"Türkiyə
olduqca güclü Hərbi Hava Qüvvələrinə
malikdir"
Əli Acargil: "İndiki vəziyyətdə
Qəbələ RLS-dən Türkiyənin maraqları naminə
istifadə etmək qətiyyən mümkün
görünmür"
Türkiyə
Hərbi Hava Qüvvələrinin polkovniki Əli Acargilin
"Həftə içi"nə eksklüziv müsahibəsi
Bu
günlərdə Ermənistan mətbuatı belə bir iddia
ilə çıxış etdi ki, guya Azərbaycan Hərbi
Hava Qüvvələrində kadr
çatışmazlığı mövcuddur. Fikirlərini əsaslandıran
ermənilər bildiriblər ki, Türkiyədə təhsil
alan azərbaycanlı təyyarəçilər vətənə
qayıdandan sonra təyyarələrdən istifadə edə
bilmirlər. Çünki Türkiyə təyyarələri
NATO standartlarına uyğun olduğundan ABŞ və
ümumiyyətlə, Qərb ölkələrinin istehsalı
olan təyyarələrdən istifadə edirlər. Rusiya və
Qərb istehsalı olan təyyarələrin texniki istifadə
qaydaları isə fərqlidir. Biz də erməni mətbuatının
yazdıqlarının nə qədər inandırıcı
olduğunu öyrənmək üçün, eləcə də
Türkiyə ilə Azərbaycan arasında
qarşılıqlı hərbi əlaqələrə dair
bizi düşündürən digər məqamlarla
bağlı Türkiyə Hərbi Hava Qüvvələrinin polkovniki
Əli Acargillə söhbətləşdik.
Polkovnik
bizimlə müsahibəyə biri neçə il əvvəl
"Türk ulduzları"nın Bakı səmasında
uçuşlar həyata keçirməsi faktını
xatırlatmaqla başladı. Bildirdi ki, "Türk
ulduzları"nın yenidən Azərbaycanın hava məkanında
insanları valeh etməsi yaxşı olardı. Amma bunun
üçün iki ölkənin əlaqədər
orqanları arasında danışıqlar aparılmalı, qərar
verilməlidir. Əgər ikitərəfli razılıq əldə
olunarsa, türk qırıcılarının Bakı səmasında
uçuşları təkrar etməsi mümkündür.
- Ermənilər iddia edirlər ki,
guya Azərbaycanda qırıcıları idarə edə biləcək
kadrlar yoxdur. Sizcə, Türkiyə Azərbaycanın Hərbi
Hava Qüvvələrini inkişaf etdirmək məqsədilə
nələr edə bilər və ya etməkdədir?
- Hələ
çoxdan Azərbaycanla Türkiyə arasında
imzalanmış bir sıra sazişlərə əsasən azərbaycanlı
hərbçilərə və hətta aşağı
rütbəli zabitlərə təhsil verilir, təlimlər
keçirilir. Ümumiyyətlə, bu kimi məsələlərdə
mütləq təhsil almaq lazımdır. Azərbaycan
dövləti ehtiyac hiss etdiyi hər cür təhsil və təlimlərlə
bağlı fikirlərini Türkiyəyə bildirir,
qarşı tərəf isə bunun üçün nə qədər
maliyyə vəsaiti lazımdır, neçə vaxta təlim
keçmək mümkündür və sair kimi detalları
açıqlayır. Bütün hallarda isə son anda iki
dövlətin nümayəndələri razılaşıb,
məsələni yoluna qoyurlar. Yəni Türkiyə
Silahlı Qüvvələri Azərbaycan ordusu
üçün lazım olan hər cür tədris və təlimi
keçir. Bu indiyədək də belə olub, bundan sonra eyni
cür davam edəcək.
- Bir
mütəxəssis olaraq deyin: Türkiyə ilə Azərbaycan
arasında vaxtaşırı hərbi hava qüvvələrinin
ortaq təlimi keçirilə bilərmi? Məncə bu
cür əlaqələr hər iki ölkənin daha da
qüvvətlənməsinə şərait yaradar.
- Təbii
ki, keçirilən hər bir təlim və dərslərin
ordunun güclənməsinə müsbət təsiri mütləqdir.
