika açıb və sonsuzluqla mübarizə aparır. Mən
bütün bu vətəndaşlarımızın işini
yüksək qiymətləndirirəm. Hətta bir qrup
hindistanlı da var ki, gəlib burada fabriklərdə
çalışan yerli iş adamlarına texniki dəstək
verirlər. Məsələn, mən Sumqayıtda olarkən məlumat
aldım ki, Hindistan şirkətləri şəhərdə
dəyirmanların tikintisində və texniki təchizatında
mühüm rol oynayıblar. Eyni vəziyyət İmişlidəki
şəkər zavodunda da yaşanıb. Mər keçən
il orada olanda dedilər ki, zavoda çalışan
hindistanlı əməkdaş tullantıları enerjiyə
çevirməkdə onlara kömək göstərir. Aradan
xeyli vaxt keçib, yəqin ki, artıq bu proses başa
çatıb. Yəqin bilirsiniz ki, Hindistan həm də
dünayada informasiya texnologiyaları sahəsində
böyük uğurlar qazanmış ölkədir. Məhz bu
sahədə əsl peşəkarlar var ki, vaxtaşırı
Azərbaycana səfər edir, müəyyən köməklər
göstərirlər, əsasən bank və sığorta məsələsinə
dair müxtəlif layihələrdə iştirak edirlər. Həm
də Hindistan hər il ITEC adlanan qısamüddətli təlim
proqramlarında iştirak eitmək üçün azərbaycanlı
namizədlərə 10 yer ayırır. Biz bu kurslara hökumət
strukturlarında çalışan şəxsləri də dəvət
edirik. Hindistan tərəfindən maliyyələşən bu
prqramlar əsasən informasiya texnologiyaları, alternativ
enqerji, parlament strukturları və sair sahələri əhatə
edir. Onu da deyim ki, Hindistan xaricdən olan dinləyicilər
üçün təqaüdlər ayırır. Həmin
şəxslər məhz bu təqaüdlə Hindistanda bir
neçə əsas kursda iştirak edə bilərlər.
Bunlardan biri də hind dilini öyrədən kurslardır. Yeri
gəlmişkən, Azərbaycan vətəndaşları
artıq bu kursda iştirak ediblər. Ümumiyyətlə,
bütün bunlar Hindistanın Azərbaycanın hərtərəfli
inkişafına dəstək verməsinə xidmət edir.
- Yeri gəlmişkən, sizdə
Hindistanın Azərbaycanda nə qədər sərmayəsi
olmasına dair məlumat varmı?
- Dövlət səviyyəsində
elə böyük yatırımlar qoyulmayıb.
Düzdür, Mingəçevir Su Elektrik Stansiyasında bir
Hindistan şirkəti işləyib, amma orada başqa ölkələrin
firmaları da iştirak edib deyə, bunu yalnız
Hindistanın adına yazmaq istəməzdim. Buna baxmayraq, burada
özəl sektora aid çox sayda iş adamları var. Onlar Azərbaycanda
restoranlar açıblar, toxuculuq malları, hazır paltar
satışı və sairlə məşğul olurlar. Amma
onların ümumilikdə nə qədər investisiya
yatırdıqlarına dair dəqiq bilgi verə bilmərəm.
Bu barədə daha dəqiq məlumatlar Azərbaycan hökumətində
olar. Bir məlumat da verim ki, bir hindistanlı iş adamı Azərbaycanda
metal emalı zavodu açmaq barədə təklif verib. Elə
böyük layihə deyil, cəmi 5 milyon dollar dəyəri
var. Bizdə olan məlumata görə, bu yönümdə
danışıqlar gedir, amma hələlik, hər hansı nəticə
yoxdur. Onu da deyitm ki, son vaxtlar Azərbaycanda investisiya qoyula biləcək
sahələr xeyli artıb. Ona görə də
çalışırıq ki, ölkəmizdə iş
adamlarını bununla bağlı məlumatlandıraq, gəlib
bu şansdan yararlansınlar.
- Bəlkə bir biznesforum təşkil
edəsiniz?
- Əla təklifdir və bu barədə
fikirləşirik də. Məsələn, bu il aprel ayında
Hindistandan gələn nümayəndə heyətinin qısamüddətli
səfəri çərçivəsində,
"AzPromo"un dəstəyi ilə iki biznesforum keçirə
bildik. Keçən ay da Azərbaycan Sahibkarlar
Konfederasiyası ilə birlikdə, azərbaycanlı iş
adamlarının iştirakı ilə belə bir tədbir
düzənləmişdik. Özü də təkcə bu
yolla deyil, hansısa iş adamı bizə fərdi olaraq
yazır, maraqlanır, biz isə onun suallarına cavab veririk.
- Azərbaycan biznesinin nümayəndələri
necə, Hindistana sərmayə yatırıblar?
