Əzabkeş
yəhudi - Kafka
"Ədəbiyyata
daxil olmayan nə varsa, məndə ikrah hissi oyadır"
Alman yazıçısı,
Avstriya məmuru, yəhudi əzabkeşi, Çexoslovakiya vətəndaşı.
Çox utancaq, adamayovuşmaz və özünəinamsız
biri idi- Frans Kafka. Boyu uca olsa da, xeyli arıq idi və buna
görə sıxılırdı: 1.81 metrlik boyun
qarşılığında çəkisi cəmi 55 kq idi.
Lakin qadınlar onu belə görmürdülər. O,
qadınları cəlb etməyi bacarırdı. Təkcə
görünüşü ilə deyil, xarizması,
danışıq tərzi və başqa daha nələrlə...
Məktublaşdığı qadınlardan
biri onun haqda "Kafka şəxsi həyatda xoşbəxt
olmayıb. Bir neçə dəfə sevsə də, sevdiklərinə
qovuşa bilməyib" yazırdı. Ancaq Kafka qəlbində
bəslədiyi bətheybətləri kiməsə etibar edə
bilməzdi. Bircə yol vardı-düşüncəsində
bəslədiklərini, həmin o bətheybətləri
kağıza köçürmək.
"Mənim bircə yaxşı cəhətim varsa, o
da səni sevməyimdi"
Kafkanın həyatında
qadınlar bir-birini əvəz edirdi. Lakin o birində qərar tuta bilmirdi. Kafka Felisa
Bauer adlı qadınla
tanış olur və bir
müddət onunla yazışmağa başlayır.
Felisa onun məktublarını həvəslə cavablandırırdı.
Əslində Kafkaya ömrünü
həsr edəcəyi
bir sevgili yox, uzun-uzadı epistolyar monoloqlarını
oxuyacaq rəfiqə lazım idi. Felisa isə ədəbiyyata biganə olsa da, Frans öz
təxəyyülündə başqa bir Felisa yaratmışdı.
Bu qız qorxaq
və vasvası Kafkanı getdikcə özünə cəlb edirdi. Nəhayət, Kafka onu görüşə
dəvət edir.
Görüşdən sonra
ədib ona yazırdı: "Səni
o qədər sevirəm
ki, yanımda olsan əbədi dirilik qazanacağımı
düşünürəm". Nəhayət Kafka Felisaya evlənmək
təklif edir və müsbət cavab gözləmədiyi halda Felisanın razılığını alır.
Bu hadisə Fransı
silkələyir. Çünki o, hər zaman evlilik haqda fikirləşəndə
canına üşütmə
düşürdü.
Demək, yazmağa, xəyalındakı
bədheybətlərə əlvida
deməlidir? Qətiyyən yox. Kafka tələsik
sevgilisinə məktub
yazaraq izah edir ki, bütün
bunları hissə qapılaraq edib. O, mövqeyindən geri çəkilməyə başlayır.
İndi hər gün Felisaya məktub yazır və özünün pis xasiyyətlərini sadalayır: "Məni yaxşı tanımırsan.
Təsəvvür elə ki, bu izdivac baş
tutsa, zəif, xəstə, qeyri-ünsiyyətcil,
qaradinməz, kədərli,
inadkar bir adama sahib olacaqsan. Mənim bircə yaxşı cəhətim varsa, o da səni sevməyimdi".
Amma Felisanı bu etiraflarla özündən
soyutmaq mümkün deyildi. Bu dəfə
Kafka bir az
da irəli gedib məktubda "Mənim bərbad bədənim özümə
ancaq yetir. Ailə, ələlxüsus da atalıq üçün
çətin ki, kifayət edə" yazır. Ancaq bu məktubda
yazıçının canını
evlənməkdən xilas
edə bilmir. Ziddiyyətli yazıçı
bir qədər sonra sonuncu olacağı
ümid etdiyi məktubu yazır:
"Biz ayrılmalıyıq". Lakin bundan sonra münasibətlər
soyusa da, çox keçmir ki, Frans ona
yenə hərarətli
məktublar yazmağa
başlayır, hətta
evlənmək təklif
edir.
Kafkanı Felisadan ilahi qüvvə xilas edir
Kafka öz dostu Maks Broda
bu hərəkətini
belə izah edirdi: "Onunla birgə yaşaya bilmərəm, onsuz da yaşaya bilmərəm". Bir gün
Felisa - bu sadəlövh qız gələcək həyat
yoldaşı haqda məlumat gətirmək üçün rəfiqəsi
Qretanı Praqaya göndərir. Lakin o, ağlına
da gətirməzdi ki, məktublarından cəfakeş bir aşiq kimi tanıdığı Frans
dostluğuna güvənib
onun yanına göndərdiyi Qreta Blox ilə ona
xəyanət edəcəklər.
Kafka hər iki
rəfiqəylə məktublaşır
və görüşür.
Günlərin bir günü
Qreta Kafkaya ondan hamilə olduğunu deyir. Lakin bunu vecinə almayan yazıçı indi də nişanlısı
Felisanı evlənmək
fikrindən daşındırmaq
barədə baş sındırır. Kafka Felisayla nişanı pozmaq üçün toya bir qədər
qalmış Qreta ilə arasında olanları danışır.
Belə bir addımı Felisa həzm edə bilməzdi. Toy ləğv olunur
və Kafka "xilas"
olur. Fəqət bu da son deyildi. Kafka Felisadan
nə birdəfəlik
əl çəkir, nə də onunla ailə qurur. 3 il
keçir və Frans yenə Felisaya evlənmə təklif edir, üstəlik razılıq
da alır. Nişanlanırlar, amma Kafka yenə
ayrılmaq yolları axtarır. Təsadüfən Kafkanın ciyərindən
qan açılır.
Bunu göylərdən gələn
işarə kimi qəbul edən Frans Felisa ilə
evlənməyin mümkün
olmayacağı qənaətinə
gəlir və onlar birdəfəlik ayrılırlar.
Kafka xəyalı üçün
enerji mənbəyi -Milena
Bu Kafkanın
son eşq macərası
deyildi. Bir müddət sonra o 23 yaşlı evli jurnalist, bədxərc, psixi problemi olan, kokain düşkünü
Milena Esenska ilə tanış
olur (Kafkanın əsərlərini çex
dilinə məhz o qadın tərcümə
edib). Fransın nəzərində reallıqla mif bir-birinə yetərincə
qarışmışdı. O hesab edirdi ki,
xəyalı üçün
enerji qaynağı tapıb. Amma nə qədər
çalışsa da,
Milenaya qovuşa bilmədi. Kafka Praqada,
o isə Vyanada yaşadığı üçün
bir müddət yazışdılar. Bu sevgi də nəticəsiz
qaldı. Milenaya Kafka lazım
deyildi. Kafka olmasaydı da olardı. Bu möhtəşəm sevgi
də üç ay sonra Dora Dimant adlı bir xanımla
əvəzləndi. Onlar da bir aydan artıq
yaşamadılar. Lakin maraqlıdır
ki, rəsmi nikahsız bir aylıq münasibətdən
sonra qadın özünü Dora Kafka adlandırdı.
Kafkaya artıq heç kəs lazım deyildi. Ona lazım olan adam isə
çoxdan getmişdi.
Nigar İxtiyarqızı
Həftə içi.- 2011.- 20-22
avqust.- S. 16.