İndiyədək də Türkiyə ilə Azərbaycan
arasında çox sayda birgə hərbi təlimlər
keçirilib. Bu da dövlətlər arasında
razılaşdırılmalı məsələdir. Güman
edirəm ki, ölkələrimizin rəhbərləri bu haqda
hər zaman düşünürlər.
- Azərbaycanda
Rusiyaya icarəyə verilmiş Qəbələ RLS fəaliyyət
göstərir. Bu obyekt Hind okeandan Qırmızı dənizə,
Mərkəzi Asiya ölkələrinədək böyük
bir coğrafi ərazini nəzarətdə saxlayır. Necə
bilirsiniz, Türkiyə bu RLS-i icarəyə götürə
bilərmi? Əlbəttə, Rusiyaya verilmiş vaxt başa
çatandan sonra. Yeri gəlmişkən, bildiyimiz qədər
artıq bu barədə Ankara ilə Bakı arasında
müzakirələr aparılıb.
-
Mövzuya dair öncə deyim ki, bu sahədə Azərbaycanla
Rusiya əməkdaşlıq etməkdədir. Antenaların
tutuculuğu qüvvətləndirildiyi təqdirdə ətraf
mühitə təsiri artacaq, amma görülən işlərin
nəticəsində obyektin təbiətə, canlı orqanizmə
mənfi təsiri aradan qaldırılacaq. Güman ki, qeyd
etdiyim bu tədbirlər 2013-ci ildə tam başa
çatmalıdır. Məsələ ondadır ki, Qəbələ
RLS-i Rusiya işlədir, Azərbaycanın hərbi hava
qüvvələri isə mühafizə edir. Özü də
bu sahədə Azərbaycan Hərbi Hava Qüvvələri təhsil
və təlimi Türkiyədən deyil, Rusiyadan alır. Bu səbəbdən
də baş tutan görüşlər çərçivəsində
indiki vəziyyətdə Qəbələ RLS-dən Türkiyənin
maraqları naminə istifadə etmək qətiyyən
mümkün görünmür.
- Niyə,
bəs Azərbaycan bunu istəsə...
-
Rusiya ilə Azərbaycan arasında bu sahədə anlaşma
imzalanıb. Rusiyanın bu sazişin müddətini uzatmaq məsələsində
israrlı olduğu göz önündədir. Moskva ona görə
bu obyektdən əl çəkmək istəmir ki, ABŞ və
Rusiyanın Qafqazdakı ortaq maraqlarına uyğundur. Rusiya bu
RLS vasitəsilə Gürcüstana nəzarət edir, eləcə
də Ermənistan və Azərbaycana. Bu səbəbdən də
imkan verməz ki, Türkiyə həmin stansiyaya yaxın
düşsün. Bundan əlavə, Türkiyə Qəbələ
RLS-ə nəzarət etsə belə, oradakı texniki
avadanlıqlar tam fərqlidir və bu səbəbdən də
türk hərbçilər orada çox ciddi çətinliklərlə
üzləşəcəklər. Bugünki siyasi ab-havaya
istinad etsək, Rusiya türklərə Birləşmiş
Ştatların texniki avadanlığı əsasında
qurulacaq yeni bir RLS-in istifadəsinə də imkan verməyəcək.
Təbii ki, bunlar mənim subyektiv fikirlərimdir. Azərbaycanla
Türkiyə radar məlumatlarını almaq məqsədilə,
öz istəklərinə uyğun gizli bir sistem qura bilərsə,
alqışlanmalıdır. Çünki alternativ sistem yaratmaq, məncə,
ən yaxşı həll yolu olardı.
- Türkiyə hərbi hava qüvvələri
NATO standartlarına uyğun qurulduğu üçün təbii
ki, təyyarələriniz də ABŞ istehsalıdır. Amma Azərbaycan qırıcıları Rusiya
istehsalıdır və ekipaj da məhz rus təhsillidir.
Elə ermənilər də məhz bu amili əsas tutaraq iddia
edirlər ki, azərbaycanlı müdavimlər Türkiyədə
aldıqları təhsillə Azərbaycanda təyyarələri
idarə edə bilmirlər. Bir hərbçi
olaraq bu məsələyə dair nələr deyə bilərsiniz?