- Konkret rəqəm
açıqlaya bilməsəm də, deyim ki, əvvəllər
Hindistandan gətirilən malları indii azərbaycanlı
iş adamları özləri birbaşa almağa
çalışırlar və təbi ki, bu məqsədlə
Hindistana gedirlər. Məndə olan məlumata görə, Azərbaycan
biznesmenləri Hindistandan geyim, toxuculuq məhmulları, zinət
əşyaları, hətta qranit alırlar. Hətta bildirim
ki, bu ilin sonu, gələn ilin əvvəllərində Azərbaycan
Sahibkarlar Konfederasiyası və "AzPromo" hansısa
missiyanın tərkibində azərbaycanlı iş
adamlarından ibarət nümayəndə heyətini Hindistana
aparacaq.
- Azərbaycana maraq göstərən
bütün ölkələr və iş adamları əsasən
neft sektoruna vəsait yatırır. Amma bildiyim qədər
Hindistan qeyri-neyt sahəsində, xüsusən də dərman
istehsalında qazandığı təcrübəslərini
Azərbaycanla bölməyə hazırdır?
- Enerji ehtiyatları az olan digər
ölkələr kimi, Hindistan da öz ehtiyaclarını idxal
hesabına ödəyir. O cümlədən Azərbaycandan
böyük həcmdə xam neft alırıq. Neft-qaz sahəsinə
investisiya qoymaq vacibdir, amma Hindistan digər sənaye sahələrində
də böyük uğurlar qazanıb. Məsələn, dərman
istehsalı, kənd təsərrüfatında, heyvandarlıqda
və sair. Məlumat üçün bildirim ki, yaxın
zamanlarda Hindistandan Azərbaycana südlük camış
sortlarının toxumları gətiriləcək, özü
də havayı. Yadıma düşmüşkən, ötən
il Pəncabdan Bakıya gələn nümayəndə heyətinin
bir üzvü Azərbaycana yüksək məhsuldarlı
kartof toxumunun gətirilməsinə dair danışıqlar
aparıb.
- Dövlət səviyyəsində
iri layihələr həyata keçirmək fikriniz var?
- Bunun üçün öncə
Azərbaycanın ehtiyaclarını öyrənmək vacib
şərtdir.
- Bu sualı ona görə verdim
ki, Hindistan Azərbaycanla müqayisədə çox nəhəng
dövlətdir. Üstəlik, Azərbaycan və Hind
xalqlarını tarixən biri-birinə bağlayan əlaqələr
olub. Qısası, Azərbaycanda hind xalqına böyük
sevgi və hörmət mövcuddur. Bu mənada ölkəmizin
inkişafı üçün sizdən gözləntilərimiz
çoxdur?
- Doğrudur, Hindistanın bir
sıra sahələrdə çox böyük təcrübələri
var. Xüsusilə informasiya texnologiyaları sahəsində. Əgər
Azərbaycan tərəfi istəyərsə, ixtisas
artırmaq və mütəxəssislərin təcrübə
toplaması üçün burada müxtəlif təlim mərkəzləri
aça bilərik. Özü də mən özəl, fərdi
qaydada qurulacaq təlim mərkəzləri deymirəm, bu
cür mərkəzlər universitetlərdə də
açıla bilər. Bildirik ki, Azərbaycanda təhsilin, o
cümlədən universitetlərin səviyyəsini dünya
standartlarına uyğunlaşdırmağa
çalışırlar. Bu sahədə Hindistanın ali məktəbləri
çox irəli gedib, yaxşı olardı ki, onların təcrübəsindən
yararlanılsın.
- Yeri gəlmişkən, Dillər
Universitetində hind dili kafedrası fəaliyyət göstərir.
Azərbaycanlılar arasında hind dilini öyrənməyə
maraq nə yerdədir?
- Mən bu barədə demək
istəyirdim, çox böyük maraq var. Artıq 9 nəfər
birillik kursu başa vurub. Ola bilər ki, onlar kursları gələcəkdə
də davam etdirsinlər. Biz həmin
adamları hind dilini öyrənmək baxımından
uğur qazandıqlarını görürürk. Artıq həmin 9 nəfərdən birini avqustun
20-də Hindistana yola düşəcək. Burada hind dilinə maraq böyükdür. Artıq bir nəfər Hindistanda kürs keçərək
Azərbaycana qayıdıb. Kimlər hind
dilini öyrənmək istəyərsə, biz onlara dəstək
verməyə hazırıq.
- Azərbaycanda hind kinosu həftəsi
və ya hind mədəniyyəti hətəliyi keçirmək
barədə planlarınız var?
- Bu gün rəqəmsal texnologiya
o qədər inkişaf edib ki, buk imi tədbirləri
keçirmək bir qədər çətinlik yaradır. Çünki internetdən istənilən filmi
tapıb izləmək mümkündür. Hansı ki, əvvəllər bunun üçün
o filmi tapıb, gətirmək, tərcümə etmək və
ya titr yazıları ilə nümayiş etdirmək, müəlliflərdən
icazə almaq həm çoxlu vəsait tələb edirdi, həm
də uzun vaxt aparırdı. Bütün
bunlara baxmayaraq, yenə də çalışacağıq
ki, ölkələimiz arasında mədəniyyət və incəsən
sahələrində də əlaqəlri gücləndirək.
- Çətin olsa da, tədbirlər
keçirib tanınmış hind aktyorlarını,
müğənnilərini Bakıya dəvət etmək olar. Çünki filmlərdən seyr edilən bu
yaradıcı insanları canlı görmək, məncə,
hər bir azərbaycanlının arzusudur?
- Başa düşürəm və
bilirəm ki, bura dəfələrlə hind incəsənət
adamları dəvət olunublar. Məsələn,
iyun ayında Bakıda keçirilən "İpək
Yolu" beynəlxalq mahnı festivalına Sarod ustaları da dəvət
olunmuşdular. Təəssüf ki, tədbir
keçirilən məkan çox darısqal idi, qardaşlar cəmi
iki çıxış etdilər. Amma əvvəldən
onların Bakıya gələcəklərini bilsəydik, səfirlik
olaraq böyük bir konsert proqramı təşkil edərdik.
- Bir səfir olaraq bəlkə təşəbbüs
göstərib, hind kinosunun məşhurlarını Azərbaycana
dəvət edəsiniz. Məsələn, Hema Malinini?
- (gülür)
Çox təəssüf edirəm ki, Hema Malini artıq
kinodan uzaqlaşıb, o, indii Hindistan parlamentində millət
vəkilidir. Mən özüm də onu Azərbaycana
dəvət etməkdən çox məmnun olardım, amma təəssüf
ki, onlar məşğuldurlar.
- Digər ulduzlar olsun - Zinat Aman,
Mitxun Çakraborti?
- Mən də onları ancaq
televiziya ekpranlarından görmüşəm. Ona
görə də mənim üçün də maraqlı
olardı onların səfəri.
- Priyanka necədir, nə işlə
məşğuldur - Raciv Qandinin qızını deyirəm.
Tanıyanlar onun nənəsi İndira Qandiyə çox
oxşadığını deyirlər...
- Evdar xanımdır, siyasətdən
uzaqlaşıb. Amma qardaşı Rahul Qandi aktiv
siyasətin içindədir. Milli Konqress
Partiyasının baş katibidir. Hətta
o qədər məşhur siyasətçidir ki, hamı onun
baş nazir seçiləcəyinə inanır.
- İki il
yarımdır Azərbaycandasınız, böyük ölkənin
vətəndaşı bu kiçik dövlətdə
özünü necə hiss edir?
- Özümü evimdə bilirəm.
Amma ölkənin böyük və ya
kiçik olmasının fərqi yoxdur, hamımız bəşəriyyətin
övladlarıyıq.
- Hansı bölgələrimizdə
olmusunuz?
- Demək olar ki, Azərbaycanı
qarış-qarış gəzmişəm. Qubada,
Şəkidə, Tovuzda, Naxçıvanda, Gəncədə,
Masallı və Lənkərənda olmuşam. Amma Qusar və Zaqatalaya hələ getməmişəm.
Məncə Şəki yaşıl meşələrə
bürünmüş dağları ilə zövqümü
daha çox oxşayıb. Amma turistləri
Naxçıvan daha çox cəlb edə bilər. Bilirsiniz, hər bölgənin özünəməxsusm
gözəllikləri mövcuddur və turistlər
üçün də onların hər birinin öz yeri var.
- Amma siz də səfalı yerləri
gəzdiniz, bəs aran bölgəsinə səfər etmək
istəməzdiniz. Məsələn, Ucara, Zərdaba, Kürdəmirə?
- (gülür) Deməli,
artıq mənim ora getmək vaxtım çatıb.
- Mətbəximizlə aranız
necədir? Hansı yeməkləri sevirsiniz,
hansılar sizin üçün unudulmaz təsir
bağışlayır?
- Mətbəxlərimiz çox
oxşardır. Məsələn, kabab və
plov Azərbaycanda da bişirilir, Hindistanda da. Amma bircə fərq var ki, bizdə ədviyyatdan daha
çox istifadə olunur. Mənim
üçün unudulmayacaq yemək isə lüləkababdır,
onu çox sevirəm.
- Ailəniz də
yanınızdadır?
- Yox, təkəm. Həyat
yoldaşım Delhidə çalışır, ona görə
Bakıya, yanıma köçməyib. Buna
baxmayaraq, indiyədək 2-3 dəfə gəlib-gedib. Oğlum isə böyük oğlandır, Kanadada
yaşayır, hələlik Azərbaycana gəlmək
fürsəti olmayıb.
Həftə
içi.- 2011.- 20-22 avqust.- S. 4; 5.