- ABŞ
və Rusiya təyyarələrinin fərqli mexanizmə malik
olmasına baxmayaraq, Azərbaycandan gələn pilotluğa
namizədlər Türkiyədə aldıqları təhsil əsasında
mükəmməl təyyarəçi olurlar. Burada
ən önəmli amil təyyarə sistemlərində
pilotlar üçün uyğunluqları müəyyənləşdirməkdir.
Nəzərə alın ki, Türkiyədə təhsil alan müdavimlərdə əvvəl Azərbaycanda
çox sayda mükəmməl pilotlar fəaliyyət göstərir.
Təbii ki, onlar Türkiyədə təhsil
alıb vətənə qayıdan pilotları Rusiya
istehsallı təyyarələrdən istifadə
qaydalarını başa salırlar. Yəni
Azərbaycanda onlar üçün yerli sistemə adaptasiya
prosesi tətbiq olunur. Pilotlar da ki, NATO
standartları daxilində çox yüksək təhsil
aldıqları üçün bu qaydaları əlüstü
qavrayırlar.
- Yaxın Şərqin superdövləti
olan Türkiyə bölgəmizdə, məsələn, Azərbaycan,
Gürcüstan və sair ölkələrlə birlikdə
hava hücumundan müdafiə sistemi yarada bilərmi? Türkiyənin belə bir sistem
yaratmağa imkanları yetərlidirmi?
-
Türkiyə öz hava məkanında olduqca güclü Hərbi
Hava Qüvvələrinə malikdir. Dövlətlərarası
(Türkiyə, Azərbaycan, Gürcüstan kimi) havadan
müdafiə birliyi qurmaq, bu sahəni qorumaq üçün
uyğun sistemlər yaratmaq və
davamlılığını təmin etmək, bu, ittifaqda
iştirak edəcək dövlətlərin imzalayacağı
sazişin detallarından asılıdır. Amma
bütün hallarda belə birlik, sadəcə, arzulayan ölkələr
tərəfindən yaradıla bilməz. Ona
görə ki, belə ittifaqlar təsis olunarkən beynəlxalq
və regional siyasət nəzərə alınır. Xüsusilə də ABŞ və Rusiyanın
etirazlarının nəzərə alınması vacibdir.
- Azərbaycan
kiçik dövlət olsa da, Türkiyə Osmanlı
İmperiyasının varisi olaraq, çox nəhəngdir. Amma niyə bu
ölkənin öz istehsalı olan döyüş təyyarələri
yoxdur? Türkiyə kimi bir ölkə niyə indiyədək
hərbi helikopterləri özündən dəfələrlə
kiçik olan Niderlanddan, Kanadadan alır? Hətta iş
o yerə çatıb ki, hansısa bir təyyarəyə
ehtiyat hissəsi lazım olanda, Ankara onu da xaricdən alır. Sizcə belə bir idtxalat Türkiyə dövlətinin
və millətinin ziyanına deyilmi?
- Təyyarə
olduqca kompleks bir vasitədir, istənilən mənada çox
baha başa gələndir. Bu məqsədlə
istər sərnişin və yük, istərsə də
döyüş təyyarələrinin istehsalı layihələndiriləndə,
ilk anda həmin təyyarələrin dünya bazarında yeri
araşdırılır, yəni potensial müştərilər
tapılır. Yalnız bundan sonra həmin ölkələrin
layihəyə qoşulmaları üçün
araşdırma başlaya bilər və nəticədə
konsorsiumlar yaradılır (ABŞ tərəfindən irəli
sürülən "F-35" - "Gələcəyin
böyük təyyarəsi" layihəsində iştirak
etmək üçün Avropa Birliyi ölkələri də
konsorsium yaradaraq istehsal işlərinə start veriblər). Bu ona görə lazımdır ki,
iştirakçı ölkələrin təyyarələr
üçün ehtiyat hissələri istehsal edən müəssisələri
varsa, onlardan da yararlanmaq məqsədilə layihəyə
salınır və sair. Ümumilikdə, təyyarə
istehsal etmək asan iş deyil. Təkbaşına
bir dövlətin öz ehtiyaclarını ödəmək məqsədilə
təyyarə istehsal etməsi üçün olduqca
böyük maddi vəsaitlər tapması lazımdır.
Vüsal Tağıbəyli
Həftə içi.- 2011.- 24
avqust.- S.